Həqiqət
meyarına söykənən poeziya
Xalq şairi Nəriman Həsənzadə şair,
publisist, dramaturq, tərcüməçi, nasir kimi
çoxşaxəli yaradıcılığa malik, elmi,
pedoqoji, ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan tarixində
mühüm rolu olan bir ziyalıdır. Cəmiyyətin
düzgün formalaşmasında, vətən sevgisinin insanların ürəyində alova
çevrilməsində poeziyanın, onu yaradan şairin,
yaşadan oxucuların rolu az deyildir. Bu mənada Nəriman Həsənzadənin
şeirləri ilə bərabər, geniş diapazonlu yaradıcılığı
ötən əsrin yarısından üzü bəri
söz, fikir müstəvisində xalqın, vətənin,
dövlətin müdafiəçisinə, enilməz əsgərinə
çevrilir. Şair özü isə filosof, tarixçi, ədəbiyyatşünas
alim, xalq diplomatiyasının müdrik, uzaqgörən, səmimi
və yüksək mənəviyyatlı şəxsiyyəti
təsiri bağışlayır. O,
yaradıcılığın hansı sahəsindən və
dünyanın hansı ölkəsində qələmə
güc, sözə qüvvət verməsindən asılı
olmayaraq əsl azərbaycanlı kimi həqiqət meyarına
söykənir.
Xəlqilik, folklora bağlılıq Xalq şairi Nəriman
Həsənzadənin kiçik yaşlarından başlayan ta
istedadının işığı ilə yarıb keçə
bildiyi zülmətli və əzablı uzun bir dövrü,
ömrünün yetkin və müdrik çağlarında
qazandığı uğurları ilə yoğrulan
yaradıcılığının başlıca xüsusiyyətlərindən
biridir. Həmişə xalqının, millətinin ən sadə
təbəqəsinin əhatəsində olması onu
insanların dərd-sərini, istək və arzularını
yüksək intellektə malik ziyalıdan tutmuş ucqar kənd
adamına qədər başa düşəcəyi bir dildə
yazmasına əsas zəmindir.
Nəriman Həsənzadə Ağstafa rayonunun Poylu kəndində
dəmiryolçu ailəsində anadan olub.
Yaradıcılığı folklorumuzdan qaynaqlanır. 70 illik
yubileyi ilə bağlı verdiyi müsahibədə şair
belə deyir:
"Kəndimizdə Çoban Əfqan adında bir
kişi olub. O, Kür qırağında heyvan
otararmış. Bir gecə həmin çoban anamın yuxusuna
girib deyir: "Sənin oğlun şairdi, ona ilhamı mən
verirəm. Oğluna denən, mənə bir şeir yazsın". Başqa bir
müsahibəsində isə: "6-cı sinifdə oxuyanda
"Ağlaram" adlı şeir yazdım. Vidadinin şeirinə
nəzirə. Elə indi də ağlayıram". -
cavabını verir. Kiçik ikən atasız qalan,
anasının bişirdiyi sac çörəyini satmaqla ailəsinə
kömək edən Nəriman həyatın
acılarını ürəyindən sızan misralara
boşaldır.
40-cı illərdə iki onillik boyu
türkçülüyü, azərbaycançılığı,
islam dəyərlərini məhv etmək üçün
kifayət qədər iş görən sovetlər, akademik
İsa Həbibbəylinin təbirincə ifadə etsək,
"Azərbaycan ziyalılarının hamısına birmənalı
şəkildə yalnız ideoloji funksiya yerinə yetirən
vasitə kimi" baxıldı. Şair və
yazıçıların qütbləşdirilməsi,
bir-birinə qarşı qoyulması ideoloji şüarlarla pərdələnirdi.
Əsasən feodal zülmündən, xanlıqlar
dövrünün hərc-mərcliyindən giley-güzar, millətin
keçmişindən doğan kədər və ümidsizlik
mövzusunda yararlı nümunələr təbliğ
olunurdu! Yəni bu milləti yalnız sovet quruluşu
"aydınlığa" çıxarıb ideyasına güc
verilirdi.
Bir əsr ömür sürən Molla Vəli Vidadi Səfəvi
bəylərindən nüfuzlu ailənin varisi idi. Allah-təala
aşığa hər şey verir, - var, sərvət, istedad,
uzun ömür! Məhz belə nüfuz sahibinin
keçmişi lənətləməsi sovetlərin xeyrinə
işləyirdi. Gənc Nəriman bu siyasi
riyakarlığı anlaya bilməzdi. Anasının, sonradan
özünün Çoban Əfqanı yuxuda görmələri
buta verilməsi mifoloji amillə bağlıdır: "70
yaşıma çatanda onu yuxuda gördüm.
