Bəstəkar Adil Bəbirovun
yubileyi keçirilib
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət
xadimi Adil Bəbirovun (1934–2021) xatirəsinə həsr
edillmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar
mədəniyyət işçisi Alla Bayramova açıb.
Qeyd edib ki, Adil Bəbirov uzun müddət xaricdə
yaşadığından onun iştirakı ilə
yaradıcılıq gecələri təşkil etmək
imkanımız olmayıb. Bu gün onun yaxınları, o
cümlədən qardaşı qızı, musiqi sənəti
xadimləri, Bəstəkarlar İttifaqının, musiqi təhsili
müəssisələrinin nümayəndələri,
yaradıcılığının pərəstişkarları
buraya toplaşıblar. Adil Bəbirovun Kanadada yaşayan
qohumları da videomüraciət göndəriblər.
Muzeyin şöbə müdiri Xanım Abdinova Adil Bəbirovun
həyat və yaradıcılıq yolu haqqında məruzə
ilə çıxış edib. O diqqətə
çatdırıb ki, Adil Bəbirov dahi Qara Qarayevin sinfində
oxuyanda istedadı və estetik dünyagörüşü ilə
tələbələr arasında seçilib.
Xatirə gecəsində bəstəkar və musiqi tədqiqatçısı
Şahin Qarayev, Asəf Zeynallı adına Musiqi Kollecinin
direktoru Nazim Kazımov, Əməkdar artist, bəstəkar Məmmədağa
Umudov çıxış edərək Adil Bəbirovun Azərbaycan
musiqi mədəniyyətinin inkişafında və zənginləşməsində
əvəzsiz xidmətlərindən danışıblar. Təqdimatlar
slaydlar ilə müşayiət olunub.
Tədbirin bədii hissəsində muzeyin Qədim
Musiqi Alətləri Ansamblının (bədii rəhbər və
konsertmeyster Xalq artisti Munis Şərifov), Xalq artisti Teyyub
Aslanovun (xanəndə), Əməkdar artistlər Nuriyyə
Hüseynovanın (xanəndə), Davud Abdullayevin (tar) və
digərlərinin ifasında Adil Bəbirovun əsərləri
səsləndirilib.
Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə
Qara Qarayev adına Kamera Orkestrinin ifasında “Skripka və
orkestr üçün dilogiya” əsərindən videofraqment
nümayiş etdirilib.
Adil Bəbirovun qızı Aytən Bəbirova öz
videomüraciətində Musiqi Mədəniyyəti Dövlət
Muzeyinə və bütün iştirakçılara təşəkkürünü
bildirib.
525-ci qəzet .-2025- 15 fevral(№29).- S.14.