UNUDULMAMAQ HAQQINI QAZANMAĞIN
ƏVƏZİ
O illər Bakıda caz fəsli idi. Caz Azərbaycanın
musiqi həyatına yaz kimi gəlmişdi. Bakıda
1930-40-cı illərdə başlayan caz fəslinin əslində
Avropaya, məsafəcə Azərbaycana daha yaxın və sərhədcə
daha açıq Rusiyaya gəlişi də az əvvəl
baş vermişdi - 1920-ci illərdən. Ancaq yeni başlanan o
dalğa Azərbaycana belə erkən gəlib
çatmışdısa, demək, Bakı da ona mailmiş,
bizlərdə də onu bəsləyib yaşadacaq daha
münasib mühit varmış. Səbəbsiz deyil ki,
1940-50-ci illərdə Sovet İttifaqının neçə
məşhur cazmeni elə Bakının cazlı havasında
yetişərək daha geniş caz üfüqlərinə
burdan qanadlandı.
Paris həmin Parisdir, köhnə "Trokadero"
kabaresi də yenə həminki yerində durub. 2000-ci illərin
əvvəllərində mən ora tez-tez gedərdim.
İkincisi ona görə ki, yolumun üstündə idi,
işə - iclaslara getdiyim bina ilə adətən
qaldığım hotelin aralığında idi. İkincini
birincidən əvvələ ona görə saldım ki, bu, bəlkə
də daha məntiqi görünə bilər. Ancaq elə həmin
yolun sağında-solunda nahar ediləsi, şama gəlinəsi
başqa onlarla bistro, kafe, restoran da vardı axı. Məhz ora
getməyi xoşlamağımın səbəbi caz idi. O
dövrdə caz haqqında müxtəlif dillərdə
çox kitablar oxuyurdum və yazılardan birində bu
sorağa da rast gəlmişdim ki, indi Parisin ən get-gəlli
kafelərindən birinə çevrilmiş
"Trokadero"nun dolayısı ilə Bakıya da dəxli
var.
1920-ci illərin lap əvvəlləri.
"Trokadero" hər axşam ağzınadək dolu
olurmuş. Ancaq bura toplaşanları yemək-içməkdən
daha çox gözəl musiqi cəlb edirmiş. Belə
axşamlardan birində "Trokadero"nun balaca səhnəsində
Luis Mitçelin "Caz kings" ansamblı
çıxış edirmiş.
Ansambl təmiz caz çalırdı, bu musiqi elə o
vaxt da indi olduğu kimi dünyanın başlıca mədəniyyət
paytaxtlarından sayılan Parisdə yeni eşidilirdi. Caz qədəm-qədəm
Avropanın ruh həyatına nüfuz edir, hər dinləyişlə
vurğunlarının sayı artırdı. Cazı XIX
yüzilin sonları - XX əsrin əvvəllərində
Amerika hindiləri və Afrika zənciləri
yaratmışdılar. Ancaq bunca sütül olmasına
baxmayaraq, caz həyata gəlincə sürətlə irəliləməyə
başlamışdı. Amerikanın müxtəlif şəhərlərində
bir-birinin ardınca caz orkestrləri yaranmışdı, bu
musiqi tezliklə Avropaya da ayaq açmışdı.
Həmin "Trokadero" kabaresində o axşam
"Caz kings"i dinləyənlərdən biri rus idi - bu
cavan Parisdəki Şairlər Palatasına rəhbərlik edən,
əslən Taqanroqdan olan Valentin Parnax idi.
Elə gəlincə cazın insanları valeh etməsi,
ən azı özünün daimi dinləyicisinə
çevirməsi səbəbsiz deyildi. Caz azad ruhun musiqisi idi.
Hər bir insanınsa dünyanın hər yerində,
vaxtın istənilən qatında içərisinin sərbəst
ifadəsinə həmişə ehtiyacı var. Caz sadəcə
musiqi deyil ki, o, bir düşüncə tərzidir. Cazdan
sonralar dünyanın bir para ölkələrində hakimiyyətlərin
qorxub-çəkinməsi, onun qarşısında çəpərlər
yaratmağa başlaması, yasaqlar qoyması da bu sənətin
elə həmin keyfiyyəti ilə bağlı idi. Cazı ilk
qadağan eləyən Adolf Hitler olmuşdu. Onun ardınca caza
"yox" deyən digər diktator İosif Stalin idi.
Almaniyada da, Sovet İttifaqında da caza cəza verənlər
ona neçə cür aşağılayıcı ad
qoymuşdular. Ancaq nə bəhanə gətirirlər-gətirsinlər,
hansı yarlığı
yapışdırırlar-yapışdırsınlar, təməl
səbəb, onların narahatlığının kökü
eyni idi - cazın daxilində nəbz kimi çırpınan
azadlıq eşqi, çəpərlərə sığmamaq
ehtirası. Bu isə elə duyğudur ki, tarix boyu müstəbidləri
daim hürküdə saxlayıb.
