Qədim türk
tarixinə və avarların soykökünə bir
baxış
Erkən orta əsrlərdə Cənub-Şərqi
Avropa çöllərində yaşamış və Qərbi
Hun imperiyasının süqutundan sonra ortaya
çıxmış qüdrətli türkdilli tayfa birləsməsindən
biri avarlardır. Avar və ya abar adı ilk dəfə
463-cü ildə Bizans müəllifi Paniyalı Priskin əsərində
çəkilir. Orada 463-cü ildə saraqurlardan Bizans
imperatorunun sarayına gəlmiş elçinin avarların
sabirlərə (suvarlara) basqınından bəhs etdiyindən
danışılır.
Avarların adına "apar" şəklində
Türk kitabələrində, sadəcə, bir dəfə
rast gəlinir. Həmin məlumatda avarların göytürklərin
müttəfiqləri və vassalları kimi 572-ci ildə
Böyük xaqan Muğanın cənazə mərasimində
iştirak etdikləri bildirilir.
Avarların milli kimliyi haqqında bu günə qədər
müxtəlif fərziyyələr mövcuddur. Belə ki,
tarixdə həm həqiqi, həm də yalançı
avarların olduğu məlumdur. Yalançı avarlardan fərqli
olaraq, həqiqi avarların mənşəyi məsələsi
bu günə qədər tam arasdırılmayıb. Qərb
tarixşünaslığında da avarlar haqqında əsas
mübahisəli məsələ bizanslı müəlliflərdən
Simokattanın gündəmə gətirdiyi "saxta
avarlar" və "həqiqi avarlar" məsələsidir.
VII əsrdə yaşamış müəllif avar adlı iki
türk xalqının olduğunu, bunlardan "gerçək
(və ya həqiqi) avarlar"ın Avropaya heç gəlmədiyini,
"saxta avarlar"ın isə varhuni adlı bir türk
xalqı olduğunu yazır. Macar türkoloq K.Çeqledi də
Avropadakı avarların şərqdəki avarlarla eyni kökdən
olmadığı qənaətinə gəlib. Onun fikrincə,
həqiqi avarlar jujan xalqı idi. Saxta avarlar isə eftalitlər
olub.
Bəsit və epizodik məlumatlara, tarixçilərin
fərziyyələrinə əsaslanaraq onların aba, yaxud
avar tayfalarından yarandığını qeyd edə bilərik.
R.Özdəyin yazdığına görə, göytürklər
552-ci ildə Jujan dövlətini yıxdığı zaman onların
bir qismi qərbə çəkilmişdi. Qərbə çəkilən
bu kütlə "Apar" adlanırdı və "dirənən,
qarşı gələn" mənasını ifadə
edirdi. ABŞ tarixçisi P.Qolden isə avarların mənşəyi
məsələsinin dolaşıq olduğunu yazır. Onun
fikrincə, Bilgə xaqan, Gültigin və Şimali Altaydakı
bir abidədə rast gəlinən "apar"ın abar/avar
ilə eyniləşdirilməsi doğrudursa, o zaman Avropa
avarlarının jujan olması ehtimalı da doğrudur. Akad.
V.V.Bartold avarları "apar" və ya "aparun" kimi
qeyd edir. O.Karatay "Türklərin mənşəyi" əsərində
isə apar/avar adının onlara göytürklər tərəfindən
verildiyini və monqol mənşəli
olmadığını yazır. Ən azından onlarla eyni
adı daşıyan Avropadakı saxta avarların monqol
olmadıqlarını qəti şəkildə deyə
bilirik, çünki dillərindən qalan sözlər
türkcədədir. Qeyd edək ki, həmin tayfalar Aral dənizindən
Dunaya qədər yol keçmiş və Avropada iki əsr ərzində
mövcud olan dövlətlərini yaratmışdılar.
552-ci ildə avarların nümayəndələri
Göytürk xaqanı Bumin xaqanın dəfnində
iştirak etmişdilər. Göründüyü kimi, hələ
o zaman a-ba tayfalarının müstəqil dövləti
mövcud olub.
