"Nənəmin aş
qazanı"
Esse
Uşaq olanda xatirə dəftərləri yazardıq.
O dəftərləri bircə-bircə bütün
dost-tanışa verər, içindəki sualları
cavablandırmaqlarını istəyərdik. Sonra həmin dəftərləri
atardıq bir kənara, illərlə üzünü
açmazdıq. Qalıb üstü tozlanardı. Nəsə
bir kitab axtaranda təsadüfən qarşımıza
çıxar, bir neçə dəqiqəlik bizi lap
uzağlara aparardı. Hə, var belələri. Biz elə də
əhəmiyyət vermirik, hətta çoxumuz
inanmırıq belə. Amma mənə elə gəlir ki, əşyalar
da canlıdır. Çünki elə əşyalar var ki, illərlə
gözümüzün qarşısında, əlimizin
altında olur, bizim üçün adiləşir. Amma vaxt gəlir,
varlığı adiləşən həmin əşya dil
açıb bizimlə danışmağa başlayır,
ötən günləri yada salır. Eynilə nənəmin
aş qazanı kimi...
Bütün gün evdə qaldığım hər
şənbə iş gününü səbirsizliklə
gözləyirəm. Hər nə qədər iş günləri
evi arzulasam da, həftəsonları yaman darıxıram. Bu səbəbdən
havanın ayazına baxmayaraq, bazar günü evdən
çıxmaq qərarına gəldim. Hara gedəcəyimi
bilmədən... Elə öz-özlüyümdə bu barədə
düşünürdüm ki, birdən Saida
Haqverdiyavının "Nənəmin aş qazanı"
tamaşasına dəvət aldım.
Metrodan çıxıb teatra doğru gedəndə
havanın soyuq olmasına baxmayaraq, əynim qalın idi deyə
üşümürdüm, amma qayıdanda günəş
çıxmışdı, şaxta azalmışdı, mən
isə üşüyürdüm. Qəribə idi...
Tamaşa nənə xeyir-duası ilə
başladı. Nənəmin xeyir-duaları düşdü
yadıma. Hə, onların duaları olmasa, biz necə
olardıq? Bizim xəbərimiz olmadan onlar bəlkə də,
gündə neçə dəfə qırışlı əllərini
göyə qaldırır, bizim üçün dua edirlər.
Bəlkə də elə tərs gedən bir işimiz
saçlarına dən düşən nənələrimizin
bizə etdiyi duanın qəbul olması ilə həll olur.
Qayıdaq tamaşaya...
Tamaşanın baş qəhrəmanı Buta nənəyə
toyu təzə olanda nənəsi mis qazan
bağışlayır. Həmin qazan olur Buta nənənin
yaxın dostu. Onun şad gününə, pis gününə
şahidlik edir, sevincinə, qəminə şərik olur. Buta
nənə həmin qazanda süzdüyü zəfəranlı,
kişmişli, şabalıdlı aşı ilə neçə-neçə
süfrələr açır, yaxınları, doğmaları
bir stol başına yığır. Bir də qazanın dostu
yaşıl çaydan var. Buta nənə həmin
çaydanın suyuyla dəmlədiyi mikəxli çayla
neçə qəlbi isidir. Nənənin nəvələri hər
dəfə balaca çaynikin qapağını
sındırır, nənə də həmin qapağı
sapla çaynikin qulpuna bağlayır. Tamaşanın hər
səhnəsi səni xəbərin olmadan uşaqlıq illərinə
aparır. Gözünün qarşısında tamaşayla bərabər,
ötən günlərin canlanır. Kəndə hər gedəndə
nənəmin çaynikində də həmin sapı görərdim.
Onda elə də əhəmiyyət vermirdim, amma bu gün səhnədə
həmin çayniki görəndə yaman kövrəldim.
Buta nənə övladlarını
böyüdür, qızını evləndirir, bircə
arzusu ölmədən oğul toyu görməkdi. Nəhayət,
Allah bu arzusuna da çatdırır onu. Amma milli dəyərləri,
adət-ənənələrimizi təmsil edən Buta nənənin
müasir dünyanı təmsil edən gəlini ilə
qarşılaşması bizi
uşaqlığımızın isti xatirələrindən
götürüb bu günün şaxta kimi kəsən həqiqətinə
aparır. Gəlin Buta nənənin mis qazanını və
çaydanını müasir qazan və tavayla dəyişmək
istəyəndə Buta nənə qəzəblənir və
deyir: "Nə qədər ki, mən sağam, onlar da sağ
olacaq". Əslində nənəni qorxudan qazan və
çaynikin yoxluğu deyildi, o, qab-qacağı yox, ənənələri,
dəyərləri qorumağa çalışırdı.
Çoxumuz Kukla Teatrındakı tamaşaları
uşaqlar üçün hesab edib getmirik. Amma Saida
Haqverdiyevanın hazırladığı uşaq
tamaşalarında böyüklər üçün bir həqiqət
gizlənir. "Nənəmin aş qazanı"
tamaşası da həmin qəbildəndir.
Həmin mis qazanların, çaydanların, qulpu sapla
bağlanmış çayniklərin olduğu vaxtlarda
fevralın soyuğu da insanı üşütməzmiş.
İnsanları səmimiyyət, məhəbbət isidərmiş.
Hamının qapısı qonağa açıq
olardı. İndi isə hər şey dəyişdi, insanlar dəyişdi.
Buta nənənin 20 dəqiqəyə qaynayan
çaydanını 8 dəqiqəyə qaynayan tefal
çayniklərlə əvəz elədik deyəmi belə
oldu hər şey? Hə, axı biz getdikcə rahat olana
qaçırıq. Qonaqları evimizdə yox, restoranlarda
qarşılamağa başlamışıq. Bəlkə də,
çoxumuz evimizdə bayramdan-bayrama dəmlənən zəfəranlı,
şabalıdlı aşları belə hazır yeməklərlə
əvəzləmişik. Amma əslində dəyişən,
nə qazandır, nə çaydan. Dəyişən bizlərik.
Elimizin digər xalqlar arasında başımızı uca
tutan ənənələrini unuduruq. Başımızı
qaldırıb baxmırıq ki, sonumuz hara gedir.
Tamaşanın sonunda Buta nənənin Avropada oxuyub gələn
Sara adlı nəvəsi nənənin itmiş aş
qazanını tapır, aş dəmləyir və yenidən
hamını bir yerə yığır. Ötən günlərdəki
kimi... Düşünürəm ki, Sara obrazı Saida
xanımın özüdür. O bizi inandırmağa
çalışır ki, dəyərlərimizi, adətlərimizi
qoruyan gənclərimiz də var - Saida Haqverdiyeva kimi.
Ləman İLKİN
525-ci qəzet .-2025.- 12 fevral(№26).- S.12.