O QAYIDIŞI HƏYAT
ÖZÜ İSTƏYƏCƏK
Görünüşcə hərfdən kiçiksə
də, bütöv milləti birləşdirən, xalqın
min ildən artıq müddətdə yaratdığı mədəni-ədəbi
irslə yeni zamanın və gələcəyin körpülərindən
ola bilən, aradan götürülməsi keçmişlə
mənəvi bağlılıqların zəifləməsinə
gətirib çıxaran bir dil işarəciyinin, məsələnin
elmi dərinliyindən yetərincə agah olmadan ixtiyari qərar
verməklə yox edilməsinə biganəlik göstərmək
yaramaz.
1966-cı ildə Azərbaycan Elmlər
Akademiyasının Dil və Ədəbiyyat İnstitutu titul vərəqinə
"Azərbaycan klassik ədəbiyyatını oxumaq
üçün" aydınlatmasını
çıxardığı "Ərəb və fars
sözləri lüğəti"ni buraxıb.
Müqəddimədə göstərilir ki, 15.500
baş söz və 700 ifadənin izahı verilən bu
lüğət üzərində Lüğətlər
İnstitutunun elmi əməkdaşı M.Əsgərli,
akademiyanın Ədəbiyyat və Dil İnstitutu Lüğət
şöbəsinin keçmiş baş elmi işçisi
H.Zərinəzadə, həmin şöbənin fəaliyyətdə
olan müdiri Ə.Orucov, şöbənin elmi əməkdaşı
B.Abdullayev, laborantı Ə.Həbibzadə işləmiş,
hazırlamış mətni professor H.Mirzəzadə diqqətlə
redaktə etmiş və əsər təqribən 20 illik
ağır zəhmətin nəticəsi kimi ortaya
çıxmışdır.
Lüğət üzərində
çalışanların, laborantından professorunacan
hamısı o çağlar Azərbaycan dilçiliyində
imzası etibar oyadan şəxslər idilər və sonralar
onlar elmimizin aparıcı simaları olaraq tanındılar.
Bununla belə, hamısı birbaşa dil mütəxəssislərindən
ibarət o müəlliflər-tərtibçilər heyətinin
hazırladığı kitaba məsul redaktor olaraq ixtisasca
daha çox ədəbiyyatçı və tarixçi,
heç elmi dərəcəsi də olmayan Yusif Ziya Şirvani
təyin edilmişdi. 1970-ci illərdə Azərbaycan Dövlət
Universitetinin (indi BDU) Şərqşünaslıq fakültəsində
təhsil alarkən canlı klassik saydığımız müəllimlərimizdən
olan Yusif Ziyanın yaxşı bildiyi bir sıra dillərin
sırasında ərəbcə və farsca da vardı, o,
klassik ədəbiyyata yaxşı bələddi və həmin
dillərdən bizə gəlmiş sözlərin hansı mənalar
daşımasından əlavə, hansı vacib yük
daşımasından da bir çox başqalarından daha
artıq xəbərdardı. Məhz bu səbəbdən də
həmin vacib Lüğətin məsul redaktoru hansısa daha
yüksək titullu dilçi, ya ədəbiyyatçı
deyil, məhz Yusif Ziya idi (Sibirdə, dustaqlıqda
keçirdiyi illər yolunu yarımçıq
qırmış, dissertasiya müdafiə etməyə macal
tapmamışdısa da, hərəsi bir dissertasiyaya bərabər
hər məqaləsinə alimlik dərəcəsi
düşürdü və belə məziyyətlərini nəzərə
alaraq ona dosent elmi rütbəsi vermişdilər. Ancaq
hansısa bədxahlar götürüb Moskvaya Ali Attestasiya
Komissiyasına məktub yollamışdılar ki, elmi dərəcəsi
olmaya-olmaya buna "dosent" elmi adı veriblər.
Uçmuşdu Moskvaya, AAK-da olmuşdu, söhbətdən
sonra etiraf etmişdilər ki, elmlər doktoru dərəcəcəsinə
də, professor elmi adına da tam layiqdir). Həm də o,
indinin, adı ilk səhifədə yer alan, çapa
imzaladıqları kitabları heç vərəqləməmiş
"redaktor"larından fərqli olaraq, ilk sözdən son
sözəcən əlyazmanı diqqətlə oxumuşdu. Bu
işi Yusif Ziyaya onu məhz sahənin mahir bilicisi kimi
tanıdıqlarından etibar etmişdilər. Çünki
bu kitab millət üçün buraxılırdı, bir
açar, bələdçi, dərslik səviyyəsində
idi və ümummilli mənası olan işlərə sonsuz məsuliyyətlə
yanaşmaq köhnə alimlər nəslinin sabit vərdişlərindəndi.
Bütün bunları ona görə
xatırladırıq ki, xalqın əlifbası,
yazısı, imla mədəniyyəti və klassik ədəbi
sərvətlərinin yeni zaman içərisində
yaşarılığı ilə bağlı mövzular əhatəsi
birbaşa millət quruculuğu, xalqın milli çöhrəsini
qorumaq məsələləri ilə bağlı olduğundan
bu sahədə hökmvericilik hüququ da yalnız və
yalnız həmin işlərə dərindən vaqif olan
şəxslərə həvalə edilməlidir.
