"Kitabi-Dədə
Qorqud" işığında: çağdaş tədris
və hərbi vətənpərvərlik tərbiyəsi
Hərbi-vətənpərvərlik tərbiyəsi
bütün ictimai formasiyalarda, hər bir cəmiyyətdə
diqqət mərkəzində olub. Bu işin səmərəsi
ölkə vətəndaşlarının, xüsusən yeni
nəslin Vətənin müdafiəsinə şəxsi
hazırlığının səviyyəsi ilə müəyyən
edilir.
Hərbi-vətənpərvərlik tərbiyəsini
şagirdlərə, sadəcə, quru sözlərlə, nəsihətlərlə
məhdudlaşdırmaq olmaz. Çünki Vətən sevgisi
gənc vətəndaşlarımızın məqsədyönlü
davranışının və fəaliyyətinin motivi və
ideyasıdır. Bu baxımdan orta məktəblərdə tədris
olunan fənlərin böyük əhəmiyyəti
vardır. Əslində məktəbdə tədris olunan elə
bir fənn yoxdur ki, onun hərb elmi ilə əlaqəsi
olmasın. Bu fənlərin içərisində isə ədəbiyyat
fənninin xüsusi yeri vardır.
Ədəbiyyatın tədrisində şagirdlər
"Kitabi-Dədə Qorqud", "Koroğlu" kimi qəhrəmanlıq
dastanlarında və digər bədii nümunələrdə
vətənimizin azadlığı uğrundakı mübarizələrin
ümumiləşmiş obrazları ilə tanış olur,
onların nümunəsində cəsurluq, qəhrəmanlıq,
əsgəri igidlik ruhunda tərbiyə olunurlar. Digər tərəfdən
bu bədii nümunələr şagirdləri vətənə
daha dərindən bağlanmağa, onun şərəf və
namusunu əziz tutmağa, vətənin keşiyində
möhkəm dayanmağa ruhlandırır.
"Kitabi-Dədə Qorqud" dastanı bu mənada
daha geniş imkanlar yaradır. Dastanda hərb tariximizin izləri
- oğuz igidlərinin zəfər tarixi bədii-obrazlı
şəkildə əbədiləşib. Dastandakı
döyüş səhnələri, oğuzların
döyüş silahlarından istifadə bacarığı,
mükəmməl döyüş hazırlığı, nəhayət
onların qələbə gətirən döyüşləri
hərb tariximizin şanlı səhifələridir.
Ümummilli liderimiz Heydər Əliyev bu mövzu ilə
bağlı deyirdi: "...Kitabi-Dədə Qorqud" qəhrəmanlıq
eposudur... Onun ən böyük ideyası baş sərkərdədən
tutmuş, böyükdən kiçiyə kimi bütün qəhrəmanların
doğma torpaqlarını qorumaq uğrunda canlarından
keçməyə daim hazır olduqlarını göstərməkdir..."
Dastanın motivləri əsasında çəkilmiş
filmdə də deyildiyi kimi, "əgər torpağı
qorumursansa, əkib becərməyə, əkib becərmirsənsə,
qorumağa dəyməz".
Ona görə də dastanın tədrisi zamanı hərbi
vətənpərvərlik tərbiyəsi istiqamətinə
xüsusi önəm verilməlidir. Şagirdlər oğuz qəhrəmanlarının
şəxsi nümunəsində vətənpərvərlik,
cəsurluq, igidlik və ölkənin ərazi
bütövlüyünün hər hansı formada
pozulması hallarına dözümsüzlük ruhunda tərbiyə
olunmalıdırlar. Çünki vətənpərvərlik
və qəhrəmanlıq əsas mənəvi-psixoloji
xüsusiyyətlərdəndir.
Oğuz yurdu alp və ərənlərin sakin
olduğu, yaşadığı və müdafiə etdiyi bir
məmləkətdir. Onun öz ərazisi, bu ərazinin öz
hüdudları və sərhədləri mövcuddur. Sərhədlər
ciddi şəkildə qorunur. Burada Vətənin və
xalqın mənafeyi hər şeydən ucadır. Vətən
təhlükədə olanda bir çağırışla hər
bir bəylik öz sərkərdəsi - başbuğu ilə
xanlar xanı Bahadur xanın buyruğuna gəlir. Eposda
ümumxalq mənafeyini hər şeydən üstün tutmaq,
Vətəni qanı və canı bahasına da olsa, qorumaq
ruhu mövcuddur. Ölkənin hər bir vətəndaşı
Vətən uğrunda ölməyi özünə şərəf
bilir. Vətən məhəbbəti bütün inciklikləri
unutdurur, oğuzları düşmənə qarşı vahid
cəbhədə birləşdirir. Bunu Qazan xandan incik
düşmüş Bəkilin hərəkətləri də
sübut edir.
