Həmişə
ön sıralarda
"MİR ŞAHİNİN VAXTI"
VERİLİŞİ ƏTRAFINDA DÜŞÜNCƏLƏR
Mirşahinin uzun illər Azərbaycan televiziya məkanında
apardığı, əsasən siyasi təhlil xarakterli
verilişlər daim diqqət mərkəzində olub.
Hələ tələbəlik illərindən onun
peşəkar jurnalist kimi yetişəcəyinə
şübhəm yox idi. Gənc və fəal tələbənin
istedadı elə universitet auditoriyalarında özünü
büruzə verirdi. Digər tələbə dostum - həmkarım,
həmyerlim Etibar İbrahimovla bir qrupda oxuyurdular və
Mirşahinlə tanışlığımız da onun vasitəsilə
baş tutmuşdu.
Bizim tələbəliyimiz 80-ci illərin sonuna təsadüf
edirdi - milli-azadlıq hərəkatının vüsət
aldığı o ağır dövrə. Fakültədə
təhsil alan əyalətdən
gəlmiş gənclər çox idi. Geyimləri olduqca sadə,
bir qədər də kasıbyana olduğundan biz - şəhər
uşaqları onlara az diqqət ayırırdıq.
Mirşahin də həmin gənclərin sırasındaydı.
Tələbəlik illəri və sonrakı proseslər kimin
nəyə qadir olduğunu açıq-aşkar göstərdi.
Mirşahin hətta müəllimləri özünəməxsus
mürəkkəb, bir qədər də qəliz,
düşündürücü söz və fikirləri ilə
mat-məəttəl qoymuşdu. Sanki ağzından od-alov
püskürən bir tələbə-gəncin
çıxışları qarşısında acizlik
hökm sürürdu. Vaxt-zaman torpaq, millət, azadlıq
şüarlarının fonunda istedadlar yetişirdi.
Mirşahinin taleyinə ön sıralar düşdü, daha dəqiq
desək, o özü qeyri-adi istedadı ilə bunu qazandı.
Bu kimi keyfiyyətləri Mirşahini
daha gərgin mübarizələrə atdı - ANS
telekanalının yaradıcılarından birinə
çevrildi. Etibar İbrahimov Bakıda qaldı, ANS-də
çalışdı. Mən isə, qatı millətçi
Ömər Faiq Nemənzadə demiş, rus-erməni
yuvasına çevrilmiş Bakını heç sevmədiyimdən
Cümhuriyyət paytaxtına - doğma Gəncəyə
qayıtdım. Bax burada Mirşahinə məxsus bir
böyük keyfiyyəti də xüsusi qeyd etməliyəm -
mübarizlik və işgüzarlıq!
Sonrakı dövrlərdə keçmiş ANS
telekanalındakı məhsuldar fəaliyyəti, ictimai-siyasi və
analitik təhlilləri, ağır müharibə
dövrünün çağırışları və bu
reallıqların fonunda gənc telejurnalistlərin, o cümlədən
Mirşahin bəyin üzərinə düşən
böyük məsuliyyət, ən təhlükəli
döyüş bölgələrində aparılan çəkilişlər,
çoxsaylı müsahibələr və ondan da ağır
şəraitdə intizarda olan xəbər izləyiciləri
üçün hazırlanan sanballı materiallar müasir Azərbaycan
telejurnalistikasının qızıl fondu
sayılmalıdır.
Məlumdur ki, tələbkar Azərbaycan
auditoriyasına düzgün və qərəzsiz süjetlər
hazırlayıb onun maraqlarını lazımınca təmin
etmək xüsusi ustalıq tələb
edir. Yeri gəlmişkən, əvvəllər Azərbaycanda informasiya təminatının faiz
göstəricisi kifayət qədər az olsa da, indi bu nicbət
bəlkə də birə-beş artıb. Əslində
telekanallar arasında rəqabət də artmaqdadır. Deməli,
daha yüksək səriştə və peşəkarlıq
telejurnalistikanın əsas göstəricisidir.
