Muğam kimi ömür –
Gülhüseyn Kazımlının 75 illiyinə həsr
olunmuş xatirə axşamı
Beynəlxalq Muğam Mərkəzində (BMM) ictimai
xadim, yazıçı və şair, tədqiqatçı
alim, filologiya üzrə doktoru Gülhüseyn
Kazımlının (1950–2024) 75 illik yubileyinə həsr
olunmuş tədbir keçirilib.
Əvvəlcə Gülhüseyn Kazımlıya həsr
edilən “Muğam kimi ömür” kitabının təqdimatı
olub. Kitabda G.Kazımlının həyat və
yaradıcılığı haqqında qələm
dostlarının fikirləri, dövri mətbuatda haqqında
çap olunmuş məqalələr, eləcə də
öz əsərləri toplanıb. Həmçinin biblioqrafiyası tərtib edilərək
kitaba əlavə olunub. “Bakı” nəşriyyatında
çap olunan kitabın tərtibçisi və naşiri
texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov,
redaktoru filologiya üzrə fəlsəfə doktoru Tacir Səmimidir.
Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin sədri
Əsəd Cahangirin aparıcılığı ilə
keçirilən tədbirdə Gülhüseyn
Kazımlının həyat yolunu əks etdirən
videoçarx nümayiş olunub.
Xatirə gecəsində çıxış edən
Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar
artist Sahib Paşazadə bildirib ki, həyatının son
dövrünü BMM ilə əməkdaşlıq edən
Gülhüseyn Kazımlının xatirəsi hər zaman
kollektiv tərəfindən dərin ehtiramla anılır. Qeyd
edib ki, onun tanınmış muğam ifaçılarına həsr
etdiyi tədqiqatlar əsasında ərsəyə gətirdiyi
kitablar muğam sənəti üçün dəyərli
töhfələrdir.
Texniki elmlər üzrə fəlsəfə doktoru,
neftçi, alim Turan İbrahimov tədqiqatçı ilə
bağlı xatirələrini bölüşüb. Bildirib
ki, Gülhüseyn Kazımlı "Vətən sevgisi",
"Yollarda ömür", "Mənə inan",
"İnsanın dərki", "Ümid yeri",
"Heydər Əliyevin yadigarları", "Şuşaya
o qədər yağış yağmışdı..."
kimi maraqlı kitabların müəllifidir. Şeirlərinə
30-dan çox mahnı bəstələnib.
Gülhüseyn Kazımlı son illər Beynəlxalq
Muğam Mərkəzinin "Unudulmayanlar" və "Dəyirmi
masa" layihələrinin koordinatoru kimi görkəmli
muğam korifeylərinin həyat və fəaliyyəti haqqında
elmi-tədqiqat işləri aparırdı. Bu axtarışlar
nəticəsində müəllifin muğam
ifaçılığı tariximizə aid yeni kitabları -
"Bülbülcan", "Qarmonun əfsanəsi",
"Salam, Məşədi", "Xanəndə Məşədi
Qafar Qaryağdı" nəşr edilib.
Yubiley gecəsində Xalq artistləri Teyyub Aslanov,
Ənvər Sadıqov, Əməkdar artistlər Təranə
Vəlizadə, Sevinc Sarıyeva, Gülüstan Əliyeva,
İlkin Əhmədov, BMM-nin solistləri Nisbət Sədrayeva,
Elgiz Əliyev, gənc xanəndə Murad Laçın
muğamlar və yubilyarın sözlərinə
yazılmış mahnıları ifa ediblər. İfaçıları
tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə
instrumental heyət müşayiət edib. Bədii qiraətçilər
Səmray Əliyeva və Hüseynağa Aslanov
Gülhüseyn Kazımlının şeirlərini səsləndiriblər.
525-ci qəzet .- 2025.- 8 fevral(№24).-
S.13.