Bazar, Ağdam bazarı
Hekayə
- Atom bombası yoxdu! Olsaydı, Ağdam bazarında
olardı!
Bu sözlər elə-belə deyilməmişdi. Bu
bazarda hər şey tapmaq olardı, heç Bakıda
tapılmayan malları da. İtalyan tuflisindən tutmuş fin
kostyumuna qədər, rumın mebelinə qədər.
Alverçilər bunu hardan gətirirdi, necə gətirirdi,
heç kim bilmirdi, elə hökumət də.
Bazar nə qədər böyük olsa da,
hamını burda yerləşdirmək mümkün deyildi.
Ona görə də çölündə də bir bazar
vardı. Bazarda taxça ala bilməyənlər onun
çölündə taxça qururdular, taxça qura bilməyənlər
də gətirdiklərini qabaqlarına töküb
satırdılar.
Bazarın qabağındakı küçə
çox enli idi, ümumiyyətlə, şəhərin
bütün küçələri enli idi. Amma buna baxmayaraq,
dörd yanında həmişə tıxac olurdu, heç bəzən
keçmək olmurdu. Bazara girənlər və bir tərəfdən
də taksilər və əhaliyə xidmət taksiləri,
bunlar arxası kəsilmiş QAZ-24-lər idi, yük
daşıyırdılar.
Bazarla üzbəüz Tələt əminin aptekiydi.
Ağır-ağayana, ağsaqqal
bir adamıydı, Çox xeyirxahıydı, yanına gələnləri
boş qaytarmazdı. Öz aptekində olmasa da, mütləq
hardansa o dərmanları tapdırıb gətirərdi.
Bir dəfə Ağcabədinin Bayat kəndindən
bir hazırcavab müəllim gəlir, resepti verir aptekçiyə.
Qız reseptə baxıb deyir:
- Bu dərmanlar bizdə yoxdu.
Müəllim çıxır çölə, on-on
beş dəqiqədən sonra yenidən qayıdır,
qıza deyir:
- Qızım, mənə üç kilo kartof, iki
kilo soğan, iki kilo ət ver.
Qız:
- Ay kişi, sənin başın xarabdı, bura
aptekdi.
Səs-küyə Tələt əmi kabinetindən
çıxır, yaxınlaşıb soruşur ki, nə
davadı.
Qız deyir:
- Tələt əmi, görmürsən məni
dolayır. Deyir üç kilo kartof ver, iki kilo soğan, iki
kilo da ət.
Tələt əmi təəccüblə müəllimi
süzüb deyir:
- Ay qardaş, görürəm ziyalı adamsız,
bura kaptorq deyil, aptekdi.
Onda müəllim resepti verir Tələt əmiyə:
- Əgər bura aptekdirsə, bu dərmanları verin.
Tələt əmini gülmək tutur, resepti alır
və deyir:
- Çıx bağda bir stəkan çay iç,
yarım saatdan sonra gəlib dərmanları apararsan.
Tələt əmi başqa apteklərə zəng
edir, dərmanları tapdırır.
Bazarın qabağındakı bağda iki çayxana
vardı, bu çayxanalar da bazar idi - taksi sürücülərinin,
bir də manısların bazarı.
Taksi sürücülərinin əlləri bəy
şeyinə dəymiş avtoritetləri nərdtaxta, şahmat oynayardılar. Avtoritet
olmayanlar isə yığışıb azarkeşlik edərdilər.
Əslində bu avtoritetlər heç vaxt öz taksilərini
sürməzdilər. Səhər saat 7-də Dəmir yolu
vağzalına getmək, kimisə Ağcabədiyə, ya
İspanakertə daşımaq, axşam da yenə Dəmir
yolu vağzalına bir-iki reys etməyə ərinərdilər,
verərdilər köməkçiləri işlədərdi,
sonra da haqq-hesab edərdilər. Və köməkçilərinə
də günə 15 manat pul verərdilər, ayda təxminən
300-400 manat edərdi ki, bu da ətin kilosu 2 manat 50 qəpik,
yağın kilosu 3 manat 60 qəpik olan bir ölkədə
böyük pul sayılırdı. Rayon Partiya Komitələrinin birinci katibləri də təxminən
bu qədər maaş alardılar.
Bir Həsən kişi işsiz olduğuna görə
Moskvaya dalbadal teleqramlar vurmuşdu. Axırda bu şikayətlərdən
yorulan Moskva şikayətləri göndərmişdi
Bakıya, Bakı da göndərmişdi Ağdama ki, bu adama
bir iş verin, day zəhləmizi tökdü. Katib də
göndərmişdi Bazarkoma ki, bunun qoluna bir
qırmızı bağlayın bazarda gəzsin, bir 300 manat da
maaş verin.
Həsən kişi də bazarda veyillənir, ayda 300
manatını alırdı.
Bir dəfə katib Həsən kişiylə
rastlaşır:
- Day narazılığın yoxdur ki?
- Allaha şükür, yoxdur. Ayda üç yüz
manat maaş alıram.
- Həsən kişi, üç yüz manat da mən
alıram.
Həsən kişi gülüb deyir:
- Yoldaş katib, baxma, yenə sənin
çax-çuxun olar.
Katib şaqqanaq çəkib gülmüşdü:
- Sənin də yəqin bazarda çax-çuxun olar.
Düzdür, katiblərin çax-çuxu olurdu, amma
Həsən kişinin çax-çuxundan yox.
Hərdən şahmat oynayanlarla nərdtaxtaçıların
az qala davası düşürdü:
- Ə, o daşı yavaş vurun dana,
başımızı xarav elədiz.