Qeyd edək ki, yaşadığımız dövrdə
və mövcud coğrafi məkanda informasiya bazarına
doğru-dürüst məlumatlar təqdim etmək və
operativ olaraq teleistehlakçıya - izləyiciyə və ya
dinləyiciyə çatdırmaq hər jurnalistin imkanları
daxilində deyil. Müasir baxışları və onlardan
doğan istəkləri razı salmaq, yeri gələndə,
üstələmək qan-tər işidir. Bu mənada, vəzifəsinin
öhdəsindən peşəkarlıqla gələ biləcək jurnalist və
yazarlarımız, həmçinin müəllif verilişləri, təəssüf
ki, azdır. Təbii ki, onların sırasında xüsusi dəyərləndirdiyimiz
və seçdiyimiz, ürəyimizcə olan "Mir
Şahinin vaxtı"dır. Hazırda bu verilişin
baxış reytinqinə nəzər salsaq, izləyici
sayının nə qədər yüksək olduğunu
görərik. Bəs bu qədər auditoriya sevgisini qazanmaq nədən
qaynaqlanır?
İlk növbədə, etiraf edilməlidir ki,
veriliş müəllifinin nəzəri fikir və təcrübə
zənginliyi bütün hallarda ona uğur gətirən əsas
meyardır. Sözün çəkisini yaxşı bilən
Mirşahin hər bir çıxışında onun nə
vaxt və hansı məqamda işlədiləcəyinə
ciddi diqqət yetirir. "Faktdan başqa fakt yoxdur, müxbir
onun rəsuludur" - deyən Mirşahin jurnalistikada hər
bir şeyin fakta söykəndiyini xüsusi vurğulayır.
"Mir Şahinin vaxtı"nın növbəti
buraxışlarını izləyirik. Verilişə
müasir tipli qatarda başlayan Mirşahin: "Bu saat təkcə
qatarda deyilik, zamanın içindəyik, qatar isə rəmzdir"
- deyərək Bakının 30 il əvvəlki
yollarını, acınacaqlı infrastrukturtunu arxiv süjetləri
ilə indiki gözəl yollarımızı və tıxaclarımızı bəzən
bəyənməyən tamaşaçıya müqayisəli
təqdimat verir. Ölkə başçısı cənab
İlham Əliyevin son müşavirələrdəki
çıxışlarından iqtibaslar, süjetlə
mövsunu daha canlı edir. "O zaman oralardaydıq - bərbad
şəhərdə, bəs bu gün haradayıq... Gəlin
özümüzə kənardan kənara baxaq". Olduqca məntiqi və
düşündürücüdür... Nə yaxşı
ki, arxivlər qorunur, köhnə süjetlər mühafizə
olunur. Bəli, o zaman hardaydıq, indi Azərbaycan
haradadır...
Tarixə qovuşmuş "Əsrin müqaviləsi"
və bu müqavilənin əhəmiyyəti, onun Azərbaycana
gətirdiyi əsl müstəqillik... Və əlçatmaz
zirvələr fəth etmiş Azərbaycanın bu
günü! "Mir Şahinin vaxtı" bu müqayisəli
çıxışları ilə unutduğumuz və
unutmadıqlarımızı bütün məqamları bizə xatırladır.
Mirşahin müəllifi olduğu verilişə mövzu seçimini və hədəfləri öncədən, bütün
kriteriyalara uyğun ustalıqla hazırlayır, süzgəcdən
keçirir, güclü performans şəklində izləyicinin
ixtiyarına təqdim edir.
"Real" Təhlil və İnformasiya Mərkəzinin
fəaliyyətində dövlətçilik məsələləri
xüsusi yer tutur. Ölkə başçısının fərman
və sərəncamları, qəbul edilən dövlət əhəmiyyətli
sənədlər, prezidentin jurnalistlərə verdiyi
müsahibələr, müxtəlif xarici ölkə jurnalistlərinin
suallarına cavablar və s. REAL TV və Mirşahinlə daha maraqlı,
daha geniş analitik təhlilə məruz qalır.
