Azərbaycan
mahnıları oxumaq geridəqalmışlıqdırmı?
Şəhriyar Məhərrəmov,
"Abşeron" qrupunun rəhbəri:
- İTV-də yayımlanan "Səs Azərbaycan"
yarışmasına baxdım axşam.
Səhnəyə çıxan çıxan xarici
mahnı oxuyur.
Niyə?
Azərbaycan dilində, Azərbaycan mahnıları
oxumaq geridəqalmışlıqdır?
Azərbaycan musiqisi çox zəngindir.
Bizim Üzeyir Hacıbəyovumuz, Emin Sabitoğlu, Vasif
Adıgözəlov, Fikrət Əmirov, Tofiq Quliyev, Elza
İbrahimova, Ələkbər Tağıyev say-say bitmir...
müasir dövrün Aygün Səmədzadəsi,
Cavanşir Quliyevi, Eldar Mansurovu, Faiq Sücəddinovu var...
Dayanmadan günlərlə Azərbaycan
mahnıları oxusan bitməz.
Kim salıb bu gənclərin beyninə ki, xarici
mahnı oxuyanda cool "müğənni" olacaqsan.
Əlbəttə, bir müğənninin xarici pop
mahnıları mükəmməl şəkildə oxuması
onun üstünlüyüdür. Amma sən Azərbaycan
mahnıları oxuya bilmirsənsə, bu ölkədə
heç kimə lazım deyilsən və heç vaxt da sevilən
müğənni ola bilməyəcəksən.
Birinci öz folklorunu, öz mədəniyyətini,
öz müsiqi sərvətini, öz milli kimliyini öyrən
sonra get Bruno Mars oxu.
O Bruno Marsı dünyada səndən qat-qat yüksək
səviyyədə oxuyan milyonlarla adam var.
Amma sən misalçün "Şükriyyə"
oxusan, onu əla formada oxuyan azdı.
Heç olmasa baxın qonşu Türkiyədəki
"O ses Türkiyəyə".
Necə öz musiqilərini sevirlər və sevərək
oxuyurlar.
Bizdə kim səhnəyə çıxır
ağzına əyə-əyə ingiliscə oxuyur.
Ay qardaş, ay bacı... sən belə
düşüncə ilə, bu ifa ilə, bu yanaşma ilə
maksimum Tarqovudakı PUB-larda axşamlar 100 manata oxuyacaqsan.
Sən Azərbaycan musiqisini bilməsən, heç
vaxt bu ölkədə yaxşı pul qazana bilməyəcəksən,
sevilməyəcəksən.
Əli İsa Cabbarov, rejissor:
- Çoxdandır Azərbaycan dilində televiziyada
müsahibəyə baxmırdım. Azarkeş olmaya-olmaya
"İdman TV"də Siyavuş Əliyevin Maşallah
Əhmədovla müsahibəsinə baxdım. 1986-da
"Neftçi"nin yaşadığı dramanı
danışdı. Əhmədov jurnalistlərə dediyi
sözü misal çəkdi, xoşuma gəldi, "siz
futbola baxırsız, mən isə futbolu görürəm".
Bir də dedi məşqdən çıxanda maykamızı
sıxırdıq bir vedrə su axırdı...
Elxan Şahinoğlu, politoloq:
- Rusiya Prezidenti Vladimir Putin 3 ildir həbsdə
saxladığı ABŞ səfirliyinin əməkdaşı
Mark Foqeli niyə azad edib? Görünür, Putin bu yolla
amerikalı həmkarı Donald Trampla dialoq körpüləri
qurmaq istəyir. Halbuki Putin Co Baydenin "vətəndaşımızı
azad edin" xahişlərini qulaqardına vururdu. Təsadüfi
deyil ki, Ağ Evin hazırkı sahibi Putinin ABŞ vətəndaşını
azad etmək qərarını yüksək qiymətləndirib.
Yayılan xəbərlərə görə, Putin Rusiya həbsxanasında
olan daha bir ABŞ vətəndaşını azad etməyə
hazırlaşır. Putinin ABŞ vətəndaşlarını
azad etməsi Trampın ölkə içində və
xaricində mövqelərini gücləndirəcək.
Trampın hədələrinin işlədiyi
görüntüsü yaranıb. Bundan sonra Trampda Putini
Ukraynada atəşkəsə razı salmaq inamı da güclənəcək.
