Repressiya və ədəbiyyat
Azərbaycan Milli Elmlər
Akademiyası-80
Əli Nazim Mahmudzadə (1906-1941) - Ədəbiyyat
İnstitutunun yaradılmasında, onun təməl
daşlarının elmi əsaslar üzərində
qoyulmasında müstəsna xidmətləri olan ədəbiyyatşünas
alimlər-imizdən biridir. Amansız repressiya
dalğalarının ondan da yan keçməyəcəyi
heç kimdə şübhə doğurmurdu. Əli Nazimin
özü də repressiyanın addım-addım ona
yaxınlaşdığını açıq iclaslardan, mətbuat
səhifələrindən duyurdu, görürdü. Hətta
onun üzv olduğu Azərbaycan Yazıçılar
İttifaqının mətbuat orqanı olan "Ədəbiyyat
qəzeti"ndə həmkarlarından biri (M.S.Ordubadi)
yazırdı: "Konturre-volyusion Trotski və zinoyevçilərin,
son vaxtlar trotskizmin bütün xüsusiyyətlərini əks
etdirən averbaxçılığın bütün
varlığı ilə rüsvay edilməsi sovet ölkələrində
olduğu kimi, Azərbaycan Sovet Yazıçıları
İttifaqı qarşısında da mühüm məsələlər
qoymuşdur.
...İttifaq Əli Nazim, Böyük Ağa
Talıblı, Tağı Şahbazi kimi xalq düşmənlərinin
ifşa edildiyi zamanda belə Əhməd Cavad, Sanılı,
Salman Mümtaz və başqalarının məsələsini
də həll etməli idi..."
Müəllifin həmkarları arasında yeni
"xalq düşmənlərinin" axtarışı
üçün təşəbbüs göstərməsi, təkliflər
irəli sürməsi ən azı təəssüf
doğurur. Maraqlıdır ki, yazıçının təklifləri
respublikanın rəhbəri Mir Cəfər Bağırovun
1937-ci ildə partiya konfransındakı
çıxışında daha sərt intonasiya kəsb
etmişdir. O demişdir: "Bir çox kültür müəssisələrində
xalqın qəddar düşmənləri R.Axundov, Əli Kərimov,
Triniç, Əli Nazim, Talıblı, Tağı Şahbazi,
Dubinski və başqaları uzun zaman bildiklərini etmişlər...
Xalq düşmənləri Talıblı, Şahbazi,
Əli Nazim, Əhməd Cavad və başqalarının uzun
zaman cəza görmədən yazıçılar
sırasında qala bilmələri faktdır.
...Yazıçılar İttifaqının bu gün
belə öz sıralarını Seyid Hüseyn, Salman
Mümtaz, Yusif Vəzir, Sanılı, Hüseyn Cavid və
başqaları kimi qəddar burjua millətçilərindən
təmizləmədiyi faktdır.
Bu da bir faktdır ki, keçmişdə bütün
bu düşmənləri Mustafa Quliyev, Cəbiyev, Qarayev və
başqaları himayə və müdafiə edirdisə, bu
gün bunları Ələkbərli, Şamilov, Əsəd
Axundov və başqaları kimi çürük liberallar
himayə və müdafiə edirlər".
Qırmızı repressiya dövründə gözdənsalma,
ifşaetmə təbliğatından sonra insanların işdən
azad edilməsi və həbs olunması mərhələləri
başlanırdı. Bu ənənəvi üslub Əli Nazim
üçün də istisna təşkil etmədi. Azərbaycan
türklərinin ən əziz və müqəddəs
günündə - martın 20-də EA Azərbaycan Filialı
Dil və Ədəbiyyat İnstitutunun direktoru A.R.Zifeldt
aşağıdakı məzmunda bir əmr imzaladı:
"Az.FAN Dil və Ədəbiyyat İnstitutu üzrə
ƏMR № 21. 20 mart 1937-ci il.
İnstitut əməkdaşlarının tərkibindən
- bu ilin mart ayının 19-dan Əli Nazim Mahmudzadə və
Abdulla Məmməd oğlu Tağızadə, martın 13-dən
isə Əbdüləzəl Dəmirçizadə azad
edilsin.
Lüğət-Terminologiya
sektorunun rəhbəri vəzifəsi müvəqqəti olaraq
(Az.FAN Rəyasət Heyəti təsdiq edənə qədər)
Abdulla Məhəmməd oğlu Şərifova həvalə
edilsin. DƏİ-nin direktoru A.R.Zifeldt" (Əli Nazim.
