BƏHLULUN BEŞ BARMAĞININ
BİR CÜTÜ
Yazını daşa həkk etmək ta qədimlərdən
sözü sabaha çatdırmanın ən etibarlı
üsullarından olub. Dünyanın müxtəlif ölkələrində
keçib-getmiş minillərin və yüzillərin
yadigarı olan üstü yazılı daşlar qalır.
Dünənlərin xəbərlərini bizə ötürən
qədim əlyazmalar da az deyil. Ancaq xalq yaddaşı da elə
qayalar-daşlar kimi, əlyazmalar sayaq lazım bildiyi sözləri
qoruyaraq sabahlara çatdırmağı bacarıb. Bəhlul
sözlərinin lap daş üzərinə nəqş edilənlərinə
də daşın möhkəmliyindən daha çox xalq
hafizəsinin etibarlılığı bitməz ömür
bağışlayıb.
Harun ər-Rəşid Abbasilər dönəminin ən
qüdrətli və şöhrətli xəlifəsi idi və
təbii ki, o öz ehtişamına layiq saray da tikdirmişdi.
Rəvayət edilir ki, o imarətin divarlarına
artıq Harunun vəfatından sonra Şeyx Bəhlulun növbəti
xəlifəyə və əslində, əlində ixtiyar
olanda dünyada əbədilik qalacaqmış kimi ömür
sürənlərin hamısına aid olan sözləri
yazılıbmış: "Ey Məmun! Mənim nəsihətimi
qəbul et və bu uca, əzəmətli qəsrə baxaraq
çox da qürrələnmə! Heç şübhəsiz,
sən də bu dünyadan gedəcəksən. Necə ki, atan
Harun ər-Rəşid də gedib".
Əlbəttə ki, Bəhlulun sözü yerini tutub.
Harun getdiyi kimi, Məmun da gedib, elə Bəhlulun özü də
ömrünü yaşayaraq torpağa qovuşub, lap
çoxdan həmin qəsr də yoxdur, o imarətdən sonra
tikilmiş çox saraylar da dünənlərdə qalıb.
Ancaq əsrlərdən bəri həyatda olmayan Bəhlulun min
ildən də əvvəl indi artıq çoxdan uçulub
getmiş divarlara həkk edilmiş sözləri həmin
köhnə əyyamların içərisindən
sıyrılaraq bugünə çatıb, sabaha doğru
uçur, elə ötmüş çağların hər
ilində və günündə də diri olub.
Söz - elə bu deməkdir!
Bəhlulun ən böyük istedadı sözün
yerini bilməsi olub. Hansı sözü harda demək lazım
olduğunu həmişə dəqiq müəyyən etdiyindən
heç bir sözü yellərlə sovrulub getmirmiş,
heç bir sözü yerə düşmürmüş,
birbaşa yaddaşlara, könüllərə qonurmuş.
Sözünün də, özünün də yerini
bildiyindən hansısa sözünü ağıllı,
hansısa sözünü divanə kimi söyləyirmiş
və dediyi ən deşici sözlərə görə də
heç kim ona cəza verməyə can atmırmışsa,
deməli, sözünün
ağrıdıcıllığının,
yandırıcılığının da həddini gözləyirmiş.
Odur ki, o, Harunla lap ən yaxın qohum olsa belə,
Harun ona hər ərköyünlüyə ixtiyar versə də,
heç vədə ifrata varmazmış və ehtimal ki, onunla
heç vaxt, bizə çatan lətifələrdəki kimi,
yava danışmaz, kobudvari rəftar etməzmiş.
Yəqin, bu deyiş tərzi sözü ötürəndə
adətən üstünə qoymağı da xoşlayan
insanların işidir və səbəbsiz də deyil.
Harun Abbasilər dönəminin, Bəhlul
dövrünün ən qadir və qabil hökm sahiblərindən
olub. Hər qarşılaşmasında Bəhlulun Harundan
üstünlüyünü, hökm yiyəsi ilə sadəcə
ərklə deyil, ondan da güclü şəxsiyyət kimi
danışa bilməsini qabartmaqla əslində xalq Bəhluldan
əvvəl elə öz "mən"ini yüksək
tutmaq ehtiyacını ödəyib.
Yəni mən sözümü pərdələyərək,
malalayaraq yox, elə bütün açıqlığı və
sərtliyi ilə ən ali rütbə sahibinin də
üzünə qarşı deməyə qadirəm.
XIV yüzilin salnaməçisi Həmdullah Mustoufi Qəzvininin
"Tarix-e qozide"sində Bəhlulun saray divarına
ayrı bir hikməti yazması ilə bağlı əhvalat
da qalıb.
Gözəlliyi ilə göz qamaşdıran ali bir
imarət tikdirən Bəhlul müasiri növbəti xəlifə
Şeyxə tapşırır ki, bu mülkün divarında
nəsə yaz.
Bəhlul bir parça kömür götürüb
divara bu sözləri yazır: "Sən torpağı
yuxarı qaldırıb, dini aşağı endirmisən.
Əhəngi, gəci yuxarıya qaldırıbsan, dinin tələb
etdiklərini aşağıya endiribsən. Əgər bunu
öz yığdıqların, şəxsi var-dövlətin
hesabına tikdirmisənsə, israfdır, Allah da
israfçılıq edənləri sevməz. Yox, əgər
bu qəsri başqalarının sərvəti hesabına
ucaldıbsansa, sitəm etmisən. Sitəmgərlər isə
Pərvərdigar Özünə dost saymaz".
