Təbiət insanı yaşadır
və bəzən sınağa çəkir
(Əvvəli ötən şənbə
sayımızda)
Kanadadan Meksikaya min kilometrlərlə məsafə qət
edən monarx kəpənəkləri özlərini məhv
etsələr də, nəsil artırmaq qayğısına
qalaraq, yumurta qoyur, sayı milyonlarla olan öz növlərinin
həyatının davam etməsinə nail olurlar. Bəzi
balıq növləri nəsli artırmaq üçün
kürü tökdükdən sonra ölürlər.
Peçora çayındakı nalim adlanan balıq
növü şirin suda kürü tökmək
üçün Norveç sahillərindən min kilometrlərlə
məsafədə olan həmin çaya üzüb gəlir.
Bitki aləmi öz mühitlərinin iqliminə
görə çox sayda növlərə bölünürlər.
Tropik meyvələr gətirən ağaclar şimal və mərkəzi
ərazilərdə bitmirlər. Meyvələr öz
növünü çoxaltmaq üçün, məsələn,
qarpız və ya avakado kimi əsasən çox sayda tuma
malik olur. Kokos qozu isə özündəki toxumu uzun müddət
qoruyub saxlaya bilir, sahildən dığırlanıb suya
düşdükdə okeanı da üzüb keçir,
dalğanın atdığı adada torpaqda kök atıb,
meyvə verməyə qadir olan yeni bitki əmələ gətirir.
Deməli, təbiət hər bitkini nəsil
artırmasını da xüsusi qaydada nizamlayır. Boğaz
dişi heyvanın bətndəki
balaya təhlükə törənməməsi
üçün erkək heç vaxt ona cütləşmək
məqsədi ilə yaxınlaşmır. Balanın
qorunması naminə təbiət heyvanların cütləşməsi
vaxtını müəyyən dövrlə məhdudlaşdırır
və belə nizamlama nəsli manesiz artırmağa şərait
yaradır.
Təbiət həm də heyvanların nəsil
artırmasını qida ilə təmin olunmağa uyğun
olaraq nizamlayır. Siçovullar yem ehtiyatı azaldıqda,
bala vermələrini də əsaslı qaydada ixtisar edirlər.
Təbiət təkcə heyvanları qida ilə təmin
etmir, bu qidaların faydalılığı
qayğısına da qalır. Vəhşi
yırtıcılar ovladıqları otyeyən heyvanların əti
ilə yanaşı, onlardakı lazım olan faydalı
metalların mikroelementləri ilə və digər maddələrlə
təmin edilirlər. Məşhur ingilis zooloqu, bütün
qitələrdəki ekzotik heyvanlar barədəki qiymətli
kitabların müəllifi Cerald Darrel öz ölkəsində
yaratdığı zooparkda bu müddəanın əsaslı
olduğuna yəqinlik tapmışdı. O,
saxladığı şiri və pələngi ət
kombinatından gətirilən keyfiyyətli ətlə
qidalandırırdı, bir müddətdən sonra onların
arıqladığını, zəiflədiyini müşahidə
etdikdə, veterinar bildirdi ki, onlar təbii şəraitdə
ovlarını bütünlüklə, buynuzları və iri
sümükləri istisna olmaqla, istehlak edir, lazım olan
bütün mikroelementləri dəridən, tükdən,
sümükdən qəbul edirlər. Sən isə onları
hazır qaramal cəmdəyi ilə qidalandırırsan. Bundan
nəticə çıxaran Darrel yırtıcılara dərisi
soyulmadan öldürülmüş mal əti yedizdirdikdən
sonra vəziyyət dəyişdi və şir və pələng
əvvəlki kondisiyalarına qayıtdılar.
Leşlə qidalanan heyvanların yırtıcılara
nisbətən az əziyyət çəkdiyi güman edilir,
çünki şirin, ya pələngin qızmar istidə
antiopaları qovub ovlamaq cəhdi çox hallarda uğursuz olur
və onları taqətdən salır. Leş yeyənlər
- kaftarlar və kaftar itləri isə diri heyvanları ovlamaqla
məşğul olmurlar. Lakin bu, onların həyatının
heç də yüngül keçdiyinə dəlalət etmir.
