"Qara Yanvar"la
alışıb-yananlar
İctimai Televiziyanın 20 yanvar hadisələrinin
35-ci ildönümünə həsr olunmuş "Ötən
günlər" verilişinə sözardı
Bu verilişdə o ağır günlərdə
peşə borcunu yerinə yetirmiş, senzura
qadağalarına baxmayaraq, faciəli hadisələrin baş
verdiyi yerdən lentə alaraq, audio və videokasetləri
ölkə xaricinə ötürməklə öz həyatlarını
təhlükəyə atan jurnalistlər - hadisənin
şahidləri bir yerı yığışıb. 90-cı
illərin jurnalistlərindən bəziləri bu günə
kimi sağ qalıb, bəziləri isə özlərindən
sonra heç bir xatirə qoymadan dünyasını dəyişib.
Və onlar, heyif ki, az deyillər. Bəzi həmkarlarım
haqqında portret esselər yazmağa, hətta
seçilmiş publisistika almanaxlarımda dərc etdirməyə
nail olmuşam. Amma bu, təəssüf ki, okeanda bir
damladır.
Bu gün isə bu ibrətamiz verilişi izlədikdən
sonra məni bürüyən fikirləri bölüşmək
istəyirəm...
lll
Britaniyanın "The Sunday Times" qəzetinin məlumatına
görə, stresli vəziyyətlərin yaranma ehtimalı
baxımından jurnalistlər taksi sürücüsü,
yanğınsöndürən, hərbçi və digər
bu kimi riskli peşələri qabaqlayaraq,
şaxtaçılar və polis əməkdaşlarından
sonra ikinci yerdədirlər. Mən hələ xüsusən
"qaynar nöqtələr" adlanan yerlərdə işləyən
media işçilərinin birbaşa təhlükə
altında olmasından danışmıram. "Sərhədsiz
reportyorlar" beynəlxalq təşkilatı ölən və
itkin düşən həmkarları haqqında məlumat
toplayır və dərc edir. İllik matəm
siyahısında onlarla deyil, yüzlərlə ad var.
...Nəslimin payız yarpaqlarının bu qədər
tez tökülməyə başlayacağını heç
düşünməmişdim. Ancaq son onilliklər ərzində
mən bir çox dostlarımı itirmişəm. Onların
demək olar ki, hamısı qəzet, radio və televiziyada
işləyən jurnalistlər idi. Və hamısı da sahəsinin
peşəkarı, qabaqcılı idi. Elmira
Əmrahqızı - "Azadlıq" radiosunun
Bakıdakı ilk Azərbaycan bürosunun
yaradıcısı, Elmira Əsgərova - ilk müstəqil
Rusiya agentliyi olan "İnterfaks"ın Azərbaycanda ilk
xüsusi müxbiri, Vladimir Morozkov - parlaq jurnalist və
redaktor, Oktay Məmmədov - "Azərtac"ın
fotoxronika şöbəsinin müdiri, Vaqif Ağayev - Heydər
Əliyev haqqında gözəl sənədli filmlərin
rejissoru, Fərid Xayrullin "AzərTAC"ın müxbiri,
istedadlı fotomüxbir idi.
Təəssüf ki, onların hamısı nisbətən
gənc yaşında dünyasını dəyişdilər:
bəziləri qırxı keçmiş, bəziləri əlli
və ya altmışı bir az keçmiş. Uzun illər o
vaxtkı tərzdə desək, Mərkəzi Televiziyada
operator işləyən Nadir Zeynalov da nisbətən gənc
dünyasını dəyişib. Bütün bu insanlar
müstəqil Azərbaycan jurnalistikasının əsasını
qoyublar. O jurnalistika ki, onunla qürur duymaq və ondan nümunə
götürmək lazımdır...
Bu jurnalistika fərziyyədən, şayiələrdən
və mətbəx dedi-qodularından uzaq idi;
başqalarının mənbələrindən
götürülən plagiatdan və təkrar nəşrlərdən
ikrah hissi keçirirdi. Həmkarlarımın bir sözsüz
şüarı var idi: efirdə (qəzet səhifələrində,
saytlarda və s.) yalnız yoxlanılmış və
etibarlı məlumat, yalnız
balanslaşdırılmış və obyektiv materiallar
yayımlamaq, yalnız özünün çəkdiyini
nümayiş etdirmək. Məsələn, Nadir Zeynalov
redaktoru Mais Məmmədovla birlikdə Azərbaycanın
bütün qaynar nöqtələrində reportajlar çəkirdi,
Moskva televiziyasında yanan kəndlərimizi, kimsəsiz
köçkün izdihamını, Xocalı şəhərinin
balaca sakinlərinin güllələnmiş cəsədlərini
göstərirdi. Çingiz Mustafayev onunla birgə Xocalı
soyqırımını lentə alıb. O qətl yerinə
onlar eyni helikopterdə uçub gediblər...