Əmr № 21. AMEA RH Elmi irs, Fond-5, s.v.-57, qutu-36).
Eyni əmrlə direktor Dil və Ədəbiyyat
İnstitutunun məsul əməkdaşlarından üç
görkəmli alimi - dosent Əli Nazim Mahmudzadə, Abdulla
Tağızadə və Əbdüləzəl Dəmirçizadəni
işdən azad edir. Əslində İnstitut direktorunun əmri
iki gün gecikmişdi. Çünki Əli Nazim Mahmudzadənin
XDİK tərəfindən həbsi martın 18-də, bazar
günü həyata keçirilmişdir. Novruz bayramı
günü, martın 22-də müstəntiqin ona
qarşı irəli sürdüyü ittiham İstanbulun
"Türk yurdu" dərgisinin (1927) iki sayında çap
edilən "Yeni Azərbaycan ədəbiyyatı"
adlı məqaləsi olmusdur. Ümumiyyətlə, Əli
Nazim də digər həmkarları kimi, "əksinqilabçı,
millətçi, pantürkist" fəaliyyətinə
görə ittiham olunurdu.
22 aprel 1937-ci ildə Əli Nazim dördüncü dəfə
dindirilərkən müstəntiq ona belə bir sual verir:
"Sual: SSRİ EA Azərbaycan Filialının elmi və
ədəbi fəaliyyət xətti üzrə ziyankarlıq
faktları haqqında istintaqa danışın.
Cavab: Rəhbərlik Ruhulla Axundovun əlinə
keçdikdən sonra belə bir xətt
götürülmüşdür. Bu xətt inqilabi-demokratik
yazıçıların - Sabir, Molla Nəsrəddin (Cəlil
Məmmədquluzadə), M.F.Axundzadə - nüfuzdan
salınmasına, mürtəce-burjua cərəyanı
yazıçılarının - Hüseyn Cavid, Cavad Axundzadə,
Əli Bəy Hüseynzadə və əksinqilabi
"Füyuzat" jurnalının ənənələrinin
genişləndirilməsinə və yayılmasına yönəldilmişdir"
(Ziya Bünyadov. Əli Nazim Mahmudzadə. Qırmızı
terror. - Bakı: Azərnəşr, - 1993, s.149). Əli Nazim məhkəmədə
günahlarını "etiraf" etmişdir.
Azərbaycan elminin görkəmli nümayəndələrindən
bir qrupunun - V.Xuluflunun, B.Çobanzadənin,
H.Zeynallının, Böyükağa Talıblının
güllələndiyi gün - oktyabrın 13-də (1937)
SSRİ Ali Məhkəməsi Hərbi kollegiyası səyyar
Sessiyasının qərarı ilə Əli Nazim 10 il həbs
cəzasına məhkum edilmişdir. O, 1941-ci ilin avqustun 23-də
Rusiya Federasiyasının Oryol həbsxanasında ağır
şəraitdə dünyasını dəyişmişdir.
Əli Nazimin oğlu Ramin Mahmudzadə 19 iyul 1956-cı
ildə atasına bəraət verilməsi üçün
DTK-ya müraciət etmişdir. Eyni zamanda 21 may 1956-cı ildə
Azərbaycan Yazıçılar İttifaqından Əli
Nazim haqqında müsbət xasiyyətnamə verilmiş, sənədi
görkəmli yazıçı və şairlərdən
Mehdi Hüseyn, Süleyman Rəhimov, Süleyman Rüstəm,
Məmməd Arif, Mir Cəlal Paşayev, Əli Vəliyev,
İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə və b.
imzalamışlar.