Nərdtaxta oynayanlar:
- Nərdin gözəlliyi daşın
şappıltısıdı. Xoşunuza gəlmirsə, gedin
ayrı yerdə oynuyun.
Bu bazarda manıslar da toy tutmaq üçün
çayxanaya yığışırdılar. Söhbət həmişə
toydan gedərdi, kimin gözəl oxumağı, kimin gözəl
tar çalmağı, kimin xaric oxumağı söhbətləri
gedirdi, müştəri gözləyirdilər.
Oğul evləndirmək istəyənlər başqa
rayonlardan, hətta Bakıdan gəlib burdakı manıslarla
toylarını danışardılar. O vaxtlar toyları xanəndələr
aparırdı, özü də iki gün. Bəy tərifiylə
də bitirərdilər.
Hələ dingilin-furuş oxuyan müğənnilər
yoxuydu. Nə xınayaxdı, nə də qız toyu olurdu.
Qız toylarına paltarbiçmə deyirdilər. Bir qadın
çıxırdı stolların üstünə hədiyyələri
yığardı. Adamlar paltar üçün parça,
atrez hədiyyə edərdilər. Təbii ki, pul da salanlar olurdu.
Məclisi aparan xanım deyərdi:
- Filankəs iyirmi beş manat. Oğluna-qızına
borc olsun.
Və bir də xanəndələr toy
danışmazdı, əsas şabaşa gedərdilər. Bəzən
şabaş o qədər çox olurdu ki, toy sahibi dilxor
olurdu.
Adlı-sanlı sənətkarlar adətən bu
çayxanaya gəlməzdilər. Məsələn, Qədir
Rüstəmov, Rəmiş, Aydın Məmmədov, Aydın
Niftalıoğlu, Səxavət Məmmədov. Çayxanada
onların nümayəndələri otururdu,
danışığı da onlar aparırdı.
Qədirlə Rəmiş hər adamın toyuna getməzdi.
Rəmiş rayonda olanda hərdən maşını
çayxananın yanında saxlayar, manıslarla salamlaşar və
çayxananın bir günlük hesabını stolun
üstünə atıb gedərdi.
Və hərdən də əhaliyə xidmət taksilərinin
birinin banına piano qoyub şəhərin mərkəzi
küçələrinə sürdürər və piano
çalardı. Camaat da yığışardı yolun
qırağına ki, Rəmiş indi piano çala-çala
keçəcək. Çiynində də Rəmişin
özünə oxşayan bir meymunu vardı. Meymunun boynunda
enli bir qızıl zəncir vardı və zəncirdə də
qızıl bir lövhə, üstündə də meymunun
adı yazılmışdı: "Ramin". Hansısa
çox sevdiyi bir dostunun oğlunun adı idi.
Bir dəfə bir uşaq gəlir evə ki:
- Papa, bayaq şəhərdə Rəmişi
gördüm, çiynində də meymun.
Atası da qayıdır:
- Ay oğul, day denən iki meymun görmüsən də.
Bu söhbət şəhərdə
yayılmışdı, amma Rəmiş inciməmişdi, əksinə,
gülümsəmişdi.
Bazara girəndə sağ tərəfdə qeyri-adi,
sağlam bir adam oturardı ki, əynində də
yayda-qışda mayka olardı. Üzünə baxmağa adam
qorxurdu, çünki üzü yanıb çox eybəcər
hala düşmüşdü.
Və bir gün qəflətən yoxa
çıxdı. Hərə bir söz
danışırdı onun haqqında. Ən çox da
deyirdilər ki, Amerikanın casusuymuş. Amerikada eşidiblər
ki, Ağdamda atom bombası satılır, onu göndəriblər
ki, görsün bu düzdü, yoxsa yox. O da gəlib bir-iki il
bazarda oturub və dəqiqləşdirib ki, bu bazarda hər
şey satılsa da, atom bombası yoxdu və çıxıb
gedib. Yanmış sifəti də maskaymış.
Bazarın özü şəhərin içində
bir rayon idi. Birinci katibi də vardı, ispalkomu da, rəisi də,
hətta prokuroru da. Rayonun nə rəhbərliyi, nə də
güc strukturları bazarın işinə
qarışmazdı, aylıq haqlarını alırdılar.
Bir nömrəli məktəbin direktoru Süleyman
müəllim dəfələrlə yuxarılara şikayət
eləmişdi ki, bizim uşaqların tərbiyəsini bazar
pozur, onlarda bazar təfəkkürü yaradır, bu bazarı
burdan köçürün.
Katib:
- Süleyman müəllim, ağsaqqal adamsan, bu
bazarın üç yüz illik bir tarixi var, bunu necə
köçürdə bilərəm? Vallah, o bazar əhli bizi
burdan köçürər.
Süleyman müəllim:
- Onda məktəbin yerini dəyişin, təzə məktəb
tikin.
- Bir nömrəli məktəbin də tarixi var, şəhərin
ilk məktəbidi, onu da köçürə bilmərəm.
İstəyirsən səni başqa məktəbə dəyişək.
- O məktəb mənim həyatımdı, bu məktəbi
Rafiq Əliyev, Xudu Məmmədov, Ədilə Namazova, Ziyəddin
və Rəşid Göyüşov qardaşları bitirib.
İndi bazar uşaqları yetişdirəcəyik?
Rafiq Əliyev Xudu Məmmədov kimi şəhərin
fəxri idi. 35 yaşında Texnika elmləri üzrə elədiyi
kəşf üçün SSRİ dövlət
mükafatı almışdı.
- Bazar da ordakı adamların həyatıdı.
Əslində Süleyman müəllim bilmirdi ki, məktəbin
yuxarı sinif şagirdləri bütün bazarda veyillənirlər.
