Bəstəkar Xədicə
Zeynalovanın əsəri Polşada səsləndirilib
Almaniyada yaşayan azərbaycanlı bəstəkar Xədicə
Zeynalovanın solo fortepiano üçün bəstələdiyi
“Diabelli üçün vals” əsəri Polşada
keçirilən “Diabelli recomposed 2.0” beynəlxalq qadın bəstəkarlarının
layihəsi çərçivəsində səsləndirilib.
“Diabelli üçün vals” 22 ölkədən 53
qadın bəstəkarın əsərləri arasından
seçilərək ən yaxşı bəstələrdən
biri kimi qiymətləndirilib. “Furore-Verlag”ın nəşr
etdiyi antologiyada 50 seçmə əsər arasında yer
alıb.
Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin
dosenti, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Xədicə Zeynalova Almaniyada ilk dəfə beynəlmiləl
tərkibli "Bridge of Sound" orkestrinin və "Harmony of
Sound" adlı Beynəlxalq Musiqi Festivalının
yaradıcısı və bədii rəhbəridir. 2024-cü
ildə Almaniyada "İlin ən yaxşı bəstəkarı"
adına və “Artist in Residence" nominasiyasına layiq
görülən ilk azərbaycanlı bəstəkardır.
Əsərləri dünyanın bir çox ölkəsində
konsertlərdə, festivallarda ifa edilir.
Qeyd edək ki, soydaşlarımızın bu cür
uğurları ölkəmizin mədəniyyət dəyərlərinin
təbliği yolu ilə Azərbaycanın mədəni təsir
vasitələrinin formalaşdırılması
baxımından olduqca faydalıdır.
525-ci qəzet .-2025- 15 fevral(№29).- S.14.