Şeyx Əbdidən Şeyx Nəsrullaha
- yaxud Həsən bəy Zərdabinin "ölüləri"
İlk Avropa təhsilli ziyalılarımızdan biri
- Həsən bəy Zərdabi
(1865-ci ildə Moskva Universitetini magistr diplomu ilə
bitirmişdi) məşhur "Ölülər" pyesindəki
Kefli İskəndərin prototipi ola bilərdimi?
Yüz faiz yox!
Amma o biri tərəfdən də XIX əsrdə
Rusiya və Avropa universitetlərində təhsil almış
azsaylı milli ziyalıların əksəriyyəti bu və
ya digər dərəcədə "Kefli İskəndər
sindromunun" təsirini öz üzərində hiss etməmiş
deyildilər...
Həsən bəyə gəldikdə isə...
Çox güman onun bioqrafiyasının
aşağıda bəhs edəcəyim epizodu Mirzə Cəlilə
bəlli deyildi. Yoxsa milli mətbuatımızın banisindən
həm də "ölülər" dünyasının
ilk bələdçisi kimi böyük minnətdarlıqla
söz açardı.
Məsələ buradadır ki, Şamaxı şəhər
məktəbinin 16 yaşlı şagirdi Həsən bəy Məlikov
Kefli İskəndərdən azı əlli il qabaq - 1858-ci
ilin avqustunda Zərdabın indiki Qoruq bağı adlı ərazisində
yerli Şeyx Nəsrullahla, daha doğrusu, onun Hacı Əbdi
Əfəndi adlı sələfi ilə
görüşmüşdü. Ən başlıcası isə
fırıldaqçı şeyxə büt kimi sitayiş edən
canlı "ölüləri" görmüşdü. Və
aradan dörddə bir əsr keçəndən sonra bu
görüşün yaddaşında həmişəlik həkk
olunan təəssüratını qələmə
almışdı...
Aşağıda təqdim edilən yazını
oxuyanda yer və adlar fərqli olsa da, elə bil Mirzə Cəlil
dühası ilə yaradılmış "ölülər"
dünyasının atmosferinə qayıdırıq.
Cəlil Məmmədquluzadə planetar miqyaslı
Şeyx Nəsrullah obrazı ilə yalançı şeyxlərin
tabutuna son mismarı vurmuş, ona ləbbeyk deyən cahil və
avam kütləni isə layiq olduqları adla tarixə
salmışdı.
Təbii ki, Şeyx Nəsrullah ümumiləşdirilmiş
bədii personaj idi. Mirzə Cəlilin həyatda
"ölü dirildən" şeyxin prototipini, bənzərini
görüb-görmədiyi haqda səhih məlumat yoxdur. Hərçənd
Həmidə xanım qonşu İrəvan quberniyasında
oxşar hadisənin baş verdiyinə işarə vurur.
Birincilik çələngi qazandığı digər
fəaliyyət sahələri ilə yanaşı, Həsən
bəy həm də XIX əsr Azərbaycanında avam
xalqın qanını soran müxtəlif növ ruhanilərə
- şeyx, seyid və mollalara qarşı qeyri-bərabər
mübarizənin öncülü olmuşdu.
