"Azərbaycan Rusiya tərəfinin
təhdidlərinə seyrçi qalmayacaq"
Deputat Ceyhun Məmmədov: "Yaxşı olar ki, Rrusiya
səhvini etiraf etsin"
Məlum olduğu kimi, Rusiyada Azərbaycan əleyhinə
kampaniya başladılıb. Bu kampaniyada bir sıra deputatlar,
siyasətçilər, media aktiv iştirak edir. Hətta
deputatlar səviyyəsində ölkəmizə qarşı
təhdidedici açıqlamalar verilir, Azərbaycan diaspor təşkilatlarının
qapadılması, biznesin məhdudlaşdırılması, bu
ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların
çıxarılması, qanuni yaşayanların isə hərbi
uçota götürülməsi və cəbhəyə
göndərilməsi və s. bu kimi iddialar irəli
sürülür. Həmçinin, azərbaycanlılar da
daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri
küçə jarqonundan istifadə etməklə təhqir
edirlər. AZAL təyyarəsinin vurulmasından sonra öz məsuliyyətindən
yayınmağa çalışan Moskva Bakıda qanunsuz fəaliyyət
göstərən "Rus evi" ilə bağlı rəsmi
qərara Nikolay Valuyev, Yevgeni Popov kimilərin dili ilə
parlamentdə və digər seqmentlərdə Azərbaycan əleyhinə
şər kampaniyası ilə cavab verməyə
çalışırlar. Onu da qeyd edək ki, Azərbaycan
XİN Nikolay Valuyevi Azərbaycan və xalqımız əleyhinə
işlətdiyi təhqiramiz ifadələrə görə Azərbaycan
Respublikasına girişi qadağan edilmiş şəxslərin
siyahısına daxil edilib və onun ölkəmizə
girişinə qadağa qoyulub.
Milli Məclisin deputatı Ceyhun Məmmədov
mövzu ilə bağlı "525"ə deyib: "Təəssüflə
qeyd etmək lazımdır ki, Azərbaycan təyyarəsini
vuran, kompensasiya ödəmək, cinayətkarları cəzalandırmaq
istəməyən və bizə qarşı ciddi addımlar
atmağa çalışan Rusiya indi də şərbazlıqla
məşğuldur. Azərbaycana qarşı müxtəlif tədbirlərə
əl atan, təxribatlar törədən Rusiya bu gün də
eyni ritorikanı davam etdirməyə
çalışır".
Deputat bildirib ki, əslində hər şey göz
qabağındadır, cinayəti kimin törətdiyi hər kəsə
məlumdur: "Əgər Nikolay Valuyevi bizim
üstümüzə qaldıranlar, bu ağılın sahibləri
düşünürlərsə ki, bu cür addımlarla, səhvlərlə
Azərbaycanın mövqeyinə təsir göstərə bilərlər,
bizi mövqeyimizdən daşındıra bilərlər, onlar
yanılırlar. Bilməlidirlər ki, bu cür məsələlər
bizim mövqeyimizə təsir göstərə bilməz".
Deputat əlavə edib ki, "Rus evi" Azərbaycanda
qeyri-qanuni fəaliyyət göstərirdi, əgər onlar
burda fəaliyyət göstərmək istəyirdilərsə,
bu fəaliyyət qanun çərçivəsində
olmalı idi: "İllər öncə Rusiya tərəfi
Azərbaycan diaspora təşkilatının
qeydiyyatını ləğv etdi. Bunu onunla əsaslandırdı
ki, guya fəaliyyəti hansısa qaydalara uyğun deyil. Bəs
yaxşı, bu boyda bir təşkilat gəlib Azərbaycanda fəaliyyət
göstərir, özü də qanunsuz, Azərbaycan tədbir
görəndə isə ölkəmizə qarşı
kampaniyaya başlayırlar. Digər bir məsələ isə
bu cür mərkəzlər dünyanın müxtəlif yerlərində
olur, onlar mədəniyyət mərkəzləridir, mədəniyyət
mərkəzləri kimi də fəaliyyət göstərirlər.
Onda Amerika gəlsin Amerika evi yaratsın, ərəb evi
yaratsınlar və s. Bu cür cəhdlər, bu cür
yanaşmalar birmənalı olaraq qəbuledilməzdir".
C.Məmmədov əlavə edib ki, Azərbaycanda
"Rus evi"nə ehtiyac yoxdur: "Rusiya siyasətçiləri,
deputatları da əgər düşünürlərsə
ki, bizi söyməklə, şantaj etməklə, təhdid
etməklə nəyəsə nail ola biləcəklər,
yanılırlar, onlar heç nəyə nail ola bilməyəcəklər.
Onlar anlamalıdırlar ki, nə edəcəklərsə,
onun qarşılığını özü də dəfələrlə
artıq formada alacaqlar və Azərbaycan bu məsələyə
seyrçi qalmayacaq.
