"Azərbaycanda
“Rus Evi”nə nə ehtiyac var?"
POLİTOLOQUN
SÖZLƏRİNƏ GÖRƏ, KREML AZAL
TƏYYARƏSİNİN RAKETLƏ VURULMASINA VƏ
ÖLDÜRÜLƏN İNSANLARA GÖRƏ
MƏSULİYYƏT DAŞIMAQ İSTƏMİR
Son
günlər Rusiyada Azərbaycana qarşı kampaniyaya start
verilib, ölkəmiz əleyhinə müxtəlif
çağırışlar edilir. Şovinist xarakter
daşıyan bu kampaniyada bəzi deputatlar, ekspertlər, o
cümlədən media vasitələri öndə gedir.
Görünən odur ki, həmişəki kimi suçlu olan
Rusiya həm də güclü olmaq istəyir. Bakının qətiyyətli
və prinsipal mövqeyi isə başqa şeyi diktə edir.
Məlum
olduğu kimi, ötən il dekabrın 25-də AZAL-ın sərnişin
təyyarəsi Rusiya səmasında vurulduqdan sonra qəzaya
uğradı. Bununla bağlı aparılan araşdırmalar
Azərbaycanın ilkin versiyasının doğruluğunu
sübut etdi. Qarşı tərəf təyyarənin guya
quş dəstəsi ilə toqquşması, oksigen balonunun
partlaması ilə bağlı əsassız iddiaları
tirajlayaraq məsuliyyətdən yayınmağa
çalışsa da, tutarlı faktlar, açıqlanan ilkin
hesabat təbii ki, bütün bu iddiaları alt-üst etdi.
Rusiya öz məsuliyyətini dərk etmək və üzərinə
düşən öhdəlikləri yerinə yeirmək istəmir.
Rəsmi Moskva təyyarə qəzasına görə üzr
istəməli, kompensasiya ödəməli, eyni zamanda
günahkarları cəzalandırmalıdır.
Amma
bir neçə gün əvvəl Rusiya prezidentinin mətbuat
katibi Dmitri Peskovun “Vladimir Putin Azərbaycanın AZAL
aviaşirkətinin təyyarəsinin qəzaya uğraması
ilə bağlı açıqlama verməyi
planlaşdırmır”, deməsi bir daha onu göstərir ki,
Moskva günahını etiraf etmək istəmir. Əvəzində
isə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan əleyhinə
şər-böhtan, həmçinin şovinst bir kampaniya
başladıb. Üstəgəl, illərdir Bakıda
qeydiyyatsız, qanundankənar fəaliyyət göstərən
“Rus Evi” ilə bağlı Bakının qəbul etdiyi qərarı
da başqa cür yozmağa çalışırlar.
Qeyd
edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin
Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan ərazisində
fəaliyyətinə xitam verilməsi ilə bağlı
açıqlamasında deyilir ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı
nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzi - “Rus Evi”nin hüquqi şəxs qismində
qeydiyyatının mövcud olmadığı və təşkilatın
Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə
Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-ci il
fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi
barədə Rusiya tərəfinə nota göndərilib. Azərbaycan
ərazisində bu kimi təşkilatların fəaliyyəti
milli qanunvericiliyə, ölkələr arasında
qarşılıqlılıq prinsipinə və ikitərəfli
əsasda əldə olunmuş razılıqların tələblərinə
uyğun olaraq tənzimlənir.
"Azərbaycan
tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə
xitam verilməsi barədə qərarından irəli gələrək
Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər
həyata keçirilməsi gözlənilir", -
açıqlamada vurğulanıb.
Rusiyada
isə qanuni addımlar atmaq əvəzinə bir mərkəzdən
koordinasya olunan antiazərbaycan kampaniyası aparılır. Təəssüf
ki, qarşı tərəf öz əməllərini görmək,
səhvlərini etiraf etmək istəmir, bu da münasibətlərdə
soyuğluğa gətirib çıxarır. Rusiya ilə Azərbaycan
müttəfiq dövlətlərdir. 2022-ci il fevralın 22-də
iki ölkə arasında müttəfiqlik
qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin
imzalanması münasibətlərin ən yüksək mərhələyə
çatdığını deməyə əsas verir. Rəsmi
Moskvanın bu cür davranışı isə ilk növbədə
müttəfiqliyə ziddir. Rusiyanın inkarçı
mövqeyi, onun “Rus Evi” ilə bağlı yaratdığı
isterika bir sıra faktların qarşı tərəfə
xatırladılmasını zəruri edir.
