Azərbaycan
Türk Mədəniyyəti və İrsi Fondunun toplantısnda təmsil olunub
Qazaxıstanın
paytaxtı Astanada Türk Mədəniyyəti və İrsi
Fondunun II Şura toplantısı keçirilib.
Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli, Fonda üzv və müşahidəçi
ölkələrin müvafiq qurumlarının rəhbər və
nümayəndələri toplantıda ştirak ediblər.
Toplantıdan əvvəl Qazaxıstan Milli Muzeyində
Türk dünyasının görkəmli alim və mütəfəkkiri
Mahmud Kaşğarlının “Divani-lüğət
it-türk” əsərinin 950 illik yubileyinə həsr
edilmiş sərginin açılış mərasimi olub. Məlumat
verilib ki, UNESCO Baş Konfransının 2024-cü il
noyabrın 7-22-də keçirilmiş 42-ci sessiyasında
“Divani-lüğəti-türk” əsərinin 950 illiyi təşkilatın
2024–2025-ci illər üzrə yubileylər siyahısına
daxil edilib. Bu münasibətlə ötən ilin dekabrında
UNESCO-nun baş qərargahında beynəlxalq konfrans
keçirilib.
Sonra Qazaxıstanın mədəniyyət və
informasiya naziri Aida Balayevanın moderatorluğu ilə Türk
Mədəniyyəti və İrsi Fondunun Şura iclası
başlayıb.
Fondun prezidenti Aktotı Raimkulova təşkilatın
ötənilki fəaliyyətindən danışıb, 70-dən
çox layihə və tədbirin
reallaşdırıldığını vurğulayıb.
Fondun rəhbəri qarşıda duran strateji hədəfləri
də diqqətə çatdırıb.
Türk Dövlətləri Təşkilatının
baş katibi Kubanıçbek Ömüralıyev
çıxışında Fondun fəaliyyətinin türk
xalqlarının mədəni inteqrasiyasına töhfə
verdiyini bildirib.
İclasda çıxış edən Adil Kərimli
Azərbaycan Mədəniyyət Nazirliyinin Türk
dünyasının zəngin mədəni irsini qorumaq və gələcək
nəsillərə ötürmək üçün türk
təşkilatları ilə sıx əlaqələr
qurduğunu deyib. Bildirib ki, strateji tərəfdaşlıqlar,
innovativ təşəbbüslər, birgə tədqiqat layihələri
və rəqəmsal arxivlərin yaradılması kimi
addımlar mədəni irsimizi gələcək nəsillərə
ötürmək üçün vacib vasitələrdir.
Qeyd olunub ki, 2024-cü ildə Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət
Xidməti ilə Türk Mədəniyyəti və İrsi
Fondu arasında "Azərbaycan Respublikasının ərazisində
yerləşən tarixi və mədəniyyət abidələrinin
qorunması və bərpası sahəsində əməkdaşlığa
dair” anlaşma memorandumu imzalanıb: “Bu sənəd türk mədəni
irsinin qorunması istiqamətində mühüm addım
olmaqla yanaşı, əməkdaşlığımızı
daha da möhkəmləndirəcək və konkret layihələrin
icrasına imkan yaradacaq. Eyni zamanda, əməkdaşlığımızın
bariz nümunəsi kimi, Azərbaycanın işğaldan azad
edilmiş Füzuli rayonunun Qoçəhmədli kəndində
yerləşən XVIII əsrə aid məscidin bərpası
layihəsini göstərmək olar. Fond bərpa işlərini
maliyyələşdirəcək. Bu, Azərbaycanın mədəni
irsinin qorunması istiqamətində türk dövlətlərinin
həmrəyliyinin təzahürü olmaqla yanaşı,
tarixi abidələrimizin bərpasında yeni mərhələnin
başlanğıcıdır. Fondun 2025-ci il üçün
tədbirlər planına “Türk dünyasında ozan-aşıq
sənəti: Aşıq Ələsgər irsi” adlı beynəlxalq
elmi konfransın keçirilməsi də daxil edilib”.
Bildirilib ki, türk xalqlarının mədəniyyətinin
və zəngin irsinin qlobal arenada tanıdılması və təbliğ
edilməsi üçün yeni imkanların yaradılması
zəruridir. Bu baxımdan, Fondun 2025-ci il üçün tədbirlər
planında nəzərdə tutulan mədəni irs üzrə
rəqəmsal platforma – "Türk ensiklopediyası" əhəmiyyətli
layihədir. Bu layihənin həyata keçirilməsi ilə
türk xalqlarının mədəni irsinə (memarlıq
abidələri, heykəltaraşlıq, rəssamlıq, tarix,
adət-ənənələr və s.) aid zəngin məlumat
bazası türk dillərində vahid bir platformada toplanaraq
istifadəçilərə təqdim ediləcək.
Nazir çıxışının sonunda ötən
ilin dekabrında Aktau şəhərində Azərbaycana məxsus
təyyarənin qəzaya uğraması zamanı göstərdiyi
yardım və dəstəyə görə Qazaxıstan
hökumətinə, qardaş türk respublikalarına təşəkkür
edib, toplantının işinə uğurlar arzulayıb.
525-ci qəzet .- 2025.- 11 fevral(№25).- S.9.