Hədər
yaşanmayan həyat
VƏ YA GÜLABBAS QƏHRƏMANOVUN "BİR
ÖMRÜN TƏZADLARI" KİTABI HAQQINDA QEYDLƏR
Hər dəfə Rəsul Rzanın "İnsan
şəkli" şeirini oxuyanda gözlərimin
qarşısında Gülabbas müəllimin nurlu
çöhrəsi dayanır:
"Bir insan şəkli asacam;
qapalı dodaqlarında söz yanığı.
Ətrafında bayram təntənələri.
Baxışında sınaq günləri,
dözüm sənələri.
Şəklin müəllifi - Zaman.
Adı - insanlığın ömür yolu".
Gülabbas müəllimin də müəllifi Zaman
idi. O, bəşər tarixinin ən dəhşətli əsri
olan XX əsrin təlatümlərini yaşamışdı.
Həm də bu təlatümlərin, sarsıntıların, əzab
və məşəqqətlərin seyrçisi
olmamışdı. O, zamanın bütün
ağrılarını öz dərisində, öz ruhunda və
öz bədənində hiss etmişdi. Təsadüfi deyil
ki, o öz avtobioqrafiyasını "Bir ömrün təzadları"
adlandırırdı. Bu barədə bir az sonra... Hələlik
bir haşiyə çıxıb Gülabbas Qəhrəmanovun
ömürlüyünü xatırlayaq:
Gülabbas Abbas oğlu Qəhrəmanov 1 fevral 1942-ci
ildə Şamaxı rayonunun Bəklə kəndində anadan
olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
jurnalistika şöbəsini bitirdikdən sonra "Yeni
Şirvan" qəzetində çalışıb, daha sonra
Şamaxı Rayon Partiya Komitəsində təlimatçı,
təşkilat şöbəsinin müdiri, Şamaxı Rayon
Xalq Nəzarət Komitəsinin sədri, Qobustan Rayon Partiya
Komitəsinin I katibi vəzifələrində işləyib.
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
vəzifəsində fəaliyyət göstərib, Milli Məclisin
deputatı olub.
Yuxarıda qeyd olunduğu kimi, Gülabbas Qəhrəmanov
dövrün bütün sarsıntı və əzablarını
öz şəxsi təcrübəsində
yaşamışdı: "Babam Qəhrəman iki dəfə
"dili" (bu ifadə onlara, o dövrün insanlarına məxsusdur)
edilib, yəni hər bütün var-yoxu əlindən alınıb.
Əvvəlcə Azərbaycanda sovet hakimiyyəti qurulanda -
1920-ci ildə, sonra kənddə kolxoz təşkil ediləndə
- 1935-ci ildə. Bu azmış kimi, babama "kulak"
damğası da vurulub. Əmim Abasalını isə 1937-ci
ildə "xalq düşməni" kimi güllələyiblər".
Bütün bunlar hələ Gülabbas anadan
olmamış vaqe olanlar idi. Tale ona yeni bir sınaq
hazırlayırdı: "Atam Abas 1910-cu ildə anadan olub.
1941-ci ilin noyabrında müharibəyə gedib. Mən anadan
olandan 3 ay əvvəl cəbhədə sol qolundan yaralanıb
və 1943-cü ildə kəndə qayıdıb. Bir il
mağazada işləyib. 1944-cü ilin noyabrında elə
müalicə olunduğu hərbi hospitaldan cəbhəyə
yola salınıb və elə həmin ay Smolensk şəhəri
uğrunda döyüşlərdə həlak olub..."
Və əmisi Sərkar... Ali məktəb tələbəsi
olan Sərkar ilk qış tətilinə kəndə gələrkən
yolda donub ölmüşdü...
Oğlu güllələnmiş, var-yoxdan
çıxmış bir "kulak"ın - Qəhrəmanın
nəvəsi və onun əlindən bütün sərvətini
hökumətin ordusunda həyatını itirən - Abasın
oğlu... Gülabbas Qəhrəmanovun ömür yolu beləcə
başlamışdı...