Məlumdur
ki, səkkiz il bundan əvvəl Rusiyadakı azərbaycanlıların
ən böyük diaspor təşkilatı olan - Ümumrusiya Azərbaycanlıları
Konqresinin (ÜAK) fəaliyyəti qadağan olundu. Belə ki,
2017-ci ilin mayında Rusiya Ali Məhkəməsində
Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi
barədə Rusiya Ədliyyə Nazirliyinin iddiası üzrə
proses keçirildi. Ali Məhkəmə Ədliyyə Nazirliyinin
iddiasını təmin edərək, ÜAK-ın
qeydiyyatının ləğv olunması barədə qərar
verdi. O zaman dəfələrlə Bakıdan müxtəlif səviyyələrdə
müraciətlər edilsə də, ÜAK-ın fəaliyyəti
bərpa olunmadı. Amma indi “Rus Evi”nə görə Azərbaycanı
top-tüfəngə tutublar.
Məsələn,
keçmiş boksçu, Rusiya Dövlət Dumasının
hazırkı deputatı Nikolay Valuyev Azərbaycanın bu
ölkədəki diaspor təşkilatlarının fəaliyyətinə
xitam verilməsi, soydaşlarımızın bizneslərinin məhdudlaşdırılması,
Rusiyada qeyri-qanuni yaşayan azərbaycanlıların deportasiya
edilməsi, qanuni yaşayanların isə hərbi uçota
götürülərək, cəbhəyə göndərilməsi
kimi iddialar səsləndirib. Həddini daha da aşaraq azərbaycanlılar
da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan gəlmələri
küçə jarqonu ilə “şobla-vobla” adlandırıb.
Azərbaycanda
çox sayda millətlərin, xalqların nümayəndələri
yaşayır, amma heç vaxt onlara qarşı nəinki
parlament üzvü, adi vətəndaş səviyyəsində
belə şovinst, ksenofobiyanı əks etdirən
çağırışlar olmayıb. Dövlət
Dumasının bir çox digər deputatı - Yevgeni Popov,
Andrey Pinçuk və Sergey Mantsayev də onu dəstəkləyib.
Ukraynanın Donetsk vilayətində separatçılıq fəaliyyətinə
görə deputat mandatına sahiblənən Andrey Pinçuk
azərbaycanlı iş adamlarına məxsus “Crocus” şirkətinin
və “Sadovod” ticarət kompleksinin az qala müsadirə edilməsi
təklifini irəli sürüb.
Qeyd
edək ki, “Rus Evi” şəbəkəsi dünyanın bir
sıra ölkələrində fəaliyyət göstərir.
Bu şəbəkənin bəzi Avropa ölkələrində
fəaliyyəti dayandırılıb. Səbəb isə
casusluq əməliyyatlarında iştirakı ilə
bağlı ifşa olunmalarıdır. Son 10 ildə
Avropanın 6 ölkəsində – Rumıniya, Sloveniya,
Slovakiya, Xorvatiya, Makedoniya və Monteneqroda “Rus ev”lərinin fəaliyyətinə
qadağa qoyulub.
Rusiya
isə ənənəsinə sadiq qalaraq bunu özünə
qarşı addım kimi qiymətləndirib. Azərbaycanın
dost addımlarına baxmayaraq, Rusiya ölkəmizə
qarşı hər zaman qeyri-adekvat mövqe sərgiləyib.
Keçmiş Qarabağ
münaqişəsində hər zaman Ermənistanı dəstəkləyən
Moskva bununla da kifayətlənməyib ona ardıcıl hərbi
yardım göstərib. Silahların tədarükü, rus qoşunlarının
1992-ci il Xocalı soyqırımında iştirakı, Ermənistan
hakimiyyətinə siyasi dəstək, İkinci Qarabağ
müharibəsindəki mövqeyi və s. Rusiyanın mahiyyətinin
göstəricisidir.