Valentin Parnaxı "Trokadero" kabaresində
eşitdikləri necə silkələmişdisə, çox
keçmədən əlində olan nəyi vardısa
hamısını bir caz ansamblı düzəltmək
üçün gərək olan musiqi alətlərini
almağa məsrəf etmiş, aldıqlarını da
götürüb Rusiyaya qayıtmışdı. Bu, sadəcə
bir mühacirin vətənə dönüşü deyildi,
Parnaxla birgə cazın sonralar çox seviləcəyi,
bir-birindən parlaq ifaçılar qazanacağı yeni
coğrafiyaya gəlişi idi. 1922-ci il oktyabrın 1-də,
bazar günü Moskvadakı Dövlət Teatr İnstitutunun
böyük zalında Valentin Parnaxın təşkil etdiyi ilk
ekssentrik orkestrin - caz-bandın premyerası baş tutur. Bu,
cazın Sovetlər Birliyi ərazisindəki doğum
günü idi.
1922-ci illə 1930-cu illərin arasında nə məsafə
var ki! Böyük zaman baxımından bircə göz
qırpımı. 1930-cu illərdə artıq Bakının
xeyli caz aludələri vardı və 1940-cı illər ərəfəsində
isə az ötməmiş hər kəsə
varlığının elanı veriləcək, SSRİ-də
ilklərdən biri olacaq Dövlət Caz Orkestrinin tərkibi
tam şəkildə yığılmışdı.
1920-ci illərin başlanğıcında Valentin
Parnaxın Moskvada etdiyini artıq 1930-cu illərin sonları,
1940-cı illərin əvvəllərində Bakıda caz
aşiqi cavan Azərbaycan musiqiçiləri edirdilər.
1941-ci ilin sentyabrında dünya müharibəsinin şiddətli
vaxtı idi. Sovet İttifaqı da artıq həmin ilin iyun
ayından dəhşətli davaya qoşulmuşdu. Bir-birinin
ardınca yola düşən qatarların səmti cəbhələrə
sarı idi. Artıq ilk itkilərin "qara
kağız"ları da gəlməkdə idi. O ağır
günlərdə insanlara ruh yüksəkliyi
bağışlamaq daha çox gərək idi.
Və yeni doğulan Azərbaycan Caz Orkestri də ilk gəlişindən
bu nəcibliyə xidmət edirdi.
Bakının Sovet İttifaqında caz dəblərini
diktə edən mərkəzlərdən birinə dönməsinin
əsas səbəbkarlarından biri gənc pianoçu,
dirijor və bəstəkar Tofiq Quliyev idi. Tofiq də Bakıya
o havanı Moskvadan gətirmişdi.
Özü mənə söyləyirdi ki, 1930-cu illərin
sonlarında Moskvadakı təhsil illərində tələbə
güzəranını bir az babatlaşdırmaq
üçün hardansa müəyyən gəlir əldə
etmək istiqamətində də baş
sındırırmışlar. O çağlar sovet
paytaxtının ayrı-ayrı restoranlarında yaxşı
orkestrlər çalırmış, ancaq ən
güclüsü "Natsional" mehmanxanasında imiş. Həmin
orkestri elə Ümumittifaq Radiosundakı orkestrin də rəhbəri
olan məşhur musiqiçi Aleksandr Sfatsman idarə
edirmiş. Tofiqi dinləyincə onun musiqi istedadına,
qıvraq barmaqlarına heyran qalırlar, orkestrə cəlb
edirlər. Yəqin, bu da ayrı bir tale yazısıdır - o
illərdə sovet musiqi mühitində cazın öndə
gedən, həm də hər ikisi Ümumittifaq Radiosu Caz
Orkestrinin rəhbərliyində olan Aleksandr Sfatsman, Aleksandr
Varlamov kimi təmsilçiləri ilə gənc Tofiq Quliyevin
yollarının qovuşması elə Azərbaycan
cazının da ən yaxın sabahlarda bünövrəsinin
qoyulmasına aparan cığırmış. Çox
keçmir Tofiq Quliyevin ayağı Ümumittifaq Radiosunun
Dövlət Caz Orkestrinə də açılır. Bu
addımların hər biri isə sanki elə Azərbaycan
cazının yaranışı üçün zamanın tədarükləri
imiş. Müharibə ərəfəsində Bakıya
qayıdan 20 yaşlı Tofiq özü ilə bu yaşa
sığmayacaq qədər təcrübələri gətirmişdi.
