Böyük coğrafi kəşflər
və onların yerli xalqlara gətirdiyi bədbəxtliklər
(Əvvəli ötən çərşənbə
saylarımızda)
Yerli amerikan xalqı olan hinduların özləri ilə
yanaşı, onların mədəniyyətinin və dilinin məhv
edilməsi, əslində, genosid xarakteri daşıyır. Bəzi
tarixçilər güman edirlər ki, indi ABŞ-a məxsus
olan ərazidə 1800-cü ildə 600 min yerli amerikalı yaşayırdı
və onların sayı 1890-cı ildə azalıb, 250 minə
çatmaqla, itki hesabına, az qala, 2,5 dəfə azalma
baş vermişdir. Axı 1492-ci ildə Amerikanın kəşf
edilməsi vaxtı avropalıların xəstəliklərindən
çox sayda hindu ölmüşdü. Bu xəstəliklərə
pnevmoniya, taun, xolera və su çiçəyi daxil idi.
İqtisadi şəraitin məhvi də hindulara
ağır zərbə vurdu. Amerikanın sənaye müəssisələrində
dəri xammala böyük tələbat vardı. Ölkədə
hələ heyvandarlıq təsərrüfatı
rüşeym şəklində olduğundan, onlar belə
xammalı təklif edə bilməzdilər. Ona görə də
asan çıxış yolu tapıldı, ölkənin
preriyalarında çox sayda bizon sürüləri var idi, bəzi
tarixçilərə görə, bizonların sayı 2
milyona çatırdı. Lakin hinduların genosidindən əvvəl
bizonların ovlanmasına, kütləvi şəkildə məhv
edilməsinə başlandı. Bizon cəmdəyi
böyük ət ehtiyatına malik olmaqla, vaxtilə
hinduların əsas qida mənbəyi idi. Kütləvi şəkildə
öldürülən bizonların ətindən istifadə olunmurdu, lazımsız
şey kimi öldürülən sahədə qalırdı.
Başlıca məqsəd bizon dərisini, özü də
böyük miqdarda əldə etmək idi. XIX əsrin
ortalarında icad edilən vinçester avtomat tüfəngi
bizonları qırmaq vasitəsi kimi müqayisə edilməyən
bir silaha çevrildi. Bizon cəsədləri, sonralar meydana gələn
trauler torlarındakı balıqlar kimi saysız-hesabsız
idi, otlaq sahələrini cansız müqəvvalar kimi
doldururdu. Onların ləngiməyə yol verilmədən dərisi
soyulur və əsasən ayaqqabı fabriklərinə göndərilirdi.
Vinçester silahı təkcə bizonları
öldürmək üçün deyil, hindu
qiyamçılarını ovlamaq üçün də
geniş istifadə olunurdu. Bizonlar üçün
vinçester tüfəngi Fransa inqilabı dövründəki
gilyotina rolunu oynayırdı. Sonralar ondan Afrikada da istifadə
edildi. XIX əsrin sonunda britaniyalılar Sudanda Maxdi hərəkatını
yatırmaq üçün on minlərlə sudanlını
bu silahla məhv etmişdilər, özlərinin itkisi isə
olduqca cüzi idi. Vinçester, əslində, genosid alətinə
çevrilmişdi.
Bizonların qırğını hindu
tayfalarını aclığa məhkum etdi, axı bizon əti
onların vacib qidası idi. ABŞ-da bizonlar elə məhv
edilmişdi ki, XX əsrin əvvəllərində sərgidə
göstərmək üçün diri bizon
tapılmırdı. Aclıq hinduların ağdərili
insanlara qarşı qəzəbini artırdı və onlar
silahlı mübarizəyə qalxmalı oldular. Vaxtilə dinc
həyat surən xalq, indi onlara düşmən kəsilənlərlə
vuruşmalı oldular və bu
mübarizə də onların qırğınını sürətləndirib,
əsl genosid xarakteri aldı.
ABŞ-da məskunlaşan avropalılar hindulara ikinci
sort olan insanlar kimi baxırdılar, onlara təhqiramiz adlar
verirdilər. Onlar qırmızıdərililər, barbarlar,
kanniballar adlanırdı. Amerikanlar üçün
yaxşı hindu, ölü hindu sayılırdı.
Sonra amerikanlar hinduların həyat tərzini dəyişdirib,
onları tabelikdə saxlamağa cəhd etdilər.
