Qəbələdə “Qış
nağılı”na yekun vurulub
Heydər Əliyev Fondunun təşkilatçılığı,
Mədəniyyət Nazirliyinin, Bakı Musiqi
Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə
ilk dəfə keçirilən “Qış nağılı”
Beynəlxalq Musiqi Festivalı başa çatıb.
2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ
Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri
yenidən bir araya gətirən “Qış nağılı”
festivalı yenə də öz möhtəşəmliyi ilə
musiqi dünyasının diqqətini Qəbələyə cəlb
edə bilib. Fevralın 7-də başlayan və dörd
gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı,
Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Rusiyadan
dünyaşöhrətli musiqiçilər - ifaçı və
dirijorlar, musiqi kollektivləri çıxış ediblər.
Fevralın 10-da axşam Qəbələ şəhərindəki
Heydər Əliyev Konqres Mərkəzində “Qış
nağılı” Beynəlxalq Musiqi Festivalının yekun
konserti olub. Mərasimdə festivalın təşkilatçı
qurumlarının təmsilçiləri, tanınmış
musiqiçilər, musiqisevərlər və şəhərin
qonaqları iştirak ediblər.
Festivalın yekun konsertində Xalq artisti Ənvər
Sadıqov (qarmon), Əməkdar artist Emil Əfrasiyab (piano) və
“Qaytağı” instrumental ansamblının iştirakı ilə
tamaşaçılara möhtəşəm proqram təqdim
olunub. Konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının
əsərləri səsləndirilib. Ansamblın təqdim
etdiyi Azərbaycan kinofilmlərinin musiqiləri əsasında popurilər,
“Telefonçu qız” kinofilmindən “Xəyal”, “Doğma nəğmələr”,
Ruhəngiz Qasımovanın “Anacan, dostum evlənir”, “Yenilməz
batalyon” kinofilmindən mahnı, xalq mahnısı
“Laçın”, xalq rəqsi “Uzundərə” və digər
mahnı və rəqslər, əsərlər
tamaşaçıların ürəyincə olub.
Beləliklə, Heydər Əliyev Fondunun təşkilatçılığı,
Mədəniyyət Nazirliyinin, Bakı Musiqi
Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə
ilk dəfə keçirilən “Qış nağılı”
Beynəlxalq Musiqi Festivalı şən notlarla başa
çatıb. Festivalın davam etdiyi günlərdə
musiqisevərlər və Qəbələnin qonaqları Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının Simfonik
Orkestrinin, Bakı Kamera Orkestrinin, Bakı Xoreoqrafiya
Akademiyasının şagird və tələbələrinin,
Almaniya və Rusiyanı təmsil edən Aydar Qaynullinin “Eyforiya”,
Polşanın “Glassduo” ansambllarının, “Qaytağı”
instrumental ansamblının konsertlərini, Azərbaycanın və
xarici ölkələrdən gələn tanınmış
ifaçıların çıxışlarını izləmək
imkanı əldə ediblər.
525-ci qəzet .-2025.- 12 fevral(№26).- S.9.