Müəllimlər onları bazarlıq eləməyə
göndərir.
Məsələn, Musa müəllim Elməddini (Elməddin
Sərdar) çağırır, cibindən bir
üçlük çıxardıb deyir:
- Get bazara,üç kilo ət al, üç kilo
kartof, göy-göyərti, bir-iki kilo da qızıləhmədi
alma.
Elməddin baxır əlindəki üçlüyə,
görür ki, müəllimin dediyi bazarlıq on-on iki manat eləyir.
- Məllim, bəs zdaçı kimə verim?
Ənvər müəllim Nicat Novruzoğluna bir manat
pul verir. Deyir üç çörək, on qəpik də sənin.
Nicat gedir əliboş qayıdır. Və
çıxarır məllimə doxsan qəpik qaytarır,
deyir:
- Məllim, çörək qurtarmışdı,
amma mən zdaçımı götürdüm.
Sonralar İspanakertdə Pedaqoji İnstitut
açıldı və Süleyman müəllim də həmin
İnstituta Azərbaycan bölməsinə dekan göndərildi,
amma ürəyi məktəbdə qaldı.
Bazarın girişindəki qapının düz
ortasında bir pinəçi oturardı. Adamlar məcbur olub
onun sağından-solundan keçərdilər.
Bir dəfə rayonun, bazarın yox ey, rayonun ispalkonu
Aydın müəllim bazarlıq eləmək
üçün sürücünü göndərmir, maraq
üçün özü gəlir.
İçəri keçəndə yolun ortasında
oturmuş pinəçini görür və bazarın birinci
katibinə deyir ki, bunu burdan götürün, qoyun bir kənara.
Tez bazarın ispalkomu kişinin şey-şüyünü
yığır, özünü də alır
qucağına qoyur bir kənara.
Gecə Mərkəzi Komitədən bir məmur
Aydın müəllimə zəng edir:
- Qardaş, bizim də o şəhərdə bir
yaxın adamımız var, bu gün onu incitmisən.
- Kimdi?
- Bazarda oturan pinəçi.
Aydın müəllim havalanır:
- O palın-palçığın içində
oturmuşdu qapının ağzında, dedim
götürün ona bir rahat yer verin.
- Əşi, sən Allah, qaytarsınlar öz yerinə.
Aydın müəllim tez bazarın birinci katibinə zəng
edir və deyir:
- Elə indicə, gecə olsa da, o dəyyus pinəçinin
şey-şüyünü qaytarın öz yerinə.
Yəni bazardakı pinəçinin də hardasa
yuxarılarda bir dostu-tanışı vardısa, görün
alverçilərin, satıcıların haralarda adamı
vardı. Ona görə rayon rəhbərliyi
bazarın işinə qarışmırdı.
Bazara girəndə sol tərəfdə qəssabların
köşkü idi. Əslində bu qəssablardan yalnız
Temir əmiyə qəssab
deyirdilər, o birilərinə "ət satan" deyirdilər.
Temir əmi həqiqətən qəssab idi, ət
satdığına görə yox, özü qəssabıydı,
yəni igid adamıydı, rayonda böyük hörmət
sahibi idi. Özü kimi qəssab, yəni igid olan üç
oğlu vardı. Oğullarından ikisi "Qarabağ"
komandasında oynayırdı, biri də kapitanıydı. Uzun
illər sonra ara qarışanda, yəni ermənilər
quduranda deputat oğlu Eldar Bağırovu Bakıda
küçənin ortasında güllə ilə
vuracaqdılar. Hələ də onun qətli müəmmalıdı.
Böyük oğlu Allahverdi Bağırov isə Eldardan sonra
rayonda könüllülərin komandanlığını
öz üzərinə götürüb ermənilərlə
vuruşub və sonda qəhrəmancasına şəhid
olmuşdu. Milli Qəhrəman adı vermişdilər.
Ortancıl oğlu Əmir də polis polkovniki idi.
Temir əmi belə bir qəssabıydı. Analar
uşaqlarını ət almağa göndərəndə
deyirdilər ki, Temir əmidən alın. Çünki
bilirdilər ki, o kişi təmiz adamdı.
Və hər uşaqdan soruşardı:
- Anan nəlik istəyib?
- Dolmalıq.
- Bala, sənin anan nə istəyib?
- Bozbaşlıq.
O da uşaqlara onların istədiyi kimi dolmalıq və
ya bozbaşlıq ət verərdi.
Şənbə-bazar günü Ermənistandan yezidi
kürdlər ZİL-130-da bazara bir maşın qoyun gətirərdilər,
hamısı da erkək. Amma bu kürdlərin dili bizim
kürdlərin dilinə heç oxşamırdı. Qəssablarla
razılaşıb müvafiq qiymətə hamısını
satardılar. Sonra da qazandıqları pulları bazarda xərcləyib
qayıdardılar. Yəni bir maşın qoyunun pulu elə
bazarda qalırdı.
Yumurta Bəhram adında bir əldən iti adam
vardı, o da ət işiylə məşğuluydu.
"Volqa"nın "Volqa" vaxtı maşının
oturacaqlarını söküb içində bazara qoyun
daşıyardı.
Hərdən də deyərdi:
- Ə, bu maşına elə qiymət qoysunlar ki,
hamı ala bilməsin. Mənim də "Volqa"m var, Dərzi
Qulunun da. Day bizim nə fərqimiz oldu?
Bir də görürdün Kəlbəcərdən gəlmiş
bir adam çıxıb QAZ-24-ün üstünə, əlindəki
açarı fırlayıb deyir:
- Bu qaz iyirmi dördü təmiz qanlı bir
Qarabağ atına dəyişirəm.
