Ey bəxtsiz kədərim!

 

Firuzə Hicran qızı Quliyeva 2005-ci ildə Ordubad rayonunda anadan olub. 2023-cü ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alır. Ədəbiyyata, poeziyaya xüsusi marağı, şeir yazmağa dərin həvəsi var. Redaksiyaya göndərdiyi şeirlərindən bir neçəsini oxuculara təqdim edirik.

 

Ey bəxtsiz kədərim!

Qabırğanla yandırdığın can ocağımı tik!

Bir ovuc torpaqlıq canıma and iç!

Sənin şəklini məndən qoparır

Kövrək dənizin qızarmış dalğası.

Günəşin telləri ilə ayaq açır

Ruzigarın portağal qoxusuna.

Yavan sevda küllərini

Şeirlərimin misrasına tökürəm,

Dağların qoynuna köçürəm.

Möhür vurulmuş qəlbimə nə etmək?!

Əzəldən əllərin-əlimə divar hörüb

Baxışım qapında toxunulmaz alma...

Çalmasın başımda dərdsiz musiqi

Qoca dünya ilə savaşım,

Eyni yurd, bir cüt yad gözə nifrətim bitsin.

Qorxularımı azad etdim

Yansın budağımdakı yasəmənimlə.

Qürbətdə gözü yol çəkir gönlümün,

Məktublarımın canı parçalanır

Dözülməz başısoyuq məhbəsdə.

Mən görərəm əslimi güzgüsüz,

Təki əksim mən, surətim sən qalsın!

 

lll

 

Gəlişin gülüşümün zirvəsinə

qar gətirdi.

Zəhər dadıram hər sözündə

Necə şəkər qatım həsrətinə?

Hansı tərəfə dönüm, İlahi,

Yastığımın nəmini külək sovursun?

Qəlbimin hansı nöqtəsinə ağı deyim?

Nidayla dolu nifrət bəsləyim?

Gecələr yuxunda laylamı oxuyum?

Qızılgülün içində yatasan

Sevgi mülkündən birdəfəlik qopasan.

Gözlərimə olan susuzluğun

Boş stəkana ümidindən damır.

Sinoptikdən aldığım soraq

Gəldiyin günə yozdurur.

Gövdəsi tumurcuq bağçası çiçəyin

Köksündə neçə qəlpə izi var.

Canımı parə-parə

Çarmıxda mələklərə ehsan verirəm.

 

lll

 

İki qaşının arasındakı məsafənin

Qırışları bağlayır gecə ilə gündüzü.

İki heca söz qalır dillərdə dastan...

İlahi! Görəsən, düşünürmü məni?

Dəsmalındakı həsrət baharının

Ürəyimdə damğa izi var.

Çəpərlərini çeynəyib qaçmır mənzilinə

Dilsiz quyunu ev bilirmiş özünə.

Bağçam fırtına xəncəri ilə boyalı

Küllərindən doğulan kədər dəmində.

İç! Qansız şərabını sorğusuz.

Ləzzətlə mənim sağlığıma iç!

Gizləyir qəlbim qəlbini gözlərimdə,

Sorğulama! İtirəm sözlərində.

Neçə çinarlar əkirəm çatlaq əllərimə.

İki ayrı məbədin məhəbbət toru

Kirpiklərin qovşağında qovuşar bəlkə.

 

lll

 

Əllərim qəlbimdə gəzir...

Susayıb qara gözlərinə

Gülün susadığı kimi.

Son səsin işləyib qəlbimə,

Uzaq ölkələrə çıxıram səfərə.

Şəklin gözümün önündə

Yaşıllarımda dolaşır.

Gözün kimi bax uşaqlığıma,

Qoru onu yad doğmalardan

İnsan saydıqlarımdan.

Mehman ol qəlb otağıma

Ac qalmışam qucağına

Bahar qoxulu yurd-yuvama.

Sən nəyimsən?

Dodaqlarımda batmayan günəş?

Parıldayan aylı gecəm?

Tanrım qədər sevdiyim?

Ey doğma insan!

Musiqim sən, yaram sən,

Min bir dərdə davam sən.

 

lll

 

Ah qəlb!

Olum, ya ölüm?

Yoxsa tək sual?

Göz yaşı əl tutmur hisslərə

Bəlkə kirpiklər çətir olar dərdlərə.

Yoxsa yağış damlaları gizlər hissləri

Qəlb unudarmı bəs olub keçənləri?

Balaca şəhzadə qədər sevərsən gülünü,

İnanarsan - yoxdur onun qədəri.

Ulduzlarla tay tutarsan tək tikanını

Qəlb yaralayan, uzanan ümmanını.

Ah axmaqlıq!

Tək rəsm tablosu boyanır bəyəm?

Gözlər boyanmazı yalana?

İnanmazmı olmazlara?

Ya olmayacaq xəyallara dalmazmı?

Dəlicəsinə qanad açmazmı səmaya?

Çox cavab gizlənir suallar arxasına!

Ölüm dərman olur oluma!

Bax cavab çıxdı ortaya...

 

lll

 

İş Tahir və Zöhrədə deyil

Ruhu bədəndən qoparıb atmaqda

Səssiz çöllərin dərinliklərinə.

Bir daha adını anmağa

Tövbə etmək - istəmədən.

 

İki gözümün ağrısı işlədikcə qəlbimə,

Kök salsam məbədin ayaqlarına

Yalvarmaq əllərimdən axar gedər

Başqa sevdaları diri tutmağa.

 

İçimə işləyən əllərin boğur məni,

Yuxularıma çökür haqsızca.

Ənbər qoxan ağzımın tamı

Qana susayan zəhəri dadır.

 

lll

 

Gəl, pərvanətək gəl!

Evimə qonaq gəl!

Qayğılarımı könlünə elə sıx ki

İncilər tökülüb nəm etməsin

Çatlamış dodaqlarımı,

Yetim uşaqtək boynubükük qalmasın.

 

Birlikdə gəzək cənnət bağını,

Sənsiz mənə qəlb evim cəhənnəm.

Çəkmə çinar gözlərini gözümdən,

İcazə ver sulayım budaqlarını.

 

Hər saniyə şəklinə edirəm tamaşa,

Çəkmirəm gözlərimi bəxt üzüyündən,

Güləcək dünya yazdıqlarıma

Anlamayacaq qəlb məbədimi...

 

Şahlar əmr edəcək, fərman yazacaq,

Asacaq boynumdan kəndir ipini

İp təsəlli edərmi

Qandallı taleyimi?

 

Ruh məskənim!

Biz səninlə "Adəm və Həvva" deyilik.

Biz səninlə Yusif və Züleyxayıq

Kədər yollarında...

 

Firuzə QULİYEVA

525-ci qəzet .- 2025- 13 fevral(№27).- S.15.