Uşaq dünyası
OĞRU TƏKƏ
Artıq iki gün idi ki, çoban Məcidin
çörəyi xurcundan yoxa çıxırdı. İki
gün idi ki, evdən götürdüyü yumurtanı və
üzlü pendiri çörəksiz yeyirdi. Düşünə-düşünə
qalmışdı. Axı bu iki dağın arasında onun bir
parça çörəyinə kim göz dikmişdi?
Çoban bu sualın qarşısında aciz
qalmışdı...
Üçüncü gün çoban Məcid qərara
gəldi ki, xurcunu gözdən qoymasın. Necə olursa-olsun
oğrunu tapmalıdır. O, tütək çala-çala
yamac boyu asta yerişlə var-gəl edirdi. Amma bir gözü
sürüdə olsa da, bir gözü nəhəng sal
daşın dibinə qoymuş olduğu xurcunda idi.
Günortaya az qalmışdı. Birdən
sürüdən ayrılan boz təkə xurcuna sarı
yaxınlaşdı.Təkə imsiləyə-imsiləyə
başını xurcunun çörək qoyulan gözünə
soxdu. Çörəyi xurcunun gözündən çəkib
çıxartdı və yeməyə başladı.
Məcid kişi artıq oğrunu
yaxalamışdı. O, bir istədi ki, təkəni
çomaqla yaxşı-yaxşı əzişdirsin, bir də
nə düşündüsə, fikrindən əl
götürdü...
Təkə başını qaldırıb
çobanı başının üstə görərkən
əvvəlcə döyükməyə başladı və
sonra qaçıb özünü sürünün içinə
verdi...
Çoban Məcidin sürüsündəki
üçillik qara təkə qayadan uçmuşdu. O, ötən
bazar günü bu təkəni qonşu kənddə
yaşayan çörəkçi İsadan
almışdı. Çoban Məcid çörəkçi
İsanı xəyalında gözünün qabağına gətirib,
asta-asta başını buladı və dodağının
altda nəsə deyindi. Daha hər şey aydın idi...
1982
BİR DƏSTƏ QƏRƏNFİL
Aylinin nənəsi gül həvəskarıdır. Həyətdə
qəşəng bir güllük salıb. Burada hər cür
gülə rast gəlmək olar: qızılgül, məxmərgül,
zanbaq, nilufər, qərənfil... Bunların hər biri də
xoş ətir yaymaqla yanaşı, həyətə xüsusi
bir gözəllik də verir.
Bir gün Aylin nənəsigilə gəlib gül dərmək
istədiyini bildirdi.
Nənə dedi:
- Əziz balam, mən əlimdə nəhrə
çalxalayıram. Bunu yarımçıq buraxa bilmərəm.
Bağ qayçısını dolabdan götür, get
hansı güldən istəyirsən, dər. Ancaq ehtiyatlı
ol, barmağına tikan batar...
Aylin nənəsi dediyi kimi də etdi və bir azdan
güllükdən çıxdı. Nənə baxdı ki,
qızın əlindəki ancaq bir dəstə qərənfildir...
O, təəccüblə nəvəsinə dedi:
- Qəşəng bala, neçə cür
gül-çiçək var... Yoxsa tanımırsan? Niyə hər birindən dərmədin?
- Nənə, mənə ancaq qərənfil lazım
idi. Sabah məktəbimizin şagirdləri şəhidlərimizin
məzarlarını ziyarətə gedəcəklər...
Nənə doluxsunub dilləndi:
- Azlıq eləməz ki, qəşəng balam?
- Yox, nənə, sayıb dərmişəm!..
28.11.2024
SARIMSAQ...
Uşaqlar nahardan sonra həyətdə top-top
oynayırdılar. Turqut anidən ayaq saxlayıb
üzünü dostu Samirə tutdu:
- Sarımsaqlı yemək yemisən, eləmi?
Samir təəccüblü bir görkəm alıb
ondan sorusdu:
- Bunu sənə kim dedi!?
Turqut elə də çox fikirləşmədən
cavab verdi:
- Sarımsaq!..
Samir astaca başını tərpətməklə
Turqutun sözünü təsdiqləmiş oldu...
25.02.2024
SUYU DƏRİNLƏŞƏN ARX
İsti yay günləri gəlmişdi. Uşaqlar
arxda çimmək istəyirdilər. Ancaq yaxınlıqdan
axıb keçən arx heç topuqlarından da deyildi.
Başqa bir kənd də normasını bu arxdan
götürdüyü üçün su az gəlirdi. Fikirləşə-fikirləşə
qalmısdılar: heç belə dayaz arxda da çimmək
olar!?
Bu zaman Vüsalın babası camışı arxda
sulamağa, sərinlətməyə gətirdi. Camış
suya girən kimi arxın içinə uzandı. Arxın
yuxarısında su tədricən şişməyə
basladı. Arxda su artıq qurşağa çatırdı...
Bunu görən uşaqlar paltarlarını soyunub
arxın yuxarısında çimməyə başladılar.