"Bir ömrün təzadları"nı oxuyanda qəhrəmanın
və müəllifin dözümünə, səbrinə,
ali dəyərlər naminə mübarizəsinə heyran
qalmamaq olmur. "Yeni Şirvan" qəzetində
çalışdığı günlərdə gənc
Gülabbas qələmini xalq naminə işlədir, problemlərdən
yazır, əyintilər və mənfi hallara qarşı
ürəkdən mübarizə aparırdı. Bir neçə
il bu qəzetdə çalışdıqdan sonra Gülabbas Qəhrəmanov
partiya işinə keçdi. Azərbaycan mətbuatı gənc
və işıqlı bir imza itirsə də, Azərbaycan
bürokratiyası yeni bir kadr qazanmışdı. Sovet rejimi
Gülabbas Qəhrəmanov üçün ağrı və
acılarla dolu idi, əmisini bu rejim güllələmişdi,
atası bu rejimin yolunda öz canından keçmişdi.
Babasının bütün sərvəti bu rejim tərəfindən
talan edilmişdi. Ancaq Gülabbas Qəhrəmanovun taleyinə
bu rejimin bir kadrı olmaq düşmüşdü. Bu da
ömrün təzadlarından biri idi. Ancaq burda təzadlı
olmayan bir şey vardısa, o da Gülabbas müəllimin fəaliyyəti
boyunca mənəvi-əxlaqi dəyərləri üstün
tutması, daim öz məsləyində, öz ideallarında
israr etməsi, bu barədə heç bir güzəştə
getməməsi idi. O zamanın axarına düşüb getmirdi,
axına qarşı üzürdü, insan ləyaqətinin
ucalığına inanırdı və daim həqiqətin tərəfində
dayanırdı. İstər Şamaxı rayon partiya komitəsində
təlimatçı, istər təşkilat şöbəsinin
müdiri, istər Şamaxı rayon Xalq Nəzarət Komitəsinin
sədri, ya da Qobustan rayon partiya komitəsinin I katibi olduğu
dövrlərdə o, daim rüşvətxorluğa
qarşı ardıcıl, prinsipial mübarizə
aparmışdı. Ancaq cəmi bir dəfə öz prinsiplərini
pozmalı olmuşdu. Bu əhvalat Gülabbas Qəhrəmanovun
Qobustan Rayon Partiya Komitəsinin I katibi kimi fəaliyyətə
başladığı ilk günlərdə baş
vermişdi. "Sovxoz, kolxoz, imkanlı idarə və müəssisələrin
rəhbərlərini qəbul edib məqsədimi özünə
məxsus yolla bildirdim:
- Sizi vəzifəyə qoyduğum üçün, yəqin
ki, mənə nə qədər rüşvət verəcəyinizi
düşünürdünüz, amma bunu dilə gətirə
bilmirdiniz. İndi mən istəyimi açıqlamağa məcburam.
Ürəyinizdə tutduğunuz pulları gətirin, amma
heç kim bilməsin...
Birdən-birə belə dəyişməyim, təəccüblə
qarşılansa da, hər kəs tezliklə pulla təşrif
buyurdu. Mən onları banka göndərib pulları həmin
hesaba köçürmələrini tapşırdım. Az
vaxtda bir milyon rubldan çox pul toplandı. Həmin pula 3 tank
aldıq və onlara "Qarabağ", "Qobustan",
"Cavanşir" adları qoyub Ağdama apardıq.
Tankları görən könüllülər batalyonunun
komandiri, sonralar Azərbaycanın Milli Qəhrəmanı
adını alan mərhum Allahverdi Bağırov sevinclə məni
qucaqladı və qürurla dedi: "Bax, bizə belə
kömək lazımdır. Yoxsa çoxu ərzaq göndərir"...
"Bir ömrün təzadları"nı oxuduqca
insanı maraq bürüyür: "Bir insanı bu qədər
qətiyyətli, mübariz və əxlaqlı edən nədir?"
Bu sualın cavabını avtobioqrafiyanın elə ilk səhifələrində
tapmaq olar: "1947-48-ci illərdə "Koroğlu"
dastanı və Nizaminin əsərləri kitab kimi çap
olunmuşdu. O zamanın tələblərinə görə həmin
kitablar kənd kitabxanalarına da verilirdi. Sanki xüsusi bir
tapşırıq vardı. Hər axşam bədii qiraət
günləri olurdu. Çıraq işığında hər
gün dastanın bir qolu, ya da Nizaminin əsərlərindən
nümunələr oxunurdu. Hamı diqqət kəsilərdi.
Yox, təkcə qulaq asmırdılar, həm də təsvir
edilən hadisələrlə yaşayırdılar".
