Film və seriallarda
çatışmayan redaktor işi
Ötən əsrin məhsulları olmalarına
baxmayaraq, bu gün də maraqla izlənən, dialoqları dillərdən
düşməyən filmlərimiz var. Maraqlısı odur ki,
bu gün çəkilən filmlərimizdə həmin keyfiyyət
görünmür. Nəinki filmlər, hətta seriallar belə
bir dəfə izlənilir və unudulur. Hər iki
dövrün filmlərinin ərsəyə gəlmə
prosesini müqayisə etsək, görərik ki, aradakı fərqlərdən
biri də redaktor problemidir. Uğurlu dialoqlar film və
serialları baxımlı edən başlıca məqamlardandır.
Bəs bu gün Azərbaycanda istehsal olunan film və seriallarda
redaktor işinə niyə ehtiyac duyulmur?
Kinodramaturq Eldəniz Quliyev bildirir ki, ssenarinin,
dialoqların uğurlu alınmasında redaktor əsas rol
oynayır: "Hər hansı bir filmin redaktoru o filmin ərsəyə
gəlməsində aparıcı rol oynayır və
oynamalıdır. Film redaktoru hər hansı kinostudiyanın
mövzu, tematik planını tərtib edir, öz imkanları
daxilində istedadlı kinodramaturqları, ssenaristləri cəlb
edir. Əvvəllər çəkiləcək, plana
salınma ehtimalı olan bir filmin kiçik annotasiyası
yazılırdı və həmin annotasiyaya uyğun olaraq
müəllif tərəfindən sinopsisi yazılırdı.
Mətn redaktorla bərabər işlənirdi və əgər
redaktor həmin mətni qəbul edirdisə, bunu redaksiya
kollektivinin müzakirəsinə çıxarırdı.
Əlbəttə, bu fikirlər "Azərbaycanfilm"dən
əldə etdiyim təcrübələrə əsaslanır.
Redaksiya kollektivi bunu qəbul edib, düzəlişlər
varsa, düzəlişlər edirdi, daha sonra həmin sinopsis Bədii
Şuranın müzakirəsinə təqdim olunurdu. Bədii
Şura Azərbaycanın tanınmış
yazıçılarından, kinodramaturqlarından,
ziyalılarından ibarət idi. Bu mərhələdən
keçəndən sonra həmin sinopsis Azərbaycan Kino Komitəsinə
göndərilirdi. Bu mərhələlər keçiləndən,
razılıq əldə olunandan sonra isə ssenari işinə
başlanılırdı. Bayaq qeyd etdiyim kimi, redaktorla müəllif
birgə işləyirdi, süjet, obrazlar, dialoqlar, sətiraltı
mənalar, cəmiyyətə, ictimai rəyə təsir kimi
məsələlər düşünülürdü.
Redaktor bu işə güzgü tuturdu, işıq
saçırdı, müəllifə istiqamət verirdi.
Redaktor əslində filmin ərsəyə gəlməsində
motor rolunu oynayırdı. İndi isə son zamanlar çəkilən
seriallarda, bədii, sənədli, qısametrajlı filmlərdə
redaktor əsas fiqur deyil. Hətta bir çox filmlərdə
redaktor ümumiyyətlə, olmur. Olsa belə, peşəkarlıq
olmadığı üçün yaranan mətnlər də
aşağı səviyyəli olur. Bildiyiniz kimi, hər
hansı filmin yaranması, uğurlu şəkildə ərsəyə
gəlməsi ssenaridən asılıdır. O vaxtı kinoda
redaktor işləyən adamlar hamısı çox
savadlı və peşəkar idilər. Təəssüf ki,
indi redaktora ehtiyac duyulmur, buna görə də bərbad
dialoqlar yaranır. Fikir versəniz görərsiniz ki, sətiraltı
mənası, orijinallığı olmayan dialoqlardan istifadə
edilir. Adi danışıq dili dialoq deyil, kinoda hər hərəkətin
mənası olduğu kimi, hər sözün də mənası
olmalıdır. Dialoq əslində kinodramaturgiyanın ən əsas
funksiyalarından biridir. Təsadüfi deyil ki, Hollivudda və
ya İtaliya, Fransa kinosunda yanlız dialoq yazmaqla məşğul
olan insanlar olur, ssenarist ümumi mənzərəni yaradır,
onun dialoqunu isə dialoq ustaları yazırlar. Redaktor bu
işdə aktiv iştirak etməlidir".