Həyat yoldaşı haqqındakı xatirələrində
Hənifə xanım Zərdabda
yaşadıqları dövrdə (1880-1896) xüsusi kəskinliklə
üzə çıxan "şeyxlər" məsələsinə
toxunaraq yazmışdı: "Böyük Zərdab kəndi,
eləcə də Göyçay, Şamaxı və Ərəş
qəzalarının bütün kəndləri sözün həqiqi
mənasında şeyxlərin hökmü altına
düşmüşdü. Şeyx Əlibaba Göyçay qəzası
və Ərəş mahalının bir hissəsində,
Şeyx Hacı Süleyman isə Şamaxı qəzasında
ağalıq edirdilər. Şeyxlər min bir fırıldaqla
kütləni elə tora salmışdılar ki, camaat az qala
Allahı da unutmuşdu. Dara düşəndə, çətinliklə
üzləşəndə artıq Allahı yox, şeyxləri
köməyə çağırırdılar. Şeyxin
hökmü o qədər güclü idi ki, birinə
"Özünü suya at!" desəydi, mürid bir an da
fikirləşmədən əmri yerinə yetirərdi. Avam
camaat arvad-uşaqların xəstəliyini sağaltmaq, bəd
nəzərdən uzaq olmaq, sonsuzluğu müalicə etmək,
düşməndən qorunmaq, quraqlıqdan nicat tapmaq və
s. - bir sözlə, hər məsələdə şeyxə
müraciət edir, olan-olmazını daşıyıb onun
qapısına gətirirdi. Şeyx isə müridlərini əlində
oyuncağa çevirmişdi. Təkcə onların var-yoxunu
soyub talamırdı, həm də namuslarına toxunur,
fırıldaqla arvadlarını, qızlarını ələ
keçirirdi. Şeyxin beyinlərini
dumanlandırdığı cahil, bədbəxt adamlarsa bunu
böyük savab və şərəf sayır,
qızlarını, arvadlarını onun ixtiyarına verirdilər".
1881-1895-ci illərdə "Kaspi"yə Zərdabdan
göndərdiyi məqalə, xəbər və
korrespondensiyada şeyxlərə, onların bölgə
camaatının başına açdığı oyunlara dəfələrlə
toxunan Həsən bəy bu mövzuda ilk ayrıca
yazını 1884-cü ildə nəşr etdirmişdi.
Yeniyetməlik xatirələri əsasında qələmə
alınmış "Yaşadıqlarım" adlı həmin
yazı qəzetin 22-24 yanvar tarixli 18 və 19-cu saylarında
çap olunmuşdu.
Mirzə Cəlilin dahiyanə əsəri ilə
analogiyada maraq doğuracağını nəzərə alaraq
müəyyən mənada Həsən bəyin
"Ölülər"i sayıla bilən həmin xatirələrin
tam mətnini rus dilindən tərcümədə
aşağıda təqdim edirəm:
Həsən bəy Zərdabi
YAŞADIQLARIM
"Əllinci ildə (1850-ci il nəzərdə
tutulur - V.Q.), mənim yeddi-səkkiz yaşım olanda vətənim
Zərdab Şamaxı qəzasının ən çox əhali
yaşayan kəndi sayılırdı. O vaxtlar təbii ki,
Kürdəmir və digər kəndlər də mövcud
idi. Əslinə baxanda həmin kəndlərdə Zərdabdakından
da çox əhali vardı. Lakin bir şərtlə ki, orada
sakinlərin sayı yaşayış yerinin ərazisi,
böyüklüyü ilə düz mütənasib idi. Zərdab
isə uzunluğu bir verstdən çox olmayan, eni dörddə bir verst təşkil
edən kiçik bir sahəni tuturdu. Belə balaca yerdə 500-ə yaxın ev vardı. Kəndin
ortasından bir başdan düz o biri başa qədər
uzanan enli küçə keçirdi. Axşamlar bütün
kənd əhli dərd-sərindən, iş-gücündən
danışmaq üçün həmin küçəyə
çıxırdı. Zərdabdakı daxmalar hamısı
qamışdan idi. Yalnız imkanlı adamların evlərinə
palçıqdan suvaq çəkilmişdi. Bir də kəndin
ortasındakı meydançada çiy kərpicdən
tikilmiş iki bina vardı. Bunlardan biri ibadət yeri - məscid
idi. Digəri isə xalq arasında "bəy
otağı" kimi tanınırdı. Bəy
otağında məhkəmə qurulur, əlindən xəta
çıxmış adamların işinə
baxılırdı. Ara-sıra gələn qonaqlar da ora
düşürdülər. Zərdablılar məscidə
demək olar ki, hər gün gəlirdilər. Cümə
günləri günorta saatlarında isə istisnasız olaraq
bütün kənd ora yığışırdı. O zaman
müəllimim yerli molla idi. Cümə günləri namaz
qılmaq və Quran qiraəti üçün məni az qala
darta-darta məscidə aparırdı. Əslinə baxanda bunu
özüm üçün ağır bir cəza
sayırdım. Bəy otağına getmək isə mənə
ləzzət eləyirdi. Çünki atam bütün
gününü orada keçirir, müqəssirləri
mühakimə edir, kiməsə cəza verirdi.
