Mətbuat Şurasında Firudin Ağazadənin 75 yaşı
qeyd edilib
Fevralın 7-də Azərbaycan Mətbuat
Şurasında görkəmli ədəbiyyatşünaslar,
yazıçılar və mədəniyyət xadimlərinin
iştirakı ilə çağdaş tərcümə sənətinin
istedadlı və məhsuldar nümayəndəsi, şair və
jurnalist Firudin Ağazadənin 75 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən Mətbuat Şurasının sədri
Rəşad Məcid, “Xalq qəzeti”nin baş redaktoru
Əflatun Amaşov, Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədr
müavini Dağbəyi İsmayılov və başqaları
Firudin Ağazadənin Azərbaycan ədəbiyyatına və
tərcümə sənətinə verdiyi töhfələri
yüksək qiymətləndirərək onun
yaradıcılığının zəngin bədii-estetik dəyərini
vurğulayıblar. Bildirilib ki, ömrünün yarım əsrdən
çoxunu ingilis dilindən bədii və sənədli tərcümə
işinə həsr etmiş Firudin Ağazadə ölkəmizin
nüfuzlu mətbuat və nəşriyyat qurumlarında
peşəkar və səmərəli fəaliyyəti ilə
layiqincə hörmət və rəğbət qazanıb.
Qeyd olunub ki, Firudin Ağazadə klassik və müasir
dünya ədəbiyyatının bir sıra nadir incilərini
dilimizə çevirməklə ədəbi əlaqələrin
inkişafına töhfə verib. Onun
yaradıcılığı yalnız tərcümə sahəsi
ilə məhdudlaşmır, eyni zamanda, dərin fəlsəfi
məna yükü daşıyan şeirləri, publisistik məqalələri
və digər əsərləri ilə oxucuların
marağını qazanıb.
Çıxış edənlər Firudin Ağazadənin
əsərlərindən parçalar səsləndiriblər.
Yubilyar öz növbəsində tədbirin təşkilatçılarına
və iştirakçılarına təşəkkürünü
bildirərək ədəbiyyatın inkişafına bundan
sonra da xidmət edəcəyini diqqətə
çatdırıb.
Tədbirin sonunda Firudin Ağazadəyə fəxri
diplomlar və qiymətli xatirə hədiyyələri təqdim
olunub.
Qeyd edək ki, 1950-ci ilin fevralında Lerik rayonunun
Zuvand mahalının Pirasora kəndində dünyaya gəlmiş
Firudin Ağazadə 1966-cı ildə Azərbaycan Xarici Dillər
İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti)
İngilis dili fakültəsinə daxil olub. Tələbəlik
illərində İsmixan Rəhimov, Oruc Musayev, Ənvər
Rza, Zeydulla Ağayev kimi məşhur filoloq və xarici dil
mütəxəssislərindən dərs alıb, ana dilimizə
tərcümə sənətinin sirlərini dərindən mənimsəyib.
O, media orqanlarında və ali təhsil müəssisələrində
uzun illər ərzində fəaliyyət göstərərək
həm də bilik və bacarıqlı
davamçılarını yetişdirib.
Firudin müəllim 15 il “Azərnəşr”də tərcümə
redaktoru, 26 il AZƏRTAC-ın Xarici dillər redaksiyasında tərcüməçi
və buraxılış redaktoru kimi xidmət edib. Eyni zamanda,
Azərbaycan Mətbuat Şurasının tərcüməçisi
və Dövlət İmtahan Mərkəzinin jurnalistika
üzrə eksperti olaraq ictimai fəaliyyət göstərib.
Təqaüdə çıxdıqdan sonra yaradıcı fəaliyyətini
“Qanun” jurnalında tərcümə redaktoru olaraq davam etdirir.
525-ci qəzet .- 2025.- 8 fevral(№24).-
S.11.