Azərbaycan çox qətiyyətli bir formada bu məsələlərə,
məqamlara öz münasibətini və reaksiyasını
prinsipiallıqla ortaya qoyacaq. Yaxşı olar ki, Rusiya tərəfi
səhvini etiraf etsin, təyyarənin vurulması ilə
bağlı cinayəti törətdiklərini etiraf edərək
günahkarları cəzalandırsınlar və kompensasiya
ödəsinlər.
Eyni zamanda, kompensasiya ilə yanaşı, qeyd etdiyimiz
kimi, cinayətlərini də konkret olaraq etiraf etsinlər. Bu
cinayəti törədənlər məsuliyyətə cəlb
edilərək, cəzalandırılsınlar. Əgər bu
olmayacaqsa, Azərbaycandan da heç nə gözləməsinlər.
Bilsinlər ki, bizim buna reaksiyamız, münasibətimiz
çox sərt olacaq və Azərbaycan bu məsələlərin
üzərindən heç bir halda sükutla keçməyəcək,
heç bir halda seyrçi qalmayacaq. Ölkəmiz ən ciddi
addımları və qərarları qəbul edəcək".
Milli Məclisin deputatı Azər Allahverənov isə
mövzu ilə bağlı "525"ə deyib ki, Rusiya-Azərbaycan
münasibətləri bir neçə müstəvidə
xüsusilə özünü qabarıq şəkildə
büruzə verir. Birincisi, dövlət səviyyəsində
baxdıqda, iki ölkə arasında imzalanmış çox
vacib müttəfiqlik haqqında sənəd var. Cənab
Prezident media nümayəndələri ilə
görüşdə bildirdi ki, Rusiya ilə Azərbaycan
münasibətləri strateji müttəfiqlik xarakteri
daşıyır və bu, həqiqətən də belədir.
Bir çox layihələrdə Rusiya Azərbaycan tandemi
özünü xüsusilə qabarıq büruzə verir. Məsələn,
nəqliyyat layihələri, Şimal dəhlizi, enerji layihələri,
təbii qaz ixracı və s. məsələlərdə
müttəfiqlik özünü
yaxşı şəkildə göstərir. Bir də
var digər məsələr. Nümunə üçün,
müxtəlif ictimai-siyasi mühitdə təmsil olunan şəxslər
zaman-zaman hansı siyasi dairələrə bağlı
olduqlarını belə gizlədə bilmirlər.
Bəzi hallarda məhz o siyasi dairələrin
sifarişi ilə bu və ya digər formada istənilən məsələyə
münasibət bildirirlər və əksər hallarda daha
çox Rusiya-Azərbaycan münasibətlərində
hansısa seqmentlər üzrə boşluqlar varsa, ya
hansısa narahatlıq doğuran məqamlar varsa, onu daha
çox dilə gətirirlər və Azərbaycanı tamamilə
başqa qəbildən Rusiya ictimaiyyətinə təqdim etməyə
çalışırlar. Bəlli məsələdir ki, həmin
o dairələr, xüsusilə də bu tip neqativ
informasiyanın tirajlanmasında maraqlı olan qüvvələr
Kremlin müxtəlif qüllələrinə bağlı olan
qüvvələrdir. Burda erməni diasporası da öz
sözünü deyir. Nəzərə alsaq ki, Rusiyanın
informasiya məkanı əsasən erməni əsilli şəxslərin
nəzarətindədir, onların maliyyə dəstəyi ilə
fəaliyyət göstərirlər, çox rahat anlamaq olur
ki, bu tip neqativin Rusiya cəmiyyətində yayılması məhz
həmin o informasiya resursları üzərindən baş
verib. Buna digər şəxslərin zaman-zaman
çıxışlarını da əlavə etsək,
hansılar ki, Azərbaycana qarşı neqativ münasibət
bəsləyirlər, onların bu tandemi Rusiya cəmiyyətində
bir antiazərbaycan əhval-ruhiyyəsinə və ya Azərbaycanfobiyanın
formalaşmasına gətirib çıxarılmasına
hesablanmış addımlardır. Amma nə dərəcədə
bunun öhdəsindən gəlirlər, o başqa məsələdir.
Ona görə də düşünürəm ki,
hazırkı mövcud vəziyyət onu deməyə əsas
verir ki, burda müxtəlif yanaşmalar var, dövlət səviyyəsində
olan münsibətlər daha soyuqqanlı, daha
ölçülüb-biçilən olur, daha sistemlidir və
burada heç bir tərəf, nə Azərbaycan, nə də
Rusiya iki dövlət arasında olan münasibətlərə
xələl gətirə biləcək hansısa addımlar
atırlar. Yəni qlobal şəkildə deyirəm, amma təbii
ki, müzakirə tələb edən məqamlar da var. müəyyən
məsələlərdə problemlər mövcuddur. Onun
üzərindən qurulan kommunikasiyalar bilavasitə həmin o
problemlərin aradan qaldırılmasına və
anlaşılmaz məqamların həllinə hesablanır. Bu
proses hələ də gedir".
