Xalq
yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyi qeyd
ediləcək
Prezident Sərəncam
imzalayıb
Xalq yazıçısı Maqsud İbrahimbəyovun
90 illiyi qeyd ediləcək.
APA xəbər verir ki, Prezident İlham Əliyev
bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, 2025-ci ilin may ayında Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi,
Xalq yazıçısı, Dövlət mükafatı
laureatı, tanınmış ictimai xadim Maqsud Məmmədibrahim
oğlu İbrahimbəyovun anadan olmasının 90 ili tamam
olur.
"Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi
çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii
fikrinin zənginləşməsində təqdirəlayiq rol
oynamış söz ustalarındandır. Ötən əsrin
60-cı illərində yeni ədəbi prosesin
formalaşmasında yaxından iştirak edən sənətkar
ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində
qəhrəmanlarının xarakterini dərindən
açaraq dolğun və rəngarəng obrazlar
yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və
rejissor kimi Azərbaycan kinematoqrafiyasının
inkişafında mühüm xidmətləri vardır. Milli
koloritin qabarıq təsviri, adət-ənənələrə
bağlılıq, xüsusən Bakı mühitinin
özünəməxsus mənzərəsinin təsviri Maqsud
İbrahimbəyov yaradıcılığını səciyyələndirən
başlıca cəhətlərdir", - Sərəncamda
vurğulanıb.
Mədəniyyət Nazirliyinə, Azərbaycan
Yazıçılar Birliyinin təkliflərini nəzərə
almaqla, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90
illik yubileyinə dair tədbirlər planı hazırlayıb
həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan
irəli gələn məsələləri həll etmək
tapşırılıb.
525-ci qəzet .-2025- 14 fevral(№28).- S.3.