Əgər onlar ucsuz-bucaqsız savannada yalnız
ayaqlarının gücü hesabına leş axtarsaydılar,
taqətdən düşər və çox hallarda ac
qalardılar. Təbiət onlara asan çıxış yolu
da göstərmişdir. Onlar daim gözlərini səmaya,
uçan qriflərə (keçəl kərkəslərə)
tərəf tuturlar, bilirlər ki, onların özü kimi
leşlə qidalanan bu quşlar uçduqları hündürlükdən artıq
leşin harada olduğunu bilir və həmin istiqamətə
yönəlirlər. Kaftarlar və kaftar itləri də
aşağda hərəkət etməklə, onların
arxasınca gedib, az sonra leşin olduğu yerə gəlib
çıxır və bu ziyafətə qoşulurlar. Qriflər
onlar üçün özləri də bilmədikləri
halda, kəşfiyyatçılıq vəzifəsini yerinə
yetirirlər.
Yırtıcı heyvanlara da münasibət heç də
birmənalı deyildir. Guya onların ot yeyən fauna növlərini
qırmaqla, kökünü kəsməsi barədəki
çoxdan geniş yayılmış stereotip çox hallarda
aparıcı rol oynayır. Bu mülahizə əsassız
olmaqla, dəqiq deyilsə, sadəcə olaraq, onların üzərinə
atılmış böhtan xarakteri daşıyır.
Aparılan elmi təcrübələr bu ideyanı
bütünlüklə inkar edir. Yırtıcı heyvanlar -
şir, pələng, canavar iri və sağlam heyvanları
ovlamaqda əksər hallarda uğur qazanmırlar, onlar adətən
yalnız xəstə və qocalıb taqətdən
düşmüş, bəzən isə körpə və
sürüdən ayrılmış heyvanları ovladıqda
uğur qazanırlar. Afrika savannalarında şirlər vəhşi
camış sürüsünə, ABŞ preriyalarında isə
canavarlar bizon sürüsünə hücum etməkdən
çəkinirlər. Camışların iri buynuzu, hücum
edən şiri havaya tullayıb, yerə çırpmaqla
öldürməsə də, ağır yaralayır və
onları öz ağılsız məqsədlərindən
uzaqlaşdırır. Bizonların isə ağır çəkisi
onlara hücum edən canavarları ruhdan düşməyə
məcbur edir. Bir vaxtlar canavarların maralları guya kütləvi
şəkildə ovlaması nəticəsində onların
sayının kəskin azalması barədə ideya geniş
yayılaraq, bu yırtıcıları tamam qırmaq
çağırışlarına səbəb olmuşdu.
Bunun ekosistemə ağır zərbə vuracağı
ehtimalı qətiyyən nəzərə
alınmırdı. Təbiətşünas Farli Mouett buna
qarşı səsini qaldırıb, bildirdi ki, canavarlar nəinki
maralları qırırlar, əsasən xəstə
olanları ovlamaqla, onların bu xəstəliklərə kütləvi
sirayətlənməsinin qarşısını alırlar.
Beləliklə, onlar maral sürüləri üçün əsl
sanitar rolunu oynayırlar. Fikrini tamamilə əsaslandırmaq
üçün o, canavarların əsasən gəmiricilərlə
qidalandığı ideyasını irəli sürdü. Birləşmiş
Ştatların şimalında və Kanadanın cənubunda
marallar yaşayan ərazilərdə isə gəmiricilər
saysız-hesabsız idi. Öz elmi ideyasını təcrübə
qaydasında sübut etmək üçün o, maralların
və canavarların bol olduğu ərazidə yaşamağa
yollandı. Mouett 6 ay ərzində canavar yuvasının lap
yaxınlığında çadırda yaşamaqla,
onların qidalanmasını və həyat tərzini
müşahidə etdi. Təcrübə onun ideyasını
bütünlüklə təsdiq etdi.
