"Ölkənin inkişafında
sağlam, vətənpərvər gənclik mühüm rol
oynayır"
"Dövlətin yaratdığı geniş imkanlar
nəticəsində gənclik Azərbaycan cəmiyyətinin
avanqard qüvvəsinə çevrilib"
Bu gün Azərbaycanda gənclər siyasəti
dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Azərbaycan gəncliyi ictimai həyatın bütün
sferalarında aktiv fəaliyyəti ilə seçilir və
siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata
keçirilməsində mühüm rol oynayır. Dövlətin
gənclərin fəaliyyəti üçün
yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə
Azərbaycan cəmiyyətinin avanqard qüvvəsinə
çevrilib. Gənclər siyasətində qarşıya
qoyulan vəzifələrdən biri də yeni nəslin
nümayəndələrinə etimad göstərilməsi,
onların məsul vəzifələrə, idarəetmə
işinə irəli çəkilməsi, qabiliyyət və
bacarıqlarını nümayiş etdirmək
üçün şərait yaradılmasıdır. Gənc
kadrların irəli çəkilməsi siyasəti öz
müsbət nəticələrini göstərir.
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu
dövr ərzində Azərbaycanda vətənpərvər,
sağlam düşüncəli və gələcəyimizi
etibar edə biləcəyimiz gənc nəsil yetişib.
Ölkəmizdə həyata keçirilən gənclər
siyasətində milli və dövlətçilik
maraqlarının prioritet olması 44 günlük Vətən
müharibəsində həlledici rol oynadı. Müharibədə
əsas missiyanı məhz Ali Baş Komandan İlham
Əliyevin ölkəyə başçılıq etdiyi
dövrdə yetişən gənclər yerinə yetirdilər.
Məhz Azərbaycan Prezidentinin gənclər siyasətinin
uğurlu olmasının nəticəsi idi ki, gənclər
tarixi qələbəmizin əldə olunmasında digər nəsillərlə
bərabər əvəzsiz rol oynadı.
Millət vəkili Anar Məmmədov deyir ki,
Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin
inkişafında dərin izlər buraxıb: "Məhz Ulu
öndərimizin müəyyənləşdirdiyi gənclər
siyasəti dövlətimizin gənclərə
qayğısını şərtləndirir. Hazırda bu
siyasət dövlətimizin başçısı İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident
İlham Əliyev ölkəmizə rəhbərlik etməyə
başladığı ilk günlərdə gənclərin ən
yaxın dostu olacağını, gənclərə etibar
etdiyini və gənclərin də ona etibar etməsini
arzuladığını ifadə edib. Son 22 ildə biz bu
qarşılıqlı etimadın nəticələrini
görməkdəyik və əminliklə deyə bilərik
ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti
bir nümunədir. Bu siyasət model olaraq dünyanın
inkişaf etmiş dövlətləri tərəfindən
yüksək qiymətləndirilməklə bərabər,
öyrənilir, tətbiq edilir".
A.Məmmədovun sözlərinə görə, gənclərlə
bağlı proqramların, konkret dövrləri əhatə
edən strategiyaların məhz gənclərin fikirlərinin,
arzularının nəzərə alınmaqla qəbul edilməsi,
onların bütün pozitiv təşəbbüslərinin dəstəklənməsi,
dövlət strukturlarında gənclərin təmsil
olunması, gənclərin dövlət hesabına ölkəmiz
üçün strateji əhəmiyyət kəsb edən
ixtisaslarda dünyanın ən prestijli ali məktəblərində
təhsil almağa göndərilməsi, Bakıda müxtəlif
mövzularda gənclərə həsr olunmuş beynəlxalq
tədbirlərin keçirilməsi də bu deyilənləri
təsdiq edir.
O bildirib ki, Prezident İlham Əliyevin müxtəlif
illərdə gəncliyin inkişafı ilə bağlı
imzaladığı fərman və sərəncamlar ölkəmizdə
həyata keçirilən gənclər siyasətinə yeni
impuls verib. Azərbaycan gəncliyi də öhdəsinə
düşən vəzifələri həmişə layiqincə
yerinə yetirib. Bu, ondan irəli gəlir ki, Azərbaycan
dövləti gənclərə hər zaman geniş meydan
verir, bu təbəqəyə daim böyük diqqət və
qayğı ilə yanaşır: "Bu gün gənclər
siyasəti respublikamızda gəncliyin inkişaf yoluna
işıq salıb, gənclərin dövlət idarəçiliyində,
cəmiyyət həyatının bütün sahələrində
iştirak edən güclü sosial təbəqəyə
çevrilməsini təmin edib. Bu baxımdan, Prezident
İlham Əliyevin gənclərlə iş sahəsində həyata
keçirdiyi tədbirlər Ulu öndər Heydər
Əliyev tərəfindən müəyyən olunmuş gənclər
siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən
təqdir edilir".