Beləliklə, SSRİ Ali Məhkəməsi Hərbi
kollegiyasının 19 sentyabr 1957-ci il tarixli qərarı ilə
işində cinayət tərkibi olmadığı
üçün Əli Nazim Mahmud oğlu Mahmudzadəyə bəraət
elan edilmişdir.
lll
EA Azərbaycan Filialı Dil və Ədəbiyyat
İnstitutunun 1937-ci il kollektiv və fərdi iş
planından söz açmaq, uğurları vurğulamaq
çox çətindir. Çünki bu dövrdə Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin, elminin
tarixini mütəxəssislər, elm adamları yox, sovet
rejimini süngülər ucunda yaşadan Xalq Daxili İşlər
Komissarlığının müstəntiqləri qan ilə
yazırdı. "1937" - bolşevizmin ədəbi-mədəni
mühitimizə atdığı Xirosima bombasıdır - desək,
bəlkə də yanılmarıq. İnstitutların kadr
potensialına süpürgə çəkilirdi. Həbs edilən
alimlərin sayı elə sürətlə artırdı ki,
bəzən bir institutda bir şöbənin əməkdaşları
qədər işçi qalmırdı. Akademiyanın Azərbaycan
Filialında institutların birləşdirilməsi zərurəti
yaranmışdır.
Təqdim edilən əmrdən də
göründüyü kimi, Akademiya sistemində iki nüfuzlu
institutun birləşdirilməsi planı sürətlə
reallaşdırılırdı. Azərbaycan Xalq Daxili
İşlər Komissarlığının böyük canfəşanlıqla
apardığı "təmizləmə",
"ifşaetmə" əməliyatları
İnstitutların şöbələrini, sektorlarını
boşaltmış, əməkdaşların
sıralarını seyrəltmişdir. Belə bir
acınacaqlı şəraitdə - 1937-ci ilin mayın əvvəllərində
xalqımızın tarixi və mənəviyyatı ilə
sıx bağlı olan iki elmi-tədqiqat ocağı - Dil və
Ədəbiyyat İnstitutu ilə Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutu yuxarı orqanların qərarı ilə
birləşdirildi. Yeni yaranan struktur Tarix, Dil və Ədəbiyyat
İnstitutu adlandırıldı. Professor Artur Rudolfoviç
Zifeldt-Simumyaqiyə yeni yaradılmış institutun direktoru vəzifəsi
həvalə edildi.
Yeni qurumun rəhbəri kimi Artur Rudolfoviç Zifeldtin
may aynın 20-də yeni statusda imzaladığı əmr
institutun kiçik elmi işçisi Əmin Abid Əhmədovun
institutun tələblərinə cavab verə bilmədiyinə
görə işdən xaric edilməsi ilə bağlı
idi. Sənəddə göstərilirdi ki, Əmin Abid onda olan
materialları siyahı üzrə üç gün müddətində
Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri
Əli Əjdər Seyidzadəyə təhvil verməklə
işdən azad olunur.
Əmin Abid Mütəllibzadə (1898-1937) - RH Elmi
arxivində saxlanılan tərcümeyi-halına əsasən
1898-ci ildə Bakı şəhərində anadan olub. İlk
təhsilini Bakıda Alekseyev adına məktəbdə
alıb, İstanbul Müəllimlər seminariyasında oxuyub,
sonra isə İstanbul Darülfünunun tarix-ədəbiyyat
bölməsində təhsilini başa vurmuşdur (1926).
İstanbulda təhsil aldığı illərdə
Budapeştdə elmi-tədqiqat işləri ilə məşğul
olub. İlk yazısı 1912-ci ildə "Kəlniyət"
jurnalında dərc edilib.
Əmin Abid 1913-1916-cı illərdə rus ədəbiyyatının
klassiklərindən Puşkin, Tolstoy, Turgenev, Qoqol, Qorbunov və
b. əsərlərini Azərbaycan türkcəsinə
çevirmişdir.
"Azərbaycan türklərinin ədəbiyyatı
tarixi" adlı magistr dissertasiyası yazan Əmin Abid
Mütəllibzadə 1927-ci ilin əvvəllərində
Bakıya qayıtmış, bir müddət qəzalarda
müəllimlik etmişdir. Onun 1922-1930-cu illərdə
yazdığı "Azərbaycan ədəbiyyatı
tarixi" adlı tədqiqat işi 30 ç.v. həcmində
idi. Ədəbiyyatşünaslığa aid elmi-tədqiqat
işlərini "Serveti-fünun" (İstanbul, 1922-1924),
"Türk yurdu" (Ankara, 1924), "Həyat" (Ankara,
1926), "Maarif və mədəniyyət" (Bakı, 1926),
"Maarif işçisi" (Bakı, 1927-1928), "Dan
ulduzu" (Tiflis, 1927-1928), "Maarif ve okudkucu" (Səmərqənd,
1929), "Azərbaycanı öyrənmə yolu"
(Bakı, 1930), "İnqilab və mədəniyyət"
(Bakı, 1930-1933) və mətbuat orqanlarında çap
etdirmişdir.