Hinduları ata-baba yurdlarından, tayfanın öz məskəni
hesab etdiyi geniş ərazilərdən ayırıb,
rezervasiyalarda saxlamağa başladılar. Əsasən
köçəri həyata öyrənmiş hindu, oturaq həyata
məhkum edildi. Rezervasiya həyatı hindu mədəniyyətinin
yoxa çıxmasına da şərait yaratdı. Hindu
tayfalarının dili də sıradan çıxırdı.
Dilin məhvi xalqın məhvinə yol açırdı.
XIX əsr hindular üçün fəlakət
dövrü oldu. XX əsrdə qırğın hadisələri
kəsilsə də, onların milli tənəzzülünə
son qoya bilmədi. Yalnız son 25-30 il ərzində
hinduların özünə məxsus milli intibahı baş
verdi. Uşaqlar öz ana dillərini mənimsəməyə
başladı. Yeniyetmələr və gənclər tayfaya məxsus
dildə mahnı oxuyur, milli rəqsləri ifa edirlər. Hindu
mədəniyyəti, bir əsrə bərabər olan fasilədən
sonra bərpa olunma dövrünə qədəm qoydu.
Bu proses müsbət hal sayılmalıdır. Hindular
Birləşmiş Ştatlarda bütün hüquqlara yiyələnmişlər,
müxtəlif sahələrdə işləyirlər. Lakin
onlar ABŞ və Kanada ərazisində əvvəlki kəşflərdən
sonrakı dövr ərzində necə dəhşətlərlə
üzləşdiklərini də unutmurlar.
Şimali Amerikada quldarlıq Avropa ölkələrinə
nisbətən daha uzun müddət davam etməklə, həm
də çox eybəcər şəkillər
almışdı. 1776-cı ildən ABŞ dövləti
yarandıqdan sonra da quldarlıq kimi vəhşi sistem
mövcud olmaqda davam etmiş, yalnız prezident Abraham Linkolnun
1862-ci ildəki dekreti ilə buna son qoyulmuşdur. 1863-cü
ilin ilk günüdə Cənub ştatlarındakı
qulların bütünlüklə azad olunması elan
edilmişdi. Britaniyanın Amerikadakı müstəmləkəçiliyinin
əksər dövründə koloniyalarda quldarlıq
mövcud idi. Qul olanlar əsasən kənd təsərrüfatı
fəhləsi kimi, xüsusən Cənubun icmalarında
işləyirdi.
Cənubun kənd təsərrüfatı
iqtisadiyyatı, Şimaldan fərqli olaraq burada sənaye
inkişaf etməmişdi, əsasən, məhsul becərilməsindən
ibarət idi. Bura pambıq istehsalı da əlavə olundu. Onun
plantasiyaları tezliklə böyük sayda qul əhaliyə
malik oldu. Onlar əvvəlcə indiqo, düyü və
tütün plantasiyalarında işləyirdilər.
Quldarlıq bütün dünyada min illər idi ki,
mövcud olmuşdu. Qullar və azad qaralar Kontinental orduya
kömək edirdi. Müharibə həm də qaraların
plantasiyalardan qaçmasına şərait yaradırdı.
Minlərlə qul öz sahiblərini tərk edib, Şimala
qaçırdı. Bunun hesabına Cənubdakı qulların
sayı azalmışdı. Qulların başqa qul sahibinə
satılması da, onların ailələrini
dağılmasına səbəb olduğundan, faciə
xarakterini daşıyırdı.
Amerikan inqilabından iki dekada sonra bəzi
ştatların qanunverici orqanları və fərdi şəxslər
qulları azad etməyə başladılar. Bəzi şimal
ştatları quldarlığı ləğv edilməsi barədə
Konstitusiya qəbul etdilər. Qulların azadlığına həsr
olunmuş Şimal ştatlarındakı abolyutsionist hərəkatı
geniş vüsət aldı və oradakı əhali Cənubdan
qaçan qullara sığınacaq verirdi. Baxmayaraq ki,
qaçan qullar barədə qəbul edilmiş qanun onların
sahibinə qaytarılmasını tələb edirdi.
Qul əməyi Cənubda məcburi
sayılırdı. XIX əsrdəki amerikan
quldarlığı "Zəruri şər" hesab olunurdu.
Vətəndaş müharibəsi vaxtı yaradılan
Konfederasiya Konstitusiyası isə təsdiq edirdi ki, əgər
afrikalı qullar bizim aramızda mövcuddursa, zəncilərin
əsl statusu bizim sivilizasiyanın bir formasıdır. Dahi
siyasətçi, prezident Tomas Cefferson isə öz öncəgörməsində
qeyd etmişdi ki, bu, "Köhnə Birliyi yarı böləcək
bir fəlakət olacaqdır".
