Qəbələdə “Qış
nağılı” festivalı
başlanıb
Azərbaycanın dilbər guşələrindən
olan Qəbələ şəhəri yenidən öz
qapılarını sənətsevərlərin, Beynəlxalq
Musiqi Festivalı iştirakçılarının üzünə
açıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı,
Mədəniyyət Nazirliyinin, Bakı Musiqi
Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə
ilk dəfə keçirilən “Qış nağılı”
Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən bu şəhərdə
ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq
Musiqi Festivalının davamı olaraq sənətsevərləri
yenidən bir araya gətirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər
verir ki, fevralın 7-də axşam saatlarında “Qış
nağılı” Beynəlxalq Musiqi Festivalının təntənəli
açılış mərasimi olub.
Qəbələ Mədəniyyət Mərkəzində
keçirilən mərasimdə festivalın təşkilatçı
qurumlarının təmsilçiləri, yerli musiqisevərlər,
şəhərin qonaqları iştirak ediblər.
Açılış mərasimində Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad
Bədəlbəyli çıxış edərək, ilk dəfə
təşkil edilən Qəbələ “Qış
nağılı” Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz
üçün əlamətdar hadisə olduğunu qeyd edib,
festivala uğurlar arzulayıb.
Fərhad Bədəlbəyli deyib: “Bu kimi
festivalların keçirilməsi ölkəmiz üçün
böyük əhəmiyyət kəsb edir. Xarici dövlətlərdən
təşrif buyuran qonaqlar, festival iştirakçıları
ölkəmizin mədəniyyəti, incəsənəti ilə
birbaşa tanış olurlar. Musiqinin gücü o qədər
qüdrətli və sərhədsizdir ki, bu festivalda
dünyanın müxtəlif ölkələrindən gələn
məşhur solistlər və ansamblların ifası ilə
biz mənəvi yaxınlığımızı hiss edirik.
Festivalın əsas məqsədi də bundan ibarətdir.
Ölkəmizdə keçirilən möhtəşəm mədəniyyət
layihələrinə xüsusi diqqət yetirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü
bildiririk”.
Mədəniyyət nazirinin müavini Səadət
Yusifova isə çıxışında musiqisevərləri
əlamətdar gün münasibətilə təbrik edərək
deyib: “Hər zaman Qəbələ şəhərinə
dünyanın bir çox ölkələrindən səyyahlar,
tarixçilər, alimlər, mədəniyyət xadimləri
səyahət edir, buranın füsunkar təbiətinə
valeh olurlar. 2009-cu ildən ənənəvi olaraq keçirilən
Qəbələ Beynəlxalq Musiqi Festivalı hər il
dünyanın müxtəlif yerlərindən istedadlı
musiqiçiləri bir məkanda birləşdirir və
tamaşaçılara yüksək zövqlü və
peşəkar ifalar bəxş edir. Festival bu il
mövsümü dəyişərək
tamaşaçılara “Qış nağılı” əhvali-ruhiyyəsi
yaşadacaq. 2025-ci ildə mədəniyyət gündəliyinə
bu festivalla start vermək rəmzi məna daşıyır.
Çünki 2025-ci il Azərbaycan musiqi tarixi
üçün çox əlamətdar bir ildir. Bu il Azərbaycan
professional musiqisinin banisi, milli peşəkar bəstəkarlıq
məktəbinin yaradıcısı, Şərqdə ilk
operanın müəllifi, dahi bəstəkar Üzeyir
Hacıbəylinin 140 illiyidir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev bir neçə gün öncə
artıq bununla bağlı Sərəncam imzalayıb. Ölkəmizdə
il ərzində həyata keçiriləcək musiqi layihələri
Üzeyir bəyin yaratdığı irsə olan
ehtiramımızı ifadə edəcək”.
Rəsmi hissədən sonra musiqisevərlərə Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının Simfonik
Orkestrinin iştirakı ilə “Viva Opera” adlı konsert
proqramı təqdim olunub. Əməkdar artist Fuad
İbrahimovun dirijorluğu ilə keçən konsertin əvvəlində
Üzeyir Hacıbəylinin “Koroğlu” operasından
“Uvertüra” səsləndirilib. Konsertdə P.Maskanyi, C.Verdi,
C.Puççini, U.Cordano, R.Leonkavallo, A.Ponkyelli, A.Katalaninin
operalarından ariyalar ifa olunub. Solistlər Vanessa Qoykoeçea
Aqorriya (soprano, İspaniya), Sercio Vitale (bariton, İtaliya) və
Yusif Eyvazovun (tenor, Azərbaycan) ifaları musiqisevərlər
tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Qəbələ “Qış
nağılı” Beynəlxalq Musiqi Festivalının
proqramı çox zəngindir. Musiqisevərlər festival
günlərində Bakı Kamera Orkestrinin, Bakı Xoreoqrafiya
Akademiyasının şagird və tələbələrinin,
“Qaytağı” instrumental ansamblının, Almaniya və Rusiyanı
təmsil edən Aydar Qaynullinin “Eyforiya”, Polşanın
“Glassduo” ansambllarının maraqlı konsert proqramlarından
zövq alacaq, Azərbaycanın və xarici ölkələrdən
gələn tanınmış ifaçıların
çıxışlarını izləmək imkanı əldə
edəcəklər. Festivalda klassik musiqi ilə yanaşı,
vokal və kamera musiqisi axşamları da təşkil olunacaq.
525-ci qəzet .- 2025.- 11 fevral(№25).- S.9.