Gəlir və Azərbaycanda şəhər musiqisini, cazı
yaradanlardan olur.
Və Eddi Rozner Tofiq Əhmədova bunu da deyirmiş
ki, hər səni görəndə Pərviz yadıma
düşür, sanki sən Piranın (yaxınları Pərvizi
elə qısaca "Pira"
çağırırmışlar) ruhunun bizim orkestrə təzədən
qayıtmasısan.
1950-ci illərin ortalarında Eddi Rozner bir ulduz idi. Onun
ətrafında oçağkı Sovet İttifaqının ən
istedadlı estradaçıları, cazçıları
toplaşmışdı. Tofiq Əhmədov belə münbit
bir caz mühitinin içərisində yetişmişdi.
Və o da özündən əvvəl Tofiq Quliyevin,
Pərviz Rüstəmbəyovun böyük caz və estrada
mühitindən Azərbaycan musiqisinə ən yaxşı
olanları nəqletmə ənənəsini uğurla davam
etdirdi.
Azərbaycan cazının özülünü
qoymuş, milli çöhrəsini doğurmuş bu sənətkarların
üstünlüyü ən əvvəl ondan ibarət idi ki,
onlar çağdaş cazın ən mütərəqqi
yeniliklərinə bələd idilər və bunları Azərbaycana
gətirirdilər. Digər tərəfdən, onlar təpədən-dırnağa
milli ruhlu musiqiçilər idilər və ona görə də
dünya cazında öz bəlli siması və fəqli
çalarları, seçkin ahəngi olan sırf Azərbaycan
cazını yarada bildilər. Yəni elə bir istiqamət
ki, həm dünya cazının ayrılmaz tərkib hissəsi
idi, əsla əyalətçi təsir buraxmırdı, amma
həm də öz dadı, səsləniş və
çatdırılış üslubu ilə milli idi, Azərbaycanınkı
olan cazdı.
Tək-tək istisnalar nəzərə alınmazsa,
görkəmli caz ustalarının çoxunun bəxtinə
gödək, həm də ağrıları az olmayan
ömür düşüb. Tofiq Əhmədov da sən deyən
çox yaşamayıb - 57 il. Ancaq ona Azərbaycan
cazının ilk onillərinin parlaq simaları
sırasından milli cazımıza ən uzun müddət
xidmət etmək nəsib olub.
Böyük caz qapılarını Tofiq Əhmədovun
üzünə açan tale hadisəsi 1953-cü ildə
baş verdi. Eddi Rozner onu orkestrinə dəvət edəndə
Tofiqin 29 yaşı vardı. Burda 4 il işləyir və bu
illər sadəcə məşhur bir musiqiçinin qüvvətli
orkestrində ifaçılıqla məşğul olmaq deyildi.
Bu 4 il Tofiq Əhmədov üçün böyük bir
akademiyanı keçməyə bərabər idi: bir-birindən
istedadlı musiqiçilərlə təmasda olur, saysız
qastrol səfərlərinə çıxır, dünya
cazının Bakıya gəlib çatması çətin
olan və xeyli zaman uman yeni dalğalarının axarında nəfəs
alır, güclülər arasında eşidir, öyrənir,
yetişir, canına hopdurduqları ilə daha artıq püxtələşir.
Bu 4 illik Rozner məktəbindəki təcrübənin əks-sədası
Tofiq Əhmədovun ömrünün sonrakı bütün
illərindən gəlir.
Bakıya 1957-ci ildə qayıdır. Artıq o, 1953-cü
ildə burdan gedən Tofiq deyildi. Yalnız ona görə yox
ki, yaşının üstünə bir neçə il gəlmişdi.
Geyim-kecimindən, davranışından, zövqlərindən
tutmuş ifaçılığınadək o, nəzərəçarpacaq
dərəcədə dəyişmişdi, yetkinləşmiş,
zənginləşmişdi və yeni həvəslə, yeni ideyalarla
doluydu.
Gəlir və tezliklə özünün yeni caz
orkestrini yaradır. Doğrudur, o vaxt artıq "caz"
xatalı sözə dönmüşdü və bu kəlməni
mətbuatda, səhnələrdə işlətmək dəb
deyildi, həmin dövrdə, bir qayda olaraq, SSRİ-də yeni
təşkil edilən, ya əvvəldən var olan sırf
caz, yaxud caz təmayüllü sənət birliklərinə
daha təhlükəsiz səslənən "estrada
orkestri" adı verirdilər. Tofiq Əhmədovun da -
"Mı iz Baku" ("Biz Bakıdanıq") adlı sənət
dəstəsi Azərbaycanın musiqi həyatına estrada
orkestri kimi daxil olur. Tofiq Əhmədov həmin kollektivə
1957-ci ildən ta 1961-ci ilədək rəhbərlik edir. Bu
balaca orkestr onunçün böyük sınaq meydanı,
sonrakı daha ciddi nailiyyətlərə hazırlıq mərhələsi
imiş.