Müasir Azərbaycan yazısında apostrofun kənarlaşdırılmasına
gətirib çıxaran addımlarsa onu sübut edir ki, ya bu,
üzdən kiçik kimi qəbul edilə biləcək dəyişikliyin
necə böyük olduğunu peşəkarcasına bilməyənlərin
naşılığının, ya da bu dəyişikliyin nə
demək olduğunu yaxşı dərk edən və
vuracağı ziyanın hüdudlarını da bilən, millətəəks
siyasət yeridən və ya bunu kimlərisə təsir agentlərinə
çevirərək məkrlərini qıraqdan icraya
ötürən örtülü qüvvələrin əməlidir.
Ona görə də "kənardangəlmə olan
apostrof dilimizdə qalmalıdır" fikrimizi əsaslandırmaqçün
əvvəlcə məsələnin özəyinin hər kəsə
ayrıntıları ilə bəlli olmasından ötrü
apostrofun yazımızdakı tarixindən, mənşəyinin
nədən ibarət olmasından dəlilləri ilə bəhs
etmək gərəkdir.
Azərbaycan VIII-IX əsrlərdə Xilafət
istilasına məruz qaldıqdan sonra ötən zamanın nəticəsi
bu oldu ki, işğalçı ərəblər ərazilərimizi
tərk edib getdikdən sonra da kəsilməz təsirlərinin
nişanəsi olan əlifba və dil qaldı.
Bilavasitə ərəbcədən keçərək
və həmçinin farscanın vasitəçiliyi ilə gələrək
tarixən dilimizdə minlərlə ərəb sözü
işlənmiş, onların bir çoxu tarixi gedişatda
müəyyən dövrdən sonra əriyib itmişsə də,
klassik şeirimizdə qalanları az olmadı, bir qisim ərəb
kəlmələri isə azərbaycanlılaşaraq, vətəndaşlıq
haqqı qazanaraq dilimizdə elə öz doğma sözlərimiz
kimi yaşamaqda davam etdi.
On iki əsr boyunca ərəb əlifbasını
işlətdiyimizdən fars və ərəbcədən
dilimizə gələn sözləri elə əslində
olduğu kimi yazırdıq. Lakin XX əsrin 30-40-cı illərində
əvvəlcə latına, ardınca kirilə keçdikdən
sonra ərəb və farscadan dilimizə
köçmüş ayn hərfli və həmzə işarəli
sözlərin yazımızda ifadəsi üçün
apostrof da 32 hərfdən sonra əlifbamıza rəsmən
ayrıca bir işarə kimi əlavə edildi. Bu işarə
orijinalında ayn və həmzə işlənmiş gəlmə
sözlərin yazılması verilişində istifadə
edilirdi. 1930-1940-cı illərdə, ta 1950-ci illərin əvvəllərinədək
Azərbaycan dilinə ruscadan və rus dili vasitəsilə gəlmiş
bir para sözlərdə də apostrof işlədilirdi. Bunlar
rus əlifbasındakı qalınlıq (tvёrdıy znak) və
incəlik (məqkiy znak) işarəli, bütövlükdə
sayı 42 olan sözlər idi. 1940-cı illərdə Azərbaycanda
nəşr edilmiş kitablara, qəzet və jurnallara
baxılırsa, "fel`eton", "ob`ektiv",
"atel`e", "barel`ef... kimi sözlərin də
apostroflu yazıldığı müşahidə edilər.
Lakin kiril qrafikasından hazır götürülmüş
e, ö, ə hərfləri 1950-ci illərin ortalarında
aparılan əlifba islahatından sonra yazımızdan
çıxarıldıqdan sonra Avropa və rus mənşəli
bir qisim sözlərdə apostrof qoymaq ənənəsi də
bitdi, daha "prem`er" deyil, "premyer", daha
"sub`ekt" yox, "subyekt" yazmağa
başlanıldı. Beləliklə, apostrof əlifbamızda
daha konkret və daha təbii vəzifəsini
daşımağa - yazımızda sırf ayn və həmzənin
əvəzedicisi olaraq sözün birbaşa mənasında
sahman yaratmağa başladı. Ona görə təbii vəzifəsini
ki, gündəlik yazımızda da, nitqimizdə də gen-bol
işlənən "mə`ruzə", "tə`til",
"tə`sir", "e`lan", "tə`rif", "mə`dən"
və bir çox belə kəlmələr apostrof işarəsi
qoyulmadan düz tələffüz edilməzdi. Çünki
Azərbaycan dilinin öz fonetik təbiətinə görə
bu sözlərdə vurğu son hecaya düşür. Bu qəbil
sözlərin ona tanış olanlarını artıq
yaddaşına əsasən apostrof qoyulmadan da məhz
apostroflu kimi tələffüz edəcək köhnə azərbaycanlını
deyil, dilimizi öyrənən, artıq azərbaycancanın
vurğu anlayışından xəbərdar olan əcnəbini
təsəvvür edin. İstər-istəməz vurğunun
yerini səhv olaraq son hecaya qoyacaq. Ya öz əhali kütləmizə
üz tutaraq "cür`ət", "sür`ət" və
bu qəbil sözlərin tələffüzü ilə
bağlı sorğu aparılsın. Eksperimentin hər gün
müşahidə etdiyimiz acınacaqlı mənzərəsini
təqdim edək: apostrofsuz yazılmış "cür`ət",
ya "sür`ət" sözlərini biri "cüürət"
oxuyacaq, biri "süürət", biri vurğunu sona ataraq
"cürət" deyəcək", obiri
"ü"nü "u" ilə əvəzləyərək
"surət".