Aşağıda o qəhrəmanlardan (mübaliğəsiz
qəhrəmanlardılar!) bəziləri haqqında
danışacağam.
Ən böyük mükafat həyatdır
2002-ci ildə "Bu bizik" kitabımda müxbir Fərid
Xayrullin haqqında esse çap edilib. O, Azərbaycan
jurnalistikası tarixində nəzərəçarpacaq iz
qoymuş peşəkar fotomüxbir, əsl sənətkar idi.
Mən onun ancaq Qara Yanvar faciəsinin əbədiləşdirilməsində
olan xidmətlərinə toxunacağam.
Yeri gəlmişkən, bütün dünyaya
yayılan məşhur "Qara Yanvar" kitabının
yarısı o vaxt "Azərinform"un xüsusi müxbiri
Fərid Xayrullinin çəkdiyi fotoşəkillərdən
ibarətdir.
Fərid üçün ən yaddaqalan çəkiliş
1990-cı ilin Qanlı Yanvarından dərhal sonra çəkilən
şəkillər idi. Sonralar o günləri belə
xatırlayırdı:
"Yanvarın 20-də səhər saat 8-9 radələrində
maşınla şəhəri gəzdik. Məni güclü
bədən quruluşu olan iki bakılı dostum müşayiət
etdi. Yadımdadır, biz Salyan kazarmasının ərazisindəki
yolayrıcına çıxdıq və mən insanların
cəsədlərini gördüm. Əzilmiş kəllələr,
yarılan qarınlardan yerə dağılan
bağırsaqlar... Asfaltda qan... Yaxınlıqda haradasa atəş
səsləri eşidildi. Və birdən mənə elə gəldi
ki, yuxu görürəm. Ya da bu, bir filmdir. Axı biz kino
müharibəsinin uşaqlarıyıq. Hərbi xidmətdə
olsam da, o ana qədər heç vaxt küçədə
dinc insanların meyitini görməmişdim.
Yenicə çəkməyə
hazırlaşmışdım. Bir balaca hündür bir yerə
qalxdım və mənə tərəf gərgin və
aqressiv bir kütlənin hərəkət etdiyini
gördüm. Düz üstümə gəlirdilər. Yəqin
ki, onlar məni Moskva müxbiri ilə səhv
salmışdılar. Nə yaxşı ki, məni
müşayiət edən uşaqlar onlara yerli - bakılı
olduğumu izah etdilər. Sonra mən də azərbaycanca bir
neçə kəlmə dedim.
Çəkilişlərə başladım. Əyilmədən,
gizlənmədən, tam boyumca hərəkət edirdim.
Yadımdadır, beynimdən keçən fikir belə idi: mənə
nə edə bilərlər ki? Mən terrorçu deyiləm, əlimdə
silah tutmamışam. Mən sadəcə işimi
görürəm. Bütün bu kabusu necə lentə
almağı bacardım?! Heç cür ağlıma
sığmır. Gördüklərimdən sonra şoka
düşdüm. Güman edirəm ki, peşəkarlıq
işə yaradı. Şəkillər çəkirəm və
düşünürəm: bu kadr yerli kinoxronika üçündür,
amma bu kadr mütləq xaricə göndərilməlidir.
Yenidən yol ayrıcına çıxanda
dostlarım dedilər ki, KAMAZ maşınlarından birinin
altında əzilmiş oğlanın meyiti var, qardaşı
onun üstündə ağlayır. Mən ora tələsdim.
Və orada heyrətamiz bir səhnəni gördüm: Salyan
kazarmasının hasarını, darvazaları və
onların üstündəki ulduzları. Hasarın perimetri
boyu əsgərlər dayanıb, təxminən 15 metr
aralıda bu təzə KAMAZ var. Təkərlərin
altında əzilmiş insan cəsədi, yanında isə
isterik halda gənc bir oğlan vurnuxur. Bir neçə kadr
çəkib "Azərinform"a getdim. Mənimlə şəhərdə
yol boyu gəzən uşaqlar dedilər: bilirsən, səni
Salyan kazarmaların yanında az qala güllələyəcəkdilər.