Bundan sonra onlar hər gün gözləyirdilər ki, baba
camışı arxa sulamağa, sərinlətməyə gətirsin...
Hər dəfə uzaqdan babanın camışı
qabağına qatıb arxa sarı gəldiyini görəndə
onlar sevincdən atılıb-düşürdülər.
Bilirdilər ki, paltarlarını soyunub suyu dərinləşən
arxda doyunca çiməcəklər...
26.11.2024
ÇİYƏLƏKLİKDƏ
Nənə çiyələkliyi hərlənərkən
nəvələri Ələsgəri, Aqili və Turqutu
yanına səslədi:
- Ay uşaqlar, bir gəlin bura. Bu çiyələkliyə
bir qiymətli şey düşüb. Onu tapa bilmirəm. Gəlin
çiyələkliyi alaqdan təmizləyək, tapan kimi onu
sizə bağışlayacağam. Amma ehtiyatlı olun.
Çiyələkləri zədələməyin...
Uşaqlar işə başladılar. Onlar bir azdan
çiyələklərin böyür-başındakı
alaq otlarını yolub ləkdən qırağa
çıxardılar. İş başa çatdı.
Uşaqlardan hansısa dilləndi:
- Ay nənə, heç nə tapmadıq!
Nənə gülümsəyə-gülümsəyə
dilləndi:
- Tapdınız, əziz balalarım, Hərənizə
bir "sağ ol!" düşür. Bayaqdan elə gəzdiyim
də bu idi!
AZMIŞ DURNA
Payızın soyuğu hiss olunmaqda idi. Qusların
köçü başlamışdı. Bu zaman bir durna dəstədən
gen düşmüşdü. İndi hansı səmtə
uçacağını bilmirdi. Elə havada dövrə
vura-vura qalmısdı. Birdən qarşısına bir bulud
karvanı çıxdı.
O, üzünü bulud karvanına tutdu:
- Hara belə gedirsiniz, ay buludlar?
Bulud topalarından biri dilləndi:
- Biz getmirik, gəlirik. Hamımız da qarla, buzla,
çən-çisəklə yüklüyük. Gəlişimizlə
qışı bu ellərə gətiririk. Gəl bizə
qoşul, göy üzünü gəzək, dolaşaq!..
- Yox, mən sizə qoşula bilmərəm. Amma
hansı səmtdən gəlirsiniz, onu mənə göstərin.
Mənim öz yoldaşlarım var, onları gəzirəm...
Həmin bulud topası uçub gəldikləri səmti
durnaya göstərdi.
GÜNƏŞ VƏ BULUD
Günəşin buluddan heç xoşu gəlmirdi.
Çünki bulud tez-tez qanad çalıb günəşin
qabağına keçirdi. Axırda günəş möhkəm
qəzəbləndi və nəfəsilə onu
yandırıb-yaxmağa başladı. Günəşdən
qorxuya düşən bulud bıldır-bıldır göz
yaşı axıtdı. O qədər, o qədər
ağladı ki.
Günəş bir də göz gəzdirdi ki, bulud
göy üzündə yoxdur... Damcılara dönüb harasa
qaçıb.
Günəşin əlindən başını
götürüb yerin altda qaçan bulud yaz ağzı
göy donunu dəyişib, al-yaşıl geyinərək
yavaş-yavaş üzə çıxdı. Dərədə-düzdə
görünməyə başladı. Elə
düşündü ki, günəş onu tanımayacaq.
Ancaq nə vaxtdan bəri buludu yerdə gəzib axtaran
günəş diqqətlə baxıb onu tanıdı. Daha qəzəblənmədi.
Nəfəsilə ona sığal çəkdi, onu isindirdi.
Günəşin hərarətindən bulud
yavaş-yavaş qol-qanad açmağa başladı.
19.11.2024
BALA KİRPİNİN ŞARI
Bala dovşan yuvasının ağzında şar
oynadırdı. Bunu görən bala kirpi ona
yaxınlaşdı:
- Nə olar, şarını ver, bir az da mən
oynadım.
Bala dovşan şarını ona uzadıb dedi:
- Ehtiyatlı ol, birdən partladarsan.
Bala kirpi heç bircə dəfə
atıb-tutmamış şar partladı. Bala dovşan göz
yaşı axıdıb haray-həşir saldı. Kənardan
baxıb bunu görən ana kirpi yaxın gəlib bala
dovşanı sakitləşdirdi:
- Ay bala, ağlama, indi gedib sənə təzə
şar alaram.
Ana kirpi bazardan iki şar alıb gətirdi. Birini bala
dovşana, ikincisini isə öz balasına verdi. Bala kirpi
şarı üfürüb doldurdu. Yenidən havaya
atıb-tutarkən bu şarı da partlatdı... Ana kirpi bir
xeyli düşünüb-daşındıqdan sonra yenidən
bazara üz tutdu. O, satıcıdan dəmir şar istədi.
İşdən halı olan satıcı ona bir dəmir
kürəcik-şar verdi...
Ana kirpi dəmir şarı götürüb
balasının yanına qayıtdı:
- Di al oynat, nə qədər istəyirsən...