Klassik və müasir Azərbaycan dilində işlənmiş,
ümumi sayı minədək olan aynlı və həmzəli
sözlərin bugünkü apostrofsuzluğunun
yaratdığı arzuolunmaz vəziyyətin hansı səviyyədə
olduğunu dəqiq təsəvvür etməkçün
respublika ərazisində həmin sözlərin sadəcə
üzündən oxunuşu üzrə sorğu keçirilməsi
yetərlidir. Bu sıradan olan sözlərin az bir hissəsi bu
gün də nitqimizdədir, onları savadlı adamlar elə
yaddaşdakı səslənişin hesabına doğru dilə
gətirir. Ancaq ən oxumuş, ən bilikli ziyalıların
da qarşısında klassik ədəbiyyatımızdan
nümunələri düzün. Nəzarət edənlər
eksperimentə cəlb edilənlərə Füzuli, Seyid
Əzim, Sabir, yaxud Cavidin son illərdə artıq apostrofsuz nəşr
edilmiş şeirlərini oxutdursunlar, ardınca isə həmin
mətnlərin daha əvvəlki onillərdə apostroflu
buraxılmış variantını versinlər. İkinci
halda nəticələr qənaətbəxş, birinci halda
qüsurlarla dolu olacaq.
İş ondadır ki, aynlı və həmzəli
sözlərin apostrofsuz verildiyi şeirlərdən heç ərəb
və farscanı bilənlər də dürüst baş
çıxara bilməyəcəklər. Tutalım, "elə
məclislərə bəzən get" yazılanda bu sözləri
oxuyan necə müəyyən etsin ki, "bəzən"ib
getmək lazımdır, ya hərdənbir - "bə`zən".
Bu, bizim ixtiyari dediyimiz bir cümlədir, daha narahat qənaətləri
yarada biləcək klassik ədəbiyyatımız var
axı.
Seyid Əzim "Divan"ının apostrofsuz nəşr
edilmiş mətnində bu misralarla qarşılaşan oxucu
da, lap ən püxtə ədəbiyyatşünas da bir
neçə fərqli, ya tam əks məna arasında
naçar qalacaq, heç vəchlə qəti qərara gələ
bilməyəcək.
Əslində apostrofla belə verilməli olan misra:
Təb`i-ətfal lə`bə maildir.
Apostrofsuz belə yazılarkən sətrin mənası
tilsimlənir:
Təb-i ətfal ləbə maildir.
"Təb" həm qızdırma deməkdir, həm
də xilqət, təbiət, xasiyyət. Amma bu sözün
damğa, möhür mənası da var, basma, çap etmə
anlamı da, ilham çaları da.
"Ləb" sözü həm dodaq deməkdir, həm
də sahil, qıraq, kənar. Üstəlik bu sözün
oyuncaq, əyləncə, oyun mənaları da var.
Təbii ki, ərəb əlifbasında yazılarkən
məna dəqiq tutula bilər. Apostroflar qoyulanda da oxucu
söhbətin nədən getdiyini anlayar. Ancaq misra apostrofsuz
veriləndə (necə ki, indi edilir) aləm bir-birinə
qarışır. Necə anlamalı?
Misranı belə də yozmaq olur ki, uşaqların
qızdırması dodaqlarına verər; belə də
çevirmək olar ki, uşaqların xasiyyətidir ki,
adamın yanında olmağa meyil edər; belə də izah
etmək mümkündür ki, uşaqlar dodaqdan ilhamlanar.
Ancaq apostroflar yerinə düzüləndə dəqiq
məna ortaya çıxır: Bu, uşaqların xilqətindədir
ki, oyuna, oyuncağa mail olurlar.
Və ya elə Seyid Əzimdən alınan daha bir
örnək apostrofdan kənar durmanın yaratdığı
daha bir ciddi məna dolaşıqlığını üzə
çıxarır. Burada apostrofun yoxluğu artıq şairin
dünyagörüşü, fəlsəfəsi ilə
bağlı yanlış qavrama əlaməti doğurur. Seyid
Əzim belə yazır:
Qanmırıq əhl-i şər` fitvasın.
Sonundakı apostrofla yazılanda "şər`"
sözünün mənası aydındır: şəriət
deməkdir. Ortasında apostrofla yazılanda isə "şə`r"
- "tük", "saç" mənası verir. Ancaq
apostrofsuz yazılanda "şər" həm "şər",
"böhtan", "bəd əməl" deməkdir, həm
də "fitnəkar", "pis adam" anlamı verir.
İndi apostrofsuz verilən bu misranı oxuyan necə dərk
etsin?
"Şər adamların fitvasını
anlamırıq" bir ayrı mənadır, saxta ruhanilərlə
yola getməyən dikbaş şairin əslində demək
istədiyi "Şəriət adamlarının verdiyi
fitvanı başa düşmürük" isə büsbütün
əks bir anlam.
Yaxud yenə elə Seyid Əzimdən mənanı
baş-ayaq edən, şairin fəlsəfəsinə dəxli
olan daha bir apostrofsuzluq əngəli. Şairin seçilmiş
əsərlərinin latın qrafikalı nəşrində
apostrofsuz verilərək bu şəkil almış:
Ələmi-xəlqi-kun-fəakanam mən.
əslidə belə olmalıdır:
Ə`ləm-i xəlq-i künfəkanəm mən.