Əvvəlcə inanmadım. Amma bir həftə sonra Dima
Kalininlə görüşdüm və o, mənə dedi:
"Sən mənə borclusan". Sən demə, mən
Salyan kazarmasında çəkiliş aparan zaman o, hasarın
o biri tərəfində dayanıb orduya qarşı kompromat
"yığdığıma" görə əsəbiləşən
rus zabiti ilə danışırmış. Və o, birdən-birə
məni nişan alıb. Dima dərhal fikrini cəmləyərərək
zabitə deyib: "Nə edirsən? Bu yoldaş mənim həmkarımdır,
TASS-ın müxbiridir". Yalnız TASS-ın adı çəkildiyinə
görə zabit avtomatını endirib.
O günlərdə biz Moskvaya 10 unikal plyonka göndərdik.
Və cavab aldıq: "Siz orada - Bakıda saxtakarlıqla məşğul
olursunuz". Nə yaxşı ki, o vaxt biz artıq müxtəlif
xarici foto agentlikləri ilə əlaqə kanalları
yaratmışdıq. Ən unikal slaydlar və fotoşəkillər
Qərbə getdi. Biz onları tamamilə pulsuz göndərdik.
Əsas o idi ki, dünya baş verən vəhşilikdən xəbər
tutsun. Və sonra öyrəndik ki, bizim materiallarımızdan
böyük pullar qazanıldı. Allah bilsin onlarla..."
Fərid Xayrullindən jurnalist fəaliyyətinə
görə aldığı əsas mükafatın nə
olduğunu soruşanda o, adətən belə cavab verir: "Mən
həyatı mükafat olaraq almışam".
Şərhlər, necə deyərlər, artıqdır...
Televiziya mənim kainatımdır
10 il əvvəl Ramiz Fətəliyevlə Vasif Babayev
haqqında yubiley yazısı yazmışdıq. Orada belə
bir hissə var idi:
"...Televiziyanın baş rejissoru, 1991-ci ildən isə
Azərbaycan dövlət teleradio komitəsinin bədii rəhbəri
olan Vasif Babayev heç dəyişilmədi, iş
yoldaşlarından ayrılmadı. O, həmkarlarına əvvəlki
tək diqqətli idi. Onlara ad almağa kömək edir, maaş, qonorarları
artırdı. Həm də tələbələri var idi,
onlara da çox vaxt ayırırdı. Onlar bu gün milli
televiziyanın qızıl fondunu təşkil edir,
respublikamızın müxtəlif kanallarında
çalışır və öz növbəsində gənclərə
sevdikləri peşənin sirlərini öyrədirlər.
Vasif istedadı yüksək qiymətləndirir,
televiziyanı səmimi qəlbdən öz evi hesab etdiyi
üçün yoldaşlarının uğurlarına sevinirdi.
1990-cı ilin qanlı Yanvarının bütün Azərbaycan
xalqı üçün faciəli günlərində Vasif
Babayev kimi insanların cəsarəti və zəhməti sayəsində
Azərbaycan televiziya operatorları baş verənlərin
bütün dəhşətini lentə almağa nail oldular.
Onların arasında ilk növbədə Ələkbər
Muradov, Seyidağa Mövsümov, Nadir Zeynalov, Rəsul Babayev,
İzzət Əzizov, Əliövsət Aslanov, Fikrət
Qafarov, Adil Bünyadov və Namiq Şirəlibəyovu qeyd etmək
lazımdır. Və çox keçmədən gecə
saatlarında "Alfa"nın əsgərləri Vasif
Babayevin yanına gələrək onu "mitinqlərə
çağırış və lentə alınmış
materialları gizlətmək" ittihamı ilə
saxlayıblar. Onunla bərabər, tanınmış
yazıçı və telejurnalist Rafiq Savalan və rejissor Azər
Zamanlı da həbs edilib. Vasif özü başına gələn
bədbəxtlikləri xatırlamağı sevmir, amma hesab
edirəm ki, məhz o günlərdə, aylarda Azərbaycanın
vətənpərvər rejissorları, televiziya və kino
operatorları əsl qəhrəmanlıq nümayiş
etdirdilər, bunun sayəsində Moskvanın xalqımıza
qarşı törətdiyi cinayəti susdurmaq mümkün
olmadı, çünki təkzibolunmaz sənədli
sübutlar var idi".