1961-ci ildə artıq Azərbaycan estradasında yetərincə
yüksək nüfuz sahibi olan Tofiq Əhmədovu Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə
dəvət edirlər.
1950-60-70-80-ci illərdə Azərbaycan efiri ədəbi-mədəni
həyatımızın mərkəzlərindəndi.
Televiziya və Radio Verilişləri Komitəsinin içərisində
də qaynar musiqi həyatı yaşanırdı. Burda bir
neçə orkestr, ansambl fəaliyyət göstərirdi. Azərbaycan
incəsənətinin, musiqimiz və ədəbiyyatımızın
ən qabaqcıl simalarının bir çoxunun yolu Televiziya
və Radio Verilişləri Komitəsindən - o orkestrlərdən
də keçirdi. Heyiflər ki, 2000-ci illərdə inadkar
ardıcıllıqla bu yaşamalı ənənələrin
bir çoxunun axırına çıxdılar. O dövrdə
məhz Televiziya və Radio Verilişləri Komitəsinin bətnində
sonralar Azərbaycan musiqisində ən üst qatda olacaq
neçə böyük musiqiçi yetişmişdi.
1961-ci ildə Dövlət Televiziya və Radio
Verilişləri Komitəsindəki Caz Simfonik Orkestrinin bədii
rəhbərliyinə və baş dirijorluğuna başlayan
Tofiq Əhmədov 1981-ci ilədək - ömrünün
sonunacan o sənət birliyinə başçılıq etdi.
O illərdə Azərbaycanın həm ən
tanınmış, həm də yeni parlayan onlarca bəstəkarı
bu orkestrin ifası üçün bir çox yeni əsərlərini
yazdı. Səid Rüstəmovun, Vasif Adıgözəlovun,
Cahangir Cahangirovun, Ramiz Mustafayevin, Xəyyam Mirzəzadənin,
Oqtay Kazıminin, Ramiz Mirişlinin, Musa Mirzəyevin, Oqtay Rəcəbovun,
Emin Sabitoğlunun, eləcə dədaha cavan Ruhəngiz
Qasımovanın, Cavanşir Quliyevin, Eldar Mansurovun və
neçə-neçə başqalarının nə qədər
bəstəsinin xalqa ilk təqdimini bu orkestr etdi. Həm də
sevindirən, dinləyənləri də məmnun edib bəstəkarların
da könlünə yağ kimi yayılan o idi ki, həmin əsərlərin
hər biri yüksək ustalıqla, bəstəkarları tam
yarıdan gözəllikdə ifa edilirdi.
Bəstəkarlar irəlicədən arxayın idilər
ki, yazdıqları Tofiq Əhmədovun ixtiyarındadırsa,
hər bəstəyə heç bir qısqanclıqsız
öz əsəri kimi yanaşıb ürəyini qoyacaq.
Oçağkı Azərbaycan musiqisinin ən
üstün, ən sevilən müğənnilərinin səsi
davamlı olaraq bu orkestrdən gəlirdi - Şövkət
Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev,
Mirzə Babayev, Elmira Rəhimova, Gülağa Məmmədov,
Mobil Əhmədov, Flora Kərimova, Rauf Adıgözəlov,
Natəvan Şeyxova, Akif İslamzadə, Züleyxa
Mirismayılova, Eldar Axundov, Mübariz Tağıyev və
neçə-neçə başqaları.
Tədricən Tofiq Əhmədovun rəhbərlik
etdiyi orkestr də mötəbər məktəbə, ənənə
yaradan musiqi ocağına dönmüşdü.
Bu orkestrin, həmin dövrdə Televiziya və Radio
Verilişləri Komitəsində fəaliyyət göstərən
digər musiqi kollektivlərinin başqa bir
üstünlüyü isə ondan ibarət idi ki, məhz
komitənin tərkibində olduğundan onların həm
televiziya, həm radioyla konsertləri mütləq qaydada bəlli
ardıcıllıqla verilirdi.