"Ə`ləm" - "ən alim", "ən
bilgin" deməkdir, "künfəkan"sa -
"dünya", "aləm", məcazi mənada
"xaraba qalmış", "alt-üst olmuş",
"darmadağın".
Şair "mən bu incidilmiş, alt-üst
edilmiş xalqın ən bilikli alimiyəm" söyləyir.
Ancaq apostrofsuz yazılarkən tamam fərqli mənalar ortaya
çıxacaq və oxucu əsla şairin bu mənalardan
hansını nəzərdə tutduğunu qətiyyətlə
müəyyən edə bilməyəcək.
"Ələm" həm "dərd", "qəm",
"ağrı", "sancı" deməkdir, həm də
"əlamət", "nişan". Üstəlik, bu
sözün "bayraq" anlamı da var.
"Mən bu dağıdılmış xalqın
ağrısıyam". Belə bir məna çıxa bilər
və xalqın çəkdiyi acılara biganə qalmayan Seyid
Əzimin dilindən təbii səslənər.
"Mən bu viran qoyulmuş xalıqın bir
nişanəsiyəm" kimi yozula bilər, yenə düz
çıxar. Axı Seyid Əzimin elə özünə də
"künfəkan" - "dağılan" dediyi
başqa misraları var. Vaxtilə Nizami Gəncəvinin
uçulub-sökülən, bərbad hala
düşmüş məqbərəsi önündə
qüssələnərək bu misraları da Seyid Əzim
demişdi axı:
Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izz ü ehtişamı
dağılan,
Olmubdu səninlə mən kimi aləmdə
Beyti, evi, məktəbi, kəlamı dağılan.
Və ya cəmiyyətdə, el içində
tutduğu aparıcı mövqeyi göz önündə
tutaraq o sətrə Seyid Əzimin "Mən bu alt-üst
edilmiş xalqın bayrağı, ya bayraqdarıyam" mənasını
yüklədiyi qənaətinə də gəlmək
mümkündür. Hər biri də düz olacaq. Ancaq fərqli
mənalardır axı. Yerində düz qoyulmuş bircə
apostrofsa bütün bu qatmaqarışıqlığı
heçə endirir. Apostrofun nə olduğunu
anlamaqçün belə incəlikləri bilmək gərəkdir.
Qərarı isə bunu bilməyənlər verəndə zərər
millətə dəyir.
"Hophopnamə" yüzillər ötsə də
nimdaşlaşmayacaq, hətta çoxdan dövriyyədən
çıxmış qəliz ərəb-fars tərkibləri,
dürlü izafətləriylə də seviləcək,
şövqlə oxunacaq və apostroflar yerinə qoyulmadan nəşr
edildikcə də bəs deyincə
çaşqınlıqların,
anlaşılmazlıqların yaranması qaçılmaz
olacaqdır.
Sabir irsinə müraciət edərək şeirdən-şeirə
adladıqca apostrofsuzluğun doğurduğu məna yöndəmsizlikləri
və anlaşılmazlıqları oxucunu addımbaşı
təntidəcək.
Sabirin ilk dəfə "Molla Nəsrəddin" dərgisinin
25-ci sayında 1907-ci ilin 8 iyulunda imzasız dərc edilmiş,
sonraların çox məşhur:
Pa atonnan, nə ağır yatdı bu oğlan,
ölüb ə!
Nə də tərpənməyir üstündəki
yorğan, ölüb ə! - .
mətləli şeirində belə bir beyt də var:
Cumuxub canına bitlər, birələr, hiss eləmir,
Çalsa əqrəb də, hənuz eyləməz
im`an, ölüb ə!
"İm`an" bir ərəb sözüdür, mənası
da "diqqət etmək", "baxmaq", "ciddinə
getmək" deməkdir. Sabir də onu deyir ki, aləm
oyandığı halda bu müsəlman qəflət yuxusunda
elə uyuyur ki, hətta onu əqrəb də sancsa, fikir verməz,
oyanmaz (Yenə təəssüf, Sabirin hələ ki, ən
mükəmməl nəşri sayılan 1962-ci ildə
buraxılmış "Hophopnamə"sində
"im`an" sözü səhvən "əmman" kimi
verilib. Həmin cildin sonunda geniş lüğət var, lakin
"əmman"ın nə demək olduğu orada göstərilmir.
Necə göstərilsin ki, ümumən belə söz
yoxdur).
Lakin apostrofsuz yazılanda bu söz dönüb olur
iman - "inam", "etiqad" və misra belə məna
verir ki, bu oğlan elə bərk yatıb ki, əqrəb də
çalsa, oyanaraq dinə-imana gəlməz.
Mahiyyətcə elə məna alınır ki, Sabirin
fəlsəfəsinə, şeirin ümumi mənasına da
zidd olur. Ancaq indi "Hophopnamə" apostrofsuz nəşr
edilir. Məna məhz bu cür alınır, gələcəkdə
eyni şəkildə nəşr ediləcəksə, eyni səhv
qavrama da davam edəcək.
"Hophopnamə"dəki, ya transliterasiya edilərək
apostrofsuz nəşr edilən "Molla Nəsrəddin"dəki
rastlaşılacaq və fikir haçalanmaları, bir çox
hallardasa məntiqsizlik yaradacaq, axıracan düzgün
anlamağa maneəyə çevriləcək növbəti
bir apostrofsuzluq fəsadına Sabirin "Qaç, oğlan!