Bu sözlərin altına imza qoyulacaq olsa, gərək
Bəhlulla yanaşı "XALQ" da yazıla. Bu, həm Bəhlulsayağı
deyişdir, həm də ədalətsizliklərə etiraz edən
xalqın səsidir.
Şərqdə insan haqları uğrunda ən əski
mübarizlərin sorağı ilə tarixlər vərəqlənəndə
Bəhlul həmişə ən başda yada düşəcək.
Olsun ki, onun vaxtilə etdikləri və söylədiklərinə
nəsə atrırıblar da, bəzək-düzək
vurublar da. Amma hər halda elə özü də hekayətlərində
göründüyü ötkəmlikdə, dikbaşlıqda,
əyilməzlikdə və iti ağıllılıqda olub
ki, artırmalar da elə doğru kimi qəbul edilib.
Bəhlul kimi dünyanın ayrı xalqlarında da, elə
Şərqdə də onlarla, bəlkə yüzlərlə
lətifələr qəhrəmanı olub. Ancaq nə Qərbdəkilərin,
nə Şərqdəkilərin heç biri Bəhlulca
olmayıb.
Qəhrəmanlar yaradıb onların ardınca getməyi
sevən sadə insanlar öz yerində, axı Bəhlula
böyük zəka və ilham sahibləri də inanıb,
onun sözündən bəhrələnib.
Bəhlulun köks qabağa verməsinin,
sözünü cəsarətlə dilə gətirməsinin,
hazırcavablığının, daşdan keçən məntiqinin
təsirli izləri bir neçə əsr boyunca qələmə
alınmış və mötəbər müəlliflərə
məxsus əsərlərdə qalmaqdadır.
Sənai Qəznəvi (1080-1131) saysız təsəvvüf
mütəfəkkirləri arasında həmişə bu xəttin
ilk ən böyük şairi sayılıb. Son Qəznəvilər
dönəminin mədhiyyə qəsidələr ustasından
sufiliyin şeirdəki ən mahir və kamil mübəlliğlərindən
biri mərtəbəsinə yüksələn Sənainin ən
həcmli və ən şöhrətli əsəri olan
"Hədiqət ül-həqiqə" ("Gerçəklər
bağı") məsnəvisindən sonrakı çox
şairlər qidalanıb, istinadlar ediblər. Sənai
özü isə ruhca ona çox yaxın olan (şairin
yalnız yaradıcılığının ümumi mənzərəsini
deyil, ömür yolunu izləyəndədə buna şahid kəsilirik)
Bəhlula üz tuturdu.
"Hədiqət ül-həqiqə"də nəzəri
müddəalarını daha görümlü və
çatıcı bir şəkildə ifadə etməkçün
Bəhlulun müdrik kəlamlarını xatırladan Sənai
əslində Danəndəni böyük poeziya orbitinə
çıxaran ilklərdən idi.
Bir aqil söylədi bir gün Bəhlula,
Hədiyyə istərmi kətan bir çuxa?
Dedi, istəyərəm, iki yüz kötək
Vurulsun əvvəlcə cübbəyə gərək.
Sordu, axı niyə çubuq vursunlar,
O gözəl cübbənin nə təqsiri var?
Bəhlul dedi, fani qürur evində
Yanaşı həmişə rənc də, sevinc də.
Bivəfa dünyada tapmaz bir adam
Əziyyət çəkmədən rahatlıq, aram.
Əzab ilə dinclik qoşa hər vədə,
Bu hiylə, təkəbbür imarətində
"Cübbə" sözü oxşar "Cənnət"
sözüylə,
Gərək içərinlə çölün
düz gələ.
Kişinin cübbəsi mənəviyyatı,
Aza qaneliyi, dürüst həyatı.
Bahalı cübbədən mənə nə səmər!
Bu, bəxşiş edənə şöhrət gətirər.
Ələmlər və şadlıq sarayında, bil,
Əsas olan addır, bər-bəzək deyil.
Nəyi lazım bilib veribsə fələk,
Mənə şox əzizdir kətan cübbətək.
Dünyada hər dərd-qəm tamahdan gəlir,
Kamil ağıl isə bir xəzinədir.
Axı niyə çörək alasan ki sən
"Matə yəmut" dərsi öyrənənlərdən?!
(Gətirdiyimiz bütün şeir
parçalarının bədii tərcümələri
özümündür və bu ədəbi incilər Azərbaycan
oxucusu ilə ilk dəfə görüşür. Şərq
klassik poeziyasının hansısa bəlli bir xalqın deyil,
elə əvvəldən bütöv Şərqinki kimi
yaradılmış və hamımızın ortaq sərvətimiz
olan seçmə örnəklərinin dilimizdə səsləndirilməsinin
XX yüzilin 50-60-70-80-ci illərində var olmuş misilsiz tərcüməçiləri
də, bu nəcib ədəbi-mədəni fəaliyyətin ənənələri
də, təəssüflər ki, keçmişdə
qalıb və aradan gedən bu gərəkli təcrübənin
nə şəkildəsə bərpasına, mənəvi zənginləşməyə
xidmət edəcək bu yolun davam etdirilməsinə ehtiyac
böyükdür. Elə yazıda verəcəyimiz və
ümmandan kiçicik damla sayıla biləcək nümunələr
də nişan verir ki, hələ tərcüməçisini
gözləyən nə qədər qiymətli söz abidələri
var).
Sənai Bəhlulun diliylə "Matə yəmut"
- "Hər şey fanidir" deyirdi. Dünyadakı hər
şey kimi, elə fanilik anlayışı da nisbidir. Faniliklər
mühasirəsində olsaq da, fikrin, sözün maddiləşərək
fanilikdən qurtulması, yaşamaqda davam etməsi, o fikrin və
sözün sahibini də sonu olmayan zaman kimi diri saxlaması
var.
