Anama məktublar
İkinci məktub
Anama ünvanlanmış bu məktublar nə oyaq xatirələrin
kükrəməsidir, nə də ocaq yeri kimi soyumuş
duyğuların közərməsi. Bu, bir qəlb
yanğısıdırmı, hüznlü bir könül
çırpıntılarıdırmı? Bəlkə, bu,
bir borc hissidir, daxili çağırışdır?Ana ruhu
qarşısında övlad ehtiramıdır? Yoxsa, anasız
ömrün yaşam formasıdır, ovuntusudur, təsəllidir?
Bəlkə, bununla mən anasız dünyamda yeni bir analı
dünya axtarışına çıxmışam?
Bütün bunların, cavablı-cavabsız sualların bir məntiqi
var - ana məhəbbətinin cazibəsi. Bütün bunlar, hər
bir halda, anasızlayanda, anasız anlarımda
özünüaxtarışım, özünütapmam və
ən nəhayət, özünüyaşatma vasitəmdir.
Bu məktublar hələ çox yazılacaq, Anacan!
Ömrüm boyunca sürəcək. Sənə
ünvanlanmış bu ürək sözləri, bu qəlb
çırpıntıları, hər şeydən əvval,
mənim özümlə həsb-halımdır. Sənsiz sənə
ünvanlanan bu qanadlı cümlələr, mənə elə
gəlir ki, həm də mənim özümün özümə
məktublarımdır. Axı, bu, həm də etirafdır.
Biz bu ünvanda axı, qovuşuruq.
Çox xahiş edirəm, Anasan, həzin notlar səni
kövrəltməsin, sətirlərə səpələnmiş
solğun təbəssümüm səni qüssələndirməsin,
kədər və gözyaşlarım ruhunu incitməsin...
"Ruhani bir həyat sürən üçün
ölüm yoxdur".
Lev Tolstoy
Salam Ana! Gözümün işığı, evimin
yaraşığı anam! Darıxmamısan ki?.. Yəqin
gözlərin yol çəkir, qulağın səsdədir.
Yəqin yeni məktublarımın sorağındasan. Səsimi
eşitmək, hənirimi almaq, duyğularımla duyğulanmaq
amacındasan. Bəs mənim istəyim nədir, mənim
intizar anam?! Onsuz da hər anım, hər dəqiqəm səninlədir,
sənə can atıram. Başım işdən
ayılmayanda da, bir balaca toxtayıb dincimi alanda da sən mənimləsən,
anacan! Sən mənim ovqatım, ürək sirdaşım, həmsöhbətimsən,
ana! Gözlə, ana, gözlə... Onsuz da bu məktubları
sənə hər gün, hər an göndərirəm - fasiləli-fasiləsiz,
yazılı-şifahi, dildə-ürəkdə, xəyalda-düşüncədə...
Hər anımda, hər ovqatımda səninlə həmsöhbətəm,
səninlə ürək-ürəyə, baş-başayam...
Heç mən səni unudaram, unuda bilərəm?!
Kim deyir ki, ayrılıq məhəbbəti soyudur,
unutdurur? Kim deyir ki, məhəbbət də vərdişdir,
alışmaqdır, solan yaddaşdır? Gülməlidir,
deyilmi?.. Ayrılıq çəkənlər bilər.
Ayrılıq yaşa və sına. Onda görərsən ki,
sevdiyin adamın əli dəyən, nəfəsi toxunan hər
şey səninçün necə də müqəddəsləşir,
ən adi əşyalar dil açıb səninlə necə
danışır, səni necə tərpədib həssas,
quş kimi yüngül edir... Elə-belə demirlər ki, məhəbbət
qığılcımları ayrılıq dəmində alova
çevrilir. Üstəlik, bu, ana məhəbbəti, ana
sevgisi ola. Mənim solmayan əbədi məhəbbətim, həmişəcavan
həyat ağacım ana! Sənin məhəbbətin mənim
həyat eleksirimdir, yaşam tərzimdir, stimulumdur, mübarizəm,
cihadım, mənəvi yaddaşım, əxlaqımdır,
ana! Amma sən həmişə daha dərin, daha hüdudsuz məhəbbətlə
sevmisən. Bizə olan sevgin həyatsevərlik, yaşamaq
yanğısının doymaz ifadəsi idi.