Rejissor Emin Əfəndiyevin fikrincə, indiki gənclər
öz dillərində danışan redaktorlar görmürlər,
tanımırlar deyə kino çəkən adamlar redaktordan
istifadə etmirlər: "Film redaktorunun əsas vəzifəsi
odur ki, ümumi ssenari hazır olandan sonra onu redaktə etsin və
daha çox da dialoqlara diqqət yetirsin. Yəqin ki, indi
büdcə azdır deyə redaktor yoxdur. Ona da əlavə
pul ödənməlidir. Həm də bu problemin səbəbini
gənc nəsildə görürəm. Bizdə gənc
redaktorlar demək olar ki, yoxdur, varsa belə, biz
tanımırıq. Redaktorların əksəriyyəti
yaşlı nəsildir. Yaşlı nəslin kinosu ilə gənc
nəslin kinosu arasında həm yanaşmada, həm dialoqlarda,
həm mövzu etibarilə kifayət qədər fərq var.
Buna görə gənclər bir iş ərsəyə gətirmək
istədiklərində yaşlı nəsillə birgə fəaliyyət
göstərmək istəmirlər. Çünki
danışıq tərzindən tutmuş hər bir şey fərqlidir.
Müasir kinoda bədii dildə danışan çox az filmlər
çəkilir. Daha çox qəhrəmanlar bugünkü
müasir dildə danışırlar, müasir jarqonlardan
istifadə edirlər. Biz yaşlı redaktorlarla işləyəndə
təbii ki, onlar hamısı düzəlir və tamam
başqa kino ərsəyə gəlir. Ona görə, indiki gənclər
öz dillərində danışan redaktorlar görmürlər,
tanımırlar deyə redaktor işindən istifadə etmirlər".
Azərbaycan Kinematoqrafçılar
İttifaqının katibi Əli İsa Cabbarov kinostudiyalarda
redaktorların olmamasını qeyri-peşəkarlıqda
görür: "Son dövrlərdə prodüserlər
ssenari işini bilmirlər və ssenirinin ekspertizasını dəqiq
aparmırlar. Redaktor işi taleyüklü peşədir və
Sovet İttifaqında demək olar ki, dövlət siyasətini
aparan məhz film redaktorları idi. Amerika və Qərb
kinoindustriyasında "script doctor" anlayışı var,
bu, sssenarini inkişaf elətdirən, ssenari səhvlərini
göstərən peşədir. Sovet dövründə də
elə idi, studiyaların redaktorları istehsalata buraxmağa
namizəd ssenarilər üzərində işləyirdilər,
məsləhətlər verirdilər. Filmin mətnində
hansısa dəyişiklik etmək üçün çox mərhələlərdən
keçmək lazım gəlirdi. Məsələn,
"salam" əvəzinə "günaydın" deməyə
mütləq filmin redaktoru razılıq verməli idi. Amerikada
isə daha çox adamın razılıq verməsi lazım
gəlirdi. Çünki ssenari o qədər süzgəcdən
keçirdi, o qədər kamil bir məhsul olurdu ki, onu dəyişmək
üçün bir neçə adam təsdiq verməli idi.
Ona görə bizdə redaktorun olmaması olmayan
kinoindustriyamızın qeyri- kamilliyinin göstəricisidir. Hələlik,
şükür Allaha ki, Ramiz Fətəliyev, Ramiz Rövşən,
Eldəniz Quliyev kimi peşəkar redaktorlarımız
var".