Qaç, at basdı! Millət gəlir!" şeirində
tuş düşürük.
Bu - ülfət, bu - rə`fət, bu da - ittihad!..
Bax, iştə, bu - məclis, bu da - in'iqad!
Ərəbcədən keçərək dilimizdə
işlənmiş, apostrofu, Sabirin yazdığı kimi, saitdən
sonra qoyularaq "rə`fət" kimi yazılan və "rəhmetmə",
"ürəyiyanma", "yazığıgəlmə",
bir də "mehribanlıq" mənası verən söz də
var, "yüksəklik", "böyük rütbə"
mənaları daşıyan, apostrofu samitdən sonra
qoyulmalı "rəf`ət" kəlməsi də.
Apostrofsuz yazılarkən oxucu bilmir ki, Sabir əslində
bu sözlərdən hansını işlədib və
misradan iki fərqli məna çıxır: "Bu ülfət,
bu mehribanlıq, bu da birlik" kimi də yozula bilir, "Bu
ülfət, bu yüksək rütbə, bu da birlik" təhər
də. Bir apostrofla bütün bu nahamvarlıqlar
öz-özünə yox olursa, ondan imtina ilə bu qədər
sıxıntını törətməyə dəyərdimi?
Əlifba dəyişmələrinin, orfoqrafiyadakı
dərin düşünülməmiş, bəzənsə
cahil özfəaliyyətlərin vurduğu zərərlər
hətta müəyyən müddət keçdikdən,
buraxılmış səhvlər islah edildikdən sonra da
özünü göstərir. Böyük tirajlarla klassik irs
nümunələri, ayrı-ayrı şairlərimizin əsərləri,
dərsliklər, ensiklopediyalar bəlli vaxtdan bəri apostrofsuz
nəşr edilib. Hətta sabah apostrof bərpa edilərək
təzə nəşrlər lazım olan kimi gerçəkləşdirilərsə
belə, apostrofsuz buraxılmış köhnə kitablar yenə
çaşqınlıqlar yaratmaq, oxucu yanıltmaq səmtində
umulmaz "xidmətini" göstərəcəkdir.
Azərbaycan dilinin aktiv və passiv söz
ehtiyatında olan aynlı və həmzəli, deməli,
apostroflu 900-dən çox, 1000-dən az sözün dörddəüçü
ayn, dörddəbiri həmzə ilə əlaqədardır.
...Bu gün bizim apostrofsuz istifadə etdiyimiz sonu
aynlı - mövzu, mənbə, tale, sənae, mənafe, təvəqqe,
ixtira və s. kəlmələr Məhəmməd
Füzulinin də, digər əski şairlərimizin də
"Divan"larında, məsnəvilərində də
görünməkdədir, təbii ki, yeri düşdükcə
həmin sözlər hallanır, müəyyən izafət tərkiblərinə
də girir. Bu gün həmin mətnləri nəşr edirkən
sondakı ayn əvəzi apostrofları yerinə qoymasaq, səhvə
yol vermiş olacağıq və buraxılan kitab, əlbəttə
ki, mətnşünaslıq və dil baxımından
nöqsanlı olacaqdır.
Füzulinin bu beytini:
Həmrəng-i ləbindir deyə, qət`-i nəzər
etməz,
Xun-i cigərimdən müje-yi əşkfəşanım
-
apostrofsuz nəşr edəndə məna dəyişərək
tam əksinə olur, şeirin gözəlliyi də itir,
şairin fikri də təhrif olunur. Füzuli deyir ki, sənin
al dodağın ilə eyni rəngdə olduğundan göz
yaşlarımı səpən kirpiklərim ciyərimin
qanına baxmaqdan dayanmaz. Apostrofsuz yazılanda isə bu məna
alınır ki, sənin al dodağınla ciyərimin qanı
eyni rəngdə olduğundan yaşlı kirpiklərim qəti
surətdə o tərəfə baxmaz.
Yaxud yenə Füzulidəki sonu apostroflu "nəf
`" sözü apostrofsuz nəşr edilərkən bu misra
vəzndən çıxacaq:
Kim ki, məndən nəf ` bulmaz, istəmən nəf
`in onun,Ol ki, yox nəf `im ona, nəf `i mənə olmaz həlal.
Ya da eyni hadisə sonu apostroflu olmalı olan "şəm`"
sözü klassik mətnin nəşrində apostrofsuz veriləndə
baş verəcək:
Saye-yi zülfün şəbistanındadur şəm`-i
rüxün,
Necə yetsin qədr ilə xurşid-i aləmtab ona?
Bu misraların birində "rəf `"dən, digərində
"dəf `"dən, obirində "mən`"dən
sonra apostrof olmasa, söz düzgün oxunmayacaq, vəzn
pozulacaq, həm də apostrofsuzluq ayrı bir məna
dolaşıqlığı da doğuracaq:
Qıldı məndən rəf ` təklif-i nəmazi
məstlik
Saldı həqq bir nəş`e-yi cam-i mey-i gülgun
mana.
Sənsən ol xatəm ki, dəf ` etmiş təmam-i
hakimi
Xatəm-i hökm-i risalət tapşırıb
dövran sana.
Mən bilməzəm mənə gərəgin, sən
həkimsən,
Mən` eylə, vermə, hər nə gərəkməz
sana, mana.