Biz nə karəyik ki, sənin kimi sevə bilək, sənin
kimi ürəyimizin yağını paylaya bilək?.. Sən
hər şeydə öncül olduğun kimi, bu məqamda da
hamıdan irəlidəydin, mənim fədakar anam! Sən
üzünü görmədiyin atan Bəbiri, qulluğunda
daim bir övlad həvəsi və sərvaxtlığıyla
dayandığın qaynatan İldırımı, həyat
yoldaşın Əli İldırımoğlunu fanatik bir məhəbbətlə
sevirdin. Hardaydı bizdə elə bir sevgi? Biz bu zirvənin
heç ətəklərinə belə, yetə bilməzdik.
Təkcə onlar idimi?..
Yadındadır, anacan?! Ağdamda alçaq
kürsülü evimiz, asfalt çəkilmiş xudmanı həyətimiz,
gül-çiçəkdən alışıb-yanan balaca
bağçamız... Bu gözəlliklər, bu səliqə-səhman
hamısı sənin əlindən su içmişdi, sənin
zəhmətindən maya tutmuşdu. O vaxt Ağdamda
qubadlılar çox idi. Qohum-əqraba adıyla hamısı
sənin kölgənə sığınırdı.
Atamın hər yerdə sözü keçirdi. Kömək
eləmək imkanlarınız geniş idi. Gələnlərin
çoxu yad olsa da, özünü qohum gözündə
göstərirdi. Sən hamını yaxşı tanıyırdın,
amma nə fərqi var, qohum deyirlərsə, qoy olsun, sən
heç vaxt üstünü vurmaz,
açıb-ağartmazdın, qoy könülləri xoş
olsun, - fikirləşərdin. Onsuz da qohum-yad, heç kimi
naümid qaytarmazdın, mənim həssas, duyğusal anam!
Bütün günü atamın başı üstünü
kəsdirib: "Əli bunu elə, onu elə, filankəsə
zəng vur, filan işi eləsin, filankəsə
tapşır, filan məsələylə məşğul
olsun. Bu, filan qohumdur, bu qonşu kənddən filankəsdir, bu
bəhmənkəsdir, bu Qubadlının filan yerindən gəlmiş
simsardır". Hər sözü bir batman balla yeməyən
Əli İldırımoğlu sənin göstərişlərini,
tapşırıqlarını uşaq mütiliyilə,
canla-başla, sözsüz-söhbətsiz yerinə yetirərdi.
Axı səni tanıyırdı, sənin qəlbinə,
ruhuna bələd idi. Odur ki, səni qiymətləndirirdi. Sən
ona arvad yox, həqiqi mənada ömür-gün
yoldaşı, arxa-dayaq idin, mənim mübariz, təpərli
anam!
Ev-eşiyimizdən gecəli-gündüzlü
qonaq-qara, dost-tanış, yaxın-uzaq qohum-əqrəba əskik
olmazdı. Hamını özün qarşılayıb
özün yola salardın. Biş-düşünə qədər
özün eləyərdin, köməkçi-filan da
yaxına buraxmazdın, ürəyinə yatmazdı, geniş
ürəyinə qurban, Ana! Hamını əlidolu, peşkəşlə,
bəxşişlə yola salardın, mənim Hatəm anam, səxavətli
anam! Həyətimiz, kiçik bağçamız quşlarla
dolu olardı. Bəlkə dünyanın hər yerindən
bura quşlar uçub gələrdi. Cürbəcür, rəngbərəng,
al-əlvan, qanadları yüngül mehli,
sarı-qırmızı dimdikləri min bir nəğməli
quşlar. Onlar da sənin havana yığışar, sənin
hənirinə gələrdi, mənim mehriban anam! Bilirdilər
ki, sənin sayəndə dənləri-suları bol olacaq, lap
qış olsun, qarlı-çovğunlu bir qış, korluq
çəkməyəcəklər. Həyətə
çıxan kimi dəstəylə halay vurub səni
bürüyürdülər. Çiyninə qonanı da
olurdu. Səndən başqa heç kimə bu məhrəmliyi
göstərmirdilər, mənim mərhəmətli anam!