O dövrün məhkəmə təcrübəsindən
iki hadisə indiyə qədər yaddaşımdan silinməyib.
Bir dəfə axşamüstü, hava tamam qaralan vaxt Zərdabın
qurtaracağında səs-küy qalxdı. Nə isə bir
hadisə baş vermişdi. Belə tamaşaların həvəskarı
olduğumdan dərhal səs gələn tərəfə
götürüldüm. Amma yolda bəy otağına gedən
bir dəstə adamla rastlaşdım. Səmtimi dəyişib
onlara qoşuldum. Məlum oldu ki, ahıl yaşlı hacı
qonşusunun mis qazanını oğurlamaq istədiyi yerdə ələ
keçib. Atam işi araşdırıb günahkarı bəy
otağının qarşısındakı
biabırçılıq sütununa bağlamağı,
qazanı isə başına keçirməyi əmr etdi.
Meydanda tonqal qalatdırıb hamını cəza mərasimində
iştirak etməyə
çağırdı. Qazan oğru hacının
başına elə qoyulmuşdu ki, sifəti açıqda
qalmışdı. Bütün zərdablılar növbə
ilə qarşısından keçib üzünə
tüpürürdülər.
Digər hadisə isə yüngül əxlaqlı
qadınla bağlı idi. Səhv etmirəmsə, o zaman kənddə
iki belə qadın vardı. Onlardan birini təsadüfən Zərdaba
iş dalınca gələn erməni ilə tutmuşdular. Camaat meydana, bəy
otağının qabağına yığışıb
xeyli müddət davam edən mühakimənin nəticəsini
gözləyirdi. Nəhayət, məhkəmə bitdi. Atam əmr
elədi ki, qadının başını dibindən
qırxıb qatıq çəksinlər, uzunqulağın
belinə tərsinə mindirib bütün kəndi gəzdirsinlər.
Yadımdadır ki, biz oğlan uşaqları da yolboyu
eşşəyin dalınca düşüb gedirdik.
Biabırçı cəzaya məruz qalmış zavallı
qadının axıtdığı göz yaşları indi
də fikrimdən çıxmır.
Əgər belə mühakimələrin az qala hər
gün keçirildiyini desəm, o zaman bəylərin
asılılığından, onların incəliklə
düşünülmüş vəhşiliyindən
canları qurtaran zərdablıların sevincini başa
düşmək mümkündür. 1853-cü ildə qərar
çıxanda (əhalinin bəy və ağa
asılılığından çıxarılıb yerli hakimiyyət
qurumlarının idarəçiliyinə verilməsi
haqqındakı qanun nəzərdə tutulur - V.Q.)
bütün kənd Kür üzərində yerləşən
bağlarına çəkildi. Zərdab bir ilin içində
çay boyu az qala 5 ("Kaspi" mətnində səhvən
50 kimi getmişdir -V.Q.) verst uzandı. Amma təəssüf
ki, verilən sərbəstlik də kəndliləri
asılılıqdan qurtarmadı. Sadəcə bir forma
başqası ilə əvəz olundu. Yəni zamanla hər şey təzədən
bəylərin və onların böyür-başında
quyruq bulayan fırıldaqçıların əlinə
keçdi. Fırıldaqçılar deyəndə
"şeyxləri" nəzərdə tuturam. Bu adamlar demək
olar ki, eyni müddət ərzində qəzanın müxtəlif
yerlərində ortaya çıxmışdılar.