Bütün siyasi, iqtisadi və sosial xarakterli təhlillərdə
jurnalistikanın yazılan və yazılmayan qanunlarına
ciddi riayət edilir. "Mir Şahinin vaxtı" zamanın
nəbzini tuta bilir. Bütün qısa informasiyalar
yığcam olduğu qədər də genişdir, kifayət
qədər əlçatandır. Verilən icmallar, şərhlər,
təfərrüatlar televiziya
tamaşaçılarını düşünməyə və
aparılan müqayisə-analizlərə münasibətdə
fəal olmağa, hadisələrə fərdi maraq göstərməyə
vadar edir.
Daha son efirlərdən birini Şuşadan seyr edirik.
2025-ci ilin ölkə başçısı tərəfindən
"Suverenlik və Konstitusiya ili" elan etməsi ilə
bağlı buradan ötürülən mesajlar
qürurvericidir. Şuşanın dağlarından Davosa, Alp dağlararına
qayıdan aparıcı Davos iqtisadi forumunda müzakirə edilən
məsələlərə baş vurur, cənab Prezidentin beynəlxalq
forumdakı məhsuldar və işgüzar fəaliyyətinə
toxunur. Müqayisələr davamlı aparılır və
COP29-un Bakıda keçirilməsinin də böyük əhəmiyyəti
yenidən gündəmə gətirilir. "Mirşahinin
vaxtı" sərhəd bilmir - istər mövzu
baxımından, istərsə də coğrafi baxımdan.
Düşünürəm ki, müasir Azərbaycan
telejurnalistikası Mirşahinlə yeni tarixə çevriləcək və
ya artıq çevrilib. Bir sıra yeni, daha maraqlı mövzu
və layihələrə davamlı imza atlılır. Vaxt gələcək
bu tarixin səhifələri nəzəriyyə
kimi öyrəniləcək və
telejurnalistikanın əsasları
kimi araşdırılacaq.
Budur, yeni nəsil jurnalistlərimiz artıq yetişməkdədir.
Gənc, müstəqil dövlətimizin dayaqları təzə-təzə
qurularkən, respublikamızın peşəkar jurnalist
kadrlarına böyük ehtiyacı vardı. Açıq deyək
ki, profesionallar az idi. O zaman Jurnalistika fakültəsinə qəbul
da məhdud, üstəlik, bu fakültəyə qəbul
qaydaları da fərqli idi.
Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi
sayəsində Müstəqil Azərbaycanın güclü
inkişafı bütün sahələrin, o cümlədən
peşəyönümlü ixtisasların artmasına və
genişlənməsinə, əlçatanlığına
şərait yaratdi. Az bir vaxt ərzində yetişən
istedadlı jurnalistlərimiz milli mətbuatımıza yeni nəfəs
gətirdi. Məhz həmin, bildiyimiz keçid dövrü
olduqca çətin və keşməkeşli oldu. Bu dövrdə
yetişən Mirşahinin taleyinə düşən çətin
telekanal fəaliyyəti, ağır senzura və qadağalar
şəraitində böyük jurnalistikaya baş vurmaq
missiyası yeni tarixin - müasir telejurnalistikamızın
başlanğıcını qoydu. O dövrdə qədim Gəncədə,
region qəzetində çalışsam da, həmin tarixi məqamlar
jurnalist dəftərçəmdə əbədi yer
qazandı.
Bax, beləcə, jurnalist məsuliyyəti, mobillik,
yüksək erudisiya, operativlik və qorxmazlıq, əlavə
olaraq, jurnalist sözünün
kəsəri bu sənətə aparan yola gur işıq
saçdı və istedadlı həmkarımız
Mirşahinin
yaradıcılığı yeni tarix yazdı - sabaha
aparan yolun bünövrəsinə öz sanballı töhfələrini
vermiş ən yeni tarix.
Yolunuz açıq olsun, Mirşahin bəy,
vaxtınız daim zamanla ayaqlaşsın!..
Maarif RZAYEV
Azərbaycan Dövlət Aqrar Universiteti "Aqrar
mütəxəssis" qəzetinin baş redaktoru, Bakı
Dövlət Universiteti Jurnalistika fakültəsinin məzunu
525-ci qəzet .- 2025.- 11 fevral(¹25).- S.10.