IV əsrdə Syanbi ordusuna və ona daxil olan mukrinlərə
Tarbaqatay bölgəsində sarsıdıcı zərbə
vuran avarlar yeni yaranmış Jujan dövlətinin
yaratdığı təhlükə qarşısında birləşmək
məcburiyyətində qalıblar. Qısa müddət ərzində
avarlar Koreyanın şimalından Yuxarı İrtış və
Qaşqara qədər olan bütün çöllərə
hakim olublar. Lakin onların bu ərazilərdəki
hegemonluğuna tabqaçlar son qoyublar. 439-cu ildə Qansuyu alan
tabqaclar 458-ci ildə artıq bölgədə avarlardan əsər
buraxmayıblar. Daha sonra avarların ilk vəzifəsi düsməndən
uzaqlaşmaq idi. L.N.Qumilyovun yazdığına görə, həmin
dövrdə Mərkəzi Asiyada eftalitlərin fəallaşması
və İstəminin diqqətini yayındırmaları
(İstəmi xaqan deyirdi: "Avarlar quş deyildir ki, havaya
uçub türk qılıncından canlarını
qurtarsınlar; avarlar balıq deyillər ki, suya baş vurub dənizin
dərinliklərində gizlənsinlər. Onlar da basqaları
kimi yerin üstündə yaşayırlar. Eftalitlərin
işini bitirən kimi avarların üzərinə gedəcəyəm,
onlar əlimdən qaçıb-qurtula bilməzlər")
avarlar üçün xilas yoluna çevrildi.
Bir digər məsələ də şərqdəki
avarların ağhunlarla əlaqəsidir ki, ikincilərə
Avar-Hun da deyilir. Dolayısı ilə şərqdəki
avarları hun etnik gələnəyindəki bir toplum olaraq
görmək daha doğru olar. Altay bölgəsində
yaşayan göytürklər avarların əsarəti
altında yaşadıqları zaman üsyan qaldırıb
tabe olduqları dövləti süquta uğratmış və
dövlətlərini yaratmışdılar. Bir müddət
sonra göytürklər ağhunlar üzərinə hücum
edib Qərbi Türküstanı ələ keçirdilər
(557). O.Karatay Qərbi Türküstandan göytürklərin
önündən qaçan bu Ağhun/Avar-Hunlara Avropa tarixində
avarlar deyildiyini yazır. 558-ci ildə Qafqazda, 562-ci ildə
Macar ovalığında görünən avarlar Mərkəzi
Avropanın önəmli bir qismini ələ keçirir,
zamanında hunların qovmadığı german
tayfalarını İtaliyaya sıxışdırırlar.
Yalançı avarların tarixi də həqiqi avarlar
qədər ziddiyyətlidir. Bizans mənbələrində
İdil boylarına gələn avarların həqiqi avarlar
deyil, yalançı avarlar olduğu qeyd edilir. Həmçinin
Bizans qaynaqlarında sabirləri yerindən çıxaran
avarların həqiqi avarlar olduqları müəyyən
edilib. Qərbi Türk xaqanı İstəminin 576-cı ildə
türk elindən gələn Bizans elçisi Zemarxa
avarların türk hakimiyyətindən
qaçdıqlarını bildirməsi də avarların mənşəyi
haqqında məlumat verir.
Avarların etnik kimliyi ilə bağlı
araşdırmalar onu deməyə əsas verir ki, bu xalq hun mənşəlidir.
Dil, mədəniyyət, dövlət, cəmiyyət,
iqtisadiyyat və ordu quruluşundakı bənzərliklər
avarların Mərkəzi Asiya əsilli bir türk tayfası
olduğunu və hunlarla əlaqələrinin olduğunu deməyə
əsas verir. Antik tarixçi Menandrın Mərkəzi və
Şərqi Avropaya gələn avarların Mərkəzi
Asiyadakı Ju-jan/Apar (Abar) dövlətinin qaçaq
qalıqları olduğu fikri ilə Qərbi Avrasiyadakı bir
göytürk vəliəh-dinin onlardan bəhs edərək
"hökmdarlarından qaçan kölələrimiz"
fikrini ifadə etməsi üst-üstə düşür.
Fiofilakt Simokatta həmçinin göytürk xaqanının
Bizans imperatoru Maurikosa (582-602) ünvanladığı məktubuna
istinad edərək yazır: "Xaqan yeddi millətin
hökmdarı və yeddi iqlimin əfəndisi döyüsdə
abdalların (eftalitlər) hökmdarını əzərək
bu xalqın üzərində iqtidarı ələ
keçirdi. Üzərinə böyük öhdəliklər
götürərək və İstəmi xaqan ilə ittifaq
bağlayaraq avar xalqını kölələşdirdi".
Daha sonra F.Simokatta "Avropa və Pannoniyayada məskunlaşan
barbarların" həqiqi avarlar olmadığını,
"onların gəlişinin imperator Maurikosun dövründən
daha əvvəl baş verdiyini yazır. O həmçinin
İstrdə (Dunay çayının qədim adı) yerləşən
bu barbarların "avarların adına yalandan olaraq
sarılmısdılar" fikrini irəli sürür.
M.İ.Artamanov qeyd edir ki, "barseltlər (barsil),
unqurlar (onoqur), sabirlər və onlardan başqa hun qəbilələri
uar və hunilərin torpaqlarında vahimə
yaratdıqlarını görəndə avarların
yurdlarına köç etdiklərini fikirləşdilər.