Əmin Abid 1927-ci il sentyabr ayından Azərbaycan
Universitetində elmi işçi kimi fəaliyyətə
başlamış, bir müddət sonra Azərbaycanı Tədqiq
və Tətəbbö Cəmiyyətində çalışmış,
1933-cü ildən işdən
çıxarıldığı 20 may 1937-ci ilədək
SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının
Tarix, Dil və Ədəbiyyat İnstitutunda 1-ci dərəcəli
elmi işçi statusunda fəaliyyətini səmərəli
davam etdirmişdir.
Prof.A.R.Zifeldtin 20 may 1937-ci il tarixli əmri Əmin Abid
üçün çox kövrək və həssas bir məqamda
imzalanmısdır. Çünki onun filologiya elmləri namizədi
dərəcəsi almaq üçün müvafiq sənədləri
SSRİ Elmlər Akademiyasının Mərkəzi Kvalifikasiya
Komissiyasına göndərilmişdi və təsdiqlənmək
ərəfəsində idi. Lakin Tarix, Dil və Ədəbiyyat
İnstitutunun elmi katibi O.M.Sokolovskaya Mərkəzi Kvalifikasiya
Komissiyasını qabaqlayaraq SSRİ EA Katibliyinə 28 may
1937-ci ildə məktub göndərmiş Əmin Abid Əhmədovun
təyinatına uyğun gəlmədiyi üçün
Az.F-dən çıxarıldığını
bildirmişdir. Dərhal SSRİ EA Katibliyinin rəhbəri
A.X.Petrosyan EA Azərbaycan Filialının sədr müavini Cəfər
Kazımova məktub göndərərək ədəbiyyatşünaslıq
üzrə elmlər namizədliyinə iddialı
Ə.A.Əhmədovun şəxsi işinin geri
qaytarılması üçün göstəriş verildiyini
diqqətə çatdırmışdı. Əslində
Əmin Abid 2 ildən çox idi ki, elmi dərəcə almaq
üçün bürokratik strukturlarla mübarizə
aparırdı. Hələ 1935-ci il 25 noyabrda Əli Nazimin
imzaladığı Ə.A.Əhmədovun elmi fəaliyyəti
haqqında Ədəbiyyat Sektorunun verdiyi rəydə
yazılırdı: "SSRİ EA Azərbaycan
Filialının Ədəbiyyat Sektoru 1-ci dərəcəli
elmi işçi Əmin Abidin dissertasiya müdafiə etmədən
onun elmlər namizədi elmi dərəcəsinə layiq
görülməsini tövsiyə edir. Sektor hesab edir ki,
Əmin Abid EA Az.F-dəki işi və mətbuatda
çıxan elmi əsərləri ilə vicdanlı və
diqqətcil əməkdaş olduğunu, əsas elmi-tədqiqat
işlərini marksist metodologiyaya əsaslanaraq həyata
keçirməyi bacardığını göstərmişdir.
M.F.Axundzadənin, Mirzə Şəfinin və b. həyat
və fəaliyyətləri barədə ilk tədqiqat işi
Əmin Abidə məxsusdur. Sektor iddiaçının elmi məqalələrini
və xüsusilə M.F.Axundzadə haqqında tədqiqatlarını
yetərli sayaraq ona ədəbiyyatşünaslıq üzrə
elmlər namizədi elmi dərəcəsinin verilməsini məqsədəuyğun
sayır" (Əli Nazim. Əmin Abid haqqında Rəy. AMEA
RH Elmi irs şöbəsi., Fond-39, s.v.-44, qutu-6).
Sektorun rəyinə Ə.Abidin elmi əsərlərinin
siyahısı əlavə olunmuşdur. Siyahıda 34 elmi
işin adı yer almış, iddiaçı haqqında
akademik Bartold, akad. Samoyloviç, prof. M.F.Köprülüzadə,
Yaqub Kadri və b. nüfuzlu alimlərin məqalə
yazdığı qeyd edilmişdir. Əmin Abidin ədəbiyyat
qarşısında tutumlu xidmətlərinə baxmayaraq, o,
sevdiyi və ömrü boyu bağlı olduğu elmi-tədqiqat
işindən uzaqlaşdırılır. Lakin həbs edilməsi
bir ildən çox çəkir. XDİK-in müstəntiqi
Tevosyanın 23 iyun 1938-ci ildə Əmin Abid Mütəllib
oğlu haqqında hazırladığı həbs qərarı
təsdiqlənir. İyun ayının 26-da Əmin Abidin həbsi
və evində axtarış aparılması ilə əlaqədar
394 saylı order də imzalanır.
