İncinin təbəssümü
Şəhid Fərhad Fərhadlının
xatirəsinə
Mənə elə gəlir ki, ötən əsrin
90-cı illərində dünyaya gələnlər fərqli
oldular. Bir başqa cür ağladılar dünyaya gələndə.
Yaşadığımız ağrıları ana bətnində
duydular bəlkə... Bəlkə də o illərin
ağrı-acısı vardı göz yaşlarında...
8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində
anadan olan Fərhad da fərqliydi. "Uşaqlıqdan fərqliydi,
Qarabağ hadisələriylə bağlı verilişlərə, ya "Fəryad"
filminə baxanda çox kədərlənirdi, suallar verirdi.
"Ata, niyə ermənilərə heç nə eləmirik?
Onlar bizdən çoxdu ki?" - deyə soruşardı.
"Darıxma, bizim əsgərlər də döyüşəcək,
torpaqlarımızı alacaq bir gün" deyirdim. Bilmirdim ki,
ürəyində əsgər olmaq, torpaqları azad etmək arzusuyla böyüyür.
2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə
olarkən Aprel döyüşlərində iştirak
etmişdi. Həqiqi hərbi xidmətdən sonra magistr təhsilinə
davam etdi, ailə qurdu. İşlədi. Həyatı
qaydasında idi. Amma torpaqların işğalda olması ilə
barışmırdı. Polad Həşimovun ölümü
sarsıtdı onu. Elə o vaxtdan könüllü
yazılmışdı. Dəyərli oğul idi. Hər yerdə
hörmət qazanmışdı. Çox sadiq dostları var.
Onun şəhid xəbərini iş yoldaşları bizdən
əvvəl öyrənmişdilər, Füzuliyə də
onlar getmişdi. Ən böyük arzusu ailəsini də,
başqalarını da xoşbəxt görmək idi. Bilirəm
ki, indi ruhu şaddır, çünki Vətəni xoşbəxtdi.
Özüm də o işğal günlərinin
ağrısıyla yaşayırdım. Bizi bu ağrıdan
qurtardı Fərhad kimi oğullar. "Bundan sonra qoy hamı
firavan günlər yaşasın" - dedi Birinci Qarabağ
savaşının könüllüsü, o illərin
bütün ağırlıqlarını yaşayan Vüqar
Fərhadlı.
Nəsrəddin Tusi adına 12 nömrəli
Sumqayıt şəhər tam orta məktəbinin məzunu
olan Fərhad Vüqar oğlu Fərhadlı Azərbaycan Neft və
Sənaye Universitetində menecment ixtisası üzrə
bakalavr təhsili alır.
Sonra qardaşı Fəridlə birlikdə həqiqi hərbi
xidmətə yollanır.
"Biz heç ayrılmazdıq. Həmişə
yanımda olub. Beyləqanda N saylı hərbi hissədə də
bir yerdə xidmət keçmişdik. Mənə qardaş,
dost, sirdaş idi. Hər işdə onunla məsləhətləşərdim,
bölüşərdim. Mənim üçün nümunə
şəxsiyyət idi. Elə də yaşadı. Hər
şeyə öz zəhməti ilə nail olmuşdu. Mənim
üçün qəhrəman idi, qəhrəman da oldu"
- dedi Fərid Fərhadlı.
Həqiqi hərbi xidmətdən sonra Azərbaycan İqtisad Universitetində
Biznesin təşkili və idarə olunması ixtisası
üzrə magistraturaya qəbul olunur. 2020-ci ildə magistr təhsilini
başa vurur. Pandemiya dövrünə təsadüf etdiyindən diplomu 2022-ci ildə valideynlərinə
təqdim olunub. Taleyin belə acısı da olur. İndi onun
xatirə guşəsində heç vaxt görmədiyi
magistr diplomu da var...
"21 sentyabr... Səni son gördüyüm tarix.