Təsəvvüf şeirinin digər zirvəsi, elə
Sənai kimi yaratdıqları sonrakı çox şairlərin
ilham qaynağına və təkan nöqtəsinə
çevrilən Fəridəddin Əttar (1145-1221) da Bəhlul
vurğunlarından olub. Həm də Əttar, başqalarından
fərqli olaraq, Bəhlula sarı bir-ki dəfə ötəri
yox, dönə-dönə boylanıb, onun hikmətlərlə
daşan məsnəvilərində Bəhlul sövləri və
davranışları dəfələrlə və uzun-uzun qələmə
gətirilir.
Əttar "İlahinamə"sində Pərvərdigarın
ən bəyənilməz insan naqisliyi hesab etdiyi təkəbbürdən
söz açanda Bəhlulu köməyə
çağırır, onun hekayətini xatırladır, onun
söyləyişlərindən yararlanırdı:
Bağdadda at üstdə biri gedirdi,
Sanki o, dünyanın sahibi idi.
Sağında-solunda dəstəylə sərhəng,
Hər tərəfdə sıxlıq, yol olmuşdu təng.
"Yol açın!", "Yol verin!"
qışqırırdılar,
Hey bağırırdılar: "Kənar dur, kənar!"
Bir ovuc torpağı götürdü Bəhlul,
Nəzər salıb dedi o, məlul-məlul:
"Torpaqdan olana deyildir rəva
Özün Firon saya, ya da ki, Xuda.
İlan təbiətli mərdümazarlar
Murdar əməllərə meyilli olar.
Murdarlığa elə aludədirlər,
Onlarda qalmayıb ağıldan əsər.
O kəsin ki fikri murdarlıq ola,
Mərd olan kəslərlə gedərmi yola?"
Əttar "İlahinamə"sində sonra yenə
bir neçə dəfə Bəhlula istinad edir, "Müsibətnamə"sində
də onu dönə-dönə yada salır.
Əttar parlaq istedad sahibi olan şair idi, dərin
mütəfəkkirdi - bunlar öz yerində. Ancaq o həm də
alim, araşdırıcı, tarix, ədəbiyyat, mədəni
irs bilicisi idi. O mənada ki, məsnəvilərini vərəq-vərəq
çevirirkən görünür ki, Əttar Xorasanın,
İranın, Mavərənnəhrin, ərəb Şərqinin
ədəbi və mədəni mirasını,
yaşamış olduğu tarixi mükəmməl öyrənib
və bu öyrənməni də bariz işarələriylə
yaradıcılığına gətirib. Elə bircə Bəhlulun
nümunəsi və ona müraciətləri Əttarın sələflərə
həssas münasibəti haqqında dolğun təsəvvür
oyadır.
"Müsibətnamə"də Əttar vaxtilə
Bəhlulun Haruna verdiyi dərsi xatırladır, bütün
müstəbidləri, taxt-tacından bərk-bərk
yapışıb "dünya mənimdir" deyənləri
haçansa gələ biləcək haqq-hesab saatını
unutmamağa dəvət edirdi:
Məst olub gəlmişdi Bəhlul dərbara,
Gördü yox kimsə, oturdu taxtda.
Hər tərəfdən tez qaçıb naib-nökər
Bəhlulu hey söydülər, heydöydülər.
Üz-gözündən Bəhlulun axdıqca qan
Söylədi Haruna: "Yox ta məndə can.
Sən cahan şahı, yerin hər gün bu taxt,
Mən oturdum taxtda lap azca vaxt.
Mən ki şil-küt olmuşam bir dəm
üçün,
Sür-sümük qalmaz ki səndə, bir
düşün.
Bir ömür əyləşmisən, sən et fikir,
Gör səni hansı cəzalar gözləyir".
Cəlaləddin Ruminin (1207-1273) ədəbi tərbiyəsini
aldığı qaynaqlardan biri Sənai idisə, digəri
Əttar idi. Müəllimləri saydığı o
böyüklərin yolu ilə Mövlana da getdi, o da "mənzum
"Quran" adlandırılacaq qədər ali qiymətlə
şərəfləndirilən "Məsnəvi"sində
Bəhlula biganə qalmadı, öz hikməti ilə Bəhlul
ibrətlərini qovuşdurdu. "Mənəviyyat Məsnəvisi"nin
üçüncü dəftərində Mövlana Bəhlulun
bir dərvişlə söhbətini verir və bu mükalimə
Bəhlulun tanış lətifələri və rəvayətlərinə
əsla bənzəmir. Bu, iki müdrik düşüncə
adamının, iki filosofun eyni mətləblər ətrafında
fikir gəzişmələridir.
Və Bəhlul dərvişə vacib bir məsləhət
verir - bəyan etmək istədiklərini sadə anlat, alim də
dərk etsin, sadə bir insan da. Deyir ki, kamal sahibi bilik süfrəsini
elə açmalıdır ki, orda hər qonaq yeyə biləcəyi
təamı tapa bilsin, heç kəs bu süfrədən
umsuq aralanmasın. Allahın Kitabını -
"Quran"ı misal çəkir ki, bu da bir İlahi
Süfrəsidir, hər izhar etdiyinin yeddi mənası var, bu səbəbdən
ondan xalq da doyur, bilikdə, irfanda irəli gedənlər də.