Buna görə də onlara ziyan vurmamaları üçün
gələnlərə qiymətli hədiyyələr verdilər.
Uar-hunilər onlara itaət edildiyini görəndə gələn
elçilərin səhvindən istifadə edib özlərini
avar adlandırmağa basladılar. Göründüyü
kimi, göytürklərdən qaçıb Qafqaz və
Şimali Qara dəniz bölgəsinə gələn
Eftalit-var-hunları Avropa tarix səhnəsində avar adı
ilə peyda olublar. Bizanslılar onları əsl avarlardan (abar
və ya jujanlardan) ayırmaq üçün "saxta
avarlar" adlandırıblar.
L.N.Qumilyov VI əsrdə Avropada peyda olmuş
avarların (obların) həqiqi
çölçü-köçərilər olan avarlara
heç bir aidiyyətinin olmadığını yazır.
Simokattada Bizans imperatoru Yustinian (527-565) zamanında "əsas
qəbilənin kiçik bir parçası yurd əldə
etmək üçün Avropaya qaçdı. Bu (xalq) özlərini
avar adlandıraraq hökmdarlarını xaqan ünvanı ilə
parıldatdı" kimi fikirlərə rast gəlmək
mümkündür.
Macar arxeoloqlarının apardığı
araşdırmalar nəticəsində məzarlardan avarlara məxsus
kəllə qutuları aşkar edilmiş, onların antropoloji
quruluşunda uqor qarışığının olduğu
öz təsdiqini tapıb. Tapılan avar kəllələrinin
80 faizi Avropa irqinə, 20 faizi isə Qərbi Sibirdə
mövcud olmuş qismən monqoloid tipinə aid edilib. P.Qolden
isə Macarıstandakı məzarlardan tapılan dəlillərə
istinad edərək Avropa avarlarının Mərkəzi
Asiyanın monqoloid mənşəli özəkdən
formalaşdığı fərziy-yəsini irəli
sürür. Daha sonra yazır ki, bunlar bəlkə də həqiqi
avarlar idi və Pannoniyada yaradılan Avar dövlətinin
yüksək zümrəsini təşkil edirdilər. Bu birlik
onların şərqdən köçü zamanı
qatılmış digər ünsürləri də əhatə
edirdi. Bu topluma daha sonra Qərbi Avrasiya bozqırlarından
müxtəlif tayfalarla yanaşı, Pannoniyadakı
çeşidli toplumlar (bulqar, alman, irani) da qatıldılar.
İstəmi xaqan da qovduğu tayfaları avar
adlandırırdı.
Avropa avarlarının dili ilə bağlı müxtəlif
fərziyyələr mövcuddur. Nemeth Avropa avarlarının
ortaq türkcədə danışdıqlarına inanır.
O, hətta qəti şəkildə avar birliyi içərisində
oğur türkcəsindən geniş şəkildə istifadə
olunduğunu iddia edir. Avar kitabələrindən
topılıb oxunan oyma yazılar bunu bir daha sübut etməkdədir.
L.N.Qumilyov yazır ki, IV əsrin ortalarında Atlantik
siklonlar öz istiqamətlərini dəyişməyə,
şimalı deyil, cənub təbiətini yumşaltmağa
başladılar. Quru çöllüyü yaşıl otlar
bürüdü və buraları asan keçmək
üçün şərait yarandı. Elə o zaman da Mərkəzi
Asiyada baş verən hadisələrin əks-sədası
Şərqi Avropadan gəlməyə basladı. L.N.Qumilyov
daha sonra yazır ki, böyük səhra iqliminin optimal dəyişməsi
üç etnosa fəlakət gətirdi: akatsirlərə,
savirlərə və bulqarlara. Asiyadan köçüb gələn
xalqları soymaq məqsədilə avarlar Qafqaz dağlarının
şimal ətəklərinə basqın etdilər. Nəticədə
sabirlər və utiqurlardan ibarət sonuncu hun tayfa birlikləri
də dağıldı. Utiqurlar 558-ci ilə qədər
Şərqi Azov və Don çöllərində
hökmranlıq edirdilər. Dağıstanın Xəzərsahili
bölgələrində məskunlaşan sabirlər avarlara məğlub
olaraq Cənubi Qafqaza köçdülər. Avarların bir
hissəsi Dağıstanı tərk edərək qərbə
hərəkət etdilər.
Taleh CƏFƏROV
ADPU-nun Ümumi tarix və tarixin tədrisi
texnologiyası kafedrasının dosent əvəzi, tarix
üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 18 fevral(№30).- S.14.