Sən ömründən hamıya pay ayırır,
gözünün nurunu, ürəyinin yağını
bölüşürdün. Amma xüsusi, əlahiddə məhəbbət
payın da var idi. Bu, babalarım Bəbirə,
İldırıma, atam Əliyə, madar qardaşın Zakirə
olan fanatik bir məhəbbət idi. Onlar sənin and yerin idi, mənim
andı saf, imanı kamil anam! "Bəbirin itmiş canı,
İldırımın ruhu, Əlinin canı haqqı" -
deyərdin, həmişə.
Bütün ömrün boyu Bəbir, - deyib
sızladın, mənim həlim, qəlbiyuxa anam! Hər dəfə
Bəbir deyəndə büzüşürdün,
üşüyürdün, xəyallanır, tənhalaşır,
sanki çovğuna düşmüş körpə
cüyür kimi çırpınırdın. Dərdini mənnən
bölüşürdün. Heç kimlə belə dərdləşmirdin.
Mənim yanımda Bəbir deyib ağlayırdın, utanmadan,
çəkinmədən ağlayırdın, göz
yaşların leysana dönürdü. Bu da mənə olan
tükənməz sevgidən və bu sevgidən doğan
inamdan qaynaqlanırdı. Üzdə özünü tox
tuturdun. Heç kəsin yanında səni belə çarəsiz
ağlayan görməmişdim. Atasızlıq ağır dərddir.
Anasızlıq, necə, ondan betər deyilmi? De, ana, de
görüm anasızlığı yaşamaq
asandırmı?.. İndi gör mən nə çəkirəm,
biz nə yaşayırıq sənsiz ana! Sənsizlik kədər
yüklü böyük bir daş kimi qəlbimizin
başından asılıb. İllər, qərinələr
bu kədər yükünü itirə bilməz.
Qədilinin, Eyvazlının alçaq təpələri,
tala-tala meşələri, uzaqda sıralanan ağ
çalmalı qəlbi dağları... Bunlar sənin köhnə
dostların, uşaqlıq xatirələrinin
yaşıdlarıdır. Bu yaddaşda xoşbəxtlik də
var, niskil də, kədər notları da... Sən burda
böyümüsən, atasız günlərini bu təbiət
qoynunda ovundurmusan, ana! Burda quzu da otarmısan,
çırpı da yığmısan, odun da
daşımısan, təndirə od da salmısan.
Uşaqlıqdan böyüklərə məxsus işləri
görməyə alışmısan. Atan cəbhəyə
gedəndə sən uşaq olmusan. Lakin uşaq hissi və duyğuları
ata məhəbbəti kimi sənin əbədi yol
yoldaşına çevrilib.
Nənəm Firəngiz sizi - beş uşağı,
dörd bacı bir qardaşı kişi kimi böyüdüb
- mərd, məğrur, əxlaqlı, tərbiyəli...
Saçının birini ağ, birini qara hörərək Bəbiri
gözləyə-gözləyə namusla, qeyrətlə sizi
Bəbirin adına layiq boya-başa çatdırıb. Bu əxlaqın,
mənəviyyatın, tərbiyənin işığı səni
işıqlı elədi, mənim işıqlı anam! Amma
baxma, atasızlıq, ata üzü görməmək, bir
ömrü atasız yaşamaq sənin əbədi niskilinə
çevrildi. Atanı necə xatırlayırdın? ...Göz
yaşlarıyla. Deyirdin ki, "gələcək, - deyirlər...
Görən olub, sağdır, qayıdacaq... "Bu xəyallarla,
bu fikirlərlə ovunurdun..." Bəbirin itkin canı
haqqı... "Bu sözdə nə qədər hüzün
vardı... Elə bir o qədər də inam. Həmişə
gələcəyinə inanırdın, gözləyirdin. Bəli,
inam böyük şeydir, inam yoxsa həyat tükənər.
Bəzən də kədərini zarafatda gizləyirdin. Mənə
deyirdin ki, - "mənə noolub e, sən boyda atam var"...