Mövlananın təsvir etdiyi bu səhnədəki Bəhlul
müxtəlif qaynaqların ardıcılları, yetirmələri
olan mütəfəkkir sima kimi təqdim etdiyi şəxsiyyətdir.
Və bu lövhədə Mövlana diqqəti Bəhlulun
mühüm bir keyfiyyəti üzərində cəmləyir.
O köhnə mütəsəvviflər, düşüncələrini
risalələrində zikr edən müdriklər çox
zaman elə qəliz yazırdılar ki, həmin əsərlərin
ən yaxşılarına sıra-sıra şərhlər qələmə
alınırdı. Bəlkə elə Bəhlulun bir az tərkidünya,
bir az laübalı, bir azasketik həyatı özünə
yaşayış tərzi kimi qəbul etməsindən öncə,
alim kimi tanındığı çağlarda onun da belə əsərləri
varmış? Hər halda Bəhlul aralarında çox
güclü alimlərin də olduğu həmin xətdən
ömrün müəyyən mərhələsində
aralanır və hər kəsin ola bilən, sözlərinin
hikməti aqilə də, cahilə də eyni rahatlıqla
çata bilən tanıdığımız Dəlisov
Ağıllıya çevrilir.
Orta çağın təhsil
şəbəkəsi elə qurulmuşdu ki, hərtərəfli
biliklərə yiyələnən insan yetişdirirdi və
nücumdan, cəbrdən, sərf-nəhvdən tutmuş məntiqəvə
fiqhə - İslam hüququnadək şaxələnən bu
sırada şeir və şeirşünaslığın da məxsusi
yeri vardı. Mükəmməl təhsil görmüş Bəhlul
da, yəqin, bir çox başqa çağdaşları
kimi, şeirlər də yazırmış, şairanəlik
onsuz da Bəhlulla əlaqələndirilən hər rəvayətdə,
onun dilindən verilən hər deyişdə duyulmaqdadır.
Hər halda mənbələrdə Bəhlulunku deyə
yer alan mənzumələr də gözə dəyir. Belə
şeirlərindən birində yenə Bəhlul Harun ər-Rəşidlə
üz-üzədir:
Hakim təbiətli insanlar var ki,
Tacı olmasa da, sanki hökmdar.
Həsirdən kilimi Cəmşid taxtıdır,
Xirqə geyibsə də, şah vüqarı var.
Dünya nemətindən bu gün göz çəkib,
Sabah Cənnətə də gözütox baxar.
Ayaqyalın görüb ikrah eləmə,
Müdriklər yanında çox əziz onlar.
Buğdaya satmışdı Adəm Behişti,
Bunlar arpadan da ucuz tutarlar.
Bəhluldan bəhrələnmiş daha bir
böyük Şərq şairi Əbdürrəhman Camidir
(1414-1492).
Caminin 1487-ci ildə tamamladığı
"Baharistan" Sədinin (1210-1292)
"Gülüstan"ına (1258) yazılan cavablardan idi və
şirazlı sehrkar öz əsərində Bəhlulsuz
keçinmədiyi kimi, Cami də iynəli və ibrətli bir
Bəhlul hekayətini nəql edərək söhbəti bir
qitə ilə tamamlayırdı: yenə bir gün Bəhlul
Harun sarayında imiş. Vəzirlərdən biri onu dolamaq məqsədilə
deyir ki, Bəhlul, muştuluq səndən, yaxşı xəbər
var, əmirəlmöminin sənə vəzifə verdi,
öküzlərlə eşşəklərə sərkərdə
təyin olunmusan.
Ağlı başında olan Bəhlula belə
sataşardımı? Bu sözün müqabilində Bəhluldan
beş qat kəskin cavab nə təhər gəlməyəydi:
"Elə isə itaətimdə dayan, çünki artıq
sən də mənim rəiyyətimdən
sayılırsan".
Hekayəti Cami Bəhlulun dilindən bu qitə ilə
bitirir:
Öküzə, eşşəyə şah olmamı
verdin müjdə,
Ay ulaqbaş, eləsə mən sənə də sərkərdə.
Söylədin ki, qoşunumda ayı, donquz olacaq,
Əvvəlinci sən imişsən ki, mənim dəstəmdə.
Məcd Xafi "Rövze-ye xüld" ("Cənnət
bağçası") əsərində (hicri-qəməri
təqvimi ilə təqribən 684-cü [1285] ildə
doğulmuş, VIII [XIV] əsrinbirinci yarısında
Hindistanın tanınmış farsdilli tarixçi və ədiblərindən
olmuş Məcdəddin Xafi 19 fəsildən ibarət bu əsərini
Sədinin "Gülüstan"ına bənzətmə
kimi 733-cü [1332] ildə yazıb. İlk dəfə 1329-cu
[1911] ildə Hindistanda "Xaristan" adı ilə nəşr
edilib. Bu kitabı ilə Məcd Xafi çoxsaylı Sədi
müqəllidləri arasında dörd ən qabil qələm
sahibindən biri kimi şöhrətlənib) Bəhlula həsr
etdiyi hekayətdə yazır ki, bir gün Şeyx
qarşısına iki kəllə qoyaraq yol
qırağında oturubmuş. Harun onu görüncə
soruşur ki, bu nə kəllələrdir belə?
Bəhlul cavab verir ki, mənin atamla sənin atanın
kəllələridir. Bunları qabağıma qoyub diqqətlə
baxıram ki, aralarında olan fərqi tapım.
Bəhlul, Molla Nəsrəddin və bu qəbil xalq
mizah qəhrəmanlarının bir xüsusiyyəti də əsas
mətləbi dilə gətirmədən onu demiş olmaq
gücüdür.