QAZ-24-ün də QAZ-24 vaxtı idi. At alverçiləri
ilə sövdələşib axırda QAZ-24-ü təmiz
qanlı bir ata dəyişib və atla da qayıdırdı Kəlbəcərə.
Bayaq dediyim kimi, birinci cərgə ətçilərin
idi. Ətçilərdən sonra Xuraman xanımın
böyük bir mağazası, ondan sonra iki böyük
örtülü bina vardı. Birində qaymaq, yağ, şor,
qatıq satanlar yığışardı. O birində isə
həm diri, həm də kəsilmiş toyuq, yumurta satanlar
yığışırdı.
Qaymaq satanların arasında mübahisə düşərdi
- biri Seyidli qaymağını tərifləyərdi, biri də
Qiyaslı. Yerli adamlar Qiyaslı qaymağını sevərdilər.
Bir də görürdün Qiyaslı qaymağı
qurtarıb və seyidlilər gəlmələrə qaymaqlarını Qiyaslı
adıyla sırıyırdılar.
Səhər-səhər bazara gələnlər burdan
qaymaq, bal alıb özlərini verirdilər bazarın sol tərəfindəki
böyük çayxanaya - "Astorq İbrahimin
çayxanası" deyirdilər. Bu kişi rayonda həm
Ticarət idarəsinin, sonra univermağın, sonra da
İctimai iaşənin sədri olmuşdu.
Özü də həmişə toylarda
"Camış bağa girdi, gəl" mahnısını
oynayırdı, ağır-ağır. Uzunboylu kişi
qollarını açanda qartala oxşayırdı.
Oğlu Jdanov rayonunda partiyaya namizəd keçiriləndə
atasının univermaq müdiri olduğunu yazmışdı.
Bir ildən sonra üzvlüyə keçəndə isə
atasının İctimai iaşənin sədri işlədiyini
yazmışdı.
Partiya təşkilat şöbəsinin müdiri
soruşmuşdu:
- Ay oğul, səhv yazmamısan?
- Xeyr.
- Ümumiyyətlə, sənin atan nə işləyib?
- Otuz altıncı ildən altmış
dördüncü ilə qədər Ağdam rayon Ticarət
İdarəsinin sədri. Altmış dörddən yetmiş
üçüncü ilə qədər Mərkəzi
Univermağın müdiri. İndi də İctimai İaşə
İdarəsinin müdiri.
Təşkilat şöbəsinin müdiri
gülüb demişdi:
- Ay oğul, orda yazdıqlarının hamısını
poz, yaz ki atam Ağdamın ticarət naziridi.
İndi Ağdamın "ticarət naziri" pensiyaya
çıxanda da bu çayxananı
bağışlamışdılar ona ki, vaxtını
öldürsün. Yeganə çayxana idi ki, burda müdirin
kabineti və telefonu vardı.
Hamı gəlirdi:
- İbrahim əmi, zəng eləmək olar?
O da axırda yorulub
demişdi ki, bu telefonu kabinetdən çıxarın
bayıra ki, kim istəyir gəlib zəng etsin, mənim zəhləmi
tökməsin.
Bu bazar "Kolxoz bazarı" adlanırdı, amma
bazarda bir dənə də kolxozçu tapmazdın.
Kolxozçular matahlarını səhər saat 6-7-də gətirib
alverçilərə satıb çıxıb gedirdilər.
Şənbə-bazar da gəlirdilər öz
satdıqlarını
alverçilərdən almağa.
Bayaq dedim ki, bazarın birinci katibi, ispalkomu, rəisi,
prokuroru vardı. Bazarkom birinci katib idi. Otururdu kabinetində,
bazara nəzarəti ispalkom, yəni
müavini həyata keçirirdi.
Bazarın polis rəisi isə sahə müvəkkili
idi.
Hər rayonda şəhərin bir sahə müvəkkili
olduğu halda, bu şəhərdə dörd sahə müvəkkili
vardı, təbii ki, əhalinin sayına görə. Biri də
təkcə bazara baxırdı.
Bazarda dava çox az olardı. Dava düşəndə
də bazarın prokuroru Möhü dayı işə
qarışardı. Möhü dayının bazarın
içində bir qəzet köşkü vardı. Bura ermənicə
də "Kommunist" qəzeti göndərirdilər.
Möhü dayı hirslənərdi:
- Ə, mən bu qəzeti kimə satım? Heç
şəhərdəki ermənilər də ermənicə
oxuya bilmir.
Bu qəzeti adətən tum satanlara elə müftə
verərdi, "Vışka" qəzetini isə ət
satanlar alırdı. Çünki onlar heç vaxt ermənicə
"Kommunist" qəzetinə ət bükməzdilər.
Amma burda elə qəzetlər vardı ki, onları
öz daimi müştərilərinə altdan və baha qiymətə
satardı. Məsələn, "Literaturnaya qazeta"nı
Möhü dayı 5 manata, "Futbol-xokkey" qəzetini 3
manata, "Sovetskiy sport"u 2 manata, "Qobustan"
jurnalını isə 5 manata.
Bazarda dava düşəndə də gəlirdi sahə
müvəkkilinə deyirdi çəkil kənara, özü
davanı sakitləşdirərdi, günahkarı da
özü cəzalandırardı. Günahkarın da cəzası
o olardı ki, biri Möhü dayının cibinə bir iyirmi
beşlik basardı, o birisi də Möhü dayıya
bazarın milis rəisiylə Sarı təpədəki yeməkxanada
qonaqlıq verərdi.