Səadət Məmmədova, jurnalist:
- Ağdamda Xalq rəssamı Tokay Məmmədovun
müəllifi olduğu Fərhadın heykəli bərpa
olunur.
Bərpa işi Xalq rəssamı Hüseyn Haqverdiyevə
həvalə olunub.
Rəssam deyib: "Həmin abidə Xalq rəssamı
Tokay Məmmədova məxsusdur və onu da ermənilər
dağıdıblar. Bilirsiniz, Qarabağda bərpa işləri
gedir, sözügedən abidə də hazırda bərpaya cəlb
olunub".
Asif Nərimanlı, jurnalist:
- Tramp-Putin danışıqları fonunda Ukraynanın
ağrılı güzəştlərə məcbur ediləcəyi/buna
cəhd edildiyi aydınlaşır. Trampın Putinlə
danışıqların təfərrüatları haqda
açıqlamaları da bu yöndədir və belə
görünür ki, ABŞ Ukraynada Rusiyaya iki strateji güzəştə
getməyə hazırlaşır.
Birincisi, Ukrayna ərazilərinin Rusiyaya verilməsidir:
bunun hansı ssenari üzrə baş verəcəyi bəlli
olmasa da, açıqlamalar müəyyən ehtimalları
önə çıxarır.
Pentaqonun rəhbəri Pit Heqset Ukraynanın Müdafiəsi
üzrə Təmas Qrupunun Brüsseldə keçirilən
toplantısında bəyan etdi ki, müharibənin
dayandırılması ilə bağlı istənilən
danışıqlarda Ukraynanın 2014-cü il sərhədlərini
bərpa edə biləcəyini gözləmək qeyri-realdır:
"ABŞ Ukraynanı suveren və firavan görmək istəyir,
lakin biz 2014-cü ildən əvvəlki sərhədlərə
qayıtmağın qeyri-real məqsəd olduğunu etiraf etməklə
başlamalıyıq. Bu illüziya ilə məqsədə
çatmaq yalnız müharibəni uzadacaq və daha çox
əzablara səbəb olacaq".
Vaşinqton Tramp-Putin danışıqlarından
öncə mövqeyini açıqlamışdı.
Ardınca Putinlə danışan Tramp da bəyan etdi ki,
Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə
qayıtması çətindir: "Bu, şübhəsiz ki,
mümkünsüz görünür, çoxlu torpaqlar ələ
keçiriblər. Bununla bağlı fikir bildirmirəm, lakin
bir çox insan bunun mümkün olmadığını
düşünür. Düşünürəm ki, o
torpaqların bir hissəsi geri qayıdacaq".
Kiyevi güzəştə dəvət edən
Vaşinqton Rusiyanın işğal etdiyi ərazilərin bir
hissəsinin geri qayıdacağını da vurğulayır.
Bunun blef olduğunu düşünmək çətindir,
çünki Ukrayna hazırda nə qədər diktə edilən
tərəf olsa da, ümumi konsensusun tapılması
üçün onun da mövqeyi nəzərə
alınmalıdır. Verilən açıqlamalardan ortaya
çıxan versiyalar:
a) 2014-cü ildən öncəki sərhədlərə
qayıtmamaq Krımın və Donbasın əvvəl
işğal edilmiş hissəsinin Rusiyaya verilməsi deməkdir:
bunun hansı formada - de-fakto, yoxsa de-yure olacağı sual
altındadır, istisna deyil ki, Kiyev bu ərazilərdən
de-yure imtinaya məcbur edilsin; Moskvanın şərtlərindən
biri bu ola bilər;
b) danışıqlar masasında 2022-ci ildən sonra
işğal edilmiş ərazilər müzakirə edilə
bilər: Rusiyanın zəbt etdiyi ərazilərdən tamamilə
çıxması ehtimalı azdır, hərçənd,
Ukrayna ordusunun Kursku tərk etməsi
qarşılığında "ərazi mübadiləsi"
mümkün ssenarilərdəndir; Tramp "o torpaqların bir
hissəsi geri qayıdacaq" dedikdə bunu nəzərdə
tuta bilər;
İkincisi, Ukraynanın NATO-ya üzvlüyünün
arxa plana keçməsidir: bunun qeyri-mümkün olduğu
müharibədən öncə də məlum idi, lakin Rusiya
bu bəhanə ilə hücuma keçdi, Bayden
administrasiyası da Putinlə müharibədə bu məsələni
aktual saxladı.
