"Kollecin
keçmiş nüfuzunu bərpa etməyə
çalışırıq"
İNCƏSƏNƏT KOLLECİNİN DİREKTORU
ELŞAD ƏHMƏDOV BU MƏQSƏDƏ NAİL OLMAQ
ÜÇÜN SİLSİLƏ TƏDBİRLƏR
NƏZƏRDƏ TUTDUQLARINI BİLDİRİR
Azərbaycan incəsənətində silinməz izlər
qoymuş fırça ustaları - Səttar Bəhlulzadə,
Mircavad Mircavadov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov,
Tahir Salahov, heykəltaraşlar Fuad Əbdürrəhmanov,
Ömər Eldarov, Tokay Məmmədov, Mirəli Mirqasımov,
Xalq artisti Mirzə Babayev, tarixçi Sara Aşurbəyli,
yazıçı Fərman Kərimzadə, aktyor Fazil Salayev, ədəbiyyatşünas
alim Təhsin Mütəllimov və başqalarının tərcümeyi-hallarında
bir təhsil ocağının adı qızıl hərflərlə
yazılıb: Əzim Əzimzadə adına İncəsənət
Kolleci. Öz təhsili və yetirmələri ilə Azərbaycan
mədəniyyətində önəmli yerə sahib tədris
ocağı bu il 105 illik yubileyini qeyd edir. Bu gün Kollec gənc
yaşına rəğmən, yüksək potensiala sahib
direktoru Elşad Əhmədovun rəhbərliyi ilə Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının nəzdində
öz fəaliyyətini uğurla davam etdirməkdədir. Amma
rəhbərliyin Kolleclə bağlı arzuları,
planları daha yüksəkdir. Bu və bu kimi məsələlər
haqqında direktor Elşad Əhmədovla söhbət etdik.
Direktor ilk növbədə bildirdi ki, bu təyinat onun
üçün gözlənilməz olub: "Bu kollec hər
zaman öz ənənələri ilə seçilib,
buranın məzunları Azərbaycan mədəniyyətində,
incəsənətində xüsusi yerə sahibdirlər. Ona
görə də buranın rəhbəri vəzifəsində
çalışmaq özü bir məsuliyyətdir. Çox
sevindirici haldır ki, müəyyən müddətlik
durğunluqdan sonra hazırda kollecə olan münasibət dəyişib.
Bu dəyişiklik ilk növbədə Təhsil Nazirliyi səviyyəsində
görünür. Nazirliyin yanında sırf kolleclərlə
məşğul olan agentlik yaradılıb. Buna qədər
kolleclərə qarşı sanki bir ögey münasibət
vardı. Halbuki kollec orta məktəblə ali məktəb
arasında bir körpü rolunu oynamalıdır".
E.Əhmədov dedi ki, son zamanlar İncəsənət
kolleci Rəssamlıq Akademiyasının nəzdində
olduğundan bir növ Akademiyanın kölgəsində
qalmışdı: "Amma indi hörmətli rektorumuz da
çalışır ki, kollecin önəmi, əhatəliliyi
artsın, o kölgədən çıxsın. Biz təyinatdan
sonra 5 illik strateji plan hazırlamışıq. Hazırda o
plan müzakirə mərhələsindədir. Mən direktor
kimi təkbaşına qərar verməyin tərəfdarı
deyiləm, istəyirəm ki, bu, müzakirəli şəkildə
qəbul edilsin. Kollecin keçmiş nüfuzunu, parlaq
simasını bərpa etməyə
çalışırıq. Çünki vaxtilə Əzim
Əzimzadə adına kollec bir brend idi. Ən ucqar kənddə,
ya da ölkə xaricində belə bu kollecin verdiyi təhsil,
məzunları adla tanınırdı. İstəyirik ki,
buradan məzun olan gənclərimiz təkcə öz ölkəmizdə
deyil, xaricdə də təhsillərini davam etdirə bilsinlər.
Bunun üçün onlara mükəmməl dil bilgiləri və
hərtərəfli portfolio lazımdır. 5 illik strateji planda
əsas məqsədimiz buna nail olmaqdır".