Millət vəkili Asif Əsgərovun sözlərinə
görə, 1993-cü ildə siyasi hakimiyyətə
qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycanın
gələcək inkişafında gənclərin roluna
xüsusi diqqət yetirmiş və onların cəmiyyətdə
fəal iştirakını təmin etmək məqsədilə
mühüm addımlar atıb. Gənclər siyasəti Ulu
öndərin dövlət idarəetmə
strategiyasının prioritet istiqamətlərindən birinə
çevrilmişdir. Onun uzaqgörənliyi və gənclərə
olan inamı Azərbaycanın gənclər siyasətinin
dayanıqlı bir modelə çevrilməsinə imkan
yaradıb. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan
Gənclərinin I Forumunda Ulu öndər Heydər Əliyev gənclər
qarşısında tarixi məqsəd və vəzifələr
qoyub. Bu Forum gənclərin cəmiyyətin müxtəlif sahələrində
aktiv iştirakı və milli dəyərlərə
bağlılığının təmin edilməsi
baxımından mühüm əhəmiyyət
daşıyıb. Ümummilli liderin 1997-ci il fevralın 2-də
imzaladığı Fərmana əsasən, həmin tarix Azərbaycan
Gəncləri Günü elan edilib. Bu əlamətdar gün
gənclərə dövlət səviyyəsində verilən
dəyərin ən əhəmiyyətli təzahürlərindən
biridir. Həmin vaxtdan etibarən MDB məkanında və
Şərqi Avropa ölkələri arasında ilk dəfə
olaraq Azərbaycanda Gənclər Günü təntənəli
şəkildə qeyd edilməyə başlanıb:
"Hazırda ölkəmizdə gənclər siyasəti
mahiyyət və keyfiyyətcə yeni mərhələyə
qədəm qoyub. Ulu öndər Heydər Əliyevin təməlini
qoyduğu dövlət gənclər siyasəti Prezident
İlham Əliyev tərəfindən yeni dövrün
çağırışlarına uyğun şəkildə
təkmilləşdirilib. Azərbaycan gəncliyi bu diqqət və
qayğını yüksək dəyərləndirməklə
yanaşı, öz məsuliyyətini dərk edir və
müəyyənləşdirilən strateji vəzifələrin
uğurla həyata keçirilməsinə,
respublikamızın dinamik inkişaf edən qüdrətli
dövlətə çevrilməsi prosesinə öz töhfəsini
verir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə 2007-ci il ölkəmizdə "Gənclər ili"
elan olunub. Dövlət başçısının bu təşəbbüsü
gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında
fəallığının daha da artmasına səbəb
olub. Sərəncamla "Gənclər ili" elan
olunmasına dair tədbirlər planı təsdiq edilmiş, o
cümlədən ölkənin şəhər və
rayonlarında "Gənclər evi"nin yaradılması nəzərdə
tutulub. Müasir dövrdə elmin və texnologiyanın
sürətli inkişafı Azərbaycan dövlətinin gənclərlə
bağlı zamanın tələblərinə uyğun siyasət
yürütməsini zəruri edib. Bu zərurəti nəzərə
alan dövlətimizin başçısı gənclərin
intellektual, fiziki və mənəvi inkişafını,
ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında
fəal iştirakını təmin etmək məqsədilə
2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf Strategiyası"nın təsdiq
edilməsi haqqında Sərəncam imzalayıb".
Millət vəkili qeyd edib ki, Azərbaycan gəncləri
üçün ən həlledici sınaqlardan biri də
2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək
davam edən Vətən müharibəsi olub. Şanlı
ordumuzun sıralarında Vətən uğrunda mətanətlə
vuruşan qəhrəman gənclər adlarını
xalqımızın ən yeni tarixinə qızıl hərflərlə
yazıb. Məhz onların rəşadəti sayəsində əldə
olunan bu şanlı Zəfər sayəsində
xalqımız 30 illik həsrətdən sonra tarixi
torpaqlarına qovuşub. Sevindirici haldır ki, gənclərimiz
Vətən uğrunda döyüşlərlə
yanaşı, arxa cəbhədə də yüksək fəallıq
göstərərək ölkəmizlə bağlı həqiqətlərin,
işğalçı Ermənistanın əzəli
torpaqlarımızda törətdikləri vandallıq
aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmasında mühüm rol oynayıb:
"Müasir dövrün
çağırışlarına cavab olaraq, ölkəmizdə
innovasiya mərkəzləri və texnoloji parklar
yaradılıb. Gənclərin rəqəmsal
bacarıqlarının artırılması məqsədilə
müxtəlif proqramlar reallaşdırılır. Müxtəlif
layihələr vasitəsilə gənclər dünyanın
müxtəlif ölkələrində keçirilən tədbirlərdə
fəal iştirak edir, Azərbaycanın həqiqətlərini
dünyaya çatdırır və qlobal platformalarda öz
bilik və bacarıqlarını nümayiş etdirirlər.