Sözün həqiqi mənasında avam camaatın
başına ip salıb istədikləri yerə
sürürdülər. Dediyim şeyxlərdən Hacı
Əbdi Əfəndi Qaracallı adlı birisi Zərdabdan
dörd arvad alıb az-çox nüfuz sahibi sayılan zərdablıların
hamısı ilə qohum olmuşdu. Bunun da nəticəsində
kənddə əməlli-başlı ağalıq eləməyə
başlamışdı. Qəzanın ərazi
iclasçıları da bahalı hədiyyələr
müqabilində Əbdi Əfəndinin yaramaz əməllərinə
göz yumurdular.
Mən o zaman Şamaxı dördsinifli məktəbində
oxuduğumdan Zərdaba yalnız yay aylarında gəlirdim.
Burada şeyx haqqında xeyli qəribə, möcüzəli
xəbərlər eşitmişdim. Danışırdılar
ki, ölümcül xəstələri sağaldır, gələcəkdən
xəbər verir, axirət dünyasının sirlərini açır
və hər cümə axşamı Məhəmməd
Peyğəmbərin məzarını ziyarət etmək
üçün Məkkəyə səfər edir. Zərdablıların
nəzərində şeyx artıq ilahi varlığa
çevrilmişdi. Çoxları namaz qılarkən üzlərini
qiblə kimi cənuba - Məkkəyə deyil, Şeyx
Əbdinin yaşadığı Qaracallı (çox güman
ki, indi qonşu Ucar rayonunun inzibati-ərazi bölgüsünə
daxil olan eyni adlı kənd nəzərdə tutulur - V.Q.) kəndinə
tərəf çevirirdilər. Mal-qarası Zərdabın ən
yaxşı otlaqlarında bəslənirdi. Zərdablılar dəstə-dəstə
Qaracallıya, şeyxin ziyarətinə gedirdilər.
İşdir, şeyx bu adamlardan birini qapı-bacada işləmək
üçün həyətində saxlasa, həmin adam sevincdən
özünə yer tapa bilmirdi. Qapısına hər cür nəzir-niyaz
aparmaqla yanaşı, zərdablılar onun tarlasında
müftə-müsəlləm işləyirdilər. Əkinlərini
suvarır, otunu çalır, heyvanlarını
otarırdılar. Bir sözlə, Şeyx Əbdi Zərdabda
sözünün qabağında söz deyilməyən
hakimi-mütləqə çevrilmişdi. Maraq məni
bürümüşdü. Nəyin bahasına olursa olsun, bu qəribə
adamı yaxından görmək istəyirdim.
1858-ci il avqustun sonlarında, Zərdabda havaların sərinlədiyi
vaxt evimizdə qonaq olan sahə iclasçısı ilə
oturub səhər çayı içirdik. Yeni başlayan
gündən qeyri-adi bir şey ummurdum. Lakin nökərin gətirdiyi
xəbər çay dəsgahını yarıda qoydu. Sən
demə, şeyxin kəndə gəlməsi gözlənirmiş.
Dərhal atı yəhərləməyi tapşırdım.
Tələsdiyimdən əynimi dəyişmədən, elə
gimnazist paltarında adamlarımızdan birinə qoşulub
hörmətli qonağın təşrif gətirəcəyi
yerə - Qovrux bağına (əslində Qoruq bağı -
V.Q.) yollandım. O vaxta qədər bir dəfə də olsun
yolum Qovrux bağına düşməmişdi. İşin tərsliyindən
yol yoldaşım da oranı tanımırdı. İndi nə
etməli? Az qala geri qayıdacaqdım. Amma birdən "Dil
adamı Kiyevə aparar" rus məsəlini xatırlayıb
yolumu davam etdirdim. Təlaşım əbəs imiş.
