"Givinin
Qarabağnaməsi": Qələbə ətirli misralar
Giya Paçxataşvili (ədəbi təxəllüsü
Givi) deyəndə, ilk növbədə, Azərbaycanın
gürcü oğlu, şair, tərcüməçi,
publisist, çoxsaylı kitablar ərsəyə gətirən,
Azərbaycan, Rusiya, Gürcüstan Yazıçılar Birliklərinin
üzvü, 60-dək müəllifi rus və gürcü dillərinə
tərcümə etmiş dəyərli qələm adamı
göz önünə gəlir. Füsunkar təbiətli
Qaxda gürcü ailəsində dünyaya göz açan,
kiçik yaşlarından Azərbaycan dilini mükəmməl
öyrənən, ədəbiyyatımıza, folklorumuza sevgi
ilə yanaşan gənc Givinin söz, qələm adamı
olacağı şəksiz idi. Jurnalistikaya həvəsi onu bu
məsuliyyətli peşəyə yiyələnməyə
sövq edir. Sonra Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə yaradılmış seçim qrupunun tərkibində
Moskva Dövlət Universitetində təhsil alır. Poeziyaya gəlişi
və tərcüməçilik fəaliyyəti Givinin həyatının,
çoxşaxəli yaradıcılığının
haqqında söz açmağa dəyən ayrı-ayrı mərhələlərdir.
Ədəbi cameənin yaxşı
tanıdığı G.Paçxataşvili "Sükutun rəngləri",
"Oğul ata itirdi", "Hə" dedim", "Son - əvvələ
gedən yol", "Tut ağacı", "Doğum şəhadətnaməsi"
və s. kitablarının müəllifidir. Azərbaycan
Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatı,
habelə Şahmar Əkbərzadə adına
ödülün, "Səməd Vurğun" qızıl
medalının sahibidir. İngilisdilli toplularda, habelə
Özbəkistanda nəşr olunmuş "Müasir Azərbaycan
poeziyası antologiyası"nda şeirləri yer alıb.
Ədəbiyyatşünas alimlər,
araşdırmaçı yazarlar, qələm dostları
G.Paçxataşvili yaradıcılığı, onun tərcümə
fəaliyyəti, dilimizi mükəmməl bilməsi ilə
bağlı maraqlı fikirlər söyləyiblər. Akademik
Nizami Cəfərov bu barədə yazır: "Mən
şairlərimizin çox kitabını oxumuşam. Bəzilərinin
bir şeirində neçə səhv tapıramsa, Givinin hər
hansı bir kitabında bir səhvə belə rast gəlmirəm.
Azərbaycan dilini öyrənmək istəyənlər qoy
Givinin əsərlərini oxusunlar".
Onun şeirlərinin əsas poetik ünvanı Vətəndir
və bu yazıda həmin bədii nümunələrdən
söz açacağıq. 2021-ci ildə "Təhsil" nəşriyyatında
işıq üzü görmüş "Givinin
Qarabağnaməsi" kitabında toplanan bədii nümunələrdə
hədəf seçilən məramlardan ən əsası mənfur
düşmənlərin torpaqlarımızdan təmizlənəcəyi
günü yaxınlaşdırmaq, Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaqdı. Yurd sevdalı şair
torpaqlarımızın işğala məruz qalmasından
dolayı ağrılarını yana-yana dilə gətirir,
xalqımızın dərdinə biganə qalan, kar, kor, susqun
dünyanın yalanlarını ifşa edirdi.
Hələ 1989-cu ildə yazdığı
"Ayağa qalxın!" adlı şeirində həyəcan
təbili çalaraq, xalqını, millətini
ayıq-sayıq olmağa, "el gücü-sel
gücü" deyib birləşməyə,
torpaqlarımıza diş qıcayan düşmənin cəzasını
verməyə çağırırdı.
"Haydı, igidlərim, düz Qarabağa, qeyrət
məqamıdır, ayağa qalxın!" deyən Givi, qlobal
gücləri, erməni şovinistlərinə züy tutan, bədnam
qonşularımızın yalanlarına göz yumanları
yamanlayırdı.
G.Paçxataşvili poetik sanbalı ilə fərqlənən
ictimai məzmunlu şeirlərində sözün yeni məna
çalarlarının gücü ilə bənzərsiz
lövhələr yaradır. Bu dəfə 20 Yanvar faciəsi
ilə bağlı silsilə şeirlərində. Həmin
hüznlü şeirlər Sovet imperiyasının "Qara
Şənbə" günündə xalqımızın
başına gətirdiyi, ürəyimizi dağlayan müsibətlərə
şairin sərt etirazıdır.