O dövrdə televiziya da bir, radio da tək idi,
fonotekanın xəzinəsinə qatılacaq ifaların lentə
alındığı yeganə məkan da Radionun Səsyazma
Evi idi. Tofiq Əhmədovun orkestri Televiziya-Radio ailəsinin
üzvü olduğundan başqa orkestr və ansambllara nisbətən,
əlbəttə ki, onların yazılışları da
müqayisəedilməz dərəcədə bol idi. Ona
görə də həm bəstəkarlar, həm də
müğənnilər bu orkestrlə mütəmadi əməkdaşlıqda
maraqlı idilər. Tofiq Əhmədovsa musiqi mühitimizə
ən bələdlərdən idi, onun təbəssümü
əskik olmayan üzü də, sırasında onlarca
oturuşmuş sənətkarı birləşdirən
orkestri də ən yaxşıları çəkiliş
studiyalarında, yazılış meydanında
qarşılamağa həmişə hazır idi. Tofiq Əhmədov
və orkestrinin 20 il ərzində yaratdığı sərvətin
dəyəri onillər ötdükcə daha da artacaq, bu solmaz
səslər həmişə millətlə qalacaq.
Sovet dövründə Azərbaycan mədəniyyət
xadimlərinin ölkə xaricinə səfərlərinin məhdudluqları
bəs deyincə idi. "Ölkə" deyirkən o zaman rəsmi
siyasətin hökmü ilə, söz yox, Azərbaycan
Respublikası deyil, Sovet İttifaqı
düşünülürdü.
Müstəqil olmadığımız həmin əyyamlarda
ədəbiyyatımızla mədəniyyətimiz bizlərçün
bütün senzura qayçılarına rəğmən, hər
halda özünütəsdiqin mümkün vasitəsi idi. Sənətkarlarımız
xarici ölkələrdə sovet adamı kimi təqdim olunsalar
da, oralarda xalqımızı, milli
varlığımızı təmsil edirdilər,
qapalılıq çağlarında bu vəsiləylə Azərbaycanı
bir xalq olaraq, bir məmləkət olaraq dünyaya
tanıdırdılar. Azərbaycan musiqiçilərinin hər
birinin SSRİ-nin adından da olsa dünyanın ən müxtəlif
ölkələrindəki çıxışları həm
də Azərbaycanın səsi, ucalan boyu deməkdi.
Və Tofiq Əhmədovun da, onun rəhbərlik etdiyi
orkestrin də bu yöndə unudulmamalı əvəzedilməz
xidmətləri var.
1962-ci ildə orkestr musiqi tariximizdə əlamətdar
səhifə kimi qalacaq ilk xarici qastrol səfərinə
çıxır. Helsinkidə dünya gənclərinin də,
dünya musiqi həyatının da vacib bir hadisəsi baş
verirdi - Finlandiya paytaxtında VIII Ümumdünya Gənclər
Festivalı keçirilirdi və Azərbaycandan gedən
böyük nümayəndə heyətinin tərkibində
Tofiq Əhmədovun rəhbərlik etdiyi caz orkestri də
vardı. Caz orkestrinə özü ilə bircə müğənni
götürməyə icazə verilmişdi - Müslüm
Maqomayev. Bu səfər həm Tofiq Əhmədovun rəhbərlik
etdiyi orkestrdəki gənc ifaçıları dünyaya
tanıtdı, onların özünütəsdiqi
üçün vacib bir imtahana çevrildi, digər tərəfdən
də həmin festivalda Tofiq Əhmədovun musiqi
komandasının müşayiəti ilə ifaları
Müslüm Maqomayevi yeni sənət möcüzəsi kimi
dünyaya açdı.
Bu, Müslüm Maqomayevin ilk böyük fəthi idi və
1962-ci ildə Helsinkidən - VIII Ümumdünya
Festivalından o orkestr də, Müslüm Maqomayev də əsl
qəhrəmanlar kimi qayıtdılar. Açılmış
bu pəncərənin ən vacib faydalarından biri o idi ki,
uğurlu çıxışların xəbəri artıq
dünya və SSRİ boyu yayılmışdı, onları
Sovet İttifaqından kənarlarda da dünya musiqisinin ən
tələbkar çağırışlarına cavab verən
ifaçılar kimi qəbul etmişdilər, Mərkəzin -
Moskvanın da diqqətində artıq Tofiq Əhmədovun
orkestrinin yeri vardı ki, bunları lazım gələndə
üz ağarda biləcək kollektiv kimi xaricə göndərmək
olar.
Tofiq Əhmədovun ən mühüm qabiliyyətlərindən
biri onun seçmək istedadı, ətrafına qiymətli
musiqiçiləri toplaya bilmək səriştəliliyi idi.
Özü vergili sənətkar, qəlbi geniş insandı və
istedadını hiss etdiklərinə də səxavətlə
yol açırdı. Səbəbsiz deyil ki, olmuşların
üstündən dörd onillik ötəndən sonra
böyük Müslüm Maqomayev dünənlərə
qayıdır, Helsinkidəki
çıxışlarını yada salır və söyləyirdi
ki, mənim o ilk böyük uğurumun əsas səbəbkarı
elə Tofiq Əhmədov idi, o vaxt orda qazandığım
hansı nailiyyət varsa, bu müvəffəqiyyətdə
Tofiq Əhmədovla şərikik.
