Həqiqət həqiqətənmi
öldürür?
Kamal Abdullanın "Sehrbazlar dərəsi"
romanı əsasında hazırlanan tamaşada bu suala cavab
axtarılır
Hər zaman fərqlilikləri, maraqlı səhnə əsərləri
ilə seçilən Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrı bu dəfə də tamamilə fərqli və
maraqlı premyera ilə tamaşaçıların
görüşünə gəlməyə
hazırlaşır. Bu dəfə teatr həvəskarları
Xalq yazıçısı Kamal Abdullanın "Sehrbazlar dərəsi"
romanını səhnədən izləmək şansı
qazanacaqlar. Eyniadlı səhnə əsəri fevralın 15-də
və 16-da saat 19:00-da nümayiş olunacaq.
Əməkdar incəsənət xadimi Bəhram
Osmanovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı
Gennadi Skoromoxov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi,
səhnə hərəkəti və plastika üzrə
mütəxəssisi Bəhruz Əhmədli, işıq
üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti
Ceyran Başarandır. Səhnə əsərində Xalq
artistləri Əli Nur, Kazım Abdullayev, Əməkdar artistlər
Füzuli Hüseynov, Rövşən Kərimduxt, Mətanət
Atakişiyeva, Kazım Həsənquliyev, aktyorlar Elnur Qədirov,
İlahə Həsənova və Tural İbrahimov rol
alıblar.
Kamal Abdullanın 2006-cı ildə çapdan
çıxan "Sehrbazlar dərəsi" romanı
oxucuların və ədəbi tənqidçilərin
böyük marağına səbəb olub. Mistik əhvalatların
baş verdiyi əsər paralel dünyalar arasındakı ahəngdən,
atası Cəlladbaşını axtaran
Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə
gəlib çıxması və burada yaşamasından,
Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah
sehrbazın çağırdığı ruhla
Karvanbaşının faciə ilə bitən sirli
görüşündən bəhs edir. Tamaşa eyni zamanda həqiqətə
çatmağa can atan insanın faciəli aqibəti haqqındadır.
İnsan həqiqəti öyrənməyi çox
arzulayır, buna çox tələsir, amma unudur ki, bu yolun
sonunda, mənzil başında onu fəlakət və bədbəxtlik
də gözləyə bilər. Tamaşa "Qisas hissi ilə
yaşama" ideyasına xidmət edir, bu fikri
aşılayır. Məşq prosesində iştirak etdiyimiz əsərdə
rejissor Bəhram Osmanovun Karvanbaşı obrazını
canlandıran aktyor Elnur Qədirova situasiyanı anlatmaq
üçün söylədiyi söz bütün məşq
boyunca və ondan sonra da fikrimi məşğul etdi: "Həqiqət
insanı öldürür!" Görəsən,
doğrudanmı belədir?
Məşqdə yaranan fasilədən istifadə edib
həm yeni tamaşa, həm də məhz bu fikirlə
bağlı daha geniş məlumat almaq üçün
rejissora və aktyorlara müraciət etdik. Səhnə əsərinin
hazırlanmasından danışan rejissor Bəhram Osmanov deyir
ki, Kamal Abdullanın əsərləri maraqlı olsa da,
onları səhnələşdirmək həmişə
çətin olub: "Kamal Abdullanın dramaturgiya
yaradıcılığı mücərrədliklərlə
doludur. O, 25 ildən çoxdur ki, teatrla intensiv əlaqədədir.
Onun yazdığı pyeslər teatr cameəsi tərəfindən
həmişə mübahisəli qarşılanıb. Aktyorlar
tərəfindən sevilsə də, o əsərləri səhnələşdirmək
həmişə çətin olub. "Sehrbazlar dərəsi"
həm ölkəmizdə, həm də ölkəmizdən kənarda
kifayət qədər məşhur romandır. Müxtəlif
dillərə tərcümə olunub. Mənə elə gəlir
ki, bu gün dünyada baş verən hadisələr
"Sehrbazlar dərəsi"nin roman kimi deyil, pyes kimi səhnəyə
gəlməsini zəruri etdi. Kamal müəllimlə birlikdə
əsərin səhnə variantı üzərində il
yarım işləmişik. Akademik Milli Dram Teatrının rəhbərliyinə
təşəkkür edirəm ki, əsərin
hazırlanmasına razılıq verdi. Əsər postmodern
üslubda hazırlanıb. Çalışmışam ki, bu
üslubu saxlayım. Eyni zamanda romançılıq
üslubunun səhnədə itməməsini, maraqlı
müəllif təhkiyələrinin səhnədə səslənməsini
istəmişəm. Kifayət qədər müasir, gənclərdən
tutmuş yaşlı nəslə qədər müxtəlif
tamaşaçı təbəqəsini maraqlandıra biləcək
suallara cavab tapılmasına şərait yaratmağa
çalışmışam. Burada mərhəmət,
böyüyə hörmət, sevgiyə hörmət, ədalət
hissi, intiqamın, intiharın, Allaha asi
çıxmağın günah olduğu kimi məsələlər
qabardılıb ki, bunların hər biri də 21-ci əsrdə
kifayət qədər aktualdır. Üç aya
yaxındır ki, məşqlər gedir. Əsərin səhnədən
ötürdüyü mesaj kifayət qədər
güclüdür. Yaradıcılıq işi çox
çətin, böyük əmək tələb edən,
amma bir o qədər də maraqlıdır. Çoxdandır
belə gərgin və maraqlı yaradıcılıq atmosferi
yaşamamışdım. Roman tarixi əsər kimi oxunursa, səhnədə
zaman-məkan konkretliyi tamamilə itir. Bu tamaşa gənclər
üçün ibrətamiz hekayətdir, yaşlılar
üçün isə həyatın mənası barədə
bir daha düşünmək imkanı yaradacaq. Ən əsası
odur ki, sən demə, həqiqət insanı
öldürürmüş. Bu, bir qədər mübahisə
yarada bilər, amma əslində belədir. Həqiqət
insanı yaşatmalıdır, amma öldürür.
