Dünyanın cənnəti
seçilən kənd
ŞİRİNCƏ, UNUTMARAM ÖMRÜMCƏ
2012-ci il dekabrın 21-indəki vurhavur yadınıza gəlməmiş
olmaz. Guya, qiyamət qopacaq, dünyanın altı üstünə
çevriləcəkdi. Sonra Yer üzü
üçgünlük qaranlığa qərq olacaq, o
üç gündə sunamilər, zəlzələlər
baş verəcək, vulkanlar püskürəcək, bir
sözlə, yer yerindən oynayacaqdı. Bütün insanlar dərin
yuxuya dalacaqdı və altı gün oyanmayacaqdı. Həmin
məqamda dünya sıfırlanacaq və yenidən yenilənəcəkdi.
Təbii ki, bütün dünyanın altı üstünə
çevrilərkən bir Şirincəyə, bir də
Fransanın Bugarach kəndinə heç nə olmayacaqdı.
Altı gündən sonra Şirincəyə bir gəmi gələcəkdi,
gəmidə də kim olsa yaxşıdır? Hə, İsa Məsih...
Məsihin qədəmləri torpağa dəydiyi anda
qaranlıq aydınlığa çevriləcəkdi,
yatmış insanlar arınmış olaraq oyanacaqdılar. Həmin
məqamda əsas məsələ baş verəcəkdi:
olduğumuz bədəndən işıq bədənə
keçiləcəkdi. Təbii ki, kim sağ qalsa. Beləliklə,
"Altın çağ" başlayacaqdı və qurtulan
insanlar o çağa keçəcəkdilər.
İndi dünyanın bir küncündən oturub o
ildən bəri olanlara, olmayanlara nəzər salıram və
öz özümə düşünürəm: Nə
altın çağ, pas tutmuş, çürüməyə
doğru sürətlə irəliləyən bir
çağa gəlib çıxdıq - həm də
bütün dünya əhalisi olaraq.
O vaxt "Altın çağa" keçmək
üçün, dünyanın dörd bir yanından insanlar
buraya axın edirdilər. Avstriyadan Avstraliyaya, Kanadadan Amerikaya
qədər adamlar Şirincədə "start"da
dayanmışdı. Sonra nə oldu? Heç nə, həmişəki
kimi nəhəng bir heç! Nə fırtına qopdu, nə
tufan, nə sunami oldu, nə dünyanın altı
üstünə gəldi. Nə gəmi göründü
uzaqdan, nə gəlməyən gəmidən İsa endi
torpağa. Qaranlıq oldu, amma beyinlərdə, ürəklərdə,
vicdanlarda. O gündən bəri dünyanın deyil, aydın
düşüncəli ruhların zülmətinə çox
şahid olduq. Dünyanın isə gecəsi gecə,
gündüzü gündüz olmaqda davam etdi. Onsuz da
kainatın məqsədi, duruşu bəllidir. Rəngdən rəngə
girən, olduğu vəziyyətə görə cildini dəyişən,
üç qəpiklik mənfəət üçün illərlə
inşa edilmiş onurunu, qürurunu satan insandır. Əlbəttə,
qınamıram. Hətta normal qəbul edirəm və fikrimcə,
insanları olduğu kimi qəbul edəndə daxildəki
lazımsız bütün savaşlar bitir. Xəfif bir təbəssümlə
"Ah, insan övladı, daha nələrinə şahid
olacağıq" demək gəlir içimdən. Yazarkən,
o vaxt quraşdırılan "qiyamət" ssenarisinin necə
qüsursuz olduğuna heyran qalıram. Mağazalardakı
şam qıtlığı, market vitrinlərindən silinib
süpürələrək alınan konservləşdirilmiş
məhsullar yadıma düşür. Sözün həqiqi mənasında
tragikomediya yaşayıbmışıq. Yaxşı, bu
şounun qazananı kim oldu deyə sual yaransa,
düşünmədən bir cavab verərəm: Şirincə!
Kəndin fəlakətdən qorunacağını
iddia edən keçmiş mürəbbə bişirən,
hazırkı spiritualizmlə məşğul olan
İşıq Yazan oldu. O uydurma, bu uydurma, Şirincənin
adı dünyaya yayıldı. Hər il buraya iki milyona
yaxın turist gəlir. Özü də, önəmli turizm mərkəzlərini
geridə qoymağı bacarır.
İllər sonra...
Ötən həftə yolumu qiyamətə meydan
oxuyan Şirincəyə saldım. Kənd sanki nağıl
kitablarının səhifələrindən pırtlayıb
dağların arasına düşüb. Ayağımı
torpağa basar-basmaz özümü kəndin labrintə bənzəyən
dar küçələrinə atdım. Bəyaz evlərin
aralarında eniş aşağı və yoxuş yuxarı hərəkət
etdim. Hər yerdən hüzur fışqırır, hər
yerdən sakitlik axır insanın üzərinə. Burada gəzərkən
heç yerə tələsmirsən, içindəki
dünya təlaşı yavaşlayır, bədənin
rahatlayır, ürəyin ritmi nizamlanır sanki. Qəribə
də olsa, özünü əmin əllərdəymiş
kimi hiss edirsən.