Tofiq Əhmədovun Dövlət Televiziya və Radio
Verilişləri Komitəsindəki Caz Simfonik Orkestrinə rəhbərlik
etdiyi dövrdə də, ondan bir qədər əvvəl
başçısı olduğu kollektivlərdə də
topladığı gənclərin hər biri həssaslıqla
seçilib, həqiqi istedad olub və heç biri də Azərbaycan
musiqisində iz qoymadan ötüb keçməyib. Onların
tək-təklərinin deyil, hamısının adı səhnədə,
ekranda olduqları çağlardan xeyli zaman keçəndən
sonra da hər dəfə estradamızın,
cazımızın tarixindən bəhs edilərkən fəxrlə
çəkilir. Həm də bu tərkib yetərincə beynəlmiləl
idi, çoxluğu özümüzünkülər təşkil
etsələr də, aralarında yəhudilər, ruslar, digər
millətlərdən olan bakılılar da vardı. Tofiq
Əhmədovun orkestri mehriban ailə kimi idi və bu tərkibdə
elə onun özü kimi alt-saksofonda ifa edən Ramiz
Şirinov da vardı, tenor-saksofonçu Daniel Kaqner də (o,
Tofiq Əhmədovla birlikdə, Pərviz Rüstəmbəyovla
yanaşı, Azərbaycanın ilk Dövlət Caz Orkestrində
də çalmışdı), bu orkestrdə alt çalanlar
Tofiq Aslanov da, Məmməd Məmmədov da vardı,
trubaçılar Mixail Avadyayev də, Əziz Ağayev də,
bas-gitarada ifa edən David Koyfman da vardı, pianoçular Vaqif
Mustafazadə də, Faiq Sücəddinov da, tenorlar Kamal
Qasımov da, Yasəf Tağıyev də vardı,
trambonçu Tahir İsayev də...
Onların hər biri ayrı-ayrılıqda çox
parlaq, çox üstün idi və Tofiq Əhmədovun da
qabilliyi bunda idi ki, təklikdə hər biri mahir olan o
virtuozları vahid və güclü dəstəyə
çevirməyi bacarmışdı.
Sonralar Azərbaycan musiqisinin ən sevimli hadisələrindən
birinə çevriləcək "Qaya" da Tofiq Əhmədovun
rəhbərlik etdiyi bu orkestrin içərisindən
çıxdı.
Tofiq Əhmədovun orkestri 1960-70-ci illərdə
bir-birindən gözəl silsilə mahnıların
yaranmasına səbəb olmaqla yanaşı, o
mahnıların təkrarsız ifaçıları - Flora Kərimovanı,
İlhamə Quliyevanı, Akif İslamzadəni,
Yalçın Rzazadəni Azərbaycan insanına bütün
cazibədarlığı və imkan genişlikləri ilə
təqdim etdi.
Başqa sözlə, Tofiq Əhmədovun rəhbərlik
etdiyi bu kollektiv sadəcə bəyənimli bir musiqi birliyi
olaraq qalmadı, Azərbaycan musiqisindəki bir çox yeniliklərin
əsas ifadə meydanı vəzifəsini illərcə ləyaqətlə
yerinə yetirdi.
Tofiq Əhmədovun sənət ömrünün daha
bir yaddançıxmaz hekayəti də var. Bu da Azərbaycan
musiqisinin fəxrlə anılmalı səhifələrindəndir.
Sovet dövrünün məşhur obrazları cərgəsində
o dönəmdə "Azadlıq adası"
adlandırılan Kuba, onun kommunist lideri Fidel Kastro da vardı.
Sovet mətbuatı, o sıradan Azərbaycan qəzet-jurnalları,
radio-televiziyası da Kubadan, Fidel Kastrodan tez-tez bəhs edərdi.
1964-cü ildə Moskvada Kuba inqilabının 11-ci
ildönümünü qeyd etməyə hazırlıq
gedirmiş. Köhnə qəzetlər həmin bayramın
Moskvada necə təntənə ilə keçməsinin
ayrıntılarını bizə çatdırır. O
dövrdə Kuba Respublikasının Sovet İttifaqındakı
fövqəladə və səlahiyyətli səfiri olan Karlos
Sançes Tofiq Əhmədovun orkestrinin ifasını dinləyib
bəyənibmiş və dəvət edir ki, gəlib Moskvada
Kuba inqilabı gününün qeydetmə mərasimində
çıxış etsinlər.