Ədəbiyyat, bəlkə də, dünyanı xilas
edə bilməz, ancaq o, insanı xilas edə bilər. Mənə
elə gəlir ki, Gülabbas müəllim də
dastanların, Nizaminin poemalarının ruhunda tərbiyə
aldığına görə dastanlarda, nağıllarda, hekayə
və romanlarda vəsf olunan mərdlik, dürüstlük,
xeyirxahlıq, təmizlik kimi dəyərlər hələ
uşaq ikən onun ruhuna işləmiş, mənəviyyatını
yoğurmuşdu. Gülabbas Qəhrəmanovun kitabını
oxuduqca bir məqamın da fərqinə varırıq. Onun ən
gözəl günləri universitetdə oxuduğu illərə
düşüb. Bir sıra səbəblərdən gec təhsil
alsa da, təhsil günlərinin bir dəqiqəsini də
boşa keçirməmiş, səylə
çalışmış və doymadan mütaliə ilə
məşğul olmuşdu. Yazının sonunda Gülabbas Qəhrəmanovun
müəllimi Bəxtiyar Vahabzadə ilə bağlı bir
xatirəsini diqqətə çatdırmaq istəyərdim.
Gülabbas Qəhrəmanovun səriştəsinə, qabiliyyətinə
bələd olan Bəxtiyar Vahabzadə ona "Azərbaycan"
jurnalının dörd buraxılışını oxuyub bu
nömrələrlə bağlı təəssüratlarını
özünə çatdırmağı tapşırır.
Görüş barədə oxuyuruq:
"Mən jurnalda dərc olunan şairlər,
onların əsərləri haqqında danışdım.
Əli Kərim yaradıcılığını xüsusi
hadisə kimi qiymətləndirdim. Bəxtiyar müəllim mənə
diqqətlə qulaq asdı, bir dəfə də olsun, sözümü
kəsmədi. Axırda suallar verməyə başladı və
nə üçün onun çap olunan şeirləri
haqqında fikrimi bildirmədiyimi soruşdu. Cavab verdim ki, Bəxtiyar
müəllim, əgər oxuduğum əsər bir həftədən
sonra məni düşündürmürsə, mən onun
haqqında danışa bilmirəm. O, həyəcanla yerindən
qalxdı, otaqda xeyli var-gəl etdi. Dərindən ah çəkib
Əli Kərimi xeyli təriflədi, "gəldiyin nəticə
doğrudur - dedi. - Daha nə sözün var?" - soruşdu.
Mən onu yaxşı başa düşürdüm.
Amma neyləyim, başqa cür ola bilmirəm, necə bilirəmsə,
elə də danışıram. Amma onu çox-çox
sevdiyimi də bildirməliydim axı.
- Bəxtiyar müəllim, mən sizin ən
çılğın pərəstişkarlarınızdan
biriyəm. Latın dili, ana haqqında şeirləriniz, fəlsəfi
şeirləriniz, xüsusilə "Gülüstan",
"Şəbi-hicran" poemalarınız məni riqqətə
gətirib. Sonra "Təklik" şeirindən bir bənd
dedim:
Yarpağı tez solar tək ağacın da,
Kölgəsi yoxdursa, necə solmasın?!
Meşələr
sultanı, meşələr şahı
Aslanın özü də yalqız olmasın!
Bəxtiyar müəllimin üzünə təbəssüm
qondu. O, "Gülüstan" poemasını oxuduğuma təəccübünü
bildirəndə: "Bəxtiyar müəllim, nəinki
oxumuşam, hətta yoldaşlarımla birlikdə onu təbliğ
də edirik", -dedim. Beləliklə, ilk görüşdən
hər ikimiz razı qaldıq.
lll
"Bir ömrün təzadları" kitabı
"Hamıya belə bir ömür arzulayıram" cümləsi
ilə bitir. Doğrudan da, sınaqlar nə qədər
çətin, məhrumiyyətlər nə qədər dərin
olsa da, ziddiyyətli, mürəkkəb və
sarsıntılı dövrdən salamat çıxmaq, ruhu və
mənəviyyatı daim uca tutmaq ancaq xüsusi insanlara
verilmiş keyfiyyətdir. Gülabbas Qəhrəmanov belə
insanlardan idi.
Dilarə İSGƏNDƏRZADƏ
525-ci qəzet .- 2025.- 18 fevral(№30).- S.12.