İnqilablar, məkrli
siyasi ambisiyalar, korrupsiya - USAID-in ifşası davam edir
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID)
ifşası davam edir. Humanitar fəaliyyət adı
altında bu təşkilat çox sayda qanunsuz işlərlə
məşğul olub, xüsusilə müstəqil siyasət
aparan ölkələrdə qarşıdurma, xaos yaratmağa
çalışıb, dövlətlərin daxili işlərinə
müdaxilə edib, bir sıra ölkələrdə hakimiyyət
çevrilişlərində əsas təşkilatçı
olub, inqilabları maliyyələşdirib. Bu məqsədlə
də böyük məbləğdə vəsaitlər xərclənib.
Təkcə 2024-cü ildə USAID layihələri
üçün 36 milyard dollara yaxın vəsait
ayrılıb. Son 9 ildə isə ümumilikdə bu agentliyin
xətti ilə 335 milyard dollar xərclənib.
İndiyə qədər bir sıra ölkələrdə
USAID-lə bağlı çağırışlar olsa da, bu
agentliyin fəaliyyətinə xitam verilsə də, Prezident
Donald Trampın hakimiyyətə gəlişindən sonra məhz
ABŞ-nin özündə də USAID-in ifşası
başladı. Tramp USAID-i görünməmiş miqyasda
korrupsiyada ittiham edib. ABŞ Dövlət İdarəetməsinin
Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask isə
agentliyi “cinayətkar təşkilat” adlandıraraq deyib ki, “bu
qurumun “ölməyinin vaxtıdır”. Mask USAID-i bioloji silah
istehsalının maliyyələşdirilməsində də
ittiham edib.
Məlumat üçün bildirək ki, USAID
birbaşa ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik
Şurasına tabedir. Təşkilatın rəhbəri və
müavinləri ABŞ Senatının razılığı
ilə Prezident tərəfindən təyin edilir. USAID-in
ümumilikdə 10 mindən artıq əməkdaşı
olub. Təşkilat dünyanın 100-dən artıq ölkəsində
fəaliyyət göstərib və guya yardım
proqramları, iqtisadiyyat, səhiyyə, təhsil, demokratiya sahələrinə
dəstəklə məşğul olub. Üzə
çıxan faktlar isə USAID-in bütün dünya üzrə
qanunsuz olaraq QHT və medianı maliyyələşdirdiyini,
ölkələrin daxili işlərinə
qarışdığını, dövlət
çevrilişləri, müstəqil dövlətlərdə
qanuni seçilmiş hakimiyyətləri və konstitusion
quruluşu devirməyə yönəlik fəaliyyətlə
məşğul olduğunu göstərir.
Araşdırmalar üzə çıxarıb ki,
USAID 700-dən artıq media, 6 mindən çox jurnalist və
300-ə yaxın media sahəsində çalışan QHT-ni
maliyyələşdirib. Bu təşkilat nüfuzlu medialara da
maliyyə ayırıb. Məsələn, “The New York Times”
(2024-cü ildə 3,1 mln.dollar ayrılıb), “Politico” (8 mln.
dollar), “Associated Press” (19 mln. dollar), BBC (2,6 mln. funt), “Reuters” (9
mln. dollar), “Frans-Press” (447 min dollar).
Fevralın 6-dan ABŞ hökuməti bu təşkilat
vasitəsilə “The New York Times”, “Politico” və “Associated
Press”in maliyyələşdirilməsini dayandırıb.
Ukraynada medianın 90 faizi USAID tərəfindən
maliyyələşdirilib. Məlumata görə, 2024-cü
ildə USAID Ukraynadakı proqramlarına 6 milyard dollardan
artıq vəsait xərcləyib. Bu faktlar bir daha göstərir
ki, “azad mətbuat”, “söz azadlığı” adı
altında əslində korrupsiya mexanizmi ilə ayrılan
maliyyədə məqsəd milli hökumətlərə təzyiq
və şantaj rıçaqları hazırlamaq olub.
USAID Azərbaycana münasibətdə də hər
zaman qərəzli olub, ölkəmizlə bağlı
dezinformasiya, qarayaxma kampaniyası aparıb, ermənipərəst
mövqedən çıxış edib. Bu, özünü
Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlər
ərəfəsində daha qabarıq göstərib. Məsələn,
2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə
keçirilən ilk Avropa oyunları, həmçinin 44
günlük Vətən müharibəsində,
Laçın yolunda ekoloqların aksiyaları, COP29
dövründə beynəlxalq mediada ölkəmizə
qarşı aparılan çirkin kampaniya və s.
hamısının arxasında elə USAID dayanıb.