Bizə ABŞ-də qalmağı təklif etdilər
Cahangir Zeynallını uşaqlıqdan
tanıyıram. O, qonşu evdə yaşayırdı və
üstəlik, böyük qardaşımla bir sinifdə
oxuyurdu. Cahangir kiçik yaşlarında kino "xəstəliyinə"
tutulub və valideynləri tezliklə ona həvəskar
kinokamera alıblar. Yadımdadır, Cahangirlə Tofiq evimizin
geniş açıq eyvanında daha bir "şedevr"lərini
lentə alırdılar, mən, balaca isə, baş rollardan
birini oynayırdım.
O vaxtdan bəri tam bir ömür keçdi. Cahangir Azərbaycan
kinosunun qızıl fonduna daxil olan onlarla yüksək peşəkarlıqla
filmlər yaradaraq sənədli kinonun klassikinə
çevrildi.
Ancaq az adam bilir ki, yanvarda Cahangir təkbaşına
"20 Yanvar" adlı film çəkib. Ondan bir müddət
əvvəl o, həyat yoldaşı, Azərbaycanın Xalq artisti
Firəngiz Əlizadə ilə elə onun konsertlərindən
aldığı qonorarla ən son model kinokamera
alıbmış. Çox güman ki, Cahangir bu avadanlıqla
həyat yoldaşının xaricdəki konsertlərini və
çıxışlarını lentə almaq
üçün istifadə edəcəkdi. Lakin kinokamera
alındıqdan bir ay sonra ilk kadrlar Qara Yanvar hadisələrinin
fotoxronikası oldu.
Bu yaxınlarda Bəstəkarlar İttifaqında
keçirilən tədbirdə dostum kiçik auditoriya
qarşısında unikal videokadrları necə və
hansı şəraitdə çəkdiyini, lentə
alınan və montaj edilmiş materialı Moskvaya, oradan isə
Firəngiz Əlizadə ilə yenidən qastrol səfərinə
getdiyi ABŞ-a necə apardığı barədə
danışdı. Bu, əsl detektiv hekayə idi. Yalnız rus
televiziya adamlarının - Cahangirin "Ostankino"dan olan
dostlarının, filmi sovet sərhədçiləri
üçün əlçatmaz formatda şifrləyən
ixtiraçılıqları ər-arvadı qalmaqaldan və
ya daha xoşagəlməz hadisələrdən xilas etdi.
Bundan başqa, Firəngiz xanım notlar arasında
güllələnmiş Bakının dəhşətli
kadrları olan bir çox fotoşəkilləri gizlədə
bilib. Bu əvəzsiz yüklə Cahangir və Firəngiz
özlərini ABŞ-a çatdırıblar. Görkəmli
bəstəkarımızın çıxışı
baş tutacaq hər bir şəhərdə, foyedə sərgi
qururdular, sonra Cahangir Zeynalovun "20 Yanvar" filmini
nümayiş etdirirdilər. Emosional rejissor sözünü
deməkdən çəkinmirdi. O, sovet sistemini faşist,
SSRİ-nin o zamankı prezidenti Qorbaçovu da faşist adlandırırdı.
Salonların birində erməni diasporunun nümayəndələri
olub, onlar bu barədə müvafiq orqanlara məlumat veriblər.
Və ər-arvadla ciddi söhbət aparılıb. Daha sonra
isə onlarla Amerika xüsusi xidmət orqanlarından olan
başqa ciddi adamlar danışıqlar aparmağa
çalışıblar və Qərbdə siyasi
qaçqın kimi sakit, rahat həyat təklif ediblər...
Qəribədir ki, nəinki öz həyatlarını,
hətta okeanın o tayında qalan ailələrinin də əmin-amanlığını
təhlükəyə atan Zeynallı-Əlizadə
cütlüyünün bu əsl qəhrəmanlıq əməlindən
bu ana qədər nə mənim, nə də digər ictimaiyyət
nümayəndələrinin xəbəri var idi. Onlar nəyə
getdiklərini bilirdilər, bununla belə, etməli
olduqlarını etdilər - 1990-cı il yanvarın 20-də
Bakıda baş verənlər barədə Amerikaya həqiqəti
söylədilər.
Filmə baxandan və tədbirin sonundan sonra Cahangir mənə
söz verdi ki, o, bizə danışdığı hər bir
şeyi yazacaq. Mən də ona xatirələrini redaktə
edib çap etməkdə köməklik göstərəcəyəm...