İkinci and yerin, səcdə yerin İldırım
idi. Nəhəng, əzəmətli, pəhləvan
şaqqalı, peyğəmbər xislətli
İldırım. Oturuşu-duruşu, sözü-söhbəti,
gülüşü-təbəssümü bir elin
yükü olan ağır taxtalı İldırım. Bir
madar oğulun bir madar gəliniydin. Yadımdadır, ana,
yanında otuzdurub çevrilib sənə çəpəki
baxmaqları... Ailə şəkillərimizdə də bu həlim,
mehriban baxışlar əbədiləşib. Sənə
baxan bu gözlər nə qədər duru, aydın,
Qubadlının əngin səmaları kimi dibsiz və
hüdudsuz idi. İlahi, İldırım sənə necə
baxırdı!.. Şəfqətlə, nəvazişlə...
Sanki bu baxışlar səni oxşayırdı, sənə
sığal çəkirdi. Bu baxışlarda ata məhəbbəti
vardı. Yalnız ata övladına belə baxa bilərdi.
Tez-tez deyirdi ki, halal olsun, Şəfiqə qaranquş kimi təmizkardır.
Belə qayınata-gəlin münasibəti görməmişəm.
Əslində qayınata ikinci atadır, gəlin ikinci
övlad.
Yadındadır, anacan, babamın bel
ağrıları tutmuşdu. Gəlib Naxçıvanda, bizdə
qalırdı. Həkim, dava-dərman... Bunlar bir yana. Sənin
qayğıların, çabaların... Sən babamın
qulluğunda necə dururdun, pərvanə kimi başına
dolanırdın. Əsl dava-dərman elə bu diqqət,
qayğı idi. Babam razı qalırdı, altdan-altdan bəxtəvərcəsinə
gülümsünürdü. Siz bir-birinizi yaxşı
başa düşürdünüz. Sən
İldırımda Bəbiri tapmışdın, atanın
iyini, ətrini İldırımdan alırdın. Babam
dünyasını dəyişəndən sonra da ən
çox sənin yuxuna girir, daha çox səninlə
görüşə gəlirdi. Doğmalıq, bəs necə
olur?.. Sən İldırıma həm də bizə görə
pərəstiş edirdin - Əlinin atası, Yusifin babası
kimi. Budur, ucalıq, böyüklük, əlçatmazlıq,
təmənnasızlıq, ana!
Bağışla, ana, bağışla ki, içimdə
coşub-daşan məhəbbətimi, sənə olan sevgimi
işlənmiş sözlərlə ifadə edirəm. Neynim
ki, dilimizin imkanları Ana böyüklüyü fonunda
solğun görünür.
Sənin bir and yerin, bir səcdəgahın da var idi - ərin,
ömür-gün yoldaşın Əli
İldırımoğlu. Atam ailədə qədərincə
sərt, zabitəli və tələbkar olub. Atamın ailədə,
bizim, övladlarının üzərində hüdudsuz
hökmü, dəmir intizam, dəyişməz qanunları
var. Bunu heç vaxt heç kəs pozmayıb. Heç təşəbbüs,
cəhd göstərən də olmayıb. Anacan, hamı bilir
ki, ailə nizam-intizamı təkcə atamın ağır zəhmindən,
zabitəsindən yaranmayıb. Bu, həm də sənin zəhmətinin
bəhrəsidir. Bütün vasitələrlə,
bütün çabalarınla, atamı bizim
gözümüzdə sən qaldırıbsan, sən
ucaldıbsan. Ailəmizdə ata kultunu, ata mifini, bir az da
geniş götürsək, cəmiyyətdə Əli
İldırımoğlu fenomenini, əslində sən
formalaşdırıbsan. Sən atama, növüzənbillah,
Allah kimi baxmısan, pərəstiş etmisən. Sən, ancaq
atamla yaşamısan, nəfəs almısan, onun
varlığını, qeyrətini, namusunu daim qoruyub uca
tutmusan, mənim qeyrətli anam! Bizi Əli adıyla imtahana
çəkir, intizama dəvət edir, Əli adıyla tərbiyələndirirdin.