Bu təşkilat öz məkrli məqsədləri
naminə terror qruplaşmaları ilə belə əməkdaşlıq
edib. “Əl-Qaidə” təşkilatı üçün 10
min porsiya yemək alınması, USAID “Əl-Qaidə”nin gələcək
lideri Ənvər Əl-Əvlakinin kollecdə təhsilinin
maliyyələşdirməsi və digər faktlar da bunu
sübut edir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) eksperti Sultan Zahidov “525”ə şərhində deyib ki,
son günlər Amerika gündəliyində əsas məsələlərdən
biri məhz USAID-in qapadılması mövzusudur. Təxminən
10 gün əvvəl Prezident Donald Tramp bəyanat verdi ki, bu təşkilat
ABŞ Dövlət Departamentinin tərkibinə daxil ediləcək
və onun fəaliyyəti ciddi şəkildə təftiş
olunacaq. Daha sonra gələcəyi ilə bağlı qərar
veriləcək.
Ekspert yada salıb ki, bundan əvvəl Tramp 90 gün
müddətinə ABŞ-nin bütün xarici
yardımlarını dondurmuşdu: “Xarici yardım deyəndə
də ilk ağıla gələn qurum sözsüz ki,
USAID-dir. 1961-ci ildə yaranan bu qurumun guya əsas məqsədi
digər dövlətlərə humanitar yardımlar göstərmək,
onların inkişafına, vətəndaş cəmiyyətinin,
demokratiyanın təcəssümünə səbəb
olmaqdır. Amma bunlar sözsüz ki, hamısı rəsmi məqsədlərdir,
reallıqda bilirik ki, bu təşkilat bir növ Amerikanın
yumşaq güc mexanizmlərindən biri, eyni zamanda da
ABŞ-nin gizli, pərdəarxası əməliyyatlarının
həyata keçirilməsi üçün bir çətir
rolunu oynayırdı. Hələ 1970-ci illərdə amerikan
jurnalist Uilyam Blum bildirmişdir ki, bu təşkilat ABŞ-nin
Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəlidir.
ABŞ-nin Mərkəzi Kəşfiyyatının bir çox
əməkdaşı məhz USAID işçisi kimi xarici
ölkələrə ezam olunaraq orda müxtəlif
yönümlü gizli əməliyyatlar həyata keçiriblər.
Bütün bunlar onu göstərir ki, məhz bu təşkilat
vasitəsilə Amerika digər dövlətlərin daxili
işlərinə müdaxilə edib, həmin dövlətlərdəki
siyasi, iqtisadi proseslərə nəzarət etməyə
çalışıb, öz təsir dairəsini artırmaq
məqsədini güdüb”.
Ekspert əlavə edib ki, söhbət heç də
xoşməramlı, humanitar işlərdən getmir. Bu mənada
USAID-in Azərbaycandakı fəaliyyəti də istisna deyil.
Azərbaycan məhz bu səbəbdən ABŞ-a USAID-in
bağlanması ilə əlaqədar bildiriş göndərib.
S.Zahidov deyib ki, USAID-in Azərbaycandakı fəaliyyətində
həm korrupsiya, həm mənimsəmə, eyni zamanda da
şantaj, yalan və dezinformasiya faktları üzə
çıxmış oldu: “USAID həm COP29, həm Formula 1 ərəfəsində
Azərbaycanı tənqid etməsinin, ölkəmizə
qarşı qərəzli münasibətinin əsas pərdəarxası
məqamı da bu təşkilatın rəhbərliyinin Ermənistan
diasporası və erməni siyasi istebleşmenti ilə
yaxınlığı ilə bağlıdır. Təşkilatın
keçmiş rəhbəri Samanta Pauer dəfələrlə
Ermənistana səfər edib, Qarabağa onun qanunsuz şəkildə
səfiri gündəmdə idi, o zaman Laçın yolu məsələsində
guya Qarabağdakı ermənilərə yardım gətirmək
adı altında ora səfər etmək istəmişdi. Həmin
vaxt Azərbaycanı qərəzli şəkildə tənqid
etmişdi. Halbuki 30 il işğala məruz qalan, 1 milyon
qaçqını olan biz, tənqid hədəfi də yenə
biz. Bütün bunlar hamısı bu təşkilatın ermənipərəst,
Sorospərəst mahiyyətini bir daha ifşa etmiş oldu. Yeri
gəlmişkən, Samanta Pauer özü dəfələrlə
Sorosla görüşüb, iki qurum arasında yaxın əlaqələrin
olduğu artıq hər kəsə məlumdur”.