Əlbəttə ki, sonu apostroflu "mən`"lə
apostrofsuz "mən"i yanaşı görəndə oxucu
aydınca hiss edir ki, ki, apostrofsuz ikisi də eyniləşən
"mən"lər əslində tam fərqli mənalar
daşıyırlar.
Apostrofun daha bir sahmanyaradıcı özəlliyi orta əsrlər
şeirimizdə "ki"dən sonra gələn sözlərin
vəznin tələbi ilə onlara birləşməsi
zamanı "k" ilə ardındakı sözü
ayıraraq məna dolaşıqlığı
yaranmasının qarşısını almasıdır. Həbibinin
qəzəlində etdiyi kimi:
Gər dü gövni bir qılına versələr
min can ilə,
Ey sənəm, billahi, verməz k`ola məccan
saçların.
Apostrof qoyulmasa, "ki ola" dönüb olacaq
"kola" və bu minvalla da klassik şeirimizdəki
neçə-neçə bu cür incə mənalar kola-kosa
qarışıb itəcək.
Həmzə də
vaxtilə ərəb əlifbası əsasındakı Azərbaycan
yazısında min ildən uzun müddətdə işlənmiş,
ərəb əlifbasından ayrıldığımızdan
sonra isə apostrofla əvəzlənmişdir. Əlbəttə,
dilimizə keçmiş həmzəli sözlər
aynlılardan xeyli az olmuş, ümumi nisbətdə apostroflu
sözlərimizin iyirmi beş faizini təşkil etmişdir.
Aynda olduğu kimi, burada da həmzənin sözün əvvəlində
olduğu hallarda dilimiz bunları özləşdirmiş, həmin
kəlmələr apostrof qoyulmadan yazılmışdır: əsər,
əcəl, əcnəbi, ətraf və s.; ibtidai, iblis,
ittifaq, idarə, idman, irs, iradə, istirahət və s.;
övlad, övliya, övc və s.; ülfət, üns,
üsul, üfüq, ünsiyyət və s.; eyham, ehmal, ehram,
ehya və s. kimi kəlmələr həm yazılışca,
həm də mənaca xeyli dərəcədə azərbaycanlılaşaraq
işlək söz fondumuzda sabitləşmişdir.
Söz ortasında işlənmiş həmzələrin
də müasir yazımızdakı qisməti elə söz
içərisində işlənən aynlarınkı kimi
olmuşdur.
İki sait arasında gələn həmzəni
apostrofla əvəzləməməyi dilimiz və
yazımız mümkün saymış və ailə, müəllif,
kainat, təəssüf, rəis, şaiq, qiraət, mail, vəsait,
bəraət, dairə və s. kimi kəlmələrin
yazılışını azərbaycanlılaşdırmışdır.
Ancaq bu yerdə həm nitqimiz, həm də yazımızda
müşahidə edilmiş bir özünəməxsus
istisnaya diqqət etmək lazımdır. Bəzi hallarda dilimiz
iki sait arasında gələn həmzəni "y" ilə
əvəzləmiş, danışığı daha
artıq musiqililəşdirməyə, rəvanlaşdırmağa
hesablanmış bu keyfiyyət müəyyən tərəddüdlərlə
yazıya da keçmişdir.
Ayn da, həmzə də yazıda işarə olmaqla
yanaşı səsdirlər və onların ərəbcədə
bəlli tələffüz şərtləri var. Ayn - xirtdək
samiti, həmzə - arxa damaq səsidir. Ancaq "ayn"ı
dilimiz tarixi gedişatda ərəbcədəki səs məxrəcindən
çıxararaq bizimkiləşdirmiş, hətta saitə
çevirəcək qədər assimilyasiyaya
uğratmışdır. Həmzə isə ondan da artıq.
Saitlə samit arasında gələn həmzələrin
yerini müasir yazımızda apostrofla doldurmağı həmin
sözlərin ritmi tələb etmişdir: mə`zuniyyət,
rö`ya, tə`xir, mə`yus, tə`min və s.; samitlə sait
arasında da elə həmin cür: məs`ul, məş`um,
cür`ət, cüz`i, hey`ət və s.
Orta əsrlərin qafiyə elmi şərtlərinə
görə, sağlam qafiyəni tam eyni cinsli, eyni səsləniş
ağırlığına malik hərflər, səslər
yaratmalıdır. Lakin klassiklərimiz sonu həmzəli olan
nümunə gətirdiyimiz biçimli sözləri sonu həmzəli
olmayan xuda, pişva, cüda, sər ü pa, tərsa və s.
bu kimi sözlərlə həmqafiyə etməklə sanki
söz sonundakı həmzələrə laqeydliklərini
qabartmışlar.
Ancaq hər halda söz sonunda gələn həmzələrlə
bağlı apostrof istisnası var. Çünki klassik
şeirimizdəki sonu həmzəli təkhecalı sözləri
müasir yazımızda verərkən apostrof qoymasaq, o
misranın əruzuna xələl gələcək.