Ortayaşlı, saqqallı bir kişi "Çoban əfqan
mənəm" dedi, - damcılı bulaqdan bir dolça su
doldurub mənə uzatdı ki, iç". Buta adətən
dastanlarda süjet xəttinə daxil mifoloji hadisə kimi sevənlərin
münasibətlərinin ilkin mərhələsində yuxu
vasitəsi ilə gələn sədadır. Mənasının
dərinliyi daşıdığı "sirli
yaddaşın" kibernetik xüsusiyyətlərdən irəli
gəlir. "Buta" haqqında semantik anlamlar onun
görünən tərəfidir. Nəriman Həsənzadə
Çoban Əfqanı unuda bilmir, sonradan onun bir neçə
şeirini toplayıb çap etdirir. Qəribədir ki, kənd
çobanının da şeirlərinin biri məhz
"Ağlaram" adlanır.
Varlılar alandı, biz də satılan
Ünüm asimana yetər ağlaram.
3 yaşında ilk şeiri məktəbin divar qəzetində
işıq üzü görən N.Həsənzadə ədəbiyyatı,
folkloru yaxşı mənimsəmişdi. "Ağlaram"
qoşması da dərd yükünü daşımağa
alışmış, həm də oxumağa maraq göstərən
Nərimanın ürəyinə yatmışdı. Nəriman
bu şair "ağlama"sında özünün, həmkəndlisinin
taleyini görürdü.
Hər bir şairin yaradıcılığında
folklor motivlərini təhlil etmək üçün ilk
növbədə onun həyat və fəaliyyətinə təsir
edəcək başlıca amilə - dövrə və
mühitə, özü də zamanın reallıqlarına
vararaq diqqət yetirilməlidir! Bu mənada xalq şairinin
uşaqlığı repressiya, yeniyetməliyi müharibə
illərinə təsadüf edib, gəncliyi siyasi təlatümlərdə
keçib, istedadının çağladığı illərdə
isə sevimli Sarasının mənəvi
sarsıntılarını yaşayıb.
Şairin yaradıcılığını təhlil
edən professor Buludxan Xəllov yazır: "N.Həsənzadə
öz butası ilə ədəbiyyatımıza gələn,
ilham pərisi bu butadan qaynaqlanan və ədəbi taleyi təbii
olan sənətkarlarımızdan biridir".
Onun böyüyüb boya-başa
çatdığı, ilk təhsilini aldığı mahal
sazlı-sözlü olması ilə fərqlənirdi. Təbii
ki, yaradıcılığının qaynayan dövrü
Bakı mühiti ilə bağlıdır. O, burada
istedadlı şairlərin əhatəsində oldu,
İsmayıl Şıxlı, Mir Cəlal Paşayev kimi
böyük yazıçılarımızın
qayğısını üzərində hiss elədi, Osman
Sarıvəlli, Xəlil Rza, Nəbi Xəzri, Bəxtiyar
Vahabzadə... ilə dostluq münasibəti yaranır.
Yazdığı şeirlər dillər əzbəri olur.
Yaradıcılığına maraq da əsasən nəzm və
nəsr əsərlərinin dil sadəliyi, məntiq, məna
və rəng çalarları şeirlərinin başlıca
leytmotividir. Atalar sözləri və məsəllər, dastan
motivləri, deyimlər folklorumuzdan qaynaqlanır.
N.Həsənzadə kitablarının qiymətdə
hamıya əlçatan olmasını istəyir.
Çünki şeir gecələrində, oxucularla
görüşlərində necə sevildiyini,
yaradıcılığına maraq göstərildiyini hiss
edirdi. Lakin "ucuz ətin şorbası olmaz" atalar
sözünü N.Həsənzadə öz kitablarına aid
etmək istəmir:
"Mənim kitabımı ucuz eyləyin,
tələbələr üçün, fəhlələr
üçün,
hardasa, lap kasıb bir nəfər üçün,
maaşı aşağı olanlar üçün,
şəhərdə kirayə qalanlar
üçün,
çörək qiymətinə, duz qiymətinə,
qoy sonra qalxsın o öz qiymətinə".
"Kitablarımı ucuz eyləyin" ifadəsinin
çörək və duz qiymətində mənaca ən
böyük dəyərini verir. Məlumdur ki, folklorumuzda
çörək və duza verilən qiymət çox
yüksəkdir. Şair də bu münasibətdən məharətlə
bəhrələnir. Budur Nəriman Həsənzadə
şeirinin hikməti!
Elə taleli yaradıcı insanlar var ki, onların həyatı
məhəbbət və ya faciə dastanları
üçün əsl mövzu ola bilər. Acı talelər
yaşamış Müşfiq-Dilbər, Cavid-Müşkinaz,
Əhməd Cavad-Şükriyyə cütlüklərinin, Nəriman
Həsənzadə-Sara sevgisinin timsalında dastana
dönmüş talelər ədəbiyyatşünaslığın,
bütövlükdə tariximizin ən zəngin səhifələrindəndir.