Deputat bildirib ki, təyyarə hadisəsinə qədər
də müəyyən narahatlıq doğuran məsələlər
var idi. Amma onlar elə çox qabarıq şəkildə
büruzə verilmirdi, təyyarə hadisəsi bu prosesləri
bir qədər sürətləndirdi: "Bu, dünənə
qədər mövcud olan o nüansların daha aktual şəkildə
büruzə verilməsinə gətirib çıxardı
ki, "Rus evi" də həmin məsələlərdən
biridir. "Rossotrudniçestvo" deyilən qurum faktiki olaraq
Rusiyanın bir diaspora komitəsidir. Onun müxtəlif ölkələrdə
bu tipli layihələri var və "Rus evi" özü də
bir layihədir. Bu layihə icra olunan zaman mütləqdir ki, Azərbaycan
qanunvericiliyinin bütün tələblərinə uyğun fəaliyyət
göstərsin. İstənilən layihə bu tələblərə
uyğun həyata keçirilməlidir. Amma biz
görürük ki, müəyyən məqamlar üzrə
qanun pozuntularına yol verilib. Məsələn qeydiyyat olmadan
fəaliyyət göstərmək və s. Sırf hüquqi
nöqteyi-nəzərdən dünənə qədər
mövcud olan məsələlər bu gün özünü
daha qabarıq şəkildə büruzə verir. Nəzərə
alaq ki, "Rus evi" ilə bağlı olan bəzi
narahatlıq doğuran məsələlər əvvəllər
də, son bir neçə il ərzində dilə gətirilib.
Xüsusilə də orada 20 Yanvar faciəsinin törədilməsində
iştirakı olan Primakovla bağlı inşa müsabiqəsinin
keçirilməsi, sərgilər, kitablar təqdimatı və
s. Eyni zamanda "Rossotrudniçestvo"nun Ermənistandakı
fəaliyyəti, "Artsax uşaqları" ilə
"Donbas uşaqları"nın birgə rəsm sərgisinin
təşkil olunmasını faktiki olaraq
"Rossotrudniçestvo"nun Azərbaycanın ərazi
bütövlüyünü şübhə altına alan bir
fəaliyyət kimi də dəyərləndiririk. Bununla da
bağlı Azərbaycan öz etirazını zamanında
bildirib. Görünən odur ki, bu tip fəaliyyətlərindən
əl çəkmirlər, ona görə də "Rus
evi"nin fəaliyyət göstərməsinə heç
bir lüzum yoxdur. Ən azından bilirik ki, "Rus evi"nin əsas
icra tərəfi olan "Rossotrudniçestvo"nun fəaliyyətində
Azərbaycanın istər ərazi bütövlüyü,
suverenliyi və digər məsələlərlə
bağlı kifayət qədər etinasız bir yanaşmalar
var. Ona görə də "Rus evi"nə ehtiyacın
olmadığını söyləmək olar".
A.Allahverənov Rusiyanın təyyarə qəzası
ilə bağlı məsuliyyətdən yayınması ilə
bağlı deyib ki, burda müxtəlif cür yanaşmalar
var: "Rəsmi mövqe budur ki, istintaq tədbirləri hələ
yekunlaşmadığı üçün Rusiya buna
hüquqi qiymət vermir. İstintaq tədbirləri
yekunlaşdıqdan sonra ümid edirəm ki, Rusiya tərəfi
həm təzminatın ödənilməsi, eyni zamanda
günahkarların məsuliyyətə cəlb olunması ilə
bağlı prosesə başlaya bilər. Dərc olunmuş
ilkin hesabat kənar müdaxilələrin olması, təyyarənin
gövdəsində "Pantsir"
kompleksinə məxsus qəlpələrin olması və
digər məsələlərlə bağlı təsdiqedici
faktlar ortaya qoyur. İstintaq tədbirlərində həmin
faktlar nəzərədən keçiriləcəkdir.
Artıq bu mərhələdə belə Rusiya tərəfi
istintaqın yekun hesabatını gözləmədən
işlərə başlaya bilər. Amma bu, görünən
tərəfdir. Görünməyən tərəfdə isə
Rusiyanın aidiyyatlı orqanları nə baş verdiyini, necə
baş verdiyini, günahkar tərəfin kimliyini, nə kimi
çəkişmələrin olduğunu çox gözəl
bilir. Rusiyanın özünün daxili siyasi həyatında bəzi
gərginliklər var, müxtəlif güc mərkəzləri
bir-birinə qarşı mübarizə aparırlar. Bu
mübarizədə təxribatlardan və digər elementlərdən
də istifadə edirlər. Görünən odur ki,
Rusiyanın ictimai-siyasi mühiti gərgin bir dövrdən
çıxmalıdır ki, təyyarə qəzası ilə
bağlı məsələyə daha soyuqqanlı münasibət
bəslənilsin və məhz o mövqedən də
çıxış edərək zəruri addımlar
atılsın. Düşünürəm ki, Rusiya tərəfi
gec və tez bunu edəcək".
Pərvanə
525-ci qəzet .-2025.- 12 fevral(№26).- S.5.