"Da`" - dərd, xəstəlik, azar deməkdir. Məhəmməd
Hadi şeirindəki bu sətirdə "da"dan sonra apostrof
qoyulub bu söz uzun oxunmasa, vəzn qaçar (Mən şeirin
1978-ci ildəki nəşrinə istinad edirəm və o
kitabda yanlış verilmiş misrasını islah edərək
doğrusunu verirəm. İş ondadır ki, kitabda
aşağıda düzəldərək gətirdiyimiz misra
belə verilmişdir: "Tutub da nəbzini anlat nədir
nidayi-vətən?" Bu beyti tərtibçilərin təqdim
etdiyi kimi versək, məna anlaşılmazlaşır. Hadi
deyir ki, ey "zəmanənin təbibi mənəm" deyən
boşboğaz, gəl vətənin nəbzini tut və
söylə onun dərdi nədir. Kitabdakı yazılışdansa
belə çıxır ki, həkim nəbzi tutaraq vətənin
səsinin nə olduğunu anlatmalıdır. Misranın belə
məntiqsiz hala salınması Hadi kimi fəlsəfi
düşünən bir şairi də tərtibçilərin
özləri istəmədən kiçiltməsi deməkdir.
Təəssüflənirəm ki, eyni qələt olduğu
kimi həmin kitabın 27 il sonrakı latın
qrafikasındakı nəşrində də olduğu kimi təkrarlanır):
Gəl, ey "təbib-i zəmanəm" deyən gəzafpəsənd,
Tutub da nəbzini anlat nədir, nə, da`-i vətən.
Bir istisna da vardır ki, o da müasir yazımızda
deyil, klassik irsimizin nəşrində daim nəzərə
alınmalıdır.
Sonu "ə" ilə bitən sözlərdən
sonra gələn həmzənin yerinə hökmən apostrof
qoyulmalıdır. Müasir dilimizdə işlənən belə
sözlərdən birinə baxarkən onu anlayırıq ki,
biz intuitiv olaraq hər halda bu sözün axırındakı
həmzəni nəzərə alırıq. Yəni bunu bizə
dilimizin ənənəsi belə çatdırıb.
Çünki əks təqdirdə sonu həmzəli "mənşə"
sözünü biz bu gün hallandırarkən "mənşəim"
yox, "mənşəm" deyib-yazmalıydıq.
Elə vaxtilə Nəsimi də belə işlədib:
Kaf ilə nun məbdəimdir, mənşəimdir
kainat.
Apostroflu olmalı sözlərimizin müasir
yazımızda və nitqimizdə sayı vaxt gərdişində
azala-azala getmiş, hazırda bədii, elmi, ictimai-siyasi ədəbiyyatda,
gündəlik mətbuatda, radio-televiziyada, sosial şəbəkələrdəki
canlı Azərbaycan dilində işlənməkdə
olanlarının miqdarı 234-dür.
Əlbəttə, biz bu sözlər dairəsi və
234 rəqəmi üzərində inadla durmuruq. Dərinə
getsən, 10-15 söz də bu çevrəyə daxil ola bilər.
Ancaq istənilən halda bugünkü nisbətən fəal
və diri apostrofla işlənə biləcək sözlər
dairəsi budur. Bir neçə söz artırıb-əskilməsiylə
mahiyyət dəyişmir. Ancaq XX əsrin indiki vaxtının
mətnlərini qarşılaşdıraraq müqayisə etsək,
bundan iki dəfə yarım çox fəal apostroflu söz
tapacağıq. Yəni dil özü-özünü tədricən
təmizləyir. Ola da bilər ki, qarşıdakı illər
və onillərdə bu say daha da azalsın. Lakin bu, əsla
ona icazə vermir ki, biz əlifbamızdakı hərflər
sırasında apostrofdan imtina edək. Çünki klassik ədəbi
irsimiz yerində durur və apostrofsuzluq, bir daha təkidlə təkrar
edirik ki, indiki və gələcək nəsillərin söz
yatırımızın dünəni ilə
bağlantısını zəiflədir, bir-birinə bənd
olan xeyli anlama və oxuyabilmə müşkülü
doğuraraq onların əski ədəbiyyatlarımızla rəvan
təmaslarına getdikcə daha da qabarıqlaşacaq
çatlar salır.
XIII-XX əsrlərdə yaradılmış və
klassika cərgəsinə qatılan ədəbi
mirasımızı araşdırarkən müasir dilimizdə
ömrünü davam etdirənlərdən savayı 703
apostrofla göstərilməli sözə rast gəlirik.
İstisna deyil ki, gələcəkdə orta əsrlərdə
yazıb-yaratmış hansısa şair və nasirlərimizin
türkcə yazmış olduqları əsərlər üzə
çıxsın və orada az sayda olsa da, göstərdiyimiz
bu siyahıda əksini tapmamış apostroflu sözlər
tapılsın.
Zənnimizcə, klassik ədəbiyyatda işlənmiş
bütün apostroflu sözlər "Orfoqrafiya lüğəti"nin
yeni nəşrlərində ayrıca bölmədə
mütləq verilməlidir. Çünki həmin sözlərin
köhnə mətnləri çapa hazırlayanlar tərəfindən
öz mülahizələrinə uyğun verilməsi əlavə
qatmaqarışıqlıq və yeni orfoqrafiya pintiliklərinə
bais ola bilər. Dil isə nizam sevir və apostrof istiqamətində
onsuz da indiyədək törədilmiş
sahmansızlıqlara son qoymaqdan ötrü belə həssas məsələlərdə
son dərəcə diqqətli və məsuliyyətli olmaq
ümdə şərtdir.