Bazara girəndə sağ tərəfdə
dükanlar sıralanırdı. Bu dükanlarda geyim-kecim,
ayaqqabı, uşaq paltarları olurdu. Sonunda isə bir
çayxana vardı ki, bu çayxanaya da burda işləyənlər
və qarpız satanlar yığışardı.
Çünki dükanların önündə
qarpız-yemiş satanlar sıralanardı. Adətən
qarpız-yemişi Ağcabədidən gətirərdilər.
Çayxananın sol tərəfində isə dəmirçilərin
dükanları başlayıb və bazar bitəndə bitirdi.
Burda dəmir darvaza, qapı, pəncərə çərçivəsi,
odun, nöyüt, qaz sobaları və onların turbaları
satılırdı. Bir də qəbiristanlıqlar
üçün qəbirlərin kənarına cağ düzəldilirdi.
Evin üstünə vurulmaq üçün həm qara, həm
də ağ dəmir olurdu. Və heç kim də
soruşmurdu ki, bu qədər dəmiri hardan
alırsınız. Ağsaqqalları da Dəmirçi
Bağır idi. Taqqa-tuqdan qulaq
tutulurdu. Onlar çayxanaya gəlməzdilər. Bir nəfər
bütün günü Şaban kimi bunlara çay
paylayardı. Və dəmirçilər bilmirdi ki, bu
bazarın Şabanı bəzən onlardan çox pul
qazanırdı.
Bazarın sol tərəfində üç taxça
sırası vardı. Bunun ikisində meyvə,
qoz-fındıq satılırdı, birində isə
yarısına qədər göy-göyərti,
yarısından sonra isə pomidor, xiyar, bir də turşu.
Adam göy-göyərtiyə baxanda iştaha gəlirdi,
o qədər gözəl idi ki, adam az qalırdı otlaya.
Turşunu isə əsasən Hadrutdan, Çartazdan,
Martunidən olan ermənilər gətirirdi. Amma özləri
satmazdı, təbii ki, onu da alverçilər alırdı.
Ermənilər də qazandıqları pula qələm, dəftər,
uşaq pal-paltarı alıb aparırdılar. Bir sözlə,
ermənilər də qazandıqları pulu elə bazarda xərcləyirdilər.
Bazarın Mərkəzi Univermağının
qarşı hissəsində isə kartof, soğan, sarımsaq
düzülürdü taxçalara. Kartofu əsasən Gədəbəydən
və Tovuzdan gətirirdilər və onu da verirdilər
bazarın alverçilərinə. Amma onlar bütün
pullarını bazarda qoyub çıxmırdılar. Bir hissəsinə
kostyum, ayaqqabı alır, qalanlarını aparırdılar.
Kartofçuların qabağında bir cərgədə
də düyü satardılar. Bu düyü də Lənkəran
və Şəkidən gəlirdi, bir də İran
düyüsü. Adamlar adətən Lənkəran
düyüsünü bəyənirdilər.
Göy-göyərti satılan yerdə bir ayaqqabı
köşkü vardı. Həmin köşkün
önündə bir taxt qoymuşdular və Qarabağın məşhur
seyidi Seyid Lazım Ağa həmin taxtda otururdu. Nəziri
olanlar da gəlib əlini öpüb nəzirlərini verirdilər.
Ağa ali məktəbə oxumağa gedənlərə, bir
də Rusiyaya alverə gedənlərə bir manat pul verərdi
ki, bərəkət puludu. Bax, o pul həqiqətən bərəkətli
olurdu.
Müharibə başlayanda ermənilərin
atdığı bir "Qrad" gəlib düz bazarın
ortasına Ağanın oturduğu yerin 15-20 metrliyində
girmişdi torpağa, amma partlamamışdı. Bu da
Ağanın şöhrətini birə-beş
artırmışdı.
Bazarın sağ tərəfində pal-paltar mağazalarının
cərgəsində papaqçıların da köşkləri
vardı. "Arşın mal alan" filmi ekrana
çıxandan sonra Süleymanın bəy papağı dəbə
düşdü. Şəhər camaatı bu
papaqçılara Qaragül dərisindən papaq sifariş
etməyə başladılar. Bir belə Qaragül dərisini
Türkmənistandan vurub gətirirdilər. Amma saxta dəri də
olurdu, onun qiyməti ucuz idi, 40 manat. Qaragül isə 100-120
manata idi. Özü də iki rəngi vardı, biri qara, biri də
qəhvəyi.
Bir Bəy Sabir vardı, onun əli bəy şeyinə
dəyməmişdi, elə əslən-nəslən bəy
idi. Dədə-babalarını da, dayılarını da 37-ci
ildə güllələmişdilər, bircə quru bəyliyi qalmışdı. Amma
yerişi-duruşu bəy idi, geyiminə-keciminə də
söz ola bilməzdi. Özü də hər kostyumu da öz
qalstuku və öz tuflisiylə. Amma o, Süleymanın
papağından tikdirməmişdi, generallar qoyan qəhvəyi
rəngdə papaqdan tikdirmişdi. Yəni burda da öz bəyliyini
göstərmişdi. Taksisinin nömrəsi də fərqlənirdi,
07-00. Və heç kəs ölənə qədər (cavan
ölmüşdü) onun taksi sürdüyünü görməmişdi.
Adına olan taksini həmişə köməkçisi
sürərdi. Özünün isə "06"sı
vardı, hərdən o da yolunu bazardakı çayxanaya
salardı, şahmat oynamağa. O, şahmat oynayanda nərdtaxtaçılar
nərdtaxtanı yığışdırardılar ki, Bəyə
mane olmasın.