Bir balaca cığırımızdan çıxanda: -
"Qoy Əli gəlsin, deyəcəm..." Yaxud: "Ə
tez olun, tez olun, atan bu saat gələcək,
özünüzü yığışdırın..."
"Atanız işdən gəlib yorğundur, sakit
olun..." "Əli yazı yazır, səs
salmayın..." Və sair və ilaxır.
Hər kəlmənin başı da, ayağı da
Əli idi. Bu sözlər sənin dilindən nə qədər
deyilirdi, dilinə qurban, anacan! Bu sözlər o qədər
deyilirdi ki son anda bizimçün qanuna, kredoya, əxlaq kodeksinə
çevrilirdi. Bəzən bizi qorxutmaqdan da çəkinmirdi:
"Vallah Yusif, mən sınamışam, Əli
ocağdır, onun xətrinə dəyəndə, adam ziyan
çəkir..." - deyirdin. İndi ər kultunu, kişi ləyaqətini,
ata hörmətini bu qədər ucaldan, onu müqəddəslik
mərtəbəsinə qaldıran qadınlar hanı, ay mənim
müqəddəs anam?!
Ana! Yadımdadır, qəzetdə atamın
yazıları çıxanda ən çox sevinən sən
olurdun. Deyirdin, - "Ə hanı o qəzet, gətirin
bura..." Qəzeti götürüb xəlvətə
çəkilərdin, oxuduqca üzündə sadə,
uşaq təbəssümü cilvələnərdi.
Açıq-aşkar fəxr edərdin, qürrələnərdin,
mənim fəxarətli, vüqarlı anam. Sonralar atamın
romanlarının da ilk oxucusu sən olardın, deyim ki, ilk tənqidçisi
də... Nəsə səni qane etməyəndə,
iradlarını da bildirirdin, ərklə, lazım gələndə
inadla. Sən atamın yaradıcılığına ailə
namusu kimi baxırdın və onu ciddi-cəhdlə qoruyurdun.
"Əli buranı elə yox, belə yazsan lap yaxşı
olar," - deyirdin. Atam dinmirdi, qaya kimi susurdu. Sən onda bir az
mehribanlaşırdın, daha nəvazişli bir ahənglə,
"Əli, bax, burasını deyirəm e..." əlavə
edir, atama bir az da sığınırdın. Atam, nəhayət
ağır-ağır dillənərdi: "Ay arvad, arvadsan
arvad işinlə məşğul ol". İncimirdin,
gülə-gülə mətbəxə gedirdin. Atam da
atamdır ha.. Hələm-hələm kürəyini yerə
verən, səhvini açıq-aşkar etiraf edən deyil. Nə
vaxtsa sənin dediyinin üstünə gələrdi,
iradlarını romanda xəlvətcə düzəldərdi.
Üstü açılanda zarafata keçərdin: "Bax,
Əli, görürsən, mən deyən kimi oldu. Burda da mənsiz
ötüşə bilmirsən..." - deyərdin. İlahi!
Necə bəxtəvər günlər idi!
Bilirəm, atam səni çox sevirdi. Amma içindəki
məhəbbəti büruzə vermir, ciddi-cəhdlə gizlədirdi.
Sən isə fədakarcasına, açıqdan-açığa
hamının yanında, çəkinmədən Əliyə
olan məhəbbətini bütün çalarlarıyla
nümayiş etdirirdin. Hətta "Allah məni Əlinin
qabağında öldürsün..." kimi sözləri də
şüara döndərmişdin. Sən atamı həmişə
qabardıb özün kölgədə qalmısan.
Şübhəsiz, atam böyük adamdır, o məhəbbətə
layiqdir. Lakin bu böyüklüyü sən ömrün boyu
daha da böyütmüsən. Göstər mənə o
arvadı sənin kimi, ərinin qabağında ölmək
istəsin?.. Sən istədin, mənim fədakar anam! İstədiyinə
də yetdin, arzuna çatdın.