Burda Bəhlul xəlifəyə demədi ki, səninlə
mənim heç bir təfavütüm yoxdur, bütün insanlar
- istər hökmdar olsun, istər rəiyyət-mahiyyətcə
bərabərdir.
Bunu açıq söyləmədi, ancaq bircə
cümləsiylə həm də dedi ki, əvvəl-axır
vaxt tərəzisində ikimiz də eyni olacağıqsa,
aramızdakı fərqi də tapmaq mümkünsüzləşəcəksə,
həmin bərabərliyi bu gün də unutmayaq.
...Çox oxumuş, çox bilgin olduğundan Bəhlul
həmişə insanları dünəndən öyrənməyə,
keçmişdən ibrət almağa, tarixin dərslərini
unutmamağa çağırıb. Ancaq insan o vaxt da sadə
həqiqəti unudurdu, indi də eyninə almır - Yer Kürəmiz
özü boyda barıt çəlləyinin üstündə
olan kimidir. Hədələyən qoruyuculuğu ilə
mütləq məhvediciliyi tən gələn nüvə
düyməsini qəsdən deyil, lap səhvən biri
basmış olsa, eyni düyməsi olan digəri də hərəkətsiz
qalmayacaq, ona bir ayrısı da qoşulacaq, dünyamız da
tar-mar olacaq, üstəlik parça-parça olan Yuvamız
sonsuz Kainatın da sahmanını pozacaq. Bunu bilə-bilə
insan dinc oturmamaqda davam edir. O buna həmlə edir, bu ona. O orda
təzə silahlar icad edir, bu burda köhnə
silahlarını xırıd eləməkçün balaca
müharibələr qızışdırır.Nə olsun
ki, min il qabaq ballistik raketlər yox idi, əllərdəki
indinin top-tüfənginin yanında oyuncaq kimi görünən
silahlar idi. Ancaq o silahlar da, elə indikilər kimi, Allahın
gözəl əsəri insanı bir anda cansız qoya bilirdi.
Ona görə də günlərin birində Bəhlul
bazara girərək bir dəstə adamın ox-yay düzəltdiyini,
o biri tərəfdə ayrı bir dəstənin qılınc
qayırdığını, digər səmtdə
başqalarının nizə hazırladığını
görüncə soruşmuşdu ki, bunlar nə
üçündür? Demişdilər ki, bunlar bir dəstə
adamın o biri dəstə adamlardan özünü
qorumasından ötrü lazımdır. Bəhlul
gülmüşdü: "Beşcə gün gözləsələr,
həmin müdafiə olunmaq istəyənlərin özləri
dəf olub gedəcəklər. Nə onlar qalacaq, nə bunlar.
İnanmırsınızsa, köçüb-getmişləri
yada salın".
Anladırdı ki, dünya beşgünlükdür,
ömür müvəqqətidir, qısa həyatı ədavətə,
qarşıdurmalara sərf etmək əbəsdir. Bu gerçəyi
dərk etməkçünsə sadəcə keçmişə
baxmaq, bizdən əvvəlkilərin aqibətini xatırlamaq
yetər.
...İtalyan yazıçısı Canni Rodarinin
(1920-1980) "Celsemino Yalançılar ölkəsində"
kitabını mən uşaq vaxtı oxumuşdum, çox bəyənmişdim,
amma artıq universitet illərində bir də həmin
kitabı başqa başla və gözlə oxuyanda təəccüblənmişdim
ki, necə olub senzura bu əsərin tərcüməsinə,
nəşrinə icazə verib. Çünki o əsərdəki
kimi, sözlə əməlin tərs gəldiyi ölkədə
elə biz də yaşayırdıq və həmin kitabı
Sovet İttifaqından olan hansısa nasir yazmış
olsaydı, nəinki çap edərdilər, hətta müəllifi
həbsə, yaxşı halda ruhi xəstələr
arasına atardılar.
Vaxtilə elə vətəni İtaliyada Canni Rodarinin
də kitablarını oxşar səbəblərdən uzun
müddət yasaq etmişdilər, katolik kilsəsinin təmsilçiləri
isə onun kitablarını od vurub yandırmışdılar
da.
Çünki Rodarinin təsvir etdiyi elə bir ölkə
idi ki, orda hamı yalan danışmalı,
düşündüyünün əksini deməli idi. Nəinki
adamlar, hətta bu ölkədə itlər miyoldamalı,
pişiklər hürməli idi. Ölkənin baş qəzetinin
də təntənəli adı vardı: "Axşam
yalanları".