Bir ara uzunboğaz xrom əsgər ayaqqabıları dəbə
düşdü. Buna "sapoq" deyirdilər. Çəkməçilər
xrom sapoq tikməkdən yorulurdular. Az qala şəhərin
yarısı xrom sapoq geyinirdi, yuxarı sinif şagirdləri də.
Onun da qəribə bir qıjıltısı vardı yeriyəndə.
Bir nömrəli məktəbin yuxarı sinif
şagirdləri də bu qıjıltılı xrom sapoqu geyməkdən
xoşhallanardılar.
Bir müəllim dəfələrlə uşaqlara
irad tutmuşdu ki, ay bala, dərsə gələndə adam
ayaqqabısı geyinin. Amma kim idi müəllimə qulaq asan.
Axırda müəllim əsəbləşib
getmişdi məktəb direktorunun yanına ki, şikayət
eləsin.
İçəri girəndə görmüşdü
direktor ayaq üstə dayanıb, əlini kitelinin yaxasına
Stalin kimi salıb ayağında da xrom sapoq.
Direktor:
- Məllim, nəyə gəlmisən?
Müəllim başını peşman-peşman
yırğalayıb:
- Day heş nəyə!
Alverçilər iki cür olurdu.
Çoxlarının dükanı vardı və tapılmayan
malları piştaxtanın altından satırdılar. Bəzi
alverçilər isə gətirdikləri malları dost
dükanlarında saxlayır, amma kostyumun pencəyini bəzən
üst-üstə geyib, "kostyum var" deyə-deyə
bazarda fırlanırdılar. Bir də görürdün
bazarın ortasında kimisə soyundurub pencəyi geyindirirlər
ki, gör xoşuna gəlir. O da yan-yörəsindən
keçənlərdən soruşurdu ki, baxın, bu mənə
yaraşır, ya yox. Onlar da yaraşdı-yaraşmadı deyirdilər ki, əyninə tikilib,
raykom katibinə oxşayırsan. Sonra da qayıdıb
dükanda saxladıqları şalvarı verirdilər, onu da
geyindirirdilər, köhnə pal-paltarlarını da verirdilər
qoltuğuna gedirdi.
Bazarda tez-tez belə bir söz eşidilirdi:
- Cücəli toyuq var!
Bunu tapança satanlar deyirdilər, hamı da söhbəti
başa düşürdü.
Bəzən bunu başa düşməyənlər də
olurdu, soruşurdular ki, qardaş, mənə bir
üç-dörd dənə cücəli toyuq ver.
Silah satan da onun görünüşünə
baxıb qayıdırdı:
- Ə, yer get, sən özün elə toyuğsan
dana.
Bu silah satanlardan tapança almaq istəyənlər
mütləq şəhərin tanınmış
adamlarından biriylə gəlməliydilər. Silah satan da həmin
tanınmış adama etibar edib tapançanı verərdi.
Bazarın milis rəisi bu tapança satanlara
yalvarırdı ki, tapançanı kimə satmısan de,
gedim onu yolum. Amma onlar həmin etibarlı şəxsin xətrinə
heç vaxt bu sirri açmazdılar.
Bazarın Xanəhməd adlı bir sərgərdanı
vardı. Heç kəs onun xətrinə dəymirdi.
Bazarı gəzir, mer-meyvədən, qoz-fındıqdan öz
yediyi qədər götürürdü, bir az da
oğurlayırdı. Oğurladıqlarını da axşam
aparıb qonum-qonşuya paylayırdı.
Əvvəl Temir əmi, Temir əmi öləndən
sonra isə Eldar həftədə iki dəfə Xanəhmədə
yarım kilo ət bağışlayırdılar ki, apar
bişirtdir ye.
Şəhər camaatından kimlərsə Moskvaya
teleqram vururlar ki, Ağdamda bir Xanəhməd var, bizi
yığıb boğaza. Moskva da teleqramı göndərir Bakıya, Mərkəzi
Komitədən bir məmur durub gəlir Ağdama, katibin
yanına. Teleqramı göstərir ki, bu nədi, indi də Ağdamda xan
peyda olub, camaatı da incidir? Birinci katibi gülmək tutur.
Adam göndərir ki, gedin Xanəhmədi gətirin bura. Xanəhmədi
gətirirlər katibin otağına, kirin-pasın içində,
üstündə də cır-cındır.
Katib Mərkəzi Komitədən gələnə
göstərib deyir:
- Sizin axtardığınız xan budur. O Xan Əhməd
deyil, adı Xanəhməddi.
Sonra da işçilərinə tapşırır ki,
onun cibinə iyirmi-otuz manat qoyub yola salın.
Və Xan Əhmədi ifşa edə bilməyən məmur
da suyu süzülə-süzülə qayıdır
Bakıya.
Şənbə-bazar Qarabağda yaşayan ermənilərin
nə qədər imkanlı, ayağı yer tutan vardı
tökülürdü bazara. Uşaqlarına pal-paltar, özlərinə
geyim-kecim, mer-meyvə alırdılar.
Ümumiyyətlə, şənbə-bazar bazarda iynə
atsan, yerə düşməzdi. Qarabağın bütün ətraf
rayonlarının camaatı, eləcə də Ağdamın
kənd camaatı tökülürdü bazara.
O vaxt kolxozçulara pulsuz "Moskviç-412"
bağışlayırdı hökumət, "Jiquli"ləri
isə növbəsiz paylayırdı, amma pulla. Bu
kolxozçuların isə heç birinin
sürücülük vəsiqəsi yox idi, maşın
sürməyi də bilmirdilər. Amma lovğa-lovğa gəlirdilər
şəhərə.