Əmin Abid Azərbaycan mətbuat tarixində müstəsna
xidmətləri ilə yadda qalan, tanınmış şair,
publisist Əliabbas Müznib Mütəllibzadənin kiçik
qardaşı idi. Sorğu-sual bitdikdən sonra 19 avqust 1938-ci
ildə İttihamnamə hazırlanır. Sənəddə
qeyd edilir ki, Əmin Abid Müsavatın lideri Məhəmməd
Əmin Rəsulzadə ilə dəfələrlə
görüşmüş, "Yeni Qafqasiya" dərgisində
əksinqilabi, antisovet məzmunlu şeirlər çap
etdirmiş, pantürkist professor Əziz Qubaydulin, dosent Əli
Nazim ilə sıx əlaqə saxlamışdır.
Əmin Abid Mütəllibzadə əksinqilabi, millətçi
və casusluq fəaliyyətinə görə SSRİ Ali Məhkəməsi
Hərbi kollegiyası səyyar Sessiyasının 19 oktyabr
1938-ci il tarixli qərarı ilə əmlakı müsadirə
olunmaqla ən ağır cəzaya - güllələnməyə
məhkum edilmiş, 21 oktyabrda hökm icra edilmişdir.
Əmin Abid Mütəllibzadəyə işində
cinayət tərkibi olmadığına görə 21 dekabr
1962-ci ildə bəraət verilmişdir.
lll
Xalid Səid Xocayev (1888-1937) - EA Az.F. Tarix Dil və
Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi vəzifəsindən
5 iyun 1937-ci ildə 17 saylı əmrlə 4 iyundan işdən
azad edilmişdir. Sənəddə İnstitutun direktoru
A.R.Zifeldt göstərilib və o, əmrə imza atmayıb.
Görünür ki, bu əmr iyunun 1-dən əvvəl
hazır imiş və sənədi Ə.Əhmədovun əvəzinə
institutun elmi katibi Anna Mövsümzadə
imzalamışdır. Əhməd Əhmədov isə 15 iyun
1937-ci il tarixli 24 saylı əmri ilə A.M.Şərifov,
X.Ç.Qədimov və M.A.Hüseynovdan ibarət komissiya
yaradaraq institutun sabiq isçisi Xalid Səid Xocayevin yazı
stolunun qıfılını açmaq və onun stol və
dolabındakı materialları siyahıya almaq,
aşkarlanmış materialların akt üzrə institutun
elmi arxivinə təhvil verilməsi təklif edilmişdir
(Ədalət Tahirzadə. "Əhməd Əli oğlu
Əhmədov". Bakı: "525-ci qəzet", - 2005, 8,11
yanvar).
Xalid Səid Xocayevin yazdığı və
AMEA-nın Arxivində saxlanılan qısa tərcümeyi-halına
əsasən o, 1888-ci ildə Daşkənd şəhərinin
25 kilometrliyində yerləşən Kaşkurçaq kəndində
anadan olub. O, 1934-cü ildə Akademiyaya işə qəbul
olunarkən ərizə yazmış, EA ZF Azərbaycan
Bölməsi İdarə Heyətinin üzvü, professor Vəli
Xuluflu Xalid Səid Xocayevin ərizəsinin üzərindəki
dərkənarda: "Heyəti-Riyasətə. Xahiş edirəm
birinci dərəcəli elmi işçi təyin edəsiniz.
Əməkhaqqının aylıq üç yüz manat
olmağı daha münasib" olduğunu bildirmişdir.