Uşaqlar üçün nəzərdə
tutulmuş bu əsərin aşkar və "qan-qan" deyən
siyasi qatı olduğu halda yazıldığı 1959-cu ildən
az keçməmiş SSRİ-də nəşr edilməsinin
və burda müxtəlif dillərə tərcüməsinin
səbəbi o idi ki, yazıçı italyan kommunist
partiyasının üzvü idi, bu kitabı da sovetlər
özlərini o yerə qoymadan guya kapitalist
dünyasını ifşa edən əsər kimi qəbul
edirdilər. Ancaq həmin kitabı 1960-cı illərdə
yalnız mənim kimi uşaqlar deyil, çörəyi burnuna
yeməyən yazıçı və şairlər də
oxuyurdular, nəşr olunmuş belə əsərlər
onlara da ağıl öyrədirdi ki, siz də totalitarizmin
iç üzünü bu cür fəndlə faş edin. Bu
kitabın və xarici kommunist ədiblərin həqiqətçi
əsərlərinin Sovet İttifaqındakı
çapına yandırılmış yaşıl
işıq bizim gözüqıpıq ədiblərə yol
göstərirdi ki, beyninizdə, ürəyinizdə gizli
saxladığınız ifşaçı mətləbləri
yazanda hadisələri başqa ölkələrə
keçirin, əsərləriniz də artıq SSRİ-də
senzuradan keçərək nəşr edilmiş (və istər-istəməz
ifadə sərbəstliyinin çərçivəsini
genişləndirmiş) bu cür kitabların sayəsində
maneəsiz işıq üzü görə bilsin. Avropa və
Amerika ədəbiyyatında, elə Yaxın və Orta Şərq
xalqlarının söz sənəti tarixində də, Canni
Rodaridəki kimi, müəyyən mütərəqqi məfkurələrin
məkanına çevrilən xəyali ölkələr,
şəhərlər ülgüsü çoxdan var olub,
dönə-dönə münasib bir qəlib kimi istifadə
edilib. Ancaq belə modellərin ən klassiklərindən biri
elə Bəhlulun yadigarıdır. Həm də burası
maraqlıdır ki, bizdə və başqa xalqlardakı bir
çox lətifə qəhrəmanlarının yeni zamanlara
dildə-ağızda dolaşa-dolaşa, şifahi olaraq gəlib
yetişən müdriklik saçan gülməcələrindən
fərqli olaraq, Bəhlulla əlaqədar söyləmələrin
əksərini zəmanəmizə yazılı qaynaqlar
çatdırıb.
Məxəzlərdə qalan o qəbil rəvayətlərdən
birində deyilir ki, Bəhlul günlərin birində Harun ər-Rəşidin
təşkil etdiyi məhrəmanə məclisə varid olur.
Xəlifə özü, vəziri Cəfər Bərməki,
xəlifənin cəlladı Məsrur, Harunun yaxın
adamlarından bir neçə nəfər əyləşiblərmiş.
Xəlifə Bəhluldan hardan gəldiyini soruşanda o, dərhal
qayıdır ki, Yalançılar şəhərindən gəlirəm.
Harun maraqlanır ki, o şəhər hardadır? Bəhlul
cavab verir ki, həmin Yalançılar şəhəri
Bağdaddan dışarıda, şəhərin böyük
darvazasının yaxınlığındadır. Xəlifə
təəccüblə vəzirinə sarı qanrılır
ki, sən bu şəhər haqda bir şey bilirsən? Cəfər
Bərməki çiyinlərini çəkir ki, xəbərim
yoxdu, heç adını eşitməmişəm. Xəlifə
məclisdəkilərə müraciət edir ki, bəlkə
sizdən kimsə o şəhər barədə bir şey
bilir? Onlar da deyirlər ki, biz adətən hər gün bir dəfə
Bağdad darvazasından şəhərə daxil oluruq,
işlərimizi qurtarandan sonra da elə həmin darvazadan
çıxıb gedirik. Ancaq indiyə qədər belə bir
şəhəri görməmişik. Bağdadın
yaxınlığında belə bir yer yoxdur.
Harun çevrilir Bəhlul tərəfə: "Buna nə
sözün?"
Bəhlul dillənir ki, xəlifənin vaxtı olsa, mənə
qoşulub gedə bilsə, həmin yeri göstərərəm.
Bu söz Harunun marağını lap artırır,
ona görə də əyləşənlərə üz
tutaraq buyurur ki, ayağa qalxın, birlikdə gedib
yaxınlıqdakı o şəhəri seyr edək.
Xəlifə qarışıq hamı qalxır, yola
düzəlirlər, Bağdad darvazasından çöl tərəfə
çıxırlar və Bəhlulun ardınca gələrək
böyük və köhnə qəbiristanlığın
yanında dayanırlar.
Harun soruşur ki, yaxşı, bu da Bağdad
darvazasının yanı, bəs sən deyən şəhər
gözə dəymir axı!
Bəhlul qəbiristanlığa işarə edir ki, elə
dediyim şəhər budur, siz indi həmin şəhərin ərazisində
durmusunuz.
Bəhlulun şakərinə bələd olan Harun
deyir ki, yaxşı, buranın Yalançılar şəhəri
olduğunu başa düşdük, izhar elə görək mətləbin
nədir, niyə buranın adı məhz Yalançılar
şəhəridir?
Bəhlul belə cavab verir ki, indi bu qəbirlərdə
yatanların hər biri sənin kimi, mənim kimi, bu vəzir,
onun yanındakı adamlar kimi diri olublar, hərəsinin də
hər şeyi varmış. Həmişə deyirmişlər
ki, bu, mənim bağımdır, bu, mənim
mülkümdür, bu, mənim dəvəmdir, bu, mənim
arvadımdır, bu, mənim tayfamdır. Amma indi qəbirlərinə
yaxınlaşanda baxırsan ki, burda onlardan qalan yalnız bir
ovuc sümük, bir də əriyib qarışdıqları
toz-torpaqdır, dünən "mənimkidir" dediklərindən
burda heç nə yoxdur. Demək,"filan şey mənimkidir"
demələri quru iddiadan başqa bir şey deyilmiş, yalan
danışırlarmış, onların olmayana "mənimkidir"
deyib camaatı aldadırlarmış. Ya xəlifə, bir
gün səni, bir gün məni də öz iradəmizdən
asılı olmayaraq bura gətirəcəklər. Onda başa
düşəcəyik ki, biz heç nəymişik. Nə
toplamışdıqsa, hamısını dünyada qoyub bura
özümüz tənha gətiriləcəyik. Bax, indi sən
xəlifəsən, Şərqdən Qərbə, Şimaldan
Cənuba bu qədər torpaq sənin ixtiyarındadır, o qədər
qüdrətin var ki, hətta buluda da hara yağıb hara
yağmamağı əmr edə bilirsən. Ancaq son nəfəs
gələndə bu cah-calaldan, bu şan-şöhrətdən,
yerə-göyə sığmayan həşəmətdən
əsər-əlamət qalmayacaq. Özümüzü
müvəqqəti bizim olanların daimi sahibi sayıb bunu dilə
gətirdiyimizə görə əslində biz hamımız
yalançıyıq...