Şirincə ilə Makondanın ortaq nöqtəsi
Şirincə, Rum kəndidir. Kəndin quruluş tarixi
də, dünənə sırağa günə yox, düz V əsrə
qədər gedib çıxır. Hətta kəndin qurulma
hekayəsi mənə Qabriel Qarsiya Markesin şah əsərini
"Yüzillik tənhalıq" romanında Xose Arkadionun
Ursula və bir neçə nəfərlə birlikdə
ata-baba torpaqlarından ayrılıb özlərinə Makonda
adlı vətən qurmaqlarını xatırlatdı.
Buranın da hekayəsi Efesdən başlayır. Efes,
İoniya dövlətinin Anadolunun qərb sahilinin mərkəzi
hissəsini əhatə edən zəngin və görkəmli
antik şəhərlərindən idi. Şəhər bu zənginliyini
limanına borcluydu. Anadoluya mallar Ege sahilinə gələn gəmilər
vasitəsi ilə çatdırılırdı. Anadoludan
mallar yenə eyni limandan ixrac edilirdi. Buna görə də,
bölgə uzun illər zənginlik içərisində
yaşayır. Ancaq suyla gələn bu zənginliyin sonunu yenə
su hazırlayır. Menderes çayı daşmağa
başlayır. Nəticədə allüvial
çöküntü baş verir. Proses o qədər sıx
və surətli baş verir ki, bir müddət sonra Efesin Ege dənizi
ilə olan bağlantısı kəsilir. Bir vaxtlar zəngin
liman şəhərinin dənizlə aralarında ciddi məsafə
yaranır və şəhər dənizə çox uzaqdan
baxar olur.
Allüval çöküntü Efesdən sadəcə
dənizi uzaqlaşdırmır, puldan, maldan, zənginlikdən
də məhrum eləyir. Baş verən bu yoxsulluq
insanların Efesdən ayrılmağına, hərənin
başını götürüb bir tərəfə getməyinə
səbəb olur. On iki nəfərlik bir qrup insan isə bu
gün Şirincənin olduğu yerə gəlirlər.
Buranı özlərinə məskən seçirlər və
adını da "Dağdakı Efes" qoyurlar. O vaxtdan bəri
kəndin adı dəfələrlə dəyişir.
Keçən əsr xəritələrə Kırkıca,
Kırkınca olaraq həkk olur. Dağ başındakı
kiçicik kənd, uzun illər Çirkincə adını
da daşıyır. Şirincənin aldığı adlar
arasında ən maraqlı hekayəsi olan da elə bu
addır. Deyilənə görə, keçmişdə burada
yaşayanlar Səlcuğa endiklərində "Kəndiniz
necədir, nələr var, nələr yox?" deyə soruşanlara,
"çirkin, çirkincə" cavabını
verirmişlər. Kəndin gözəlliyini
başqalarından gizlətmək üçün istifadə
etdikləri bu söz zaman içində kəndin adına
çevrilir. Cümhuriyətin ilk illərində dönəmin
İzmir valisi Kazım Dirik Paşanın ziyarətinə qədər
eyni adı daşıyır. Kəndin gözəlliyini
görən vali, bu adın bura yaraşmadığını
söyləyərək Şirincə olaraq dəyişdirir.
Ancaq adının dəyişməsi ilə Şirincəlilərin
talehi də dəyişir. Çünki tezliklə əhali
mübadiləsi baş verir. Həm gedənlərin, həm gələnləri
həyatları əvvəlki kimi olmur. 30 noyabr 1923-cü ildə
Türkiyə ilə Yunanıstan arasında imzalanan mübadilə
müqaviləsinin nəticəsində Şirincədə
yaşayan Rumlar, Yunanıstanın müxtəlif bölgələrinə
gedərək, Selanik, Manastr kimi şəhərlərdən gələn
türklər də Şirincədə məskunlaşırlar.
Hətta deyirlər ki, ataları, dədələri
dağların ətəklərindən yeriyərək
Şirincəyə gəlib çatanda qaşlarını
çatıb, "bizi qazıqladılar" deyiblər.
Buradan çıxarılan rumlar da getdikləri yerdə
özlərinə kənd qurub, adını Şirincə
qoyurlar. Şirincə kəndinin ərazisində 40 dənə
kilsə və monastır qalıqları mövcuddur. Üstəlik,
Məryəm Ananın məzarının bu bölgədə,
yəni Bülbül dağlarında olduğuna dair iddialar
var.
