"Kos-kosa"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Səbinə
Qarayevadır. Onunla Xalq rəssamı Əzim Əzimzadənin
"Kos-kosa" əsərindən
danışmışıq.
Əzim Əzimzadə 1880-ci ilin may ayında
Bakının Novxanı kəndində anadan olub.
Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar
məktəbində alıb. O, yaradıcılığı
boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan
miniatür və rus rəssamlıq məktəblərinin ənənələrindən
bəhrələnib. Ə.Əzimzadə rəssamlığa
ilk dəfə məşhur "Molla Nəsrəddin"
jurnalında əsərlərini dərc etdirməklə
başlayıb. 1906-cı ildən "Molla Nəsrəddin",
"Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət"
və sair jurnalların səhifələrində satirik qrafik
karikaturalarını nəşr etdirən rəssam Azərbaycan
satirik qrafikasının əsasını qoyub.
- Səbinə xanım, "Kos-kosa" əsərində
Əzim Əzimzadə yaradıcılığına xas olan
hansı xüsusiyyətlər öz əksini tapır, yaxud
da istisna təşkil edir?
- Əzim Əzimzadənin əsərlərinin əsas
mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti
təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin
mənfi ünsürləri - xəsis tacirlər,
fırıldaqçı din xadimləri, şarlatanlar onun
satirik qələminin hədəfində idi.
Yaradıcılığına diqqətlə nəzər
yetirdikdə görə bilərik ki, mənfi surətləri
gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin
satira atəşinə tutur. Rəssam "İt
boğuşdurma", "Kişi arvadını
döyür", "Varlı evində toy", "Kasıb
evində toy", "Su üstündə dava",
"Köhnə bakılılar" kimi əsərlərində
müxtəlif sosial təbəqələrə məxsus tiplərin
iç üzünü açaraq qadın
hüquqsuzluğuna, ədalətsizliyə qarşı
çıxış edirdi.
"Kos-kosa" əsərində isə Əzimzadə
satirik, fırıldaqçı din xadimlərindən yox, məhz
adətləri özündə birləşdirən
qışın ölümü, yazın
başlanğıcından danışır.
Gördüyümüz qrafik rəsmdə Novruz bayramı ilə
əlaqədar açıq havada keçirilən ənənəvi
meydan tamaşalarından biri təsvir olunub. Bu mərasim
tamaşası qışın yola salınmasını,
yazın qarşılanmasını simvolizə edib. Mərasimdə
qışın rəmzi olan Kosa adlı mifik və simvolik
personajın müqəvvası düzəldilərək
musiqi, şeir, zarafatlarla müşayiət olunur və
izdihamlı küçələrlə gəzdirilirdi.
Tamaşanın sonunda Kosanın müqəvvası Novruz
tonqalında yandırılırdı. Bununla da yazın,
günəşin, istinin qış üzərində qələbəsi
simvolik tərzdə canlandırılırdı.
Hələ ötən əsrin otuzuncu illərində
milli rəssamlığımızın lideri olan Əzim
Əzimzadə dolayısı qadağalara baxmayaraq, bir
neçə əsərini Novruz bayramına həsr
etmişdi. Onlardan biri "Od çərşənbəsi",
digərləri "Kəndirbazlar" və hazırda
söhbət açdığımız "Kos-kosa" əsərləridir.
- Tablo harada saxlanılır?
- "Kos-kosa" əsəri 1930-cu ildə
kağız üzərində sulu boya ilə təsvir edilib və
Azərbaycan Milli İncəsənət muzeyində qorunur.
- Əsərin kompozisiyası haqqında nə deyə
bilərsiniz?
- Tabloda bayram ab-havası təsvir olunub - kimisi şeir
deyir, kimisi tütəkdə musiqi ifa edir, uşaqlar Kosanın
qarşısında musiqi sədaları altında oynayır.
Rəssam tabloda dar küçədə insanların bir araya
toplanaraq bayram sevincini ifadə etdiklərini, yazı
qarşılamağa hazır olduqlarını göstərməyə
çalışıb.
Kosa üzündə tük bitməyən, yaxud seyrək
tük bitən qoca adama deyirdilər. Qış vaxtı
yarpaqsız ağacları, gül-çiçəksiz və
həyatsız torpağı rəmzləşdirən Kosa bu fəslin
antropomorfik personifikasiyası idi. Rəssamın
"Kos-kosa" əsəri etnoqrafik xarakter daşımaqla
Novruz bayramında keçirilən, Kosanın
şadyanalıqla, kütləvi şəkildə yola
salındığı bu xalq tamaşasını dəqiqliklə
əks etdirir.
Əsərdə gördüyümüz hər bir
detalın öz mənası, verdiyi mesaj var. Məsələn,
Kosanın üzlüyü (maskası) təbiət ruhuna olan
bağlılığı bildirir, kürkü tərsinə
geyinməsində də müqəddəslik mənası var.
Çirkin və çəlimsiz olması ətrafdakı
insanları güldürmək üçün deyil,
Kosanın gizli dünya, şər məkan ilə əlaqəsi
kimi izah edilə bilər. Kosanın belinə zınqırovlu
kəmər bağlaması, üstəlik, boynunda
zınqırov asması mifoloji aspektdə ritual mahiyyəti
olan oyun kimi başa düşülür.
- Tablonun rəng həlli necədir?
- Rəssam əsərdə isti rəng tonlarından
istifadə edib. Zəngin rəng tonları tablonu daha da
canlı formada göstərib. Burada sarı, geyimlərin
üzərində qırmızı, göy, qəhvəyi,
qara və boz rənglərdən istifadə edilib. Bu da təsadüfi
deyil. Rənglərin enerjisindən dolayı əsərdə
yazın gəlişini hiss edirik.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Xalq şənliklərini hər zaman
işıqlandıran Əzim Əzimzadə milli
bayramların, adət-ənənələrini bir sıra
epizodlarını təsvir edib. Ümumiyyətlə, Novruz
bayramının doğurduğu nikbin duyğuların bədiiləşdirilməsi
rəssamlarımızın yaradıcılığında
xüsusi yer tutur. Ötən əsrin altmışıncı
illərində Novruzun ümumxalq bayramı kimi qeyd olunması
onun tarixinə rəssamlarımızın müxtəlif nəsillərinin
bədii münasibətini şərtləndirmiş oldu. Bunun
nəticəsində xalqımız üçün çox əziz
olan bu bayramın tarixini yaddaşımızda əbədiləşdirən,
özünəməxsus ənənələrini əks etdirən
əsərlərdən ibarət bədii "Novruz
ensiklopediyası" yarandı. Bu tabloda da
xalqımızın Novruz bayramına yüksək dəyər
verdiyini görə bilirik.
Aytac SAHƏD
525-ci qəzet .-2025.- 12 fevral(№26).- S.12.