Azərbaycan -
Çin: münasibətlər daha da irəli gedəcək
Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN
(China Global Television Network) telekanalına müsahibəsi verib.
Müsahibədə dövlət başçısı bir
sıra mühüm mövzulara toxunub. Həmin mövzular
içində Çinlə münasibətlər, Azərbaycanın
şaxələnmiş xarici siyasəti, Orta dəhliz və
digər istiqamətlər xüsusi aktuallıq kəsb edir. Azərbaycan
- Çin münasibətləri qədim tarixə malikdir. Bu
gün də hər iki ölkə əməkdaşlığın
daha da inkişafında, irəliyə aparılmasında
maraqlıdır. Ötən il Azərbaycan - Çin
münasibətlərində xüsusi bir il oldu. Belə ki, iki
ölkə strateji tərəfdaşlıq haqqında Birgə
Bəyannamə imzaladı.
Prezident İlham Əliyev müsahibəsində bu məqama
toxunaraq deyib: "Ötən il Çin və Azərbaycan rəsmi
olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim
Çinin Sədri ilə görüşümdən sonra
strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə
qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə
çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq
çox yüksək səviyyəli qarşılıqlı
etimad, əməkdaşlıq deməkdir və biz təkcə
Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif
beynəlxalq təşkilatlara qoşulma məsələsi
daxil olmaqla Çin ilə tərəfdaşlığımızın
genişləndirilməsini arzulayırıq".
Azərbaycanın şaxələnmiş xarici siyasətinə
diqqət çəkən Prezident ölkəmizin Avropa
İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq
bəyannaməsi imzaladığını söyləyib:
"Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik
bəyannaməsi imzalamışıq. Şaxələnmiş
bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə
deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə
bizim əməli nəticələrimiz, əməkdaşlıq
proqramlarımız var. Digər ölkələr kimi bizim də
xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin
davamıdır. Azərbaycanın təkcə Mərkəzi
Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş
coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi
töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən
yüksək qiymətləndirilir".
Çin və Azərbaycan hər zaman bir-birinin ərazi
bütövlüyünü və suverenliyi dəstəkləyib.
Azərbaycan "Vahid Çin" siyasətini qətiyyətlə
dəstəkləyir, Tayvanı Çinin ərazisi olaraq
tanıyır.
Orta Dəhlizin əhəmiyyətinə toxunan dövlət
başçısı deyib ki, bu, sözsüz ki, alternativ təklif
edir, biznes imkanlar təmin edir: "Çünki Azərbaycanın
Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit
ölkəsi olmaq və tranzitdən ödənişlər
almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora
bundan faydalanmağa kömək etmək üçün dəhlizin
keçdiyi Azərbaycan ərazisində müəssisələr
yaratmaqdır".
Prezident bildirib ki, ötən müddət ərzində
Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilib:
"Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş
infrastruktur gələcək 3-5 il üçün kifayət
etməyəcək".
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan
Çin vətəndaşlarını viza almaq tələbindən
azad edib. Onların ölkəmizə səfərləri
üçün elektron vizaya da ehtiyac yoxdur. Dövlət başçısı
ümidvar olduğunu bildirib ki, tezliklə Azərbaycan vətəndaşları
da bu fürsətdən yararlanacaq: "Beləliklə, bu,
turistlərin sayını, xalqlar arasında təmasları
artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz
rolunu oynayacaq. İndi biz rəsmi diplomatik kanallardan istifadə
edirik - siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin
ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir".
Politoloq Zaur Məmmədov mövzu ilə bağlı
"525"ə deyib: "Çin Cənubi Qafqazdakı
proseslərlə bağlı daim balanslı siyasət
yürütməyə çalışıb. Bu gün biz
Çinin Cənubi Qafqazda həm Gürcüstana, həm Ermənistana,
həm də Azərbaycana artan marağına şahidlik etməkdəyik.
Amma əlbəttə, Çinin "Bir kəmər, bir
yol" layihəsi, eyni zamanda Avropaya alternativ olaraq orta xətlə
çıxışı məhz birbaşa olaraq Azərbaycandan
və Azərbaycanın mövqeyindən asılıdır.
Bunun üçün bizim ölkəmiz artıq infrastruktur tədbirlərini
bir neçə ildir həyata keçirməkdədir. Ələt
Beynəlxalq Ticarət Limanının inşa edilməsi,
Bakı yaxınlığında gələcəkdə
yük təyyarələri üçün tikilməsi nəzərdə
tutulan ikinci hava limanının inşa edilməsi, bundan
başqa digər infrastruktur layihələri də onu göstərir
ki, bu yolun artıq tam işlək vəziyyətə
düşməsi, reallaşması üçün bu və
ya digər şəkildə orta xətdəki ölkələrin
təşəbbüsləri lazımdır. Bakı və
Pekin arasındakı münasibətlər təxminən 8-9
ildir ki, artan xətt üzrə inkişaf etməkdədir. Cənab
Prezident İlham Əliyevin Pekinə səfərini, orada
"Bir kəmər, bir yol" layihəsi ilə bağlı
Çinin qərar verməsini, bundan sonrakı hadisələri
də çox yaxşı xatırlayırıq. Digər tərəfdən,
siyasi məsələlərə gəldikdə, Çin BMT Təhlükəsizlik
Şurasının beş üzv ölkəsindən biridir.