Bəhlul Danəndə hekayətlərinin adətən
filosof şairlərin məsnəvilərində və məntiq
alimlərinin risalələrində iqtibas edilməsi səbəbsiz
deyildi. Bəhlulun ibrətamiz, digər tərəfdən də
dəmir məntiqə söykənən hekayətləri
alimlərin risalələrini, şairlərin mənzumələrini
bəzəyərək onların oxuculara təlqin etmək istədikləri
fikirlərə sanballı dayağa, əlverişli
illüstrasiyaya çevrilirdi.
Şəmsəddin Məhəmməd bin Mahmud Ameli (vəfatı
753 hicri - 1352 miladi) XIV əsrin görkəmli təbib və və
filosoflarından idi, bir müddət Təbrizdəki Qazaniyyə
mədrəsəsində dərs demişdi, fars və ərəbcə
yazdığı çoxlu elmi əsərlər arasında
İbn Sinanın "Qanun" risaləsinə şərhləri
məşhur olmuşdur) "Nəfais əl-fünun" əsərində
məntiqi dəlillərin gücündən bəhs edərkən
Bəhlul Danəndədən misal çəkirdi ki, həcc
ziyarətinə yola düşən bir nəfər 1000 misqal
qızılı götürərək qazinin yanına gəlir:
"Uşaqlarım hələ xırdadır, özüm də
uzun yola çıxıram, başıma hər iş gələ
bilər, qayıtmaram, sənə vəsiyyət edirəm, bu
qızılları ürəyin istəyən miqdarda kimi
balalarıma verərsən", - deyir. Qismət elə gətirir
ki, həmin adam ziyarətdən qayıdıb gələ
bilmir, yolda canını tapşırır. Mərhumun
övladları həddi-büluğa çatanda qazinin
yanına gedərək atalarının qoyduğu əmanəti
istəyirlər. Qazi onlara 100 misqal verir, and da içir ki,
atanızın tapşırığını düppədüz
yerinə yetirirəm, o necə demişdisə, o cür də
edirəm. Hamı tədricən bu qəziyyədən xəbər
tutur, Məcnun Bəhlul da (Məhəmməd bin Mahmud Ameli Bəhlulu
məhz bu cür tanıdır) əhvalatı eşidir və
yollanır qazinin yanına. Qazi Bəhlulun nə məqsədlə
gəldiyini bilincə söyləyir ki, o uşaqların
atası mənə şahidlərin yanında 1000 misqal
qızıl verdi, elə onlar da eşidə-eşidə dedi
ki, bu məbləğdən balalarıma ürəyin nə qədər
istəyir, o qədər də verərsən. Mən də vəsiyyətə
tam əməl etmişəm, uşaqlara 100 misqal verməyi
lazım bilmişəm. Bəhlul etiraz edir ki, yox, düz
danışmırsan, məntiq ayrı şey deyir. O vəsiyyət
edən ağıllı adam olub, bilib nə deyir. O deyib ki,
1000 misqaldan ürəyin nə qədər istəyir o qədərini
uşaqlara ver. Sənin əslində həmin məbləğdən
ürəyinin istədiyi 900 misqalmış ki, onu özünə
götürmüsən. Qazisən, vəsiyyətə
dürüst əməl et, gətir uşaqların pulunu
qaytar...
Bəhlulun bu cür hədəfi məntiq silahıyla
vuran daha bir hekayətini Fəridəddin Əttar da nəzmə
çəkib, ondan xeyli sonra Şayiq Loristani kimi məşhurlaşmış
Hadi bəy Saki də. "Məcmə ül-füsəha"nın
yazmasınca, Hadi bəy hicri-qəməri 1229-cu (1813) ildə
İsfahanda fəfat edib və həmin təzkirənin
yazarı Rzaqulu xan Hidayət bu şairin 4 min beylik
"Divan"ını görübmüş. Bu Bəhlullu
şeir elə həmin "Divan"dandır:
Bəhlula bir tabaq yemək gətirdi
Harunun qulamı qaş qaralanda.
Qıraqda uzanan iti göstərib
Bəhlul dedi: "Qabı apar qoy ora".
Qulam dedi, bu pay xəlifədəndir,
Onu itə vermək deyildir rəva.
Rişxəndlə dilləndi Bəhlul: "Asta de,
Bu sözü eşidə o it məbada.
Bilsə Harundandır bu boşqabdakı,
Heç dilini vurmaz yeməyə o da".
...Ünlü vaiz və müctəhid olmuş
Şeyx Əli Əkbər Nihavəndi (1278-1369) [1861-1949]
"Xəzinət ül-cəvahir" əsərində Bəhlulun
yanına müxtəlif vaxtlarda məsləhətə gələn
və birinin ona "Aqil Bəhlul", digərinin "Divanə
Bəhlul" kimi müraciət etdiyi, aldıqları
tövsiyədən birinin yarıdığı, digərinin
peşman qaldığı əhvalatı gətirir.