Prof. V.Xuluflunun dərkənarından sonra X.S.Xocayev təbii
ki, Dil və Ədəbiyyat İnstitutunun dil seksiyasına qəbul
edilmiş, 1934-cü ilin sentyabrından Mahmud Kaşğarinin
"Divanü lüğat-it Türk" əsərini tərcüməyə
başlamış, bəzi qeydlərə görə
1936-cı il iyunun 1-də 3 cildlik nəhəng abidə üzərində
işini başa çatdırmışdır. X.S.Xocayev
kitaba "Mahmud Kaşğarinin "Divanü lüğat-it
Türk" adlı 11 səhifəlik mükəmməl bir
müqəddimə yazmış, həbs olunan günə qədər
əsəri təkmilləşdirməklə məşğul
olmuşdur. Onun 1 iyun 1937-ci ildə Kabardin-Balqar Vilayət Komitəsinə,
yol. Kumukova yazdığı sonuncu məktub "Divanü
lüğat-it Türk" haqqında idi və elmi katib
O.M.Sokolovskayanın 9 iyunda məktubun üzərində
yazdığı dərkənarda qeyd edilirdi ki, "Xocayev həbs
olunduğu üçün məktub göndərilmir".
Xalid Səidin ünvanına çatmayan məktubunun məzmunundan
məlum olur ki, Kumukov "Divan"ın kumuk və ya
qaraçay-balqar dilinə tərcümə edilməsi
üçün imkanları araşdırır və bu barədə
4 mart 1937-ci ildə Xocayevə məktubla müraciət
edibmiş. Xalid Səid cavabın gecikdiyi üçün
üzr istəyir, "Divan"ı nəşrə
hazırladığını, əsərin redaktoru, akademik
İ.Y.Kraçkovski və prof. S.Malov ilə iyulun 1-də
görüsməyə ümid bəslədiyini, bu məqsədlə
Leninqrada gedərkən iyunun 25-də Nalçikdə
dayanacağını və arzu edərsə, onunla
görüşmək imkanının olacağını
bildirirdi. Təəssüf ki, bu ümidlərin heç biri
özünü doğrultmadı. Xalid Səid 3 iyun 1937-ci ildə
həbs olunur və ilk dəfə 5 iyunda istintaqa
çağrılır. Ona qarşı irəli
sürülmüş əksinqilabi, pantürkist təşkilatın
üzvü olması barədə ittihamı rədd edir. 21
iyun tarixindən sonra isə "günahlarını"
etiraf etməkdə üzüyolalıq göstərir.
Dindirmə materiallarından bəlli olur ki, müstəntiq
Xalid Səidi Türkiyə kəşfiyyatına xidmətdə
və pantürkist ideyaları təbliğ etməkdə
suçlayır. O, böhtana və şərlənməyə
etiraz edəndə müstəntiq zor tətbiqini və işgəncəni
yada salmışdır.
Xalid Səidin cavablarında iki diqqətçəkən
məqama toxunmağı gərəkli hesab edirik. Onlardan
birincisi: "1918-ci ildə mən İstanbul Universitetinin bir
qrup tələbəsi ilə birlikdə Nuru Paşanın
Türk ordusunda Azərbaycana göndərilmişdim". Bu
fikirdən bəlli olur ki, Xalid Səid İstanbul Universitetinin
bir qrup tələbəsi ilə Qafqaz İslam Ordusunun tərkibində
Azərbaycana gəlmişdir. Gənc tələbələrin
xilaskarlıq missiyası daha ciddi tədqiqat işlərinin
aparılmasını tələb edir. İkincisi isə Xalid
Səid "Vəli Xuluflu və Zifeldt Mahmud Kaşqarinin
pantürkist kitabını tərcümə etdiyim
üçün məni müdafiə edirdilər" - deməklə
əslində "Divani-lüğat-it türk"ün
yüksək dəyərini qabartmaqla Vəli Xuluflu və
Zifeldt kimi alimlərin cəsarətini, mərdliyini, haqsevərliyini
vurğulamış olurdu.
Xalid Səid Xocayevin istintaq prosesi 13 sentyabr 1937-ci ildə
dayandırılır. O, əksinqilabi, pantürkist təşkilatın
üzvü olmaqda, Türkiyənin xeyrinə kəşfiyyat
işi aparmaqda ittiham olunur.
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar
Sessiyasının (tərkibi: Matuleviç, Zaryanov və Jiqur)
12 oktyabr 1937-ci il tarixli qərarı ilə Xalid Səid Xocayev
antisovet, pantürkist, təxribatçı-terrorçu, casus
təşkilatın üzvü, Vahid Türk-Tatar burjua
dövlətini yaratmaqda, əksinqilabi-millətçi təbliğat
aparmaqda günahlandırılaraq ən ağır cəzaya -
güllələnməyə məhkum edilmişdir. Bir gün
sonra, 13 oktyabr 1937-ci ildə hökm icra olunmuşdur.