Lakin əleyhdarlarını inandırmaq
üçün o, özü də canavarlar kimi
siçanlarla qidalanmğa keçdi. Bir müddətdən
sonra arıqladığını hiss etdi və bunun səbəbini
tapdı. O, siçan ətini xörək kimi hazırlayanda,
onun mədəsini çıxarıb atırdı.
Siçanın piyi isə yalnız onun mədəsində
olduğundan, o, özünü piy qəbul etməkdən məhrum
etmişdi. Canavarlar isə siçanı bütöv yeyirlər,
ondan xörək hazırlamaq onlar üçün yaddır.
Mouett siçanın mədəsini də yeməklə, əvvəlki
normal kondisiyasına, əhval-ruhiyyəsinə qayıtdı.
Təcrübə uğurla nəticələndi,
canavarların qidalanmasının başlıca mənbəyinin
gəmiricilər olduğu faktı, müşahidə vasitəsilə
öz təsdiqini tapdı. Canavarları məhv etmək
çağırışına, bu məsələnin
düzgün elmi məhvərə qaytarılması siyasəti
ilə son qoyuldu. Təbiətşünas macəralarla
müşayiət olunan öz elmi tədqiqatını
"Qışqırmayın, canavarlar diksinər" ("Ne
kriçite, volki") adlı maraqlı kitabında geniş nəql
etmişdir.
Bu misallar da göstərir ki, təbiətin öz
yaratdıqlarını həm də zəruri yemlə təmin
etməsi sahəsindəki qayğıkeş işini yaddan
çıxarmaq olmaz. Təbiət həm faunaya və həm
də floraya öz əvəzolunmaz təsirini göstərir,
axı heç bir istixana, bitkilər üçün günəş
enerjisini əvəz etmək qüdrətinə malik deyildir.
İstixana meyvəsi və tərəvəzi açıq
plantasiyalarda yetişdirilənlərin dadını vermir. Ona
görə də biz ana təbiətin fəaliyyətini
lazımınca qiymətləndirməklə, onun məhdudlaşmasına
yol verməməliyik.
Bəşəriyyətin inkişafının tarixi mərhələləri
Hər bir iqtisadi formasiya özünəməxsus
inkişaf yolları və üsulları seçsə də,
bu prosesin kəsilməsinə imkan vermədi. Quldarlıq əzablı
qul əməyinə əsaslansa da, bu dövrdə təkcə
aqrar istehsal deyil, elm, texnika, texnologiya da inkişaf etməyə
başladı, şəhərlərdə arxitektura inciləri
meydana gəldi. Feodalizm torpaq üzərindəki mülkiyyətə
əsaslanmaqla, torpaq sahiblərinin nüfuzunun böyüməsinə,
dövlətin isə əvvəlki sərt idarəetmə
imkanlarından uzaqlaşmasına gətirib
çıxardı. Regionların knyazlar tərəfindən
idarə olunması daha böyük rol oynamağa
başladı. Onların geniş səlahiyyətlərə
yiyələnməsi, kral üsul-idarəsinin nüfuzuna
ağır zərbə vurdu. Feodalizm öz imkanlarını məhdudlaşdırdığından,
şəhərlər və sənaye mərkəzləri
meydana gəldi.
Orta əsrlərdə baş verən hadisələr
Xalqlar Orta əsrlərə qədəm qoysa da,
geriliyi yada salan ənənələrdən
uzaqlaşmırdılar. Məsələn, german tayfaları
bütün bu dövr ərzində ağacları müqəddəs
hesab edib, onlardan hətta fermerlər üçün ev tikilməsi
məqsədi ilə istifadə edilməkdən ötəri kəsilməsinə
də müqavimət göstərirdilər. Hətta xristian
dininə çevrilmə də onların münasibətini
bütünlüklə dəyişdirə bilmədi.