Məmnuniyyətlə gəlirlər və Tofiq
Əhmədov Kuba inqilabının 11-ci ildönümü
münasibətilə verəcəkləri konsert
üçün məxsusi repertuar düzəldibmiş.
Təbii ki, orkestrin ənənəvi üslubuna xas
olan caz kompozisiyaları səslənəcəkdi. Ancaq Tofiq
Əhmədov bu dəfə repertuarı sırf Latın
Amerikası ölkələrinin caz kompozisiyaları
üstündə qurubmuş.
Tədbirin rəsmi hissəsi bitir, konsert
başlanır, Tofiq Əhmədovun orkestrinin
çaldığı caz kompozisiyaları bir-birini əvəz
edir və aydın məsələdir ki, o axşam dinləyənlərin
arasında kubalılar çoxmuş, Moskvadakı Latın
Amerikası ölkələrini təmsil edən diplomatik
korpusun nümayəndələri də az deyilmiş. Dinləyirlər,
çox xoşlarına gəlir, hətta səfir Karlos
Sançesdən xəbər alanlar da olur ki, bu orkestri
Kubadanmı gətirmisiniz? Cavab verir ki, yox, Kubadan gətirməmişik,
Bakıdan dəvət etmişik, bunlar Azərbaycan
musiqiçiləridir.
Və həmin uğurlu konsert səbəb olur ki, az
sonra Tofiq Əhmədovun rəhbərlik etdiyi orkestri Kubaya
qastrol səfərinə dəvət edirlər. Bu olur 1967-ci
ildə. Yenə caz orkestri, həmişəki kimi, uğurla
çıxış edir və həmin konsertlər silsiləsi
bir maraqlı hadisəylə də yadda qalır.
Tofiq Əhmədov Dövlət Televiziya və Radio
Verilişləri Komitəsinin Caz Simfonik Orkestrinin həm bədii
rəhbəri, həm də baş dirijoru idi. Yəni onun əsas
fəaliyyəti quruculuqdan, təşkilatçılıqdan
ibarət idi. Lakin o, həm də mahir ifaçı idi
axı. Klarnet də, saksofon da onun sevgisi, həyatının
ayrılmaz parçası idi. Onlardan ayrı qala bilərdimi?
Göz yaddaşınızda qalmamış olmaz, yəqin
ki, Tofiq Əhmədovu həyatda görməmiş, ancaq elə
ekrandan tanıyan gənc nəsil də həmin
görüntüləri seyr edib - televiziyalarımızın
nostaljisi tutanda bəzən əski ağ-qara musiqi
xronikalarını göstərir, hər kadr insanı riqqətə
gətirir: orkestr tutti çalır və birdən arxadan Tofiq
Əhmədov saksofonu ilə irəli çıxır, ürəyə
axan ifasını başlayır.
Elə Kubada da belə olmuşdu. Konferansye növbəti
musiqi nömrəsini elan etmişdi, orkestr çalmağa
başlamışdı və arada Tofiq Əhmədov
çıxmışdı qabağa, Latın Amerikasında məşhur
olan "Konformidat" kompozisiyasını ifa etmişdi. Təbii
ki, Tofiq Əhmədovu, onun orkestrini dinləməyə
toplaşan tamaşaçılar o günəcən də həmin
kompozisiyanı kubalı başqa ifaçıların təqdimində
dönə-dönə eşitmişdilər. Ancaq Tofiq Əhmədov
çalır və dinləyənləri sehrləyir, ertəsi
gün Kuba mətbuatı bu sehrləməni tarixləşdirərək
yazır ki, Tofiq Əhmədovun bu çalğısı
"Konformidat"ın indiyədək olan ifalarının ən
yaxşısı idi.
Tofiq Əhmədov işləmək şövqü
ilə daşan çalışqan insan idi. Gününün
bəstəkarları, müğənniləri, şairləri
ilə daimi ünsiyyətdə idi. Çünki məqsədi
orkestrin repertuarını durmadan təzələmək idi. Səy
edirdi ki, mütəmadi olaraq orkestrin təqdimi ilə yeni səslər
eşidilsin, təzə nəğmələr səslənsin,
günün nəbzindən tutan mahnılar efirə yol
tapsın. Ayrı-ayrı bəstəkarlara sifariş də
verirdi, özü də nəğmələr yazırdı.
Tofiq Əhmədovun otuza yaxın mahnısı var ki,
1960-70-80-ci illərdə onların bir qismi yetərincə
populyar idi. Tofiq Əhmədov çoxdandır ki, həyatda
yoxdur - onu 1981-ci ilin martında itirmişik. Tofiq Əhmədovun
orkestri də haçandır ki, həyatını başa
vurub. Ancaq o nəğmələrin hamısı
yaşayır. Bir çoxları artıq yeni nəsil
ifaçıların repertuarında özünə yer
almaqdadır.