Dövlət gənclərin yalnız dəstəkçisi
deyil, həm də tərəfdaşıdır. Gənclərin
fikirlərinin dinlənilməsi, onların təşəbbüslərinə
dəstək verilməsi və qərarların qəbulunda
aktiv iştirakının təmin edilməsi bu siyasətin ən
uğurlu aspektlərindəndir. Dövlət gənclər
siyasəti gənclərin sosial, iqtisadi və mədəni
inkişafını təmin edərək onların cəmiyyətin
lider qüvvəsinə çevrilməsinə şərait
yaradır. Bu siyasət həm milli dəyərlərə, həm
də qlobal çağırışlara cavab verməklə
gəncləri ölkənin sabahkı inkişafının əsas
qüvvəsi kimi formalaşdırır".
Millət vəkili Hicran Hüseynova bildirib ki, hər
bir xalqın tərəqqisində, ölkənin
inkişafında sağlam, vətənpərvər gənclik
mühüm rol oynayır. Gənclər ölkəmizin bu
günü, gələcəyi, həm də sabaha olan
ümididir. 44 günlük Vətən müharibəsində
biz bir daha gördük ki, Azərbaycanın böyük və
güclü gələcəyi var. Çünki sağlam, cəsur,
qəhrəman bir nəslin yetişdiyini gördük.
Onların hamısı Prezident, Ali Baş Komandan İlham
Əliyevin ətrafında bir yumruq kimi birləşdilər.
Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda
vuruşdular, 30 illik Vətən həsrətinə öz
canları, qanları hesabına son qoydular. Tək biz yox,
bütün dünya bir daha gördü ki, xalqımız qəhrəmanlar
yetişdirən xalqdır və ədalətin bərpası
üçün vuruşur: "Gənclərimiz təkcə
döyüş meydanında deyil, bütün sahələrdə
mübarizə aparırdılar, virtual məkanda, ölkəmizin
haqq mübarizəsini işıqlandırırdılar.
Dünyanın müxtəlif ölkələrində
yaşayan gənclərimiz Azərbaycan həqiqətlərini
təbliğ edir, erməni terroru haqqında məlumatlar
yayır, tədbirlər, yürüşlər keçirirdilər.
Yüksək təşkilatlanma var idi. Bütün bunlar bir
daha göstərdi ki, ötən illər ərzində
çox güclü gənclik formalaşıb. Biz gənclərimizlə
fəxr edirik. Hər bir xalqın inkişafında sağlam, vətənpərvər
gənclik mühüm rol oynayır. Gənclər ölkəmizin
bu günü, gələcəyi, həm də sabaha olan
ümididir. 44 günlük Vətən müharibəsində
biz bir daha gördük ki, Azərbaycanın böyük və
güclü gələcəyi var. Çünki sağlam, cəsur,
qəhrəman bir nəslin yetişdiyini gördük.
Onların hamısı Prezident, Ali Baş Komandan İlham
Əliyevin ətrafında bir yumruq kimi birləşdilər.
Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda
vuruşdular, 30 illik Vətən həsrətinə öz
canları, qanları hesabına son qoydular. Allah bütün
şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə
tezliklə sağalaraq, cəmiyyətdə aktiv olmağı
arzulayıram. Tək biz yox, bütün dünya bir daha
gördü ki, xalqımız qəhrəmanlar yetişdirən
xalqdır və ədalətin bərpası üçün
vuruşur. Qeyd edim ki, gənclərimiz təkcə
döyüş meydanında deyil, bütün sahələrdə
mübarizə aparırdılar, virtual məkanda, ölkəmizin
haqq mübarizəsini işıqlandırırdılar.
Dünyanın müxtəlif ölkələrində
yaşayan gənclərimiz Azərbaycan həqiqətlərini
təbliğ edir, erməni terroru haqqında məlumatlar
yayır, tədbirlər, yürüşlər keçirirdilər.
Yüksək təşkilatlanma var idi. Bütün bunlar bir
daha göstərdi ki, ötən illər ərzində
çox güclü gənclik formalaşıb. Biz gənclərimizlə
fəxr edirik".
Sevinc QARAYEVA
525-ci qəzet .-2025- 14 fevral(№28).- S.15.