Sənə olan məhəbbətini zaman-zaman gizli
saxlayan Əli İldırımoğlu bu gün uşaq kimi
bir küncə qısılır, xəlvətə çəkilib
xısın-xısın, için-için ağlayır. Sənsizlik
bu gün onu daha çox göynədir, məğrur atam, əyilməz,
vüqarlı Əli İldırımoğlu sənsizlikdən
bükülür, yetim uşaq kimi qıvrılır. Daha çox
özünə ağlayır, Şəfiqəli günlərini,
şəfqətli günlərini yad edib ağlayır...
Axı heç kim onu sənin kimi ovundura bilməz,
nazını çəkə bilməz. Bütün dünya
yığılsın, heç kim səni onun
üçün əvəz edə bilməz. Sən mənim
atamı o qədər ərköyün eləmisən ki, bu
gün də sənin kürlüyünü eləyir. Adam
indi-indi başa düşür ki, sən atama təkcə həyat
yoldaşı olmamısan, həm də erkən, uşaqkən
itirdiyi anasını əvəz etmisən. Bunun başqa yozumu
yoxdur. Sən ərinə ömür boyu həm də bir ana nəvazişi,
ana qayğısı göstərmisən. Sizin böyük,
ulu məhəbbətiniz ər-arvad sevgisinin sərhədlərini
çoxdan aşıb, ana-övlad nəvazişi məcrasında
qovuşub. Bəli, atam, sanki ikinci dəfə anasını
itirdi. Sanki sən Əlini bir daha anasız qoydun, ana!
Sən Bəbiri sevdin, İldırımı sevdin, Bəbirin
itkin canına, İldırımın ruhuna and içə-içə
yaşadın. Zaman-zaman "Allah Əliyə, Yusifə dəyməsin,
Allah məni Əlinin qabağında öldürsün",
- dedin. Sənə hər dəfə: "Ayağının
altında ölüm, ay Şəfiqə!" - deyəndə,
tələm-tələsik cavab qaytarardın: "Qələt
eləmə... Allah eləməsin. Sizin çiyninizdə
gedim..." Elə bilirsən, ürəkdən demirdin?!
Allahdan nə istədin, o da oldu. Özün istədin.
Sənin o geniş, o böyük ürəyinin, dünyaya
işıq seli kimi açılan qəlbinin istəyi
başqa cür ola bilməzdi. Sən həmişə Allah
adamı olmusan, qəlbinlə, ruhunla, mənəviyyatınla,
əməllərinlə Allaha yaxın olmusan. Səni Allaha qəlbən
görünməz tellər, hər adama nəsib olmayan pak əməllər
bağlayıb. Allahın sevimli bəndəsi, təmiz, səmimi,
imanı kamil, anam! Allah yanında sənin xüsusi yerin, uca məqamın
olub. O böyük yaradan səni həmişə öz nəzərində
saxlayıb, hifz eləyib. Sənin kimi əziz, imanlı bəndəni
sevməmək olarmı?! Sən ona həmişə səmimiyyətlə,
ehtiramla, böyük inam və ehtiyacla səcdə etmisən.
Sən onun qoyduğu qaydalara, ilahi hökmə söykənən
dünya nizamına həmişə ehtiram göstərib əməl
etmisən. Əməlisaleh, təmiz, saf, cəfakeş bəndələrini
Allah sevməyə bilərmi?! Allah səni sevib, səsini həmişə
eşidib, arzunu, diləyini yerinə yetirib. Yenə də
eşitdi, arzuna çatdırdı.
Anacan! Sən hər şeydə, hər əməldə
öncül olmusan. İnsanpərvərlikdə,
xeyirxahlıqda, səxavətdə, cəfakeşlikdə,
qayğıda... Hər işdə hamını, bizi
qabaqlamısan. Biz səni sən bizi sevdiyintək sevə bilməmişik,
qayğına qayğı çatdıra bilməmişik, ailəsinə,
övladına, dosta-tanışa, doğmaya-yada ömürdən
sənin kimi pay paylaşa bilməmişik. Elə bilirsən
asandırmı? Çətindir, əziz anam, çox çətindir?
Hər kəsin bacardığı iş deyil, sənin
bacardıqların.