Şəhər camaatı isə şənbə-bazar
maşını həyətdən
çıxarmırdılar, qorxurdular ki, maşınları əzilər.
Belə bir söz deyirdilər:
- Suçular şəhərdədi!
Hər şənbə-bazar da mütləq bu
"suçular" şəhərdə beş-on qəza
törədərdilər. Onlarla avtomobil müfəttişləri də
bacarmırdı.
Deyirdilər:
- Bir adamdan pravası olmadığına görə nə
qədər pul alarlar? Artıq biz onlardan pul almaqdan utanırıq,
amma onlar utanmırlar.
Yəni şənbə-bazar günü kolxoz
bazarı olurdu elə kolxoz bazarı. Kolxozçular özlərinin
gətirib alverçilərə satdıqlarını bir az da
baha qiymətə alırdılar.
Təbii ki, bazara gələn elə gəlmişkən
qəndini, çayını, şəkərini,
yağını da alıb qayıdırdı.
Ağcabədinin Ticarət İdarəsinin müdiri əsəbləşirdi,
çünki bunlar onun ticarətinə mane olurdu. Deyirdi:
- Ağcabədidə çay-qənd yoxdur ki, onu da
gedib Ağdamdan alırsız, özü də baha qiymətə?!
Bazarda 12-13 yaşlı uşaqlar əllərində
kuzə su satırdılar və bərkdən oxuyurdular:
Ay sərin su pərvəri,
Ürəyi yanan, gəl bəri.
Bazarda su köşkü vardı və burda suyun stəkanı
beş qəpik idi. Amma uşaqlar stəkanı on qəpiyə
satırdılar. Adamlar ya su
köşkünə getməyə ərinirdilər, ya da bu
uşaqlara kömək eləmək üçün suyu
onlardan alırdılar.
Ay sərin su pərvəri,
Ürəyi yanan, gəl bəri.
Bir də bu uşaqları futbol vaxtı İmarətdə
görərdin.
Sonra bu uşaqlar böyüdü, döyüşdə
ürəkləri yananda nəinki sərin su, heç su
tapmadılar və su sinələrini də erməni güllələrinə
sipər edib şəhid oldular, şəhərlərini
qorudular.
Hələ o günə vardı. Hələ bazarda
oxuyurdular:
Ay sərin su pərvəri,
Ürəyi yanan, gəl bəri.
Xalq Cəbhəsi hakimiyyətdə olanda prezident Ermənistanla
və Dağlıq Qarabağla 17 rayonu birləşdirən
xüsusi nümayəndəlik yaratmışdı. Nümayəndəliyin
rəisi də Surət Hüseynov idi. Onun da Hüseyn
adında birinci müavini vardı. Bir gün Hüseyn rayonun
icra başçısının birinci müavini, Xudu Məmmədovun
bacısı oğlu Akif müəllimi və iki nəfər
də SƏDM əməkdaşını götürüb
gedirlər bazara ki, alverçiləri qovacağıq.
Alverçiləri qovsalar, gərək bazar bağlanaydı.
Girirlər bazara, başlayırlar sənədləri
yoxlamağa. Alverçilər bunların üstünə necə
tökülürsə, nə yemisiniz, turşulu aş. Həmin
vaxt başçının müavini, eləcə də
komendantın müavini olan Rüstəm müəllim
onları birtəhər alverçilərin əlindən
qurtarmışdı, üzünü də Akif müəllimə
tutub demişdi:
- Akif müəllim, sən savadlı adamsan, məktəb
direktoru işləmisən, bilmirsən ki, bazar Xüsusi idarənin
səlahiyyətinə daxil deyil, qoşulmusan bu Hüseynə?
- sonra da üzünü alverçilərə tutub
demişdi: - Bu gündən bu oboxeyislərə
pay-pürüş göndərməyi kəsin.
Bazarda "Marlboro" əskik olmazdı - biri üç
manat. Ətraf rayonlardan da gəlib biri üç manatdan
qutu-qutu "Marlboro" alıb aparırdılar. Və
çoxları fikirləşirdi ki, bu qədər
"Marlboro" hardan Ticarət İdarəsinə necə
göndərilir?
Çox yox, iki alverçi sirri açım. Rusiyadan
Ağdama tonlarla konserv göndərilirdi, şəhərdə
isə bu konservini yeyən yox idi, qalırdı anbarlarda.
Abı xanım gedirdi Rusiyaya müqavilə
bağlayırdı. Vaqonla konservanı göndərirdi
Rusiyaya, əvəzində də vaqonla biri 1 manat 50 qəpikdən
"Marlboro" vurub gətirirdi şəhərə. Və
onu da 2 manat 50 qəpikdən verirdi alverçilərə,
alverçilər də üstünə 50 qəpik qoyub
satırdılar. Ətraf rayonlardan gəlib qutu-qutu
alverçilərdən "Marlboro" alan ticarət
işçiləri də aparıb öz rayonlarında
dörd manata satırdılar.
Bazarda dükanı olan Xuraman
xanım isə gedirdi Rusiyaya corab istehsal edən fabrikə.
Bu fabrik "brak" corabları qırx qəpiyə
satırdı. Xuraman xanım da zavod rəhbərliyinə hər
corabdan on qəpik artıq verib "brak" olmayan corabları
"brak" adıyla "aformit" elətdirib gətirirdi
şəhərə və bir manata alverçilərə
verirdi. Alverçilər də üstünə on-iyirmi qəpik
qoyub satırdılar.
Bir qrup alverçi vardı ki, onlar evlərindən
çölə çıxmırdılar. Onların işi
qızıl-brilyant satmaq idi.