Feodal torpaq sahiblərinin idarəçiliyi, onların
dövlətə tabeliyini xeyli zəiflətdi. Yeni
torpaqların istifadəyə verilməsi də xüsusi
çətinliklər yaratdı. Meşələri təmizləmək,
bu torpağı əkin üçün hazırlamaq asan
iş deyildi. Avropanın şimalındakı ağır
torpaq heç də yüngül başa gələn qaydalarla
və vasitələrlə şum edilmirdi. Kənd təsərrüfatı
metodları da həmçinin vacib məhsul götürməyi
artırmaq əleyhinə işləyirdi. Hər sonrakı ildə
şumu herik şəklində dincə qoylması tələb
olunurdu ki, torpağın münbitliyi yüksəlsin. Lakin hətta
bunlar edildikdə də aşağı ölçüdə
məhsul istehsal edilirdi. Götürülən məhsul səpilən
toxumun miqdarından yalnız iki dəfə çox olurdu. Erkən
Orta əsrlərdə iqlim də bol yağışlı və
soyuq olması ilə seçilirdi. Götürülən az məhsulun
da bir hissəsi pis illər üçün ehtiyat kimi
saxlanırdı. Ona görə də bu dövr həyat səviyyəsinin
aşağı olması ilə seçilirdi. Bu səbədən
Avropada əhali də seyrək idi. Belə şəraitdə
dövlətlərin də parçalanması asanlıqla
gedirdi. Yalnız Yeni Dünyanın kəşfindən sonra
oradan gətirilən və daha çox məhsul verən
qarğıdalının cənub zonalarında səpilməsi
ilə ərzaq probleminin həllində nisbətən müsbət
dəyişiklik əmələ gəldi.
Aqrar sahədəki vəziyyət lordlar və vassallar
dünyasının yaranmasına səbəb oldu. Vassallıq
praktikası german cəmiyyətindən
götürülmüşdü, onlarda adamlar
döyüşlərdə öz liderlərinə loyal olmaq
barədə and içirdilər. Onlar həmin
başçılar üçün vuruşurdular. Bunun əvəzində
isə onlara möhtac olduqları himayə göstərilirdi.
Sonra fərdlər öz lordlarına hərbi
bacarıqları ilə xidmət göstərirdilər və
bunun icraçıları vassal kimi tanınırdı.
Hökumətlərin yıxılması ilə qüdrətli
kübarlar iri torpaq sahələri üzərində nəzarəti
ələ keçirirdilər. Onların özləri də
döyüşən adamlara ehtiyac duyurdular, bu məqsədlə
vassallarına torpaq mükafatı verirdilər. Bunun əvəzində
lordların torpaqları üçün onlar vuruşmalı idilər.
Frank ordusu başlanğıcda piyada əsgərlərə
malik idi, onlar qılıncla silahlanır, sonra atla təmin
edilirdilər. Bir müddət sonra isə atlılar nizələrə
yiyələndilər. Avropada beş yüz il ərzində
döyüşdə ağır silahlanmış süvarilər
ağalıq edirdi. Bunlar artıq cəngavərlər
adlanırdı. Cəngavəri at belində olmadan təsəvvür
etmək mümkün deyildi, çünki ağır zirehli
paltarlarına və silahlarına görə, onların
çəkisi 40 kq-a çatırdı, cəngavərlər
sadəcə piyada gəzməkdə də çətinlik
çəkirdilər. At belində isə onlar vuruşmağa
qadir olurdular.
Dövlətin parçalanması nəticəsində
azad fərdlər arasında yeni tip şəklindəki
münasibətlər meydana gəldi. Hökumət öz təbəələrini
müdafiə etməyə qadir olmayanda, bu vəziyyət
qüdrətli lordların - torpaq sahiblərinin üzə
çıxmasına şərait yaratdı və onlar adamlara
öz himayələrini təklif etdilər. Lordlarla fərdlər
arasında sosial təşkilat qaydasında bağlanan
müqavilə tarixdə sonralar feodalizm adlandı. Lakin
feodalizm heç vaxt sistemə çevrilmədi, ona görə
də bugünkü tarixçilər bu termini işlətməkdən
imtina edirlər.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 15 fevral(№29).- S.22.