Başqa cür necə olmalı idi ki? Bəhlul onu dəli
hesab edənə ağıllı məsləhəti niyə
verməli idi ki? Hansı qiyməti qoyursansa, o cavabı da
alacaqsan. Bəhlul elə bu gün də həminki kimidir. Ondan
yadigar qalan sözləri sadəcə gülmək
üçün oxuyacaqsan, elə faydan müvəqqəti təbəssüm
qədər olacaq, o hekayətlərdən nəsə öyrənmək
üçün oxuyacaqsan, həm güləcəksən,
ürəyin açılacaq, həm də Bəhlul zəkasından
sənə bir zərrəcik də olsa pay düşəcək
və həmişə yadında olacaq, səninlə birdəfəlik
qalacaq.
Bəhlul belə Bəhluldur. Onunla zarafat olmaz.
Çox da özü zarafatcıl olub! Ən salamatı Bəhlulla
dostluq etməkdir. Bəhluldan gələn və dostluq şərtləri
ilə bağlı bir hekayəti bizə həm də şair
olmuş Mövlana Fəxrəddin Əli Səfi (867-939)
[1462-1532] "Lətaif ül-təvayif" adlı qiymətli
əsərində (bu kitab üzü Bəhluldan ta müəllifin
yaşadığı XV-XVI yüzillərədək olan
mizahçıları əhatə edir) yetirib.
Bir gün Harun Bəhluldan soruşur ki, sənə ən
yaxın dost olan kimlərdir? Cavab verir ki, o adam ki,
qarnımı doydurur. Harun yenə soruşur ki, yaxşı,
işdi-şayəd, mən indi sənin qarnını
doydursam, məni dost hesab edəcəksən? Bəhlul
qımışır: "Nisyə dostluq olmur!"
Bəhlul min ildən xeyli çoxdur ki, nəsil-nəsil
insanlarla nisyə deyil, nağd dostluq edir və hələ bizdən
sonra da bu səmimi dost nə qədər insanın ruhunu
doyurmaqda davam edəcək.
Şərq aləminin böyük nəsihətçisi
Müslihəddin Sədi Şirazi "Bustan"ında (1257)
öyüd verirdi ki, çalış düşməni də
dosta döndərə biləsən və
pıçıldayırdı ki, bu məsləhət əslində
Bəhluldan qalmadır:
Dalaşqan bir arifin yanından keçən dəmdə
Necə gözəl deyibdir bunu Bəhlul Danəndə:
"Dost gözüylə baxsaydı rəqibinə o
adam,
Heç düşmən olmazdılar, ürək
tapardı aram.
Haqqın varlığından ki xəbərdar oldu
insan,
Daha başqa heç nəyi o, keçirməz
ağlından".
...Bəhlulun Bəhlulluğu onda idi ki, dünyada hər
adamın bilməli olduğu işarə dilindən agah idi və
ömrü boyu da çalışdı ki, o dilin gizlinclərini
insanlara aşılasın.
Bir gün görür ki, çay kənarında
izdiham var. Özünü çatdırır, nə baş
verdiyini soruşur. Deyirlər ki, bir məchulla üzləşmişik.
Sudan bir əl çıxır, yaxınlaşırıq ki,
görək nə məsələdir, əl girir suyun
altına, bir az aralanırıq, yenə əl qalxır suyun
üzünə. Nə illah edirik, bunun nə sirr olduğunu
qana bilmirik.
Bəhlul qayıdır ki, narahat olmayın, o əlin
sözü var. Ona görə suya girib-qalxır ki, nə
söyləmək istədiyini başa
düşmürsünüz, bu dəqiqə onunla
danışaram.
Bəhlul azacıq qabağa gəlir, sağ əlinin
üç barmağını ovcuna sıxır, iki
barmağını yuxarı qaldırır. Bəhlul bunu edən
kimi suyun üzündə olan, barmağının beşi də
açıq həmin əl çayın dibinə çəkilir,
daha görünmür. Camaat mat-məəttəl qalır.
Maraqla soruşurlar ki, o əl nə istəyirdi, sən ona nə
dədin?
Bəhlul dillənir: "O əl deyirdi ki, əgər
beş adam birləşsə, çox iş görə bilər,
dünyanı fəth edər. Mən də dedim ki, iki nəfər
də öz arasında birləşib o beşdən
ayrılsa, çox işlər pozulub baş tutmaz".
Yəqin, elə həmişə üzdən gülən
kimi görünsə də, içəridən qəmli olan
Bəhlulun dərdi bu imiş ki, beşdən ayrılıb
qatlanan, əli yumruq olmağa qoymayan bir cüt barmaq var.
Çalışırmış ki, sözüylə, əməliylə,
hərdən məsxərəsi, hərdən məsləhətiylə
elə etsin ki, boy-buxunları fərqli barmaqlar birgə
olsunlar, birləşib qura bilmək əvəzinə
ayrılaraq olanı da qırmasınlar.
Min il əvvəl də, Bəhlul
çağlarında da əl əl idi, barmaqlar barmaq.
Dünya çox dəyişib, insan az. Yenə beş barmaqdan
bəzən birinin, hərdən ikisinin, yeri düşəndə
lap üçünün o biri barmaqlardan ayrılıb
bükülməsi var. Nə qədər ki belədir, qoca Bəhlul
bizə min ilin uzaqlarından əl yelləməkdə davam edəcək.
O yazıq onsuz da min ildir ki, bunu edir. Əsas odur ki, biz onu
eşidək, görək, düzələk...
2 fevral 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .-2025.- 12 fevral(№26).- S.10-11.