Yenidən kəşf edilən kənd
Uzun illər səssiz, sakit yaşamağa davam edən
Şirincə, son illərdə sözün əsl mənasında
bir sıçrayış, şahlanma yaşadı. Yenidən
kəşf edildi. On beş il əvvələ qədər
küçələrində yemək yeyəcək kafe,
qalmağa yerin olmadığı kənddə bu gün
restroanlar, cakuzili pansiyonlar bir-biri ilə yarışır. Kəndin
girişində maşınların park edildiyi yerdə enəndə
ətrafdakı dağların, təbiətin mənzərəsi
tablo kimi önündə sərgilənməyə
başlayır. Bir-birinin önünü kəsməyən,
sıralanmış ağ evlər, evlərin ortasından
ucalan kilsələr, dar küçələr insanı cazibəsi
ilə təsir altına alır.
Kəndin cəmi 530 nəfər əhalisi var. Qazanc
yerləri isə əl əməyi ilə ərsəyə gətirdiklərini
dünyanın dörd bir yanından kəndə gələn
qonaqlara satmaqlarıdır. Bunların da başında şərabçılıq
gəlir. Daha əvvəl görmədiyim şərab növlərini
burada gördüm. Bapbalaca kəndin hər küncü,
bucağı şərab mağazaları, şərab məhzənləri
ilə doludur. Qovun, şaftalı, nar, qarağat, limon, gül,
alma, qurudulmuş üzümdən tutmuş, qara,
qırmızı, ağ üzüm və çoxunu
unutduğum bir çox meyvələrdən çəkilən
şərabları var. İçə bildiyin qədər
daddırırlar. Səkkiz-doqquz növ içkinin dadına
baxdım. Hamısı bir-birindən necə ləzzətli
ola bilər deyə heyrət etdim. Əslində, Datça və
Mardində "datça, süryani" şərablarını
test eləmişdim. Yaxşı idi. Amma Şirincədəkilər
başqa aləmdir. Hər yer zeytun ağacları ilə
doludur. Bu da zeytundan hazırlanan məhsulların, eləcə
də süzmə zeytun yağının ən əlasının
burada olmağı deməkdir. Qadınların toxuduqları
oyuncaqlar göz oxşayır. Müşahidəmdən bu nəticəyə
gəldim ki, hamı əlindəki bir ovuc fürsəti qazanca
çevrir. Kimi bağını kafeyə çevirib, kimi
evini pansiyona. Dondurmaları isə dillərə dastandır.
Bu günə qədər yediklərimin ən ləzzətlisi
və tamamilə təbiisidir deyə bilərəm. Kəndə
sırf "gözləmə" yemək üçün gələnlər
var. Xəmir yeməklərindən uzaq olduğum
üçün onun ləzzətindən bixəbər
qaldım. Ancaq hər bağda, hər kafedə bir sacın
olmağı, qadınların xəmir yayıb, gözləmə
bişirməsi, yemək yeyən hər turistin qabında bir
gözləmə olduğunu nəzərə alsaq, deməli,
o da deyildiyi qədər var.
Romanların mövzusu
Kənddən bəhs edən iki kitab var. onlardan biri
mübadilədən əvvəl yaşadığı
torpaqları kiçik yaşda tərk etmək məcburiyyətində
qalan aydınlı yazıçı Dido Sotiriounun
yazdığı "Ölülər gözləyər"
romanıdır. Digəri isə böyük
yazıçı Sabahattin Alinin "Sırça
köşk" adlı hekayələr kitabıdır.
Yazıçı "Çirkincə" adlı hekayəsində
bu sözlərlə bəhs edir Şirincənin gözəlliyindən:
"Hələ Şirincə... Hələ bu yeddi, səkkiz
evlik dağ başındakı kənd... Daha uzaqdan şam və
zeytun ağaclarının arxasından, ağ evlərin pəncərələri
parıldayan, meydanlarını iri çinarların kölgələdiyi
kiçik rum qəsəbəs... Bu qədər gözəl
bir yerə necə olub ki, Çirkincə adını verdiklərinə
uşaqlığımdan bəri heyrət edirəm".
Haqlıdır, böyük yazıçı. İnsan kəndi
qucaqlamaq istəyər? Mənim içimdən bu
addımı atmaq keçdi. Məsum, saf, gözəl olan hər
şeyi bağrımıza basmağı hansımız istəmərik
ki?
Dido Sotirion isə deyir ki: "Burada yaşayan hər kəndli
öz əfəndisi idi. Hamının iki mərtəbəli
evi vardı. Qoz, badam, alma, armud, gilənar ağacları ilə
dolu idi hər yer. Bağları, bağçaları
vardı. Heç kim bağından gül əkməyi əsirgəmirdi.
Dörd tərəfdən fışqıran axar suların nə
yazda, nə də qışda səsi kəsilirdi. Nəğmə
idi o səslər. Buğdanın, arpanın yetişdiyi vaxt
tarlalarımız qızıl rəngli dənizdən fərqsiz
olurdu. Bizimkilər kimi bərəkətli, budaqları yerləri
yalayan, sulu, dolu, yupyumuru, qapqara, par-par parıldayan zeytun
ağacına başqa yerdə rast gələ bilməzdiniz".
Mənə elə gəlir ki, dünyanın cənnəti
seçilən Şirincəni ömrüm boyunca
unutmayacağam.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 15 fevral(№29).- S.20;21.