“Peşəkar teatr dərsləri”
layihəsi çərçivəsində daha bir
görüş
Mədəniyyət Nazirliyinin Mədəniyyət
üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin
(MEMİM) təşkilatçılığı ilə Qazax
Dövlət Dram Teatrında regionlarda “Peşəkar teatr dərsləri”
layihəsinin növbəti təlimləri keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, rejissor
Ceyhun Dadaşov və teatrşünas Dağlar Yusifin
keçdiyi ustad dərsləri, iştirakçılar ilə
təcrübə mübadiləsi, ixtisasartırma və
aktyorluq potensialının inkişaf etdirilməsi
üçün geniş imkanlar yaradıb.
MEMİM-in direktoru vəzifəsini icra edən
Vüqar Hümbətov layihənin əhəmiyyətindən
danışıb, Mərkəzin teatr istiqaməti üzrə
bir neçə layihəsinin olduğunu bildirib. O, regionlarda bu
kimi layihələrin vacibliyini xüsusilə qeyd edib.
Regionlarda fəaliyyət göstərən
teatrların rejissor və aktyorları üçün təşkil
olunan peşəkar teatr dərslərində aktyorların
tamaşaçı ilə ünsiyyəti, rejissorla işləmək
bacarığı, səhnə sərbəstliyi və
texnikası, pyesin mənimsənilmə prosesi, səhnə
ritmika və plastikası, nitq mədəniyyəti kimi keyfiyyətlər
təkmilləşdirilib.
Layihənin əsas məqsədi region teatrlarında sənətin
peşəkar əsaslarının tədrisi, yaradıcı,
nəzəri-praktiki təcrübə mübadiləsi ilə
peşəkarlıq səviyyəsinin artırılması və
fəal yaradıcı mühitin
formalaşdırılmasıdır.
Müxtəlif regionlarda da bu kimi tədbirlərin təşkili
nəzərdə tutulub.
525-ci qəzet .-2025.- 12 fevral(№26).- S.9.