İki "Don
Kixot", yaxud müəllifin oxucusu və mətnin oxucusu
Oxucu kimdir?
Biz tez-tez "tənqidçi kimdir?" sualına
cavab verməyə çalışırıq. Amma "oxucu
kimdir?" sualını vermək və bunu təhlil etməyi
unuduruq. Oxucu ilə bağlı Umberto Ekonun son dərəcə
maraqlı mülahizələri var. Bu fikirlər onun
"Ədəbiyyat haqqında" adlı kitabında
toplanıb. Oxucu yanaşmasına, oxucu zövqünə, oxucu
intellektinə xüsusi qiymət verən U.Eko qeyd edir ki, sadədil
oxucu ilə kompetentli oxucunu bir-birindən fərqləndirmək
lazımdır. Hər bir əsərdə ikili kodlaşma nəzərdə
tutulur. Birinci halda oxucu əsərin üslubuna, daha doğrusu,
üslub qatmaqarışıqlığına, müəllifin
ona ötürdüyü mətndənkənar bədii
informasiyaya fikir vermədən yalnız əsərin üst
süjet qatı ilə maraqlanır. İkinci halda isə oxucu
müəlliflə sanki həmfikir olur, onun mətndəki ən
incə "əməllərinə" diqqət yetirir,
onlardan zövq alır, mətndənkənar müəllif
ötürmələri onun üçün sadəcə
süjet xəttindən daha maraqlıdır və yaxud onun qədər
qiymətlidir. Ekoya görə, əgər Homerin
"Odisseya"sını oxuyan sadədil oxucunun, Odisseyin
arvadı Penelopanın toyunda olarkən, mətndən
aldığı zövq Odisseyin Penelopaya müştəri
çıxan gənc zadəganlardan aldığı qisasla
ölçülürsə, kompetentli oxucuya bu məqamda qisasla
yanaşı, həm də Homerin sənətkarlığı
maraqlı olacaq.
Onu da qeyd eləmək lazımdır ki, kompetentli oxucu
həm də birinci qatın oxucusudur, amma birinci qatın oxucusu
heç zaman kompetentli oxucu qatına çıxa bilmir. Hər
bir halda onları bir-birindən fərqləndirmək vacibdir.
Dinləyici və oxucu
Öncə onu demək lazımdır ki, hər bir
oxucunun keçmişində bir dinləyici yaşayır. Mən
dinləyici kimi öz uşaqlığımı eşitdiyim
bəzi sözlərin, ifadələrin canlanıb
üstümə gələcəyinin qorxusu ilə
yaşadım. Bu, məni tərbiyə edən Badam nənənin
"bunu eləmə!" hədəsinin arxasından dediyi
"eləsən, bax, damdabaca gəlib səni aparar"
sözlərinin içindən canlanıb gələn bədheybət
məxluqun - damdabacanın qorxusu idi. Bu, küçəyə
çıxan balkonumuzda mən atdanıb-düşən zaman
anamın dediyi "bəsdi şuluq etdin, bax, balkon indi
uçacaq!" sözlərindən sonra balkonumuzun qanad
açıb uçmasının və məni də
özü ilə haralarasa aparmasının qorxusu idi. Məni
sevən bu insanların dedikləri o tək cümlələrin
hər biri bir mətn idi. Arxasında bu mətnlərin qəribə
informasiyalar var idi. Mən də bu mətnlərin dinləyicisi
idim. 5 yaşlı mən birinci səviyyənin dinləyicisi
idim. Bu mətnlərin özü ilə gətirdiyi əlavə
semantikanı mən anlamırdım. Mən çox sonralar
bildim ki, "damdabaca", sadəcə olaraq, damdakı
bacadır və bundan başqa heç nə deyil. Və bu
sözün qorxulu mistikası mənim bunu bildiyim zaman
uçub getdi. Bu həm də uşaqlığın bitməsi
idi. Uşaqlıq mənim üçün belə
qurtardı. Və mən yavaş-yavaş dinləyicidən
oxucuya çevrildim.