Oğuz eli sülhsevərdir,
işğalçılıq siyasəti yeritmir. Ona görə
də onların başı üzərində müharibə
elanetmə simvolu olan qırmızı bayraq
görmürük. Eposda mehriban qonşuluq mühasibətləri
irəli sürülür. İki epizod müstəsna olmaqla,
qalan bütün hallarda oğuzlar ədalətli savaşlar -
müdafiə müharibələri aparırlar. Onlar ölkəyə
hücum edən erməni və gürcü feodallarına,
Bizans imperiyasına, slavyanlara və gürcü hakimləri ilə
əlbir olan qıpçaq türklərinə qarşı
vuruşurlar.
Ölkənin hər bir vətəndaşı Vətənin
gələcək əsgəridir. Onların əsl
döyüşçü kimi yetişməsi
üçün valideynlər, tərbiyəçilər və
cəmiyyət xüsusi məsuliyyət daşıyırlar.
Xüsusi fiziki tərbiyə üsulları və vasitələri
mövcuddur. El şənliklərində nişan qoyub ox atmaq,
qılınc oynatmaq, at yarışı keçirmək,
güləşmək və ov əslində gənclərin
fiziki hazırlıqlarını yüksək saxlamaq
üçündür. Sadəcə "tamaşa", "əyləncə"
deyil, əvvəlcədən düşünülüb təşkil
edilmiş bir məşğələ idi. Bu oğuz ərənlərini,
xüsusi ilə də gəncliyi güclü və qüdrətli
yetişdirən təlim-tərbiyə növlərindən
biridir. Bütün dastan boyu gənclərə
döyüşmək qaydaları və döyüş zəfəri
taktikası öyrədilirdi.
Ovçuluq hərbi-təsərrüfat mahiyyəti
daşıyır. Təsadüfi deyil ki, əski ovçuluqda
düzülüş, hərəkət eyni ilə ordunun
döyüş vaxtı düzülüşünə bənzəyir.
Ovda ata oğula döyüşün sirlərini heyvanlar
üzərində öyrədir. Onun çevikliyini və cəng
alətləri ilə davranma qabiliyyətini izləyir, bir
döyüşçü kimi necə yetişdiyini öyrənir.
Ovun uğurla başa çatması münasibəti ilə
keçirilən şənlik, eləcə də adqoyma mərasimi
gəncin döyüşçü cərgəsinə qəbul
edilməsi kimi anlaşılır.
Ümumiyyətlə, hər bir oğuzlu həyatda və
cəmiyyətdə öz igidliyi ilə mövqe qazanır.
Onların hökumət divanında oturduqları yer də
igidlik dərəcəsi ilə müəyyən olunur.
Əsl ad şəxsi hünər və qəhrəmanlıq
göstərdikdən sonra verilir.
Burada qadınlar da "cici-bacı türkmən
qızı" deyil, kişilər kimi igid və cəsurdurlar.
Onlar da at minir, qılınc çalır, sağa-sola qoşa
yay çəkir, ov ovlayır, quş quşlayır,
qurşaq tutur, düşmənlə savaşırlar. Öz vətənləri,
sevgililəri, ərləri, ailələri uğrunda
canlarından keçməyə hər an hazırdırlar. Məsələn,
Burla xatun qara qılıncını qurşayıb qırx incəbelli
qızla ərinin və oğlunun köməyinə gedir;
Selcan xatun Qanturalı ilə birlikdə düşmənin
qoşununu qırıb çatır; Banuçiçək
Beyrəklə at çapır, ox atır, güləşir,
on altı illik həsrətə qatlaşır. IV boyda
düşmənin qara tuğunu qılınclayıb yerə
salan yenə qadındır - Burla xatundur.
Yaxşı olar ki, dərslərdə
döyüş epizodlarının təsviri zamanı oğuz
qəhrəmanlarından Salur Qazan, Bamsı Beyrək, Qaraca
Çoban, Qaragünə, Şirsəmsəddin, Dəli
Dondar, Yegrək, Qantiralı, Burla xatun, Banıçiçək
və digərlərinin igidliklərindən ətraflı
söhbət açılsın.
Təcrübələrimizə istinadən bildiririk
ki, epos qəhrəmanlarının istifadə etdikləri
döyüş silahları - qılınc, ox, süngü,
sapand, göndər, gürz, cida və sair barədə məlumatlar
maraqla qarşılanır. Bu zaman qeyd olunmalıdır ki,
oğuz qəhrəmanları silahla davranmağı kamil bilir,
onu qayğı ilə qoruyur və müqəddəs hesab
edir. Dastanda silaha and içilməsi və silah altından
keçənlərin bağışlanması onun müqəddəs
tutulduğunu sübut edir. Hərbi vətənpərvərlik
tərbiyəsi ilə əlaqədar belə məlumatların
verilməsi əhəmiyyətlidir.