Oqtay və ya yarıda qalan uçuş
Oqtay Məmmədovla ilk birgə xaricə səfərlərimizdən
birində, Azərbaycan Prezidenti Heydər Əliyevi jurnalist
komandasının tərkibində müşayiət edərkən
tanış olduq. Oqtay əvvəlcə sıravi fotomüxbir
olub, sonra "Azərtac"ın fotoxronikasının baş
redaktoru olub. Bununla belə, Oqtay Məmmədov ölkənin əsas
xəbər agentliyində böyük bir şöbə
müdiri olsa da, jurnalist fəaliyyətini səngitmədi. O, əvvəllər
olduğu kimi, respublika daxilində və xaricə səfərlərində
Heydər Əliyevi müşayiət etməyə davam edir,
sonra Prezident İlham Əliyev və xanımı ilə səyahətə
başlayır və hər dəfə bu səfərlərdən
Vətənə qayıdarkən 20 ildən artıq bir
müddətdə zəngin fond, bir növ müstəqil Azərbaycanın
bədii salnaməsini formalaşdıran çoxlu sayda
maraqlı, nadir kadrlar gətirirdi.
2000-ci ildən başlayaraq Oqtay mənə bədii-publisistik
silsilə kitabların - "Bu, bizik...", "Həqiqət
anları", "Yaşamaq vaxtı", nəhayət,
"Heydər Əliyev. Şəxsiyyət və Zaman"
bioqrafik romanının yaradılmasında kömək etməyə
başladı. Yeri gəlmişkən, Oqtay Məmmədovun
çəkdiyi Ümummilli liderimizin bir çox portretləri
bu gün müxtəlif kitab və albomlara salınıb...
O, çox şey edə bildi, amma yenə də bu
dünyanı həddindən artıq tez tərk etdi. Onun
gedişi isə qısa bir ömrün məntiqi davamı və
nəticəsi idi. O, böyük aktyorlar səhnədə
dünyalarını dəyişdiyi kimi, iş prosesində
dünyasını dəyişdi. Azərbaycan xalqının faciəsi
- 20 Yanvar günü prezidentin Şəhidlər
xiyabanını ziyarət etməsinin kadrlarını lentə
alandan sonra...
Ürək o qədər çox, bəzən
qeyri-insani yüklənmələrə, uzun illər yerdəyişmələrə
və uçuşlara, gecə-gündüz davam edən və
həddindən artıq stresli işə tab gətirə bilmədi.
Qohumları onu dəfələrlə məzuniyyətə
çıxarmağa və müalicəyə başlamağa
razı salmağa çalışsalar da, Oqtay
bağışlanmaz ehtiyatsızlığı ilə səhhətində
yaranan problemləri həmişə sonraya saxlayıb. Ancaq
daha yüksək qüvvələr bu məsələdə
diqqətsizliyə dözmür, bu cür laqeydliyi həyatla
vaxtından əvvəl vidalaşma ilə cəzalandırır.
Əcdadlarımız əbəs yerə atalar məsəli
yaratmayıb: "Səndən hərəkət, məndən
bərəkət".
Oqtay ölümündən bir neçə gün əvvəl
mənə zəng etdi. Hər bir yaradıcı adamın,
xüsusən də, rəhbər vəzifədə
çalışanın yaşadığı problemlərdən
gileylənirdi. Mən nə isə xoşagəlməz hal
olduğunu hiss etdim. Xeyr, mən heç nə hiss etmədim.
Sadəcə olaraq, halına yandım və ondan az əsəbiləşməyi,
özünə qulluq etməyi və sağlamlığı
haqqında daha çox düşünməyi xahiş etdim.
Razılaşdıq ki, bir neçə günə
görüşüb hər şeyi müzakirə edək. Nədənsə
bu söhbəti xatırladım və yanvarın 20-də
özümə söz verdim ki, sabah dəfn mərasimindən
sonra Oqtaya zəng edəcəm, görüşəndə
problemlərini öyrənməyə çalışacağam.
Qismət olmadı, matəm günü gözlənilməz,
Oqtay Məmmədovun ölümü ilə bağlı məni
sarsıdan faciəli xəbər gətirdi...
lll
Azərbaycan mətbuatının qızıl fondunu təşkil
edən Elmira Əmrahqızı, Mais Məmmədov, Vladimir
Morozkov və başqa jurnalistlər haqqında da oçerklərim
var. Dağlıq Qarabağ ətrafında baş verənlərlə
bağlı bir çox reportaj və məqalələrim
müxtəlif vaxtlarda Rusiya və xarici mətbuatda dərc
olunub.