Ürəyimcə görüşmədim səninlə. Sanki
işə gedirmiş kimi yola saldıq səni. Gələcəksənmiş
kimi... Həyatımız elə qaydasında gedirdi ki. O qədər
yaxşı tamamlayırdıq ki, bir-birimizi. Saatlarla gözəl
söhbətlər edirdik. Biz təkcə ömür-gün
yoldaşı deyildik səninlə, dost idik axı... Fərhad,
sən mənim üçün hər kəsi və hər
şeyi əvəz edə bilən idin. Amma indi hər dəfə
İncinin əlindən tutanda, onu qucaqlayanda sənsiz necə
tək qaldığımızı hər saç telimə,
damarımda axan qana qədər hiss edirəm. Yanımızda
nə qədər bizi sevən, dəstək olan insan olsa da,
bu yarımlığı, tənhalığı hiss edirəm.
Zaman ayaqda durmağı öyrədir, ağrıları
azaltmır, yaraları sağaltmır. Sənsiz çətin
yox, çox ağırdır. Səninlə birlikdə hər
şey bitdi: həyat eşqi, ürəkdən gülümsəmə,
sevinmə, hər şey... Fərhad, bizi keçmişimizə
sürgün etdin, gələcəklə yox, keçmişlə
yaşayırıq. Hər şeyə rəğmən, mən
hər addımda səni düşünürəm, hər qərarımda
sənin nə düşünəcəyini
düşünürəm. Dəyişən təkcə cismən
yanımda olmamandı. Allah mənə sənin qarşına
üzüağ çıxmağı nəsib etsin. İndi
arzum budur". Bunları seçib-sevdiyi, 2017-ci ildə ailə
qurduğu həyat yoldaşı Gülşən xanım
yazıb. Oxuyursan, oxuyursan, sevincin qarşısında
boynubükük olursan... Sevənlərinə
doğmalarına heç nə demək olmur əslində.
Ağrı var ki, təsəlli vermək yersiz
görünür.
"24 oktyabr qızının doğum günündə
yanında olmağı arzulayırdı. O günü səbirsizliklə
gözləyirdi. Gedə bilməsəm də eybi yox, azad
olunan torpaqlar da qızıma hədiyyəmdir", -deyib
döyüş yoldaşlarına...
Vətən sevdalı Fərhad tərəddüd etmədən
2020-ci il 21 sentyabrda hərbi təlimlərə qatılıb.
Müharibənin ilk günündən azadlıq və ədalət
savaşının əsgəri olub.
Şagird, tələbə olanda da, işləyəndə
də fərqlənib Fərhad. Savadı, mənəvi
dünyası, davranışı, məsuliyyəti ilə fərqlənib.
Müəllimlərin, yoldaşlarının sevimlisi olub.
Birincilərdən olub. Zəhmətkeş ailədə
böyüyən Fərhad öz zəhməti ilə nail olub
hər şeyə. İş həyatına "Gilan
Holdinq"də başlayıb, sonra "Kapital Bank"ın
Nəzarət departamentində çalışıb. İndi
"Kapital Bank"ın Sumqayıt filialı da,
yaşadığı küçə də Fərhad Fərhadlı
adınadır.
"Vətən uğrunda", "Xocəvəndin
azad olunmasına görə", "Füzulinin azad
olunmasına görə" medalları ilə təltif
olunub.
"Cəbrayıl, Füzuli, Xocavənd uğrunda
döyüşlərdən keçdik. O, qəhrəman idi. Sanitar təlimçinin
məsuliyyəti böyükdü. Çox çətindir
yaralıları daşımaq, onlara ilk tibbi yardım göstərmək.
Təkcə bir döyüşdə 12-dən artıq
yaralını xilas etdi. Bircə an dayanmırdı, onları
güllə, qəlpə yağışından
çıxarırdı. Arada xəstələnmişdi, hərarəti
yüksək idi, döyüşdən çıxa bilərdi,
amma getmədi. Sona kimi yanımızda oldu. O həm də bizə
ruh verirdi, qələbəyə inandırırdı.