Çünki dörd bir tərəf hamısı Qovrux bağına
axışan adamlarla dolu idi. Kimi piyada gedirdi, kimi arabada, kimi də
atını səyirdib qabağa düşməyə
çalışırdı. Hamının sifətində elə
bil qəribə bir intizar sevinci həkk olunmuşdu. Əlbəttə,
bu böyük kütlənin içində şeyxə
şübhə və inamsızlıqla yanaşanlar -
münkirlər də olmamış deyildi. Bəzilərini sadəcə
maraq aparırdı. Elələri də vardı ki, "hadisədən"
öz xeyirləri üçün istifadə etməyə
çalışırdılar. Bu sonuncuların arasında
bizim dükançı - İran təbəəsi olan şiə
də vardı. Yəqin ki, alıcılarının
sayını artırmaq üçün bütün yol boyu
ucadan zikr edirdi.
Mən atımı addım-addım sürür, zəvvarlara
maraqla baxırdım. Adamların arasında vaxtı ilə
xeyir-duasını alıb könül xoşluğu ilə
ayrıldığım dayəmi, böyük məmnuniyyətlə
əl uzatmaq istədiyim uşaqlıq yoldaşlarımı
gördüm. Lakin heyhat! Onlardan heç biri mənə
gözünün ucu ilə də baxmaq istəmirdi. Sanki
hamısı sözü bir yerə qoyub qərara gəlmişdi
ki, özlərini görməzliyə, tanımazlığa
vursunlar. Hamısı məndən cüzam xəstəsi kimi
bacardığı qədər uzaq qaçmağa
çalışırdı. Çünki gavur paltarında,
gimnazist formasında idim.
20 verst yol keçəndən sonra nəhayət Qovrux
bağına gəlib çatdıq. Ətrafdakı daxmalarda
ins-cins gözə dəymirdi. Adamlar hamısı şeyx
üçün hazırlanmış evin qarşısına
toplaşmışdı. Camaatın paltarıma
açıq-aşkar ikrah hissi ilə baxdığını
görüb çəkindim. Kütləyə yaxınlaşmadım.
Xeyli kənarda dayandım. Amma ucadan edilən zikr səsi
qulağıma çatırdı. Aralıda da olsa aydın
görürdüm ki, hamının nəzərləri
bağların arasındakı talaya, şeyxin keçib gələcəyi
yola zillənib. Nəhayət yolda dördnala çapan
atlı göründü. Şeyxin bir neçə dəqiqəyə
varid olacağı xəbərini gətirmişdi. Camaat
uğuldayıb hərəkətə gəldi. Adamlar bir-birini
itələyə-itələyə talaya tərəf
axışdılar.
On dəqiqədən sonra sayları təxminən 50
nəfərə çatan atlılar göründü. Qabaqda
şeyx özü gəlirdi. Kütlə onu görəndə
sanki dəliyə döndü. Kimi ağlayır, kimi dua edir,
kimi diz çökür, kimi də özünü şeyxin
addım-addım yeriyən atının ayaqları altına
atmağa çalışırdı. Beləcə, ehtizazdan
ağlını itirmiş kütlənin müşayiəti
ilə şeyx məxsusi hazırlanmış evə
yaxınlaşıb atdan düşdü. Sonra nə baş
verdiyini görə bilmədim. Amma mənimlə gedən və
daim özünü camaatın ən sıx yerinə pərçim
edən adam danışırdı ki, şeyxin atı dayanan
kimi təbii ehtiyacını rəf etdi. Müxlislərdən
bəziləri özlərini buğlanan at peyininin
üstünə atıb onu üz-gözlərinə yaxmağa
başladılar. Şeyx yaxın adamlarından bir neçə
nəfərlə içəri keçdi. Kütlə isə
küçədə dayanıb əvvəlki kimi səs-küy
salır, sanki özünə yer tapa bilmirdi.
Ehtiraslar nisbətən sakitləşəndən sonra
bir nəfəri şeyxin yanına göndərib onunla
görüşmək istədiyimi çatdırdım. Lakin
həmin adam geri qayıdıb dedi ki, şeyxə yaxın
düşməyə imkan yoxdur. Onu təkrar geri qaytardım.
