"Daşa yazılmış tarix" Astanada təqdim
olundu
Astana şəhərindəki Qazaxıstan
Respublikasının Milli Kitabxanasında tanınmış
dövlət və elm xadimi, akademik Darxan Qıdırəlinin
"Daşa yazılmış tarix" kitabının Azərbaycan,
türk və qırğız dillərində nəşrinin
təqdimatı keçirilib.
Təqdimatda çıxış edən Azərbaycan
Respublikasının mədəniyyət naziri Adil Kərimli
kitabı Türk dünyası tarixinin öyrənilməsinə
mühüm bir töhfə kimi səciyyələndirib.
Bildirib ki, türk xalqlarının tarixinə və mədəniyyətinə
dərindən bələd olan müəllif təkcə
mütəxəssislər üçün deyil, geniş oxucu
kütləsi üçün də maraqlı olacaq bir əsər
ərsəyə gətirib: “Bizim qədim və kökü dərinlərə
gedən şanlı tariximizdə müqəddəs yerlər,
müqəddəs torpaqlarımız, qədim zamanlardan bu
günə qədər türklərin müqəddəs yerlərinə
Ötükən, Ergenekon, Yer İduk, Jideli-Baysın kimi
müxtəlif adlar verilib. Onların içərisində
Ötükən adı türklər üçün
xüsusilə əziz və doğmadır. Ötükən
türklər üçün vətənin qızıl
beşiyi hesab olunur. Ona görə də milli
özünüdərklə qorunan tarix milli idealların
yaradıcı salnaməsi sayılır”.
Beynəlxalq Türk Akademiyasının
ekspedisiyaları zamanı aşkar edilmiş qədim türk
dövrünə – Göytürk (552-740), Uyğur (745-840) və
Qırğız xaqanlığı (VIII-X əsrlər) kimi
İslamdan əvvəlki qədim türk xaqanlıqlarına
aid mirasdan danışan nazir deyib ki, nəşrdə bu
tarixi-mədəni zənginliyə geniş işıq
salınır. "Daşa yazılan tarix" kitabı, sadəcə,
faktlar və tarixlər toplusu deyil. Bu nəşr
xalqlarımızın şanlı keçmişinin,
kökümüzün, ümumi mədəniyyətimizin
canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və
hörmət etməyi, əcdadlarımızla fəxr etməyi
öyrədən bir tarixdir. Əminəm ki, bu kitab
kitabxanalarda və bir çox insanların tariximizin dərinliklərinin
öyrənilməsinə, gələcək nəsillər
üçün bilik və ilham mənbəyi olacaq”, – deyə
Adil Kərimli bildirib.
Nazir çıxışında həmçinin
Türk dünyasının ortaq mədəni irsi barədə
müştərək sənədli filmin çəkilməsi
təklifini də diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi adından Darxan Qıdırəliyə yeni
kitabının işıq üzü görməsi və onun
Azərbaycan, Türk və Qırğız dillərinə tərcümə
edilməsi münasibətilə təbriklərini
çatdıran nazir ona yeni yaradıcılıq
uğurları arzulayıb.
Adil Kərimli ötən ilin 25 dekabr tarixində AZAL-a
məxsus sərnişin təyyarəsinin Aktau şəhəri
yaxınlığında qəzaya uğraması zamanı
dost ölkənin müvafiq qurumları tərəfindən
göstərilən operativ köməyə və verilən dəstəyə
görə Qazaxıstan hökumətinə və xalqına,
eləcə də bütün türk dövlətlərinə
təşəkkürünü bildirib.
Digər çıxış edənlər də nəşrin
əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə
yeni yaradıcılıq uğurları arzulayıblar.
Müəllif Darxan Qıdırəli təqdimatda
iştirak çıxış edən hər kəsə təşəkkürünü
bildirib.
Sonda Qazaxıstanın bir sıra musiqi kollektivlərinin
ifasında bədii proqramı təqdim olunub.
525-ci qəzet .- 2025.- 8 fevral(№24).-
S.13.