Xalid Səidin həyat yoldaşı Sara Xocayevanın
16 aprel 1955-ci il tarixli müraciətinə əsasən
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 16
may 1957-ci il tarixli qərarı ilə işində cinayət
tərkibi olmadığına görə X.S.Xocayevə bəraət
verilmişdir.
SSRİ EA Azərbaycan Filialının Rəyasət
Heyəti Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru
vəzifəsinə Əhməd Əhmədovun həbsindən
sonra dövrünün tanınmış dilçisi, professor
İdris Həsənovu təyin etmişdir.
İdris Zaman oğlu Həsənov (1897-1950) - 1938-ci
ildə imzaladığı tərcümeyi-halında və
"Kadro uçotu şəxsi vərəqəsi"ndə
2 sentyabr 1897-ci ildə Gəncədə papaqçı ailəsində
anadan olduğunu, Ali-ibtidai məktəbi türk və fars
dilində bitirdiyini (1908-1913), Gəncədəki Kredit Cəmiyyətində
hesabdar işlədiyini (1912-1919), Cümhuriyyət
dövründə Azərbaycan Ordusunda tərcüməçi
kimi xidmət etdiyini, 1919-cu ilin dekabr ayında Bakı
Universitetinin Şərq fakültəsinə daxil olduğunu və
buranı 1925-ci ildə bitirdiyini qeyd etmişdir. O, bir müddət
Yeni Əlifba Komitəsinin katibi və mühasibi (1922-1925),
"Kəndçi qəzetəsi"ndə Kənd təsərrüfatı
şöbəsinin müdiri (1925-1926), 1925-ci ilin yanvarından
1930-cu ilin oktyabr ayınadək Azərbaycan Dövlət
Universitetində elmi işçi vəzifəsində
çalışdığını qeyd etmişdir.
İdris Həsənov 1923-1929-cu illərdə ATTC-də
dil-lüğət komissiyasının (material toplamaq üzrə)
sədri işləmiş, Moskvada Şərq Xalqları Elmi-Tədqiqat
İnstitutunun aspiranturasını bitirərək (1926-1930)
ümumi linqvistika üzrə dosent elmi adına layiq
görülmüş, APİ-yə müəllim göndərilmişdir.
Az.DETİ-də 1 yanvar 1932-ci ildə Dil sektorunun rəhbəri
təyin edilmiş, yeni əlifba əsasında korlar
üçün əlifba layihəsini işləyib
hazırlamışdır.
İdris Həsənov 1 fevral 1933-cü ildə EA ZF Azərbaycan
Bölməsinə elmi işçi olaraq dəvət
edilmişdir. O, 12 il müddətində (1925-yanvar 1938)
dilçilik elmimizə aid 44 sanballı əsərlər
yazaraq fədakar elm xadimi olduğunu təsdiqləyən tədqiqatçılardandır.
İ.Həsənov A.R.Zifeldtin təqdimatı ilə
25 mart 1937-ci ildə Azərbaycan dili şöbəsinin rəhbəri
və böyük elmi işçisi təyin edilib. Aradan
üç ay keçməmiş o, yeni vəzifəyə təyinat
alır. Az.F Rəyasət Heyətin 19 iyul 1937-ci il tarixli qərarı
ilə İ.Həsənov birləşmiş Tarix, Dil və
Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra etməyə
irəli çəkilir. İnstitutun yeni direktoru ağır
şəraitdə fəaliyyətə başlayırdı.
Aparıcı mütəxəssislər, şöbə
müdirləri, direktor müavinləri həbs edilmiş, ilin
əvvəlindən qəbul olunmuş iş planı
üçün məsuliyyət daşıyan cavabdeh şəxs
faktiki yox idi. İşçilərin azad edilməsi limiti
tükənmizdi. Əksinə, instituta yeni əməkdaşların
qəbul olunmasına ciddi ehtiyac duyulurdu. Bu istiqamətdə
ilk addım sentyabrın 5-də Feyzulla Qasımzadənin
(1898-1976) instituta - ədəbiyyat şöbəsinə
kiçik elmi işçi vəzifəsinə gətirilməsi
oldu. Bu addımın ardınca tanınmış xanım
pedaqoq Çimnaz Aslanova (1904-1970) 19 oktyabr 1937-ci ildə
instituta kiçik elmi işçi vəzifəsinə qəbul
edildi.