Qabaqlayıbsan, hər şeydə bizi. Burda da
qabaqladın. Burda da o zərif, lakin yenilməz sinəni irəli
verdin, burda da önə keçdin, özünəməxsus mərdlik
nümayiş etdirdin. Sanki ailəmizə gələn
görünməz qada-bəlanı özünə
götürdün, özünə çəkdin,
özünə hopdurdun, mənim fədakar anam! Belə fədakarlığı
biz heç vaxt eləyə bilməzdik, heç vaxt.
Sənsiz ağır olsa da, yaşayırıq, bəzən
deyib-gülürük, sevinib-şadlanırıq da... Sən
bunu eləyə bilməzdin. Sən başqa cür
olardın... Sən başqa cür yaşayardın... Heç
kimə qıymadığın bir ömür sürərdin.
Heç, yaşayardınmı?!. Sanki bir anlıq mən
ölmüşəm... Sən, heç
danışıb-gülərdinmi?! Çörək yeyərdinmi?!
Tutalım, bir dəqiqəliyə mən ölsəydim, Şəfiqə
o qəbirin üstündən, heç
qayıdardımı?.. Fikirləşirəm, Allah-Təala məni
tez aparsaydı, onda nə olardı?.. Yox, Allah-Təala səni
o qədər sevir ki, sənə o dərdi verməzdi. Vermədi
də... Axı sən mənsiz yaşaya bilməzdin!.. Şəksiz,
belədir... Bilirəm ki, mən ölsəydim, sən
yaşamazdın. Mən də həmişə
düşünürdüm ki, ana, mən sənsiz yaşaya
bilmərəm. Amma yaşadım, yaşayıram... Sən mənsiz
ölərdin, mən isə sənsiz ölmədim. Buna
görə bağışla məni, bağışla ana, ey
geniş ürəkli, hamını bağışlayan anam!
Bu anda da səndən çox-çox
aşağıdayıq, sənin heç kölgənə
çatmırıq, sənin mərtəbənə, sənin
uca məqamına yetə bilmirik, ey uca məqamlı, əlçatmaz
anam!
Təzadlarda dolu bu fani dünyayla kimin
yoldaşlığı sonadək çəkib?.. Kim
axıradək bu etibarı qoruyub, bu etibarsız dünyada?..
Bir şey var ki, gərək yaşayanda da ləyaqətlə
yaşayasan, ölümü də mərd-mərdanə
qarşılayasan. Sən belə yaşadın, anacan, əsl
müsəlman kimi, Məhəmməd ümməti kimi. Haqq
evinə də alnıaçıq, üzüağ, təmiz,
pak ruhla getdin...
Ana, biz bu gün sənsizliyimizi yaşayırıq,
acıyırıq, qüssə dolu göz yaşı
tökürük... Hardan bilək, bəlkə sən indi
orada daha xoşbəxtsən. Bilirsən ki, sən də, mən
də o dünyaya, Ruhlar məkanına inanırıq... Anacan,
yəqin ki, indi sevinirsən, görüşmüsünüz
axı... İldırımla, Bəbirlə, nənəmlə
bir yerdəsiz axı!.. Biz sənin ölümünə
ağlayırıq. Amma bilmirik ki, sən öz həsrətinə
orda qovuşmusan. Sən demə, hər bədbəxtliyin bir
xoşbəxtlik tərəfi də var. Bunlar bir-birini tamamlayan
kateqoriyalardır. Yaxşı-pis, sevinc-kədər, gecə-gündüz,
xoşbəxtlik-bədbəxtlik... Məsələn,
böyük Füzuli öz Leylisiylə Məcnununu cismani
qovuşdurmayıb... Can cisimdən daha ucadır, ruh bədəndən
pak və müqəddəsdir... Füzuli, məhz öz
sevimlilərini bu ali məqama yetirib. Leyli və Məcnunun
ölümü faciə deyil, əslində onların əbədi
qovuşmasıdır.
Sən də bu gün əbədiyyətə
qovuşmusan, mənim əbədi anam! Təmiz, müqəddəs
ruhunla baş-başasan, ey mənim müqəddəs anam!
Ruhun həmişə şad olsun.
Qəbrin nurla dolsun!
Sənin Yusifin
Yusif İLDIRIMZADƏ
525-ci qəzet .-2025- 14 fevral(№28).- S.8;9.