Kukla Teatrının mətbuat katibi Həmidə
Rüstəmova mövzuyla bağlı fikirlərini
"525"lə bölüşərkən bildirib ki, kino
materiallarının keyfiyyətli şəkildə ərsəyə
gəlməsi, Azərbaycan dilinin normativlərini qorumaq
üçün redaktorlara ehtiyac olur: "Bədii redaktə
bütün mətnlər üçün vacibdir. Xüsusən
vizual mətnlər üçün. Hərçənd, bunu
son illər nəzərə almırlar. Bəzən
yazılı mediada, bəzən sadə reklam banneri üzərlərində
belə Azərbaycan dilinin nəinki bədii normativlərinə,
hətta qrammatika qaydalarına kifayət qədər zidd mətnlər,
fikirlər olur. Bu qədər problemlərin olduğu halda, nədənsə,
digər tərəfdən televiziya kanallarında belə
sözlərin tələffüzündə problemlərlə
rastlaşırıq. Çox qəribə danışıq
tərzi, intonasiya formaları formalaşır, dilimizə yad
sözlər daxil olur. Televiziya aparıcıları,
tanınmış insanlar cəmiyyət üçün
nümunə ola biləcək insanlardır və onlar bəzən
danışıqlarında, çıxışlarında bu
normativ qaydaları ciddi şəkildə pozurlar. Bildiyiniz kimi,
əvvəllər Azərbaycan Kinostudiyasında böyük
redaktor qrupları var idi. Onlar filmlərin redaktəsi ilə məşğul
olurdular. Amma burda redaktə dedikdə təkcə titrların
redaktəsindən söhbət getmir, sözsüz ki, proses
belə olurdu: ssenari seçilirdi, qəbul olunurdu, sonra redaktə
olunurdu, çəkiliş və montaj prosesində yenidən
redaktə edilirdi. Vizual mətnlərdə kinomatoqrafik
materiallar qalıcıdır. Tamaşada hər hansı dəyişikliyi
etmək olar, amma kinoda bu, mümkünsüzdür. Belə
olduğu halda, xüsusilə kino materiallarının keyfiyyətli
şəkildə ərsəyə gəlməsi
üçün, Azərbaycan dilinin normativlərini qorumaq
üçün redaktorlara ehtiyac olur. Mediada fəaliyyət
göstərdiyim müddətdə belə problemlərlə
çox rastlaşmışam. Xarici ədəbiyyatdan tərcümə
olunmuş tamaşalara baxanda redaktə ilə bağlı problemlər
bariz şəkildə görünür və sözsüz
ki, mətndəki qüsurları, onların qüsurlu tələffüzünü,
dilin bədii zənginliklərindən istifadə edilmədiyini,
bəzən hətta mətnin mexaniki tərcümə
olunduğunu görürük. Tamaşanın səhnə tərtibatı
nə qədər uğurlu olsa da, mətnin keyfiyyətinin
aşağı olması əsərə marağı
azaldır. Mən arzu edərdim ki, prodakşnlarımızda
redaktor ştatları olsun. Ümumiyyətlə, bədii
redaktənin qaydası budur. Ortada bir mətn varsa, mütləq
redaktə olmalıdır. Bir xalqın yaşaması onu
dilinin yaşamasıdır. Buna görə filmlərdə,
seriallarda mətnlər dilin normativ qaydalarına uyğun
olmalıdır".
Ümumiyyətlə, film sənayesi sektorunda redaktor
işi başlıca şərtlərdəndir. Filmlər,
seriallar xalqın mədəniyyətini, dilini özündə
əks etdirən əsas vasitələrdir. Mənəvi dəyərlərin
qorunması üçün filmlərin yüksək səviyyədə
olması mütləqdir. Buna görə də, ssenarilərin
mütləq peşəkar redaktorların əlindən
keçməsinə ciddi ehtiyac var.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 15 fevral(№29).- S.19.