Milli
Məclisinin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, Azərbaycanda
“Rus Evi”nə heç bir ehtiyac yoxdur. Çünki ölkəmizdə
Rusiya mədəniyyətinin təbliği üçün
kifayət qədər digər imkanlar var.
Onun
sözlərinə görə, Azərbaycanda Rus Dram
Teatrı, Rusiyanın bir çox universitetlərinin
filialları, Bakı Slavyan Universiteti, çox sayda rusdilli
media, 300-dən çox rus dilində məktəb fəaliyyət
göstərir: "Bütün universitetlərdə rus dili
bölməsi var. Belə olan halda, “Rus Evi”nə nə ehtiyac?
Rus mədəniyyəti üçün geniş infrastruktur
mövcuddur. Moskvada bəhanələrlə Ümumrusiya Azərbaycanlıları
Konqresini bağladılar. Halbuki vaxtilə Azərbaycanın mərhum
Prezidenti Heydər Əliyev Putinlə birgə bu qurumun
yaradılmasında iştirak etmişdi. İndi Rusiyada bəzi
deputatlar Azərbaycan əsilli iş adamlarına maneələrin
yaradılmasını irəli sürürlər. Onlar Rusiya vətəndaşlarıdır,
illərdir orada çalışıb, biznes qurublar. Bu cür
irqi, etnik ayrı-seçkiliyə, qarşıdurmaya
çağırışa görə Rusiya qanunvericiliyində
maddələr var. Bu cür davranışla özlərini,
Rusiya parlamentini, dövlətini biabır edirlər”.
Politoloq
Elxan Şahinoğlu hesab edir ki, rusiyalı depuatlar “azərbaycanlıları
Rusiyadan qovmaq lazımdır” cümləsindən tutmuş “azərbaycanlıların
diaspora təşkilatlarını dağıtmaq
lazımdır” sözlərinə qədər
ağızlarına gələni danışırlar: “Bu
arada, Rusiyadakı azərbaycanlı bizmesmenləri də hədəf
göstərir, Araz Ağalarov və Qod Nisanov kimi
tanınmış iş adamlarına problem yaratmağı
Kremlə “məsləhət” görürlər. Halbuki
Rusiyadakı azərbaycanlı iş adamlarının mütləq
əksəriyyəti yaşadıqları ölkənin vətəndaşlarıdır,
Rusiya pasportunun daşıyıcılarıdır. Azərbaycan
əleyhinə danışan Rusiya Dövlət
Dumasındakı deputatların əksəriyyəti bu ölkənin
hakim partiyasının üzvləridir. Deməli, elə Kremldəkilər
də bunlar kimi düşünürlər. Bu kimi
açıqlamaların ardınca, azərbaycanlı miqrantlara
qarşı zorakılıq hallarının
artacağını proqnozlaşdırmaq olar, hətta
Rusiyadakı şovinist qüvvələrin yatmış
hücrələrdən çıxaraq təxribatlara əl
atacaqları da istisna deyil. Bütün bunlar ona görə
baş verir ki, Kreml təyyarənin raketlə vurulmasına və
öldürülən insanlara görə məsuliyyət
daşımaq istəmir”.
Göründüyü
kimi, Rusiya qeyri-sivil yolu seçib, amma Kreml anlamalıdır
ki, Azərbaycan kifayət qədər güclü dövlətdir,
eyni zamanda qanun çərçivəsində addımlar
atır və bu cür davranışlarla heç nəyə
nail ola bilməyəcək. Yanlış siyasəti ilə tərəfdaşlarını,
müttəfiqlərini itirən Moskva Azərbaycana
yanaşmada sərgilədiyi mövqeyə korrektələr
etməli olduğunu anlamalıdır. Əks halda, itirən
Bakı olmayacaq.
Pərvanə
525-ci qəzet .- 2025.- 11 fevral(¹25).- S.5.