Tofiq Əhmədov adaşı Tofiq Quliyev, müasirləri
Rauf Hacıyev, Zakir Bağırov və digər bu qəbil sənətkarlarla
yanaşı, Azərbaycan şəhər nəğmələrinin
bəyənimli örnəklərini bəstələdi. Tofiq
Əhmədovun qoşduğu mahnılardan biri "Nərgizlər
açanda gəl" adlanır və o mahnını
Şövkət Ələkbərova oxuyub. Təbii ki,
Şövkət Ələkbərova nəğməni
özünə xas məlahət və gözəlliklə
canlandırıb. Sözlərinə qulaq asırsan, kənd həyatı
ilə bağlıdır, ancaq melodiyasında, səslənişində
kənd deyil, şəhər duyulur, dinlədikcə xəyal
aynasında nərgizli düzlər yox, hay-küyüylə,
gen küçələri ilə, işıqları ilə
tanış və doğma Bakı görsənir. Şəhər
əhvali-ruhiyyəsi Tofiq Əhmədovun özünün
çalğılarında da, orkestrinin ifalarında da və
bütün bəstələrində də qabarıq şəkildə
görünməkdədir. Sıra-sıra mahnıları var:
"Ləpələr", "Azərbaycanım mənim",
"Nurlu illər", "Ana gözləri",
"Canım Bakı", "Görən, nələr
düşünürsən?", "Güldür məni",
"Xoşbəxt qadın" - bir-birindən zərif, biri
digərindən göyçək mahnılar. Onları
görün kimlər oxuyub - Oqtay Ağayev, Flora Kərimova,
Zeynəb Xanlarova, İlhamə Quliyeva, Züleyxa
Mirismayılova, Gülağa Məmmədov, Mirzə Babayev,
Yalçın Rzazadə, Elmira Rəhimova, Reyhan
Müslümova...
Bunlar Tofiq Əhmədovun öz
çağının müğənniləri, birgə
işlədiyi sənətkarlardır, amma eyni
mahnıların Tofiq Əhmədov həyatdan gedəndən
sonrakı ifaçıları da az deyil. Nəyin göstəricisidir?
Demək, nəğmələr köhnəlmir, demək, nəğmələr
yaşayır. Bu isə təkcə Tofiq Əhmədovun
özünün ömrünü davam etdirməsi yox, həm
də musiqimizə gətirdiyi ruhun, bizə yadigar qoyduğu dəst-xəttin
yaşaması, sevilərək davam etməsidir. Görün
1980-ci illərdən sonra, başlanan əsrimizin əvvəllərindən
bəri dünyanı çalxalayan, Kürəmizi təlatümə
gətirən hansı hadisələr baş verib? Dünya
başqalaşıb, insanlar dəyişib, zövqlər,
baxışlar ayrıcürləşib. Ancaq dünya məhvərindən
çıxmırsa, həyatın nizamı itmirsə, buna səbəb
sağlam təməl dayaqlardır. Təməl dayaqlarsa mənəvi
dünyamız, sözümüz, musiqimiz, sənətimiz,
onların yeni zamanlara ötürdüyü enerjidir. Tofiq
Əhmədov bu millətə irs yadigar qoyub gedənlərdən,
o sarsılmaz dayaqları yaradanlardan olub. Onu tanıyanların
hamısının yekdil rəyi, şərtləşiblərmiş
kimi, hamısının bir ağızdan
bölüşdüyü qənaətdir ki, Tofiq Əhmədov
qəlbiaçıq, xeyirxah, xıltsız, səmimi
insanmış.
Uzun olmayan ömrü boyunca yaratdığı sənət
gözəllikləri öz yerində, həm də
bacardığı qədər yaxşılıqlar edib, cavan
musiqiçilərin qolundan yapışıb,
yaradıcılıq irəliləyişlərində onlara
arxa durub, imkanlarından, nüfuzundan istifadə edərək
rəhbəri olduğu orkestrin ifaçılarının sənət
qayğıları bir yana, bundan az əhəmiyyət kəsb
etməyən ümdə məişət ehtiyaclarının
da həllinə köməklərini əsirgəməyib.
Bütün yaxşı əməllərinin, millətinə
miras qoyduğu solmaz irsin müqabilində isə fədakar
musiqiçi Tofiq Əhmədovun nəsibi və ən
mühüm qazancı unudulmamaq haqqı, minnətdar dinləyicilərin
sevgilərində daim anılmaq bəxtiyarlığıdır.
4 fevral 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .-2025- 15 fevral(№29).- S.16-17;24.