Mətnin oxucusu və müəllifin oxucusu
Beləliklə, biz iki cür oxucunun
mövcudluğundan danışa bilərik. Yuxarıda qeyd
etdiyimiz kimi, ancaq süjeti izləyən sadədil oxucu ilə
müəllif tərəfindən mətndənkənar
ötürülən informasiyanı qəbul edə bilən,
bundan bəhrələnən kompetentli oxucunu bir-birindən fərqləndirmək
lazımdır. Eko belə də edir. Onun fikrincə, oxucunun bu
cür ikiləşməsi mətnin çoxmənalılığından
irəli gəlir. Əlbəttə ki, ağıllı mətn,
sadəcə, süjetdən ibarət deyil. Hətta nəfəskəsilmədən
oxunan ən "çılğın" detektiv mətndə
belə müəllif süjetdənkənar nəsə deməyə
çalışır. Ən azından hiss etdirir ki, onun mətni
yalnız törədilmiş cinayətin protokolu deyil.
J.Simenonun komissar Meqre, Aqata Kristinin Erkül Puaro ilə
bağlı mətnlərində müəllifin oxucu ilə
ayrıca təmas qurmaq cəhdlərini izləmək
mümkündür. Dronqo haqqında mətnlərin müəllifi
Ç.Abdullayev də oxucusuna ancaq və ancaq süjet təklif
etmir.
Deməli, biz mətnin oxucusu ilə müəllifin
oxucusunu bir-birindən fərqləndirməliyik. Bu fərqlənmənin
tərəfləri U.Ekonun ayırdığı sadədil və
kompetentli oxucu anlayışlarına çox yaxındır.
Coysun "Ulis"ində biz Odisseyin izlərini əgər
çətinliklə görürüksə, Rolan Bartın
"Mifologemlər"ində qədim mifoloji diskursları
bundan da ağır çətinliklə görürük.
Bartda geniş mifoloji məqamlara çıxış
müasir miflərlə məhdudlaşır. Amma bununla bitmir.
Bart geniş mifoloji sahə ilə bağlı fikirlərini əsərinin
ikinci hissəsində verir. Birinci hissədə isə son dərəcə
xəsisliklə oxucunu qədim mifoloji dövrə göndərir.
Coysun romanının adı kompetentli oxucuya Ulislə
bağlı bəzi ipucular verirsə, Rolan Bartın əsəri
qədim mənəvi məkana (antik dövrə) düz yolla
aparmağı qarşısına məqsəd qoymur.
Kompetentli oxucu üçün qədim dövrlə bu əsəri
birləşdirən yeganə ümumi məqam onun ikinci hissəsində
irəli sürülən bir deyim olur. Bart əsərinin
ikinci hissəsinin əvvəlində yazır ki, "mif bu,
sözdür". Həqiqətən də, mif
özünün bütün tarixdən əvvəlki və
tarix dövründəki hər hansı təzahürü ilə
bir söz deyilmi?! Burada artıq ikinci qatın oxucusu (kompetentli
oxucu) olmaq kimi məsuliyyətli və təhlükəli bir
yükün altına giririk. Bu oxucu qədim mifoloji dünya
quyusuna (məsələn, plastmass kimi müasir mifoloji
ünsürün müxtəlif adlarının qədim yunan
çobanlarının adı Polistren, Fenoplast, Polietilen olduğu kimi) belə
bir deyimdən yapışıb enə bilərmi?!
Füzulinin qəzəllərində ilkin oxunuşda
olan gözəl sevgiliyə (real qadına) münasibət daha
dərindəki Allaha münasibətdən fərqləndirilməlidir.