"Bakım" şeiri 20 Yanvar faciəsi, ümumən
şəhidlik mövzusunda yazılmış mükəmməl
bədii nümunələrdəndir. Söz adamı o məşum
gecənin dəhşətlərini yana-yana nəql edir, haqq
işimiz uğrunda mücadiləyə qalxan, zəhmli
tankların amansız mərmilərindən qorxmayıb
ölümün üstünə gedən mərd
oğulların hünərini dilə gətirir:
Xalq adında bir top kimi
Lüləsi şimala çöndün...
Yağılar gündüzdən hürküb,
Gecəyə saxladılar öz əməlini,
Sabahı qırmaq üçün,
Bakım, sənin azadlıq təməlini.
20 Yanvar faciəsindən yazan şairin bu şeirində
onun qəlb yarasına çevrilmiş dərd-səri,
iç dünyasındakı kədəri elə ifadə edilib
ki, bu poetik duyğular bizim də dərdimizə çevrilir.
Əsl sənətkarlıq da elə bundadır:
Bir fağır kimi təkləndin,
Qızarıb qərənfilləndin.
Şəhidlər üstə inlədin -
Sayını bilmədin, Bakım.
İnformasiya blokadasına salınan, yolları-rizləri
bağlı Bakıdan o gecə dünya xəbərsiz idi. Səsimizin
içimizdə boğulduğu, ünümüzün kimsəyə
yetmədiyi bir qaranlıq gecəydi o gecə.
Əsl sənətkarlar ən çətin məqamlarda
xalqının, soydaşlarının yanında olmalı, onun
sözünü deməlidir. Givinin torpaqlarımızın
uzun illər işğal altında qalması ilə
bağlı mücadiləyə çağıran şeirləri
bu qəbildəndir. "Şəhidlərin
ağıları" adlı şeirində o, müqəddəs
şəhadətə yüksələnlərin dili ilə Vətən
oğullarını mübarizəyə səsləyir. Bu dəfə
onun səsi daha qətiyyətlidir:
Azadlıq deyə-deyə
Ruh olub qalxdıq göyə.
Yetər göz yaşı tökmək -
Haydı, millət, cəbhəyə!
Givinin vətəndaş yanğısı və qeyrəti
ilə qələmə aldığı mübariz ruhlu
şeirlərini hiss-həyəcansız oxumaq
mümkünsüzdür. Müəllifin fikrincə, Zəfər
yürüşündə şəhid də olarlar, axı, hər
şey Vətən adına, Vətən naminədir:
Bel bağlayın Allaha,
Cəld sarılın silaha.
Satmayın günü-günə,
Yol açınız sabaha, -
deyir şair. Yaxud:
Yurdları azad edin,
Yağını bərbad edin.
Torpaqları qaytarıb
Ruhumuzu şad edin!
Bu nisgil dolu şeirlərdə Xocalı müsibətini
yaşayanların dərdi-kədəri, üzüntüləri
real boyalarla çatdırılıb, şeirlərin hər bəndi
ürək göynədən hekayət təsiri
bağışlayır. Körpə arzuları qan
gölündə boğulmuş balaca Zəhranın müqəddəs
ruhuna ithaf etdiyi şeirində Givi azğın, vəhşi
dünyanı, qaniçən qatilləri lənətləyib.
Bütün dünyaya səs salan möhtəşəm
Zəfərimizin ünvanı - 44 gün çəkən Vətən
müharibəmiz haqq işimizi bir daha təsdiqlədi. Vətən
savaşımıza qatılan oğullar qanlı cəbhələrə
yüksək ruh və döyüş əzmi ilə
yollanırdılar:
İnanırıq, gün gələr,
Azad Xocalı gülər.
Əsgər şücaətiylə
Düşmən beli bükülər.
Şükürlər olsun ki, işğal altında
qalmış yurd yerlərimiz indi xoş günlərinə
qayıdıb, kol-kos basmış yollar nəfəsimizlə
isinir, azad torpaqlarımızda həyatın nəbzi duyulur.
İndi qələm dostumuz Giya Paçxataşvili daha
çox Zəfər şeirləri yazır:
Öyün ki, ön cəbhədə vuruşan
övladın var,
Onun igidliyində sənin şanlı adın var.
Yağıları həmlənlə yurdundan
atasısan -
Sən əsgər atasısan!
Əsrlərdən bəri dost və qonşu
olduğumuz gürcü xalqının nümayəndəsi
G.Paçxataşvilinin Qarabağ mövzusunda bu qədər
ürəklə və davamlı yazması, ürək
ağrılarımızı, əsl gerçəyi söyləməsi
onun dünyaya göz açdığı Azərbaycana sonsuz
sevgisinin göstəricisidir:
Dünya şahid olur möhtəşəm ana,
Muştuluq verərək Azərbaycana...
Şair misrasının coşqusu gəlir -
Havadan Qələbə qoxusu gəlir!
Zemfira MƏHƏRRƏMLİ
Yazıçı-publisist
525-ci qəzet .-2025.- 11 fevral(№25).- S.12.