Azərbaycanlı bəstəkarların musiqiləri
Parisdə səsləndirilib
Musiqi yaradıcılığı
xalqın milli bədii özünüifadə vasitələrindən
ən güclüsüdür. İnsanları bir-birinə
yaxınlaşdıran, heç bir sərhəd tanımayan,
duyğuları sərbəst çatdırmağı bacaran
musiqi qədər insana doğma olan ikinci bir sənət təsəvvür
etmək çətindir. Bu sənətin sahibləri
dünyanın hər yerində fəaliyyət göstərən
həmkarları ilə öz dillərində
danışmağa qadirdirlər. Azərbaycan xalqı zəngin
musiqi irsinə malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın
Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət
Mərkəzində təşkil olunmuş Massi şəhərinin
Musiqi və Rəqs Konservatoriyasının müəllim və
şagirdlərinin Azərbaycan bəstəkarlarının əsərlərindən
ibarət konsertində deyib. O, Azərbaycan musiqisi və bəstəkarlarından
söz açaraq bildirib ki, belə konsertlərin
vaxtaşırı təşkili bəstəkarlar,
ifaçılar və dinləyicilər üçün
faydalıdır.
Konsert Azərbaycan xalq mahnıları, Fikrət
Əmirov, Üzeyir Hacıbəyli, Qara Qarayev, Asəf
Zeynallı, Musa Mirzəyev, Tofiq Quliyev, Əşrəf Abbasov,
İsmayıl Hacıbəyli, Rauf Hacıyev, Ağabacı
Rzayeva kimi azərbaycanlı bəstəkarların, eləcə
Klod Debussi, Frederik Şopen, Moris Ravel, Fazil Say kimi digər
xalqların bəstəkarlarının əsərləri
pianoda, fleytada, klarnetdə ifa olunub.
Konsert pianoçu Səidə Zülfüqarovanın
müşayiəti ilə İannis Ksenakis
Konservatoriyasının direktoru Qabriel Kabare Moris Ravelin
mahnısını ifa edib.
Konsert Fazil Sayın “Qara torpaq” və Tofiq Quliyevin
“Qaytağı” musiqilərinin pianoçu Səidə
Zülfüqarovanın ifası ilə başa çatıb.
525-ci qəzet .- 2025.- 11 fevral(№25).- S.12.