Səhnə həllində texniki cəhətdən
çətinlik çəksək də, tamamilə orijinal və
fərqli həllə nail olmuşuq. Hətta əminəm ki,
bir qədər mübahisələrə də səbəb
olacaq. Tamaşa saat yarımlıq olsa da, enerjisi,
yaşatdığı hisslər daha uzun müddət
qalacaq".
Xalq artisti Əli Nur yeni tamaşanın seviləcəyinə
əmindir: "Kamal Abdulla uzun illərdir ki, Akademik Milli Dram
Teatrının ən yaxın dostlarındandır. O, dünya
teatrını, ədəbi janrları mükəmməl bilən
bir yazıçıdır. "Sehrbazlar dərəsi"
romanı mistik mövzudadır. Burada zaman və məkan
mücərrəddir. Canlandırdığım obraz mistik
obraz olmaqla bərabər, müasir dövrümüzdəki
massonluğu da yada salır. O, çalışır ki,
dünya onun əlində olsun. Bəhram Osmanov əsəri
çox uğurlu şəkildə səhnələşdirib,
obrazlara kolorit verib. Tamaşada aktyor oyununa kömək edən
musiqi, dekorasiya, geyim və sair kimi elementlər də dəqiq
seçilib, hazırlanıb. Mənə elə gəlir ki, tamaşa
böyük uğur qazanacaq. Həmçinin, əsəri
dünyanın istənilən yerində nümayiş etdirmək
olar. Çünki zaman və məkan konkret deyil. Əsəri
izlədikcə sanki sehrli bir dünyaya səyahət edirsən".
Aktyor Elnur Qədirov deyir ki, bu dəfəki tamaşa
özünün mistikası ilə fərqlənir:
"Düşünürəm ki, tamaşaçı bu dəfə
tamamilə fərqli, maraqlı və qeyri-adi əsər izləyəcək.
Bir aktyor kimi özümüz üçün də çox
maraqlıdır. Məşq prosesi çox maraqlı gedir.
Əslində, biz məşqə çıxarkən
düşünürük ki, tam gücümüzü sərf
etməyək, "yarımayaq" edək. Amma heç
cür alınmır. Səhnəyə çıxandan sonra hər
şey dəyişir. Romanı oxumuşam, amma rejissorumuz Bəhram
müəllimin yozumu fərqlidir və inanıram ki, romanı
oxuyan insan tamaşaya baxarkən fərqli əsərlə
qarşılaşacaq. Mən Karvanbaşı obrazını
ifa edirəm. Bu insan çox narahatdır, daim həqiqət
axtarışındadır. Əsər isə bizə
anladır ki, mənəvi rahatlıq tapmaq üçün
keçmişdə qalmaq, onu eşələmək lazım
deyil. Bu gün və gələcəklə yaşamaq
lazımdır".
Aktrisa İlahə Həsənova üçün isə
Kamal Abdulla yaradıcılığı ilk deyil: "Bu,
artıq Kamal müəllimin üçüncü əsəridir
ki, rol alıram. Ona görə də bu atmosfer, Kamal müəllimə
xas xüsusi danışıq dili mənim üçün
yad deyil. Onun özünəməxsus
danışığı var ki, sən səhnədə onu hərəkətə,
emosiyaya çevirə bilməsən, havada qalacaq,
anlaşılmayacaq. "Sehrbazlar dərəsi"
romanını oxuyanda düşündüm ki, bu necə səhnələşdiriləcək?
Amma səhnələşdirmə də çox
maraqlıdır. Romandan, demək olar ki, heç nə itməyib.
İfa etdiyim Pərinisə öz düşmənini sevən
gənc qızdır. O bu sevginin qurbanı olur. Əslində
isə belə olacağını bilə-bilə sevir, sevgisinə
sahib çıxır".
Şahanə MÜŞFİQ
525-ci qəzet .-2025- 14 fevral(№28).- S.11.