Buna sufilikdən doğan münasibət deyirlər. Mətnin
oxucusu birinci qata girib oradan çıxa bilmir, yaxud
çıxmaq istəmir. Gizlinlərin (mübhəmlərin)
daha adekvat, kompetentli oxucusu isə müəllifin oxucusu olur və
onun misra, beyt arxasında gizlətdiyi sufilik ideyalarından mənəvi
ləzzət alır.
Yaxud "Kitabi-Dədə Qorqud" dastanında biz
yenə də Ekonun dediyi ikili kodlaşmanı görə
bilirik. Birinci, üst (aşkar) qatın oxunuşu ilə kifayətlənən
oxucu nə üçün məhz Beyrəyin
öldürüldüyü ilə maraqlanmır. Nə
üçün Dəli Qarcar Dədə Qorquda münasibətini
bütün Qalın Oğuzdan fərqli bir səviyyədə
qurur - bu hal da mətnin oxucusunun diqqətini çəkmir.
İlkin qatın oxucusu Aruz Qocanı Qalın Oğuza
təfriqə salan, İç Oğuz, Dış Oğuz
savaşını başladan bir obraz kimi tanıyır. Aruz
Qoca isə gizli, müəllifin gizlətdiyi (gizlətmək
istədiyi) təsvirdən bir daha boylanır. O, Salur
Qazanın səbəbsiz halda demokratik bir prinsipi pozmasına
qarşı çıxır. Demokratik prinsiplərin pozulma məqamının
qarşısını alır. Salur Qazan evini yağmaladanda səbəbsiz
halda İç Oğuz bəyləri ilə bərabər,
Dış Oğuz bəylərini bu dəfə belə bir
demokratik şölənə çağırmır. Dastanda
Qazan xanın özünün qoyduğu, bəlkə də
törəyə əsaslanan belə bir, primitiv də olsa,
demokratik qaydanın pozulmasına qarşı çıxan isə
Aruz Qoca olur. Deməli, müəllif oxucuya ipucu verir ki, Qazan
xanın nifaqa gətirən səbəbsiz hərəkətini
görə bilsin və Aruz Qocanın bir obraz kimi müəllif
tərəfindən son dərəcə gizli şəkildə
bəzədilmiş ştrixlərini anlasın və qəbul
etsin. Beləliklə, müəllifin oxucusu boylararası əlaqələrin
gizli izinə düşür və burada onu gözləyən
izahedici məqamları görüb Dastanı bütöv və
sistemli bir mətn kimi daha adekvat qavrayır.
Sovet ideoloji sisteminin məhsulu olan oxucu (ilkin qatın
sadədil oxucusu) Cəfər Cabbarlının Hacı Əhmədini
"Almaz" pyesinin mətnindən çıxış edərək
ziyanverici bir ünsür kimi qiymətləndirir. Müəllifin
oxucusu isə bu personajda, sovet sisteminin qurbanı olsa da,
mübarizəsindən əl çəkməyən bir insan
görür. Bu insan "Bəlkə də qaytardılar"
qəhrəmanlarının ideologiyasından uzaq biridir. Onun
ideolojisi bambaşqadır. O, hərəkətdədir. O,
mübarizə aparır. İlk demokratik prinsiplərin
mücahidi Aruz Qocanın mübarizəsi aşkar olsa da,
Hacı Əhmədin mübarizəsi gizli qatda baş verir.
İkinci (gizli) qat müəllifin oxucuya ötürmək
istədiyi əlavə diskursun qatıdır. İkinci
qatın oxucusu müəllifin oxucusu olaraq ədəbiyyatı
bir oyun kimi görə bilənlərin məkanında hərlənir.
Ədəbiyyat oyun kimi
Başdan-başa həyatda olan kimi, ədəbiyyatda
da hər şey oyun üzərində qurulur.