Tapşırdım ki, evin qabağında dayansın, sakitlik
yarananda uca səslə şeyxi çağırıb
xahişimi çatdırsın. Amma beş dəqiqə
keçməmiş bir neçə nəfərin mənə
tərəf qaçdığını gördüm. Sən
demə, şeyx burada olduğumu bilib özü dalımca adam
göndərmişdi.
Evə sanki ətdən çəpər çəkilmişdi.
Qapının on beş-iyirmi addımlığında adamlar
elə sıx dayanmışdı ki, onları yarıb
keçmək sadəcə mümkün deyildi. Heç kəs
yol vermək fikrində deyildi. Belə olanda kütlə məni
əlləri üstünə qaldırıb havada bir-birinə
ötürməyə başladı. Təsadüfən fikir
verib gördüm ki, paltarıma toxunmaq məcburiyyətində
qalanlar sanki əlləri murdar bir şeyə dəyibmiş
kimi, ovuclarına tüpürüb üst-başlarına
sürtür, bu yolla özlərini təmizliyə
çıxmaq istəyirdilər. Düz qapının
kandarında şeyxin sadiq müxlisləri
ayağımdakı uzunboğaz çəkmələri,
furajkamı və sürtukumu çıxarmaq fikrinə
düşdülər. Hirslə onların üstünə
qışqırdım. Həmin anda qapı
açıldı və özümü içəridə
gördüm. O qədər də böyük olmayan otaq Asiya
qaydasında döşənmişdi. Kənar gözlərdən
qorunmaq üçün hər iki pəncərənin pərdəsi
salınmışdı. Ortalıqda lampa yanırdı.
Küncdə isə samovar cızıldayırdı. Şeyx
mütəkkəyə dirsəklənib uzanmışdı.
Qarşısında bir stəkan çay vardı. On iki nəfər
ən yaxın, sədaqətli müridi qollarını sinələrində
çarpazlayıb divar boyu oturmuşdu. Şeyxə
yaxınlaşıb əlini sıxdım, amma öpmədim.
Hərəkətimin ətrafdakı adamlarda xoşagəlməz
təəssürat yaratması gözümdən
qaçmadı. Şeyx özü isə bundan qətiyyən
pərt olmadı. Əksinə, qapının ağzında
pal-paltarımı soyundurmaq istəyən müridlərinin hərəkətini
yada salıb ürəkdən gülməyə
başladı.
Hacı Əbdi Əfəndi zahiri
görünüşündən qətiyyən din adamına
oxşamırdı. Qara mahud çuxa geymişdi,
başında qaragül Xivə xəzindən papaq vardı. Təxminən
40 yaşı olardı. Arıq, qarayanız sifətindəki
ifadə ağıl və enerjisindən xəbər verirdi.
Balaca, qara gözləri qəribə işıqla
parlayırdı. Davranışı və xasiyyəti ilə
də din adamı təsiri bağışlamırdı.
İyirmi dəqiqə yanında oturdum, iki stəkan çay
içdim və bütün bu müddət ərzində onun
dilindən ruhani silkindən olduğuna dəlalət edən
bir kəlmə də eşitmədim. Çöl qabanı və
qırqovul ovuna getməyindən danışdı. Rus məktəbində
nəyi və necə öyrəndiyimi soruşdu. Vidalaşarkən
günün batmasına iki saat qalmış qılınacaq
ikindi namazına tamaşa etməyə icazə istədim.
Razılığını bildirdi. Sağollaşıb otaqdan
çıxdım.
Qapının arxasında da məni içəri girərkən
üzləşdiyim mənzərə gözləyirdi. Amma bir
fərqlə ki, bu dəfə müridlər nəinki kafir
paltarımdan iyrənirdilər, əksinə, əlləri ilə
toxunur, sığallayır, uzunboğaz çəkmələrim
də daxil öpüşə qərq edirdilər.
Günün batmağına üç saat
qaldığından namazın başlamasını elə
orada, küçədə dayanıb gözləməyi qərara
aldım. Şeyxin istirahət etdiyi evin dörd bir tərəfində
əli çomaqlı müridlər dayanmışdı.