Yağ qəhətə çıxanda adamlar gedib
Yerevandan maşın-maşın yağ vurub gətirirdilər.
Bir dəfə bir alverçi xanımın evindən
on qutu yağ çıxmışdı. İşi
verilmişdi müstəntiqə.
Camaat da tökülmüşdü müstəntiqin
üstünə ki, nə qədər pul lazımdır
götür, amma nə olur-olsun qadını həbs etmə,
bu bizə yaraşmaz.
İkram adlı müstəntiq çox fikirləşəndən
sonra bu on qutu yağı on paçka ilə əvəz eləmişdi.
Bu da təxminən iki kilo yağ demək idi və burda cinayət
tərkibi görməyib işi xətm etmişdi. Sonra polisdən
kimsə bu məsələni Daxili İşlər Nazirliyinə
yazmışdı. Daxili işlər naziri də Cəfər Vəliyev müstəntiq
İkram Abdullayevi daxili işlər orqanlarından xaric eləmişdi.
İkram da işinə bərpa olunmaq
üçün müraciət eləmədiyi dövlət
orqanları qoymamışdı. Axırda nazir İkramı
çağırıb demişdi:
- İstəyirsən BMT-yə şikayət et, səni
geri qaytarmayacam.
İkram da qayıtmışdı:
- Yoldaş nazir, mən bilirəm kimə şikayət
edəcəm.
Sonra da Şamaxıya gedib Sabirin
başdaşını qucaqlayıb bir şəkil çəkdirib
göndərmişdi nazirə və şəklin altından
da yazmışdı: "Mən şikayətimi bu kişiyə
etdim".
Şəkil və söz naziri çox bərk
tutmuşdu və Kadrlar İdarəsinin rəisini yanına
çağırıb demişdi:
- O avaranı işinə bərpa edin.
İndi İkram Abdullayev məşhur vəkildi.
Bazarda Əhməd adlı bir alverçi də miras
paltarlar satırdı. İnsanların çoxu
ölmüş yaxınlarının paltarlarını evdə
saxlamağı sevməzdi ki, bədlik gətirir. Əhməd
də həmin adamlardan o paltarları toplayıb, özü də
bunların içində elələri olurdu ki, heç geyilməmişdi,
bazarda tökürdü qabağına ucuz qiymətə
satırdı. Camaat Əhmədin adını
"Qarağacıtorq" qoymuşdular. Qarağacı isə
Ağdamda məşhur qəbiristanlıqıydı.
Qardaşı da alverçi idi, elə onun kimi. Sonra iki
qardaş birləşib bir "Moskviç"
almışdılar, Əhmədin qardaşı oğlu
sürürdü. O da tez-tez qardaşı oğlunun
maşın sürməyini hamıya tərifləyirdi. O qədər
təriflədi ki, yazıq uşaq gözə gəldi və
maşını vurdu.
Bazarın ispalkomu da Müzəffər kişi idi. Həm
taxçalara talon paylayırdı, həm də pul
yığırdı. Bəzən taxça sahibləri artıq
alınan pulun üstündə mübahisə edirdilər.
Müzəffər kişi də deyirdi:
- Siz satdığınız malları qiymətindən
artıq sata bilərsiniz, mən talonu sizə
yazıldığı qiymətdən artıq verə bilmərəm?
Müzəffər kişi də qazandığı
puldan hər həftə rayonun ispalkomuna bazarlıq göndərirdi.
Necə ki bazarın birinci katibi hər bazar rayonun birinci katibinə
pay-pürüş göndərirdi. Bazarın milis rəisi də
şəhərin milis rəisinə. Bircə bazarın
prokuroru Möhü dayı heç kimə, o cümlədən
də şəhərin prokuroruna pay göndərməzdi. Nə
qazanırdısa, hamısı özünün idi. Hələ
şəhər Milis idarəsinin
rəisi bazarda qayda-qanunu yaxşı yaratdığına
görə ona (bir drujinnik) vəsiqəsi və nişanı
da vermişdi. Çox vaxt nişanı döşündən
asırdı.
Ağdam azad olunandan sonra hökumət adamları və
"Qarabağ" komandası ilə birlikdə şəhərə
ayaq basanlardan biri də mən idim. Mikroavtobusla getmişdik.
Siqaretim yadımdan çıxıb qalmışdı
avtobusda. Sürücü harasa getdiyindən avtobusun
qapısını aça bilmədim. Mən də "Kent
8" çəkməyi vərdiş etmişəm. Kimdən
bir dənə siqaret istədimsə, heç kəsdə
"Kent 8" olmadı. Bir polis zabiti gördü ki, pərt
olmuşam, üzünü tutub bir serjanta dedi:
- Ə, qaç bazardan məllimə bir "Kent səkkiz"
al.
Serjant da qaçdı getdi olmayan bazara, hardansa bir
"Kent 8" tapıb gətirdi. Polis zabitinin bu zarafatı məni
kövrəltdi.
P.S. Əziz oxucu, mən Ağdam bazarını tam təsvir
edə bilmədim, üstündən 35 il keçib. Və
bunu ona görə yazdım ki, az-çox da olsa Ağdam
bazarı haqqında həm sizdə təsəvvür
yaradım, həm də ağdamlıları kövrəldim.
Və gün gələcək Ağdam bazarı əvvəlkindən
də böyük olacaq. Bu dəfə hardansa atom bombası
tapıb gətirsələr də, amma Xanəhmədisi,
Möhü kişisi, Qarağacıtorq Əhmədisi, Temir əmisi,
Seyid Lazım ağası
olmayacaq.
Aqil ABBAS
525-ci qəzet .-2025- 14 fevral(№28).- S.12-13-14.