Bala kirpi dəmir şarı oynatmağa
başladı. Daha onun şarı partlamadı. Ancaq havaya
atılan kimi bircə anın içində qayıdıb yerə
düşürdü. Buna görə də o,
şarını elə yerdə oynadırdı.
Bala kirpinin şarını görənlər
soruşurdular:
- Niyə şarını havada oynatmırsan?
Bala kirpi özünü o yerə qoymayıb deyirdi:
- Özüm istəmirəm: birdən külək
götürüb aparar!
20.11.2024
LOVĞA SÖYÜD
Arxın qırağındakı söyüd yellənə-yellənə
elə hey özünü öyürdü: "Mən
ömür boyu tufanlara sinə gərmişəm. Ancaq həmişə
də məğrur dayanmışam. Məni heç nə
yıxa bilməz. Heç şimşəkdən də
qorxub-çəkinmirəm!"
Arxqırağı cərgələnmiş
çinar, cökə və qarağac onun bu
davranışını kinayəli bir baxışla
süzüb acı-acı gülümsəyirdilər.
Axırda qarağac hövsələsini basa bilmədi:
- Ay söyüd, az lovğalan, az özünü
öy!.. Neçə yaşın var ki?
Söyüd təşəxxüslə dilləndi:
- Payızda otuz yaşım tamam olacaq.
- Bəs bilirsənmi o böyründəki
çinarın neçə yaşı var?..
- Yox, bilmirəm...
- Di onda bir onun özündən soruş.
Söyüd ədalı bir görkəmdə dilləndi:
- Ay çinar, neçə yaşın var?
Çinar başını ağır-ağır
qaldırdı:
- Keçən yaz yüz əlli yaşımı
tamamladım...
Qarağac:
- Görürsənmi, ay söyüd, səndən
beş dəfə böyükdür. Sən neçə dəfə
tufan görmüsənsə, o, beş qat artıq
görüb. Amma heç sənin kimi lovğalanmır...
Aradan bir müddət keçdi. Günlərin birində
havada yüngülcə meh vardı. Birdən söyüd
gövdə-sindən qopub "vay budarlarım, vay
budaqlarım" deyə
çığıra-çığıra yanıüstə
düşdü... Söyüdün son nəfəsi idi.
Zarıya-zarıya qalmısdı. Onun gövdəsi
üzülən yerdən neçə-neçə
başı qara və bədəni ağımsov ağacqurdu
üzə çıxırdı.
24.11.2024
TÜLKÜ, AYI, BİR DƏ XORUZ...
Tülkü ağzında da bir xoruz kənddən
çıxıb dağ yolundan keçərkən ayı ilə
qarşılaşdı. Ayı onun arxasınca
düşdü. Tülkü cəld dağın
yuxarısına doğru dırmasdı. Bundan qeyzlənən
ayı var gücünü toplayıb onu qovmaqda davam etdi.
Ayı çathaçatda tülkü anidən
dayanıb fikirləsdi və yenidən
üzüaşağı götürüldü.
Ayının qabaq ayaqları arxa ayaqlarından gödək
olduğuna görə, enişə qaçmağa çətinlik
çəkdi. Buna görə mayallaq aşa-aşa
tülkünü qovmağa basladı. Dərənin dibinə
azacıq qalmış, tülkü anidən fikirləşib
ayaq saxladı. Təkərək kimi mayallaq aşa-aşa gələn
ayı özünü saxlaya bilməyib düz dərənin
dibinə düşdü... O, yenidən üzü yuxarı
yamac boyunca tülkünü qovmağa basladı... Bu zaman
xoruz yaxınlıqdakı ağacı göstərib
tülküyə dedi:
- Tülkü lələ, mən sənə yük
oluram. Məni burax, qoy ağacın başına qonum.
Ayıdan canını qurtar, sonra məni də gotür gedək.
Vahimə içində olan tülkü elə də
dərindən düşünüb-daşınmadan xoruzla
razılaşdı...
Bu zaman artıq ayı tülküyə yetişməkdə
idi. Tülkü yenidən dərə aşağı
götürüldü... Bu qaçdı-qovdu xeyli davam etdi.
Axırda ayı yoruldu və istəyindən əl çəkib
öz yolu ilə çıxıb getdi.
Tülkü özünə gəlib ağaca
yaxınlaşdı:
- Ay xoruz, di gəl, getdik.
Xoruz dedi:
- Tülkü lələ, qorxudan qanadlarım tutulub,
düşə bilmərəm. Daha mən gedəsi
olmadım!..
Tülkü nə qədər dil töksə də,
xoruz ağacdan yerə düşmədi. Axırda
tülkü də ayı kimi başını
aşağı salıb öz yoluyla çıxıb getdi...
Bir azdan sakitlik yarandığını görən
xoruz ağacdan atılıb düşdü və kəndə
- toyuqların yanına üz tutdu.
1982
Ələsgər ƏLİOĞLU
525-ci qəzet .- 2025.- 18 fevral(№30).- S.15.