Onlar yaxına gəlmək istəyənləri, əsasən
də qadınları və uşaqları qovub
uzaqlaşdırırdılar. Bu ehtiyat tədbiri görülməsəydi,
kim bilir, kütlə bəlkə də evi uçurar, ən
azı qapıya soxulmağa can atardı.
Həyətdə, ayrıca bir otaqda şeyx
üçün plov bişirilirdi. Qadınlardan biri
ağzı açıq boşqabda düyü
aparırdı. Elə bu vaxt şeyxin otağından mötəbər
bir qarı çıxdı, düyünü ondan alıb təəssüflə
başını bulaya-bulaya yerə tökdü. Yalnız
sonradan öyrəndim ki, şeyx yad gözü toxunan heç
nəyi dilinə vurmur. Çünki görən adamın
gözü yeməkdə qala
bilərdi. Şeyxin isə bütün acları doydurmağa
imkanı olmadığından məhz o adamı
düşünərək bunu özünə dərd edə
bilərdi. Müxlislər danışırdılar ki,
şeyx hətta iyindən, tamından da qabağına qoyulan
yeməyə yad nəzərlərin
toxunub-toxunmadığını
bilirmiş. Ona görə də süfrəsinə
bütün ərzaqlar və hazır yeməklər mütləq
üstü örtülmüş şəkildə gətirilməli
imiş.
Hamı sehrlənmiş halda gözünü evdən
çəkmədən həyətdə gəzirdi. Deyəsən,
bəziləri artıq məni də tanıya bilmişdilər.
İlk olaraq keçmiş dayəm yaxınlaşdı. Bir
addımlığımda dayanıb başını
yırğaladı, səhhətimlə maraqlandı. "Bu
murdar paltarı əynindən çıxar, sən də
müxlislərin cərgəsinə qoşul" - dedi. Sonra
uşaqlıq yoldaşlarım məni əhatəyə
aldılar. Onlar maraqla geyimimə baxır, kimi furajkamı, kimi
sürtukumu əlləşdirirdi. Tezliklə aramızda
söhbət başladı, vaxtın neçə
keçdiyini heç hiss etmədim. Birdən "Şeyx...
yallah" qışqırtısı eşidildi. Kütlə
dəniz kimi dalğalandı. Yoldaşlarım talaya tərəf
qaçdılar, yenə tək qaldım.
Açıq səma altında otluğa xalçalar sərdilər.
Şeyx on iki müridinin müşayiəti ilə evdən
çıxıb namaz üçün hazırlanan yerə tərəf
getdi. Adamlar özlərini onun üstünə atmaq istəyirdilər.
Amma mühafizə müridlərinin dəyənəkləri
imkan vermirdi. Nəticədə hamı məsafə saxlayıb
aralıda dayanmalı oldu. Bəziləri şeyxin gəldiyi səmtə
qaçıb onun ayaq izlərini öpürdülər.
Qadınlar isə şeyxin ayağı dəyən
torpağı yerdən götürüb uşaqlarının
başına tökür, üzünə sürtürdülər.
Yəqin ki, bu, qada-balanı, xəstəlikləri dəf etmək
üçün idi. Bir sözlə, hərə
bacardığı qədər gicləyir, bəziləri isə
lap əndazəni aşırdılar.
Nəhayət, hamı talaya yığışdı.
On iki müriddən biri qabağa çıxdı. Əlini
qulağına qoyub möminləri namaza çağıran əzan
verməyə başladı. Əzan bitəndən sonra
ortalığa qəribə bir sakitlik çökdü.
Hamıdan qabaqda şeyxlə kəndin imamı
dayanmışdı. Digərləri isə uzun paralel
sıralarla onların arxasınca düzülmüşdü.