Tramp Pentaqon rəhbərinin bununla bağlı dediyi
fikirləri dəstəkləyib. Bildirib ki, Ukraynanın NATO-ya
üzv olması praktiki olaraq mümkün deyil. Bu, Rusiyanın
müharibədən öncə ABŞ/NATO-ya təqdim etdiyi
paket tələb-təklifində Ukraynanın Şimali Alyansa
üzv olmaması müddəasının Vaşinqton tərəfindən
qəbul edilməsi - ikinci güzəştidir.
Tramp və Putinin Səudiyyə Ərəbistanında
görüşünə qədər razılaşma üzərində
iş aparılacaq. Bunun Moskva-Kiyev razılaşmasından daha
çox, Moskva-Vaşinqton razılaşması olacağı,
Ukrayna məsələsinin anlaşmaya müddəa olaraq daxil
ediləcəyi görünür. Və "nəzarət
zonaları" üzərində qeyri-rəsmi
razılaşmanın olması da istisna edilməməlidir. Bu
görüşə qədər ABŞ Trampın da dediyi
kimi, "Ukraynaya yardım göndərməyə davam edəcək",
məqsəd Rusiyanın danışıqlar ssenarisindən kənara
çıxmasını önləməkdir.
Rəsmi Kiyev danışıqlarda tərəf kimi
de-fakto arxa planda qala bilər. Əslində Trampın öncə
Putinlə danışması/razılaşması, daha sonra
Zelenskiyə bunu diktə etməsi çox şeyi ifadə
edir.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun
prezidenti:
- Uşaq bağçalarının valideynlərdən
tələb etdikləri daha bir sənəd rəqəmsallaşıb.
ETN ilə TƏBİB arasında əməkdaşlıq
çərçivəsində təhsil müəssisələrində
sənəd dövriyyəsinin rəqəmsallaşdırılması
istiqamətində mühüm addım atılıb.
Artıq uşaq bağçalarına qəbul
zamanı tibb müəssisələri tərəfindən
elektron şəkildə təqdim edilən sağlamlıq
haqqında tibbi arayışlar birbaşa "Məktəbəqədər
Təhsil Müəssisələrinə Uşaqların Qəbulu"
elektron sisteminə ötürüləcək.
Arayış valideynin şəxsi kabinetində və
qəbul olunduğu bağçanın inzibatçı
kabinetində əks olunacaqdır.
Yəni bu elektron arayışı yenidən
kağıza çevirib bağçaya fiziki şəkildə
təqdim etməyə ehtiyac qalmır.
Rahatlıq, şəffaflıq, xərclərin
azaldılması və kağızdan imtina baxımından
mühüm bir addımdır.
Yeri gəlmişkən, uşaq bağçalarına
qəbulla bağlı Qaydalara baxanda hələlik orada digər
kağız sənədlərin tələb olunduğu da
görsənir.
Hansı ki, diqqət etdikdə görünür ki,
orada tələb olunan kağız sənədlər
siyahısı artıq öz əhəmiyyətini itirib. Həmin
sənədlər ETN sistemində mövcuddur, yaxud da onun
inteqrasiya olunduğu qurumlardan real vaxtda generasiya oluna bilir.
Ümid edirəm ETN "2024/2025-ci tədris ili üzrə
dövlət məktəbəqədər təhsil müəssisələrinə
uşaqların qəbulunun elektron qaydada aparılmasına dair
TƏLİMAT"a yenidən nəzər salacaq.
Uşaq bağçaları üçün tibbi
arayışları rəqəmsallaşdıran komandaya, əməyi
keçənlərə təşəkkürlər !
Mir Səməd, bloger:
- İndi oxuyuram ki, təhsildə bir sıra yeniliklər
tətbiq olunacaq. Onlardan biri:
- Bakıda valideynlər "SİMA" vasitəsilə
öz uşağını məktəbdə onlayn izləyə
biləcək.
Uşaqların gözləri bərələ
qalıb. Deyirlər, evdə nəzarət vardı, indi məktəbdə
də olacaq?!
Şəxsən mən buna ikiəlli "hə"
deyirəm. Bəlkə dərslərin yüksək səviyyədə
keçirilməsinə də pozitiv təsir etdi?
Fərid Pərdəşünas, texnobloger:
- Rus evinin yerində yaxşı bir Rus hamamı
açsalar, əla olar. Heç olmasa insanlar üçün
faydalı olar, arada gedib, istirahət edərik.
525-ci qəzet .-2025- 14 fevral(№28).- S.10.