Bütövlükdə oyun müəllifin oxucu ilə girmək
istədiyi mətndənkənar əlaqə yaratmaq istəyindən
doğur. Bütün oyunların mahiyyətində nəyi isə
gizlətmək cəhdi durur. Əgər bu belədirsə, mədəniyyətdə
oyun konsepsiyasını işləyən Hayzinqa isə deyir
ki, bu belədir, o zaman ədəbiyyat bütövlükdə
oyun deyilmi?! Metaforalardan tutmuş bütün digər ədəbi
"tapmacalara" qədər oxucular müəllif tərəfindən
gizlədilmiş həqiqəti axtarmaqla məşğuldurlar.
Bu axtarışı uğurla başa vuranlar müəllifin
oxucuları olur, mətnin oxucuları isə kilidli qapılar
önündə qalır və mətnin qavrayışı
onlar üçün əlçatmaz olur. Mətndə oyun
elementlərinin öyrənilməsi bütövlükdə ədəbiyyatın
mətnlə bərabər gətirdiyi gizlinləri aşkarlamaq
funksiyasını yerinə yetirir.
Mətn içində oyun, yaxud belə deyək, oyun
içində oyun quran görkəmli sənətkarlardan biri
də Borxesdir. Onun qurduğu ədəbi-bədii oyunlara valeh
olmamaq mümkün deyil. Ustadın balaca şedevrlərindən
biri belə adlanır: "Pyer Menar - Don Kixotun müəllifi".
Mətnin oxucusu üçün belə bir sadə süjet təklif
edilir. Pyer Menar adlı birisi dünya şedevri olan "Don
Kixot" əsərini yenidən yazmaq qərarına gəlir.
Və bu arzusunu yerinə yetirmək üçün
yaşadığı 20-ci əsri Servantesin
yaşadığı 16-cı əsrdən fərqləndirən
hər şeydən özünü təcrid edir. O,
bütün bunları yaddaşından silir. Nəticə
maraqlıdır. Hekayənin sonunda müəllif məlumat
verir ki, bəli, Pyer Menar arzusuna çatır və yeni
"Don Kixot" yazılır. Amma... Bu haman "Don
Kixot"durmu, yoxsa deyil?! Herakliti yada salsaq, Pyer Menar bir
çaya ikinci dəfə girə bilmişdimi?! Borxes yazır
ki, bu iki mətn - Servantesin mətni ilə Pyer Menarın mətni
bir-birindən çox fərqlənir. Hətta Borxes oxucusunu
bu fərqi görməyə dəvət edir. Eyni
parçanı həm Servantesin, həm də Menarın təqdimində
verir. "Baxın və müqayisə edin" deyir. Mən
özüm bəlkə bu iki parçanı iyirmi dəfə
oxumuşam. Hətta durğu işarələrinin də yerləşdirilməsinə
xüsusi fikir vermişəm. Yüzdə yüz eynilik! Ədəbi
dahilik bəlkə də elə budur: hər iki parça
bir-birindən zərrə qədər fərqlənmir. Müəllifin
oxucusu müəllifə inansın, yoxsa hekayədəki mətnə?!
O, müəllifə inanır. Mətnin oxucusu isə yenə
də inadkarlıq edib mətnin yanında (içində)
qalır və səbrlə, eyni zamanda təəccüblə
Borxesin həm Servantesdən, həm də uydurulmuş Menardan
verdiyi parçaları müqayisə edir. Görəsən,
Borxesin dediyi fərq hardadır, nədədir?! Və nəhayət,
iki "Don Kixot" varmıdır?!
Bu yazılanlardan yalnız bir nəticə
çıxarmaq lazımdır. Tənqidçi kimi, oxucu da əsər
hətta yazıldığı zaman müəllifin nəzərə
aldığı bir substansiyadır. Ona diqqət yetirmədən
əsərin formalaşmasından, məziyyətlərindən
danışmaq mümkün deyil.
Kamal ABDULLA
ADU-nun rektoru, Xalq yazıçısı
525-ci qəzet .- 2025.- 8 fevral(№24).-
S.13.