İmamın uca, gur səsi eşidildi. Sinənin dərinliyindən
gələn, boğazda qaynayan ərəb sözləri ətrafı
sarmış sükut nəticəsində daha aydın, daha
ifadəli səslənirdi. Namaz bitəndən sonra möminlərin
bəziləri astadan zikr edir, bəziləri "La ilahə
illəllah" - deyə Fatihə verirdilər. Tədricən
camaat sakitləşdi. İndi yalnız şeyxin müridləri
dua edirdi. Yadımda qaldığına görə onların səsi
adamın qulağını deşmirdi. Əksinə, xoş,
ürəyəyatan əhval-ruhiyyə yaradırdı. Dini nəğmələrin
təsiri altında müxlislər arasında artıq ahəngə
uyğun şəkildə əzilib-büzülənlər, rəqs
edənlər, ağlayanlar, qiyyə çəkənlər
peyda olmuşdu. İlk nümunə həmişə yoluxucu
olur. Tezliklə talaya yığışanların
hamısını sanki qəribə bir sərxoşluq
sardı. Qadınlarla uşaqlar nə camaat namazında, nə
dua mərasimində, nə də rəqslərdə
iştirak edirdilər. Bir kənarda dayanıb sakitcə
baxırdılar. Amma sonradan öyrəndim ki, onların
özlərini belə təvazökar aparmaları mənim
orada olmağımla əlaqədar imiş. Başqa vaxtlar,
Əbdi Əfəndinin yanında qadınlar da, gənc
qızlar da ortalığa düşüb
oynayırlarmış.
Dedilər ki, şəbədəbazlıq hələ
gecə namazına qədər davam edəcək. Kənddə
qalmağa yerim olmadığına görə evə
qayıtmağı qərara aldım. Yola çıxmazdan əvvəl
vidalaşmaq üçün şeyxə
yaxınlaşdım. Məni görəndə oturduğu yerdən
ayağa qalxdı. Hörmətlə əlimi sıxıb dərslərimdə
uğur arzuladı.
Ondan sonra Hacı Əbdi Əfəndi ilə bir də
görüşmədim. Ancaq öyrəndim ki, tezliklə təsiri
Korinkəndə (mətndə belə gedib, əslində
Körpükənd olmalıdır - V.Q.),
Bıçaqçıya və digər yerlərə də
yayılıb. Oralardan da bol bac-xərac toplayır. Təxminən
on beş il əvvəl Hacı Əbdi Əfəndi ov
zamanı müridlərindən birinin təsadüfi atəşi
nəticəsində öldürüldü. Şeyxin müqəddəs
və mübarək bədəninə gavurun - rus həkiminin əli
dəyməsin deyə hadisəni hökumətdən gizlətdilər.
Özündən sonra yeddi oğlu qalmışdı.
Hamısı savadsız idi. Heç biri xüsusi ağlı
və qabiliyyəti ilə seçilmirdi. Amma adamlar
atalarının xətrinə yenə hörmətlərini saxlayır,
başçılıqları altında camaat namaz
qılır, köhnə vaxtlardakı kimi bacardıqları qədər
mütrüblük və əxlaqsızlıq edirlər. Rəhmətlik
Hacı Əbdi Əfəndinin sayəsində
davamçıları arasında yaramaz əməllər,
xüsusən də fühuş geniş
yayılmışdı. İşdir, əgər müxlislərindən
biri sifilisə yoluxsa, inanıram ki, bir ildən sonra
bütün digər müxlislər də eyni xəstəliyə
mübtəla olacaqlar. Xüsusən indi, dəmir yolu işə
düşəndən sonra belə bəlalar çox asan və
sürətlə yayılır".
lll
Maraqlı hekayət burada sona çatır. Amma Zərdabda
və ətraf qəzalarda at oynadan şeyxlərin macəraları,
eləcə də onlara qarşı təkbaşına
savaş açan Həsən bəyin qeyri-bərabər
mübarizəsi isə hələ illər boyu davam edəcəkdi.
(Davamı növbəti şənbə sayında)
Vilayət QULİYEV
525-ci qəzet .- 2025.- 15 fevral(№29).- S.10-11.