Biz bilirik ki, Azərbaycan bir çox
çağırışlarla həm də son beş ildə
BMT TŞ-da üzləşib. Ona görə də Çinin
də burada bu və ya digər məsələlərə yanaşması,
mövqeyi olduqca maraqlıdır. Bu baxımdan Çinlə
münasibətlərin inkişafı Azərbaycanın
marağındadır. Amma siyasi məsələlərlə
yanaşı, burda iqtisadi dividentlər də kifayət qədər
ciddidir. Çin şirkətlərinin Azərbaycana gəlməsi
iki ölkə arasında qarşılıqlı olaraq ticarət
dövriyyəsinin artırılması və s. kimi məsələlər
bu gün də müzakirə predmetidir".
Politoloqun sözlərinə görə, Azərbaycanın
ticarət dövriyyəsinə nəzər salsaq, burada
Çin artıq xüsusi paya malikdir: "Eyni zamanda, Azərbaycanın
Çin vətəndaşları üçün viza rejimini
ləğv etməsi də Bakının Pekinə olan bir
jestidir. Məlumdur ki, Azərbaycan viza ilə bağlı
heç də tez-tez bu kimi qərarlar vermir. Amma bunun məhz
Çinə şamil edilməsi özü-özlüyündə
ölkəmiz tərəfindən gələcəyə
düşünülmüş bir addımdır. Gözlədiyimiz
odur ki, Çin tərəfi də Azərbaycan vətəndaşları
ilə bağlı eyni prinsipdən çıxış
etsin".
Z.Məmmədov deyib ki, Çin telekanalının
ümumilikdə Azərbaycan Prezidentinə diqqəti və hər
dəfə müxtəlif beynəlxalq təşkilatlar, tədbirlər
çərçivəsində müsahibə alması
xüsusi qeyd edilməlidir: "Azərbaycan Prezidenti artıq
neçənci dəfədir ki, Çinin dövlət
televiziyasına, eyni zamanda dövlət agentliyinə
müsahibə verir. Bunu da Çin tərəfindən Cənubi
Qafqaza, ölkəmizə olan marağın göstəricisi
kimi qəbul etmək olar".
Politoloq Çinlə ABŞ arasında münasibətlərə
dair Bakının baxışını da şərh edib.
Onun sözlərinə görə, Azərbaycan bütün
ölkələr arasında ziddiyyətlərin diplomatik yolla
həll edilməsinin tərəfdarıdır. Bunun
üçün həmişə əlindən gələni
edib: "Biz artıq bir neçə dəfə bir-birinə
qarşı olan müxtəlif dövlətlərin dialoquna ev
sahibliyi də etmişik. Bu kontekstdə Çin-ABŞ
münasibətləri bütün regionlar, qitələr
üçün çox vacibdir. Çünki qlobal
dünyada Pekin və Vaşinqton doğrudan da bir-birinə
qarşı iqtisadi, siyasi və hərbi güc nümayiş
etdirmək qabiliyyətindədirlər. İndi hakimiyyətə
artıq Trampın gəlməsi Çin - ABŞ münasibətləri
üçün həm yeni çağırışlar, həm
də yeni suallar yaradır. Gözlənilən də odur ki,
Amerika Prezidenti Ukrayna və Yaxın Şərqdə məsələni
həll etdikdən sonra Çinlə bağlı kardinal qərarlar
verə bilər. Buna görə də Çin də ABŞ
liderinin bu və ya digər regionlarda apardığı siyasəti
yaxından izləyir. ABŞ Rusiya, ABŞ-Çin münasibətləri
əlbəttə, dünyanın hər bir yerinə təsir
etməsi baxımından aktual mahiyyət daşıyır.
Ona görə dünya liderlərinin də bu və ya digər
ziddiyyətlərdə tutduqları mövqe olduqca vacibdir və
hər iki ölkə tərəfindən yaxından izlənilir".
Milli Məclisin deputatı Aydın Hüseynov isə
"525"ə deyib ki, Azərbaycan - Çin münasibətləri
qarşılıqlı hörmət və yaxın dostluq
prinsiplərinə əsaslanır: "Cənab Prezident
İlham Əliyevin Çinə səfərləri, eləcə
də, müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə
Çinin dövlət və hökumət
başçıları ilə görüşləri əlaqələrin
daha da inkişafına səbəb olub. Həmçinin
müxtəlif sahələrdə əməkdaşlığın
genişlənməsinə zəngin töhfələr verib.
BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq
Respublikası hər zaman Azərbaycanın ərazi
bütövlüyünü və sərhəd
toxunulmazlığını dəstəkləyib,
Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə
bəyan edib. Azərbaycanın isə "Vahid Çin"
siyasətini dəstəkləyib".
Deputat əlavə edib ki, Çin və Azərbaycanın
qlobal ticarətə töhfə verəcək ən
mühüm layihə olan Orta Dəhlizdəki fəaliyyəti
mühüm əhəmiyyət daşıyır: "Azərbaycan
Orta Dəhlizin ən etibarlı nöqtələrindən
birinə çevrilir, Şərq-Qərb istiqamətində
daşınmaların tranzit qovşağı kimi beynəlxalq
daşınmaların axıcılığını təmin
edir. Bu gün beynəlxalq ticarət icması da Azərbaycanın
bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətini
nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq
göstərir, dəstək verir. Bu isə bölgədə
yeni coğrafi xəritəni cızır".
Pərvanə
525-ci qəzet .-2025- 14 fevral(№28).- S.5.