Apostrof qalsın-qalmasın müzakirələri Azərbaycanda
XX yüzilin 50-60-cı illərində də gedib, XXI yüzilin
əvvəllərində də, həmişə qalmanın
qızğın tərəfdarları olan kimi, apostrofdan vaz
keçməyi təklif edənlər də tapılıb. Bu
gün də apostrofa gərək yoxdur düşüncəsində
olanlar var. Ancaq təhlillər göstərdi ki, apostrof
dilimizin keçdiyi tarixi inkişaf yolu ilə
bağlıdır, yazı mədəniyyətimizdə əhəmiyyətli
mövqeyi var, onun varlığı ilə imlamız bir qədər
də təkmilləşir, apostrofun yardımı ilə
yazımızla nitqimiz, tələffüzümüz,
orfoqrafiyamızla orfoepiyamız arasındakı əlaqə
artır. Apostrof körpüsü müasir və klassik ədəbi
dilimizi bir-birinə daha rabitəli edir, klassik ədəbi
irsimizin nəşri, tədqiqi üçün zəruridir, əski
poeziyamızla yeni nəsillər arasında yarana biləcək
maneələri aradan götürür, Güney və Quzey Azərbaycanın
ortaq ədəbi dili quruculuğunun gələcəyi
üçün misilsiz fayda daşıyır.
Sözün kökünü, əslini nəzərə
almadan və təbii ki, bundan bixəbər olaraq "sehr"ə
"i" artıraraq "sehir", "səbr"i də
o yolla "səbir", "şe`r"i "şeir" edənlər,
guya yazını sadələşdirməkçün dilimizə
kənardan gəlmiş "təyyarə", "mədəniyyət",
niyyət, "vəsiyyət" və digər bir çox kəlmələrdə
"y"lardan birini ixtisara salmaq (nə var-nə var, dilimizi
çox da savadlı danışmayanların nitqində
bunlardan biri onsuz da ixtisara salınırmış ) və qeyri
belə-belə qondarma dilpozuculuq təşəbbüslərinə
rəvac verənlər, saflaşa, durulaşa, təkmilləşə-təkmilləşə
gələrək indiki gözəl səviyyəsinə
çatmış ədəbi dilimizi rəsmən saya
danışıq dili səviyyəsinə yuvarlatmağa cəhdlərin
hər biri təhlükəlidir və millətinə, yurduna,
dövlətinə bağlı hər kəsi belə hallara
qarşı sərt və mübariz, ardıcıl və
yenilməz olmağa durmadan səfərbər etməlidir.
XX yüzildə Azərbaycanın ərəb əlifbasından
latın qrafikasına keçidi dönəmindəki ilk
orfoqrafiya lüğəti 1929-cu ildə Vəli Xuluflunun
müəllifliyi ilə buraxılmışdı və 1939-cu
ildə artıq latın kirillə əvəzlənərkən
növbəti belə lüğəti 1940-cı ildə Nizami
adına Dil və Ədəbiyyat İnstitutu hazırlayıb
nəşr etdi.
Üçüncü
"Orfoqrafiya lüğəti"miz 20 il ötəndən
sonra - 1960-da çıxdı. Azı hər beş ildə
yenidən təkmilləşdirilmiş
buraxılışına ehtiyac duyulan "Azərbaycan dilinin
orfoqrafiya lüğəti" 1975-ci ildəki kiril əlifbasında
sonuncu, bütövlükdə dördüncü nəşrindən
(bu axırıncı nəşr idi ki, orada verilmiş "Azərbaycan
dilinin orfoqrafiya qaydaları" bölümündə "Apostroflu sözlərin
yazılışı"na ayrıca paraqraf həsr
edilmişdi) sonra yenidən 2004-cü ildə latın
qrafikasında işıq üzü gördü və həmin
kitaba Elmlər Akademiyası Dilçilik İnstitutu adından
yazılmış ön sözdə, fikrimizcə, ciddi
dilçilik yanlışının təsdiqi kimi səslənən
belə bir cümlə də vardı: "Məlumdur ki,
böyük və əsaslı müzakirələrdən
sonra Azərbaycan dilinin latın qrafikalı əlifbasına
apostrof (`) işarəsi salınmamışdır və buna
görə də Azərbaycan dilinin yeni orfoqrafiya
qaydalarında da apostrofla bağlı bölmə yoxdur. Təbiidir
ki, lüğətin tərtibi zamanı bu, nəzərə
alınmış və kiril əlifbasında apostrofla
yazılan sözlər apostrofsuz verilmişdir. Amma yeri gəlmişkən
qeyd edim ki, bəzi sözlərin yazılışında
müəyyən dəyişiklik edilmişdir (məsələn
şe`r sözü əvvəllərdə olduğu kimi iki
heca ilə yazılan bir qrup sözlərin siyahısına
salındığından yazılışı şeir kimi
verilir). "Qeyd edim" yazılsa da, mahiyyətcə bu
cümlələr lüğəti hazırlamış
kollektivin və mətni təsdiqləyərək
ona hüquqi güc və ümummilli siqlət vermiş Azərbaycan
hökumətinin mövqeyidir.
Orfoqrafiyamızın bu şəkildə təsdiqindən
sonra apostrofsuzluq dönəmində nəşr edilmiş
klassik irsə aid kitabların hamısının gələcəkdə
yenidən apostrofla çap olunmasını həyat
özü mütləq istəyəcək. Millətin ortaq sərvəti
və mənəviyyatının dayağı olan mirasın gələcək
nəsillərə çürük çatmamasının əlacını
zaman özü tapacaqdır.
31 yanvar 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 8 fevral(№24).- S.14-15.