Azərbaycan şərqşünaslığının
təməlini qoyanlardan biri - prof. Panteleymon Juzenin (Bəndalı
ibn Salib əl-Cəuzi) İdris Həsənovun adına
yazdığı ərizədən məlum olur ki, institut
işə yeni əməkdaşlar dəvət edir və o da
öz namizədliyini müvafiq bir vəzifəyə irəli
sürür. Və təbii ki, P.K.Juzenin TDƏİ-yə
daxil olmaq arzusu nəticə etibarilə müsbət həll
olunur.
İdris Həsənov institutun ən ağır
dövründə, elmi-təşkilati həyatında fəallıq
göstərir, xüsusilə gənc qüvvələri tədqiqat
işinə cəlb etməyi, onları səfərbərliyə
almağı bacarır. Yeni direktorun 1937-ci il üçün
hazırladığı və 11 dekabr 1937-ci ildə
imzaladığı "Qısa informasiya hesabatı"na əsasən
Tarix, Dil və Ədəbiyyat İnstitutu beş şöbədən
(Maddi mədəniyyət tarixi, Tarix, Azərbaycan dili, Azərbaycan
ədəbiyyatı və Milli azlıqlar) və iki sektordan
(Etnoqrafiya və Folklor) ibarət idi.
İdris Həsənov "ifşa edilmiş xalq
düşməni" kimi 5 aprel 1938-ci ildə TDƏİ-nin
rəhbərliyindən və EA Azərbaycan Filialı Rəyasət
Heyətinin üzvlüyündən
çıxarılmışdır. Həmin gün prof.
İdris Həsənov həbs olunmuş, onun haqqında 25440
saylı cinayət işi açılmışdır.
İlk istintaq da 5 apreldə baş tutmuş, irəli
sürülən şablon ittihamları müttəhim rədd
etmişdir.
İdris Həsənov müstəntiqlər tərəfindən
dəfələrlə işgəncə və təzyiq
altında dindirilsə də, saxta, şablon ittihamlara baş əyməmiş,
şər və böhtanları cəsarətlə dəf
etmişdir. 1938-ci il sentyabrın 30-da istintaq başa
çatdırılsa da, sonadək qürur və ləyaqətini
qorumuş, sənədlərlə tanış olmaqdan imtina
etmiş, protokol və aktları imzalamamışdır.
İstintaq sənədlərində İdris Həsənovun
"əksinqilabi təşkilatın fəal üzvü"
olduğu, "pantürkist və millətçilik
ideyalarını" təbliğ etdiyi, gənclər
arasında "burjua-millətçi ədəbiyyatı"
yaydığı vurğulanmışdır.
1939-cu ilin iyun ayında SSRİ XDİK yanında
Xüsusi Müşavirənin qərarı ilə İdris
Zaman oğlu Həsənov əksinqilabi təşkilatda
iştirakına görə 8 il müddətinə Krasnoyarsk
diyarında islah-əmək düşərgəsində cəzasını
çəkməyə məhkum edilir, Maqadanda sürgün
müddətində infakt keçirir. Sürgündən sonra
o, Azərbaycana qayıtmış, bir müddət Gəncədə
orta məktəbdə müəllim işləmiş, 1949-cu
il dekabrın 21-də təhlükəli element kimi yenidən
həbs olunmuş, 1950-ci il noyabr ayının 3-də intihar
etmişdi.
27 sentyabr 1957-ci ildə onun haqqında
çıxarılan hökmlər ləğv edilmiş,
işində cinayət tərkibi olmadığına görə
Həsənov İdris Zaman oğluna bəraət
verilmişdir.
Repressiya - insani, ədəbi-mənəvi itkilərimizi
ölçüsüz, hüdudsuz bir mərhələyə
çatdırsa da, məğlubiyyətə məhkum idi.
Ədəbiyyat - daxili-mənəvi qüdrətinə güvənərək
repressiyanın dağıntıları, xarabalıqları
üzərində zəfər sancağını
ucaltdı... Dövlət, vətən, cəmiyyət
üçün ləyaqətli, bilikli, dürüst,
demokratik düşüncəli insan tərbiyə etmək məhz
ədəbiyyatın fövqəladə səlahiyyətidir.
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
(Əvvəli 6 fevral sayımızda)
525-ci qəzet .-2025.- 11 fevral(№25).- S.14-15.