Dərslərdə oğuzların döyüş
taktikası barədə məlumatların verilməsi də
çox vacibdir. Oğuz igidləri də mükəmməl
döyüş üsullarına, döyüş
taktikasına malikdirlər. Daha çox "qurd oyunu"na bənzər
hərtərəfli hücum taktikasından (sağdan, soldan,
öndən intensiv hücum) istifadə etməklə
düşmənə aman verməyərək mütləq qələbəyə
nail olurlar. Onlar hücum döyüşünün tələblərinə
dövrə uyğun şəkildə ciddi əməl edirlər,
ona görə də layiqli qələbə çalırlar.
Göstərilməlidir ki, oğuz igidləri heç vaxt
düşmənə xəlvət hücum etmirlər. Onlar
açıq döyüşə, meydan döyüşünə
üstünlük verirlər. Bu, dəyişməyən
savaş taktikası olub, müəyyən rituallardan ibarətdir.
İgidlər döyüşdən əvvəl dua edirlər.
Nağaraların döyülməsi və tunc boruların
çalınması ilə döyüş başlayır.
Əvvəl sərkərdələrin təkbətək
döyüşü olur. Düşmən sərkərdəsinin
məğlub olması ilə açıq döyüş
başlayır. Sağdan, soldan və mərkəzdən
hücum başlayır. Bayraq adətən mərkəzdə
yerləşdirilir. Qoşuna başçılıq edən sərkərdə
də mərkəzdən hücum çəkir. Düşmən
bayrağının qılınclanıb ayaq altına
salınması və düşmən qərargahının
alınması qələbəni təsdiq edir. Qaçanlar təqib
olunmur, aman diləyənlər öldürülmür.
"Oğuzlar düşməni qırmaqla, məhv etməklə
yox, hərb mədəniyyəti ilə ram edirlər".
Döyüşdə şəhid olanların
ölümü xalq matəminə çevrilir. Qız-gəlinlər
"ağ çıxarıb, qara geyinir", igidlər
"qara geyinib, göy sarınırlar", papaqlarını
çıxarıb yerə çırpmaqla qisas andı
içir, şəhidin atının quyruğunu kəsirlər.
Şəhid ailəsi el qayğısı ilə əhatə
olunur.
Tədris prosesində oğuz ordusundakı ciddi intizam
barədə məlumatların verilməsi çox önəmlidir.
Bu, şagirdlərin hərbi intizam barədə təsəvvürlərinin
formalaşması üçün zəruridir. Qeyd edilməlidir
ki, ölkədə yurdun müdafiəsi ilə bağlı
bütün məsələlərdə Bayandır xanın
çağırdığı hərbi məclisdə
baxılır. Səfərbərlik elan olunduqda bütün
böyüklərin silahlı dəstələri onun sərəncamında
olur. Savaşın başlanması şəxsi iş deyil,
bunun üçün xanlar xanı icazə və ya əmr
verməlidir. Döyüşdə savaş taktikası
özbaşına dəyişdirilə bilməz. Ordunu təşkil
edən alaylar müəyyən olunmuş qaydada hərəkət
etməlidirlər. Sıravi döyüşçüdən
tutmuş çəribaşı, minbaşına kimi hər kəs
öz üzərinə düşən işi müzakirəsiz
yerinə yetirməlidir. Çünki intizam qələbənin
əsasıdır.
Düşmən qabağından qaçmaq - fərarilik
çox ağır cəzalandırılır. Qorxağa cəmiyyətdə
yer yoxdur. Ölkədə belələrinə münasibətdə
vahid tələbkarlıq və münasibət var. Belələrinin
keçmiş xidmətləri, valideynlərinin mənsəb
və mövqeyi qətiyyən nəzərə
alınmır. Məsələn, "Qazan bəy oğlu
Uruzun tutsaq olduğu boy"da Qazan bəy oğlunun
düşmən qabağından qaçdığını
güman edərək deyir: "Bəglər, Tanrı bizə
bir kür oğul vermiş. Varayın, anı anası
yanından alayın, qılıcla paralayayın, altı
bölük edəyin, altı yolun ayırdında
burağayın. Bir dəxi kimsə yazı yerdə yoldaş
qoyub qaçmaya". Nümunənin bu gün
üçün nə qədər aktual olduğu göz
qabağındadır. Bəli, Vətən
hamınındır. Onun uğrunda hamı vuruşmalı,
lazım gələrsə, şəhid olmalıdır.
"Torpaq uğrunda ölən varsa, Vətəndir".
Ümumiyyətlə, "Kitabi-Dədə Qorqud"
eposu ata öyüdü olub, Vətəni sevməyin və onu
qorumağın ən yaxşı nümunələrini verir.
Dastan gənclərin Vətən, yurd, torpaq və xalq barədə
təsəvvür və qənaətlərini genişləndirmək,
onlarda vətənpərvərlik duyğusunu gücləndirmək
üçün əvəzedilməzdir. Ona görə də
əsərin tədrisi zamanı hərbi vətənpərvərlik
ruhunu coşduran məqamlara üstünlük verilməli, Vətəni
qorumağa hər an hazır olmaq, əsgəri xidmət
borcunun vacibliyi əsas leytmotivə çevrilməlidir.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 11 fevral(№25).- S.11.