Eyni zamanda, Qara Yanvar günlərində, Xocalı
soyqırımı zamanı və 30 il ərzində
Qarabağ münaqişəsinin salnaməsini yaradanların
bir çoxu hələ də öz soydaşlarının
onları tanımasını gözləyir. Onlar
adlarının Azərbaycan xalqına
çatdırılmasına, müharibə müxbiri,
operator, rejissor, reportyor kimi işlərinin kağız üzərində
əks olunmasına layiqdirlər. Çünki filmlər
köhnəlir, videolar yox olur, amma əlyazmalar, necə deyərlər,
yanmır.
Vasif Babayev son aylarda müxtəlif mətbuat
orqanlarına bir neçə müsahibə verib və həmin
müsahibələrdə AzTV əməkdaşlarının
həmin müdhiş günlərdə nələri etdiyindən
danışıb. Digər şahidlər də nələrisə
danışıblar. Bəs Cahangir Zeynallı, başqa rejissor
və operatorlar? Bəs o vaxt bizim kinostudiyanın direktoru
işləyən və mübaliğəsiz, əsl vətəndaş
cəsarəti göstərmiş Ramiz Fətəliyev necə?
Dağılmış Bakının küçələrində
məhz onun kameraları işləyirdi, qiymətli
plyonkaların hazırlanması və montajı sürətlə
onun laboratoriyalarında edilirdi, onun əlaqələri vasitəsilə
ilə bir çox materiallar xaricə yol tapdı. Ancaq təəssüf
ki, bütün bunlar haqqında çox az şey bilirik.
Milli Mətbuatın 150 illik yubileyi ərəfəsində
media strukturlarına - Mətbuat Şurasına, Medianın
İnkişafı Agentliyinə və təbii ki, Prezident
Administrasiyasının müvafiq şöbəsinə rəhbərlik
edən şəxslər bu problemdən narahat
olmalıdırlar. Təcrübəli peşəkar jurnalistlərdən
ibarət Redaksiya heyəti yaradıla bilərdi ki, o,
bütün mediadan müəyyən mövzuda artıq
yazılanları toplayaraq, hələ nələrin
görülməli olduğunu, daha kimlər haqqında
yazılmalı, daha kimdən soruşulmalı olduğunu
müəyyən etsinlər.
İndi qəhrəmanlarımız - Vətən
müharibəsi şəhidləri haqqında da analoji xatirə
kitabları yaradılır, həlak olmuş əsgərlər
haqqında "Heç kim və heç nə unudulmur"
devizi ilə işıq üzü görən nəşrlər
sovet dövründə çap olunurdu. Bu gün İnternet və
sosial şəbəkələr dövründə Medianın
İnkişafı Agentliyinin nəzdində 20 Yanvar və
ümumiyyətlə Qarabağ məsələsinə dair
yazıb-yaratmış həmkarlar haqqında jurnalistlərin
bütün məlumatlarının və nəşrlərinin,
eləcə də müsahibələrinin, fotoşəkillərinin,
videoreportajlarının və s. toplandığı xüsusi
bir sayt (portal) yaratmaq olar.
Sayt sonradan inkişaf etdirilə və genişləndirilə
bilər. Əminəm ki, ora dünyanın hər yerindən
dəyərli materiallar göndəriləcək,
çünki Qarabağ münaqişəsi zamanı onlarla
vicdanlı jurnalist Qarabağ mövzusunda obyektiv reportajlar
hazırlayıb, obyektiv yazılar yazıblar. Onlar və
onların işləri haqqında məlumatlar müxtəlif
dövri mətbuatda, müxtəlif KİV-lərdə səpələnib,
lakin burada hamısı bir yerdə toplana bilər.
Ümid edirəm ki, mənim təklifim bu vacib qərarın
qəbuluna cavabdeh olan şəxslər tərəfindən
eşidiləcək. Jurnalist yoldaşlarım adlarının
və əməllərinin əbədiləşdirilməsi
haqqını qazanıblar.
Xahiş edirəm, əziz dostlar, məni və həmkarlarımın
səsini eşidin!
Rus dilindən Xanım AYDIN çevirib.
Elmira AXUNDOVA
Xalq yazıçısı
525-ci qəzet .- 2025- 13 fevral(№27).- S.8;9.