Qul sahibi olan ağ insanların cəmiyyəti ölkədə
mövcud idi. Amerikada 1850-ci ildə 2,5 milyon qul yaşayırdı.
Qulların plantasiyalardan ağır zəhməti onları taqətdən
salırdı. Ona görə də qullar arasında
ölüm faizi yüksək idi. Digər faktorlar da buna öz
təsirini göstərirdi.
Buna baxmayaraq, tropik iqlim şəraitində işləmək
üçün daha çox adam tələb olduğundan,
onların sayı artırdı. Nyu Orlean şəhəri
mühüm milli əhəmiyyət daşıyan qul
bazarına çevrilmişdi.
Qullara münasibət şəraitdən, zamandan və
yerindən asılı olaraq fərqli idi. Lakin hər yerdə
qullarla sərt davranırdılar. Qamçı ilə
qulların döyülməsi və qadınların
zorlanması adi hal sayılırdı. Fiziki cəza ilə
yanaşı, qullar həm də dustaq edilə bilərdilər.
İri plantasiyalarda cəza daha böyük sərtliyi ilə
seçilirdi. Burada hər cür sui-istifadələr
üçün şərait bol idi. ABŞ tarixinin ən
biabırçı hadisələrindən biri afroamerikanlara
qarşı irqçi həhəkat olan Ku-klus- klan adlanan cəmiyyətin
zorakı fəaliyyəti idi. Ku-klus-klan qaralara qarşı hər
cür vəhşilik törətməkdən belə çəkinmirdi.
Şimali Amerikanın Cənub ştatlarında
pambıq əkini sahələri getdikcə genişlənirdi.
Bu da ölkədə sənayenin inkişafı, pambıq
parçanın qiymətinin yüksək olması ilə əlaqədar
idi. Ona görə də xam pambığa tələbat getdikcə
artırdı. Pambıq istehsalı digər bitkiçilik
növlərini arxada qoyurdu. Hətta bataqlıqlar qurudulur,
orada pambıq plantasiyaları meydana gəlirdi. Şərqi
Floridada bir qul sahibi 400 hektar bataqlığı alıb, qul əməyi
tətbiq edilməklə, orada irriqasiya şəbəkəsini
işə salmış, torpağı meliorasiya edərək,
oranı pambıq əkini üçün istifadə
etmişdi.
Birləşmiş Ştatlarda pambıq istehsalı yalnız
qul əməyinə əsaslanırdı, şəkər
qamışı plantasiyalarında olduğu kimi, burada məhsulun
yığılması qızmar günəşin altında
ağır zəhmət tələb edirdi. Pambıq
yığımı mövsümündə kişilərə
80 funt (girvənkə), qadınlara isə 70 funt gündəlik
pambıq toplamaq norması qoyulurdu. Normanı yerinə yetirməyənlər
qamçı ilə döyülürdü. Ona görə də
satılan qulların çiyinlərində həmin zərbələrin
izi qalırdı.
SSRİ-də də ölkənin cənubunda yerləşən
Orta Asiya Respublikalarında və Azərbaycanda pambıq
istehsalı geniş miqyas almışdı. Pambıq
"ağ qızıl" adlanırdı, bu, onun
istehsalına necə böyük əhəmiyyət
verildiyinin təzahürü idi. Əvvəllər pambıq əkini
sahələrində becərmə işlərinin çoxu və
pambıq yığımı bütünlüklə əllə
görülürdü, hətta bitkilərə gübrə
verilməsi əməliyyatı da, müvafiq texnika
olmadığından əl əməyi vasitəsi ilə icra
edilirdi.
Pambıq yığımı mövsümündə
isə bütün həyat elə bil ki, dayanırdı, məktəb
uşaqlarından tutmuş qoca adamlara qədər hamı
pambıq yığımına cəlb edilirdi. Pambıq
yığımı əvvəllər yayın sonunda
başlayıb, az qala, yeni ilə qədər davam edirdi.
1950-ci illərdə hətta pambıq planının ödəmək
üçün təzə ilin yanvar ayında da pambıq
qozaları yığılıb, odun peçi altında, onda
da pambığ çopü yandırılırdı,
açılmağa qoyulurdu və bu azacıq lif də
dövlətə təhvil verilirdi. Çünki guya çox
məhsul gətirdiyinə görə gec yetişən sortlar əkilirdi.
Lakin bitkinin üstündə olan yüzə qədər
qozanın əksəriyyəti payızda soyuqlar
düşdüyndən açılmırdı.
(Ardı var)
Telman Orucov
525-ci qəzet .-2025.- 12 fevral(№26).- S.14.