Professor B.Xəlilov əmin olduğunu bildirir ki: "Dastan
yaradıcılığı üçün adətən
belədir: hadisələr bir müddət xalqın hafizəsində
yaşayır, dildən-dilə keçir, dastan şəklinə
düşür. Xalq öz istək və arzularını da əlavə
etməklə "Nəriman və Sara" dastanını
yaradacaq, heç şübhəsiz, onun variantları da formalaşacaqdır".
N.Həsənzadə etiraf edir ki, Sara xanımla 26 illik
birgə yaşayışı zamanı, yəni
sağlığında ona şeir həsr etməyib.
Xanımının əlacsız halı və cismani
yoxluğu ona sevgi dolu kədərli şeirlər
yazdırır. Xəstənin qızdırmalı olması el
deyimində "od tutub yanmaq", "alışıb
yanmaq" və s. müxtəlif cür səsləndirilir.
Şair "Kaş o deyən olsun" şeirində bunu
öz təxəyyülü ilə yozur:
Yanır meşələrin cökəsi kimi,
közərə-közərə hərdən həsdəyir.
Bəxti yıxılıbdı kölgəsi kimi,
Özü ayaq üstə durmaq istəyir. (Səh. 40)
"Bəxti ayaq üstə olmaq", "bəxti
yeyin" kimi xalq deyimləri dilimizdə yer almış ifadələrdəndir.
Şair folklordan bəhrələnərək gözəl
şeir yaradır. "Taleyim" şeirində buna rast gəlirik:
Heç igiddən bəxtin üzü dönməsin,
ocağının odu-közü sönməsin.
Gözə kölgə, üzə bulud enməsin,
yalvardıqca qan-qan deyir taleyim. (41)
Şeirin üç misrası alqış, son
misrası özündə dərin mənalı ağı
kimi səslənir. Şairin təbirincə, insan gözü
kölgəli, üzü tutqun olmasın. H.Həsənzadəni
bu hala gətirən onun günahları yox, can
sirdaşının çarəsiz durumudur. Şair o dərəcədə
milli şairdir ki, onun hər bir şeirində bu və ya digər
mənada folklor motivləri tapmaq olar, o qədər xəlqidir
ki, onun şeirlərinə hopan fikirlər zərbi-məsələ
çevrilə bilər. Bu prosses xalq şairinin
yaradıcılığına hər dəfə müraciət
etdikcə üzə çıxa bilər. "Gözə gətirdim
səni" şeirinin sərlövhəsindəki folklora
müraciət şeirin sonundakı misra ilə
yekunlaşır:
"Gərək gizli saxlasın
insan məhəbbətini.
Gör harda biz unutduq
bizim el adətini". - misraları kimi.
(səh 42)
N.Həsənzadənin şeirlərində "xəstədir
xəstəyə baxan", "doldurub dolçamızı,
tez dalımca su atdın", "kitab da bir ömrün vəsiqəsidi",
"yazana min rəhmət, deyənə əhsən",
"baş saxlayıb başsızlara baş əyənlər"
və s. kimi xalq deyimlərinə hər bir şeirində rast
gəlmək olar. Bu misralarda xalqın ruhu aşkar hiss olunur,
ancaq bu ruh xalq şairinin istedadında zənginləşir, bədiiləşir,
məzmun və məna vəhdətini özündə-sözündə
yoğurub oxucuya təqdim edir.
Gözümün ağı sən, qarası torpaq
Gör harda bükdülər ağı qaraya!
("Zülmətdə işıq", s. 70)
lll
Ha yalvardım, ha çağırdım, ay Sa..ra!..
Darıxmağa həyanımız, a laylay,
ayrı düşən ünvanımız, a laylay!
("Laylay", səh.
81)
lll
İkinci sırada şairlər gələr
birinci sırada peyğəmbər olsa!
("Şeyxim", s. 143)
N.Həsənzadə bütün
yaradıcılığı boyu xalq
yaradıcılığına, folklora müraciət edir,
milli adət-ənənələrə sadiq qalmağı, elə-obaya
söykənməyi məsləhət bilir. Onun nəsihətamiz
şeirləri çağdaş Azərbaycan ədəbiyyatının
ayrılmaz bir parçasıdır, çünki özü
demişkən:
Bir insan ömrünü girov qoymuşam,
Bir şair ömrünü yaşatmaq
üçün!
Xalq şairinin mənalı ömrü onun səmimi
şeirlərində, çoxşaxəli
yaradıcılığında daim var olub, var olacaqdır.
Mahir CAVADLI
AMEA Folklor İnstitutu
525-ci qəzet .- 2025.- 18 fevral(№30).- S.13.