Ekspert vurğulayıb ki, 2012-ci ildə Latın
Amerikası ölkələri - Venesuela, Honduras, Salvador birmənalı
şəkildə USAID-in ölkələrindən
çıxarılmasını tələb etdilər.
2013-cü ildə Boliviya, daha sonra Kuba bunu tələb etdi,
post-sovet ölkələri, Şərqi Avropa ölkələrinin
də bununla bağlı tələbləri oldu:
“Çünki bütün bu dövlətlər USAID-in əslində
öz məkrli planlarını yerinə yetirmək istədiyini,
humanitar məsələlərdə maraqlı
olmadığını, ölkələrdə təsir dairələrini
genişləndirərək yeri gələndə insanları
çevrilişlərə, inqilablara
hazırladığını anladılar. Baş nazir
İrakli Kobaxidze bu yaxınlarda bəyanat verdi ki, USAID
Gürcüstandakı siyasi proseslərə müdaxilə
edir. Oxşar açıqlamaları ərəb ölkələrindən
də görürdük. 2011-ci ildəki “Ərəb baharı”nın
arxasındakı faktorlardan biri də USAID və ona bənzər
digər təşkilatlar idi. İnsanları manipulyasiya edərək,
qrantlar verərək onların öz mənliyini, dəyərlərini
satın almağa çalışaraq sırf öz məqsədləri
naminə həmin insanlardan istifadə edirdilər. Bu təşkilatların
başında sözsüz ki, USAID dayanır. Bayden
administrasiyası dönəmində USAID daha da fəallaşmışdı.
Aqressiv şəkildə dövlətlərin daxili işlərinə
müdaxilə edərək ölkə daxilində öz
rolunu daha da möhkəmləndirməyə
çalışmışdı”.
Onun sözlərinə görə, Azərbaycanda bu
baş vermədi, USAID öz məqsədlərinə
çata bilmədi: “Amma Ermənistanda bunun şahidi olduq. Həmçinin
Gürcüstandakı proseslərdə USAID-in aktivləşməsini
gördük. Çox güman ki, artıq USAID-in əvvəlki
dönəmi qapanır, İlon Maskın təbirincə desək,
bu təşkilatın mövcudluğu Amerikanın milli
maraqlarına uyğun deyildir. Eyni fikirləri dövlət
katibi Marko Rubio da səsləndirib. Həqiqətən də
bu təşkilatın fəaliyyəti ABŞ-nin digər
dövlətlərdəki imicinə, statusuna böyük ziyan
vurub. USAID-in fəaliyyətinə məruz qalan dövlətlər
sırf destruktiv fəaliyyətinə
görə əksər hallarda Amerikaya ikrahla baxırlar”.
S.Zahidov separatçı Ruben Vardanyanın USAID-lə
yaxın əlaqələrini də
qeyd edib:
“Onun fondlarında bu günə kimi USAID-in əməkdaşları
çalışmaqdadılar. Bunlar hamısı – USAID, erməni
siyasi istebleşmenti, erməni diasporasının bəzi
nümayəndələri, separatçlar, eyni zamanda da Bayden
administrasiyası və demokrat konqresmenlərin bəziləri
bir şəbəkədirlər. USAID kimi təşkilatlar
vasitəsilə humanitar
yardımlar adı altında öz məkrli niyyətlərini
fərqli-fərqli dövlətlərdə həyata
keçirməyə çalışırlar. Eyni zamanda,
bundan ziyan çəkən həmin dövlətlər,
onların xalqları, ölkələrdəki siyasi sabitlik
olur. Həm də ABŞ vətədaşları ziyan çəkirlər.
Çünki büdcəsi sadə amerikan vətəndaşlarınn
ödədiyi büdcədən formalaşır. Bu
pulların mənimsənilməsi faktrları mövcuddur.
Samanta Pauerin sərvəti necə olub ki, son bir neçə
ildə 23,3 milyon dollar artıb. Məhz USAID-dən humanitar
yardımlar üçün nəzərdə tutulmuş
pulları mənimsədiyindən qısa zamanda külli
miqdarda maiyyə vəsaitinə malik ola bilib. Bu faktlar bir daha
onu göstərir ki, mənimsəmə, korrupsiya, məkrli
siyasi ambsiyaları yerinə yetirmək USAID-in fəaliyyətinin
əsasını təşkil edir”.
Pərvanə
525-ci qəzet .- 2025.- 15 fevral(¹29).- S.5.