Yaralılarda da yaşam inamı yaradırdı. Bunlar
çox önəmlidir. Oktyabrın 20-də Füzulinin Gecəgözlü
kəndi uğrunda çətin döyüşlər idi. Fərhad
özünü itirmir, həm döyüşür, həm
şəhidləri təhlükəsiz yerə aparır,
yaralılara tibbi yardım göstərirdi. Nə qədər
yaralıya kömək etdiyini heç dəqiq deyə bilmərik.
Onlarla əsgəri xilas edib. Çox qorxmaz idi. Hər oğul
elə çətin döyüşdə yaralıları
döyüş meydanından çıxara bilməzdi. O
bacarırdı. Həmin gün artıq 3 nəfəri xilas
etdi. 4-cü yaralının köməyinə çata bilmədi..."
- belə söylədi döyüş yoldaşı Füzuli
Mayılov...
"Fərhad dünyaya gələndə atası
döyüşdəydi. Vüqar atasını iki aylıq
olanda itirib, ona görə demişdi ki, oğlum olsa, atamın
adını qoyun. Babasının adını ləyaqətlə
daşıdı qəhrəman balam. Geyindi, keçindi,
quş kimi uçub getdi, elə bil müharibəyə getmir.
O qədər bu günü gözləyirdi. Zəng edəndə
də çox rahat, sakit danışardı. O heç vaxt
çətinlikdən qorxmazdı, şikayət etməzdi.
Son dəfə 19-da danışdıq. Ürək-dirək
verdi, sevinclə dedi ki, ana, Qubadlıya gedirik, orda
bayrağı özüm qaldıracam. İgid bala böyütmüşəm.
Nə deyim? Nə deyəcəyimi də bilmirəm. Elə bil
bütün sözləri də özü ilə aparıb Fərhad..."
- Gülminaz xanımın səsində kədərlə
qürur yarışır elə bil.
Yazını yazarkən Fərhadın
sağlığında qızı ilə olan
görüntülərini izlədim, şəkillərə
baxdım. Sevinc yağan görüntülərdən
bütün duyğularım alt-üst oldu...
Bir də sonrakı şəkillər... Müharibənin
dəhşəti haqqında əsərdi hər şəkil.
Heç bir yazıçının heç vaxt yaza bilməyəcəyi
bir əsər. Şəkillərdəki nurlu təbəssümlü
atası ilə şəkil çəkdirib İnci. İnci də
gülümsəyir. Bu təbəssüm qədər
hansı silah dağıdar dünyanı? Təbəssüm
bu qədər ağır olarmı? Bu qədər
yaralayarmı insanı?
Daş üzərindən boylanan atası kimi
qürurla dayanıb İnci. Sevincin dərdli göz
yaşı da olurmuş... Kim silə bilər ki?
Bu göz yaşıyla sərvəti, var-dövləti,
gözəlliyi başına bəla olan Azərbaycan illər,
əsrlərdi yaşam mücadiləsi edir. Qurbanlar verir.
Şəhidlərin ruhu dolaşır hər
qarışında.
İncisə hələ şəhidliyin nə
olduğunu anlamır.
İllər ötəcək, O,
atasızlığın kədərini yaşayacaq. Nə qədər
gülümsəyəcək, nə qədər gözləri
dolacaq, ağlayacaq, bilmirəm... Amma bilirəm ki, o qürurlu
duruşunu, üzündəki təbəssümü bir
gün anlayacaq. Yenə də qürurla gülümsəyəcək.
Anlayacaq ki, o, tariximizə qələbə yazan qəhrəmanın
övladı, qalib ölkənin vətəndaşıdır.
Kamalə ABİYEVA
525-ci qəzet .- 2025- 13 fevral(№27).- S.14.