Kollecin 105 illik ənənələrə bu gün
hansı səviyyədə sahib çıxması barədə
sualımıza cavabında direktor bildirdi ki, arxada
qalmış dövr heç də az zaman deyil: "Biz
kollecin arxiv materiallarına baxdıqca görürük ki,
burada necə yüksək səviyyədə tədris olub. Həm
oğlan, həm də qızlar fərq qoyulmadan burada mükəmməl
təhsil alıblar. Təəssüf ki, indi daha çox
qızları görürük, oğlanlar bu sahəyə
üz tutmaqda geri qalırlar. Bunun da obyektiv, subyektiv səbəbləri
var. 1950-1960-cı illərdə Kollec özünün
qızıl dövrünü yaşayıb. Tədris etdiyi
bütün sahələrdə Azərbaycan mədəniyyətinə
inanılmaz dərəcədə təsir göstərib. Həmin
məzunların əsərləri bu gün də muzeylərimizdə
sərgilənməkdə, qorunub-saxlanılmaqdadır.
Keçmiş Sovet məkanında istənilən incəsənət
məktəbinə gedib "Əzimzadənin tələbəsi
olmuşam" deyən hər kəsi imtahansız qəbul
edirdilər. Çünki buradakı tədrisin yüksək
səviyyəsi çox məşhur idi. Təəssüf ki,
1990-cı illərdə ölkədəki ümumi vəziyyətlə
əlaqədar kollecin də fəaliyyətində müəyyən
axsamalar yaşandı. Amma bu gün kollec yenidən öz əvvəlki
səviyyəsinə qayıtmaq əzmindədir. Çox
istedadlı, həvəsli, çalışqan tələbələrimiz
var. İstəyirik ki, dövlətin təhsil proqramı sayəsində
bəzi tələbələrimizi xaricdə təhsil
almağa göndərək. Həmçinin, təkcə
Bakı və Bakıətrafı deyil, bütün bölgələrimizdən,
ən ucqar kəndlərdən də istedadlı gənclərimizi
kollecə cəlb etməyə çalışırıq
ki, onlar burada təhsil alıb buranın mədəniyyətini
öz kəndlərinə də daşısınlar. İstənilən
halda biz istedadlı gənclərimizin yanındayıq, hər
zaman onları dəstəkləməyə hazırıq. Bir
ölkəni tanıtmağın ən gözəl yolu mədəniyyətdir.
Ona görə də biz tələbələrimizi daha
geniş coğrafiya üçün yetişdirməyə
çalışırıq".
Bu gün rəssamlıq, memarlıq kimi ixtisaslar bir
neçə ali təhsil ocağında tədris
olunmaqdadır. İncəsənət Kolleci rəhbərliyinin
bu rəqabət mühitində necə fərqlənməyi,
tələbələri nə ilə cəlb etməyi
düşündüyü ilə də maraqlandıq: "Biz
əslində, bu məsələ üzərində
çalışırıq, gələcəkdə daha ciddi
işlər görəcəyik ki, kollec orta məktəblə
universitet arasında yuxarıya aparan rahat körpü rolunu
oynasın. Bu, valideynlər üçün də çox
yaxşı imkandır. Çünki repetitorluq hazırda
ölkəmizdə dəb halına gəlib. Valideynlər bilməlidirlər
ki, uşaq 9-cu sinifdən sonra bizim kollecə gəlməklə
repetitorluqdan azad olacaq. Bu həm ailə büdcəsinə, həm
də uşağın öz qabiliyyətini inkişaf etdirməsinə
müsbət təsir göstərəcək. Tələbə
buradan aldığı biliklə ali məktəbə
keçid etsin. Əslində, ali məktəb əlçatanlıqdan
çıxmalı, bir məqsədə, amala çevrilməlidir.
Biz kollecdə elə təməl qoymaq istəyirik ki, hər
hansı rayonun incəsənət məktəbində oxuyan tələbə
təhsilini öncə İncəsənət Kollecində
davam etdirməyin əhəmiyyətini anlasın. Biz də onu
burada elə yetişdirək ki, o, buradan birbaşa Akademiyaya,
ya da hansısa universitetə keçid etsin. Biz bu kommunikasiyaya
nail olmağa çalışırıq. Çünki
çox istedadlar məhz bu kommunikasiyanın yoxluğundan yerlərdə
itib-batırlar. Məqsədimiz çoxşaxəli təməl
qoymaqdır ki, sonradan tələbələr bunun üzərində
işləyə bilsinlər".
Rəssamın öz işini satması
günümüzün problemidir. Əksər hallarda valideynlər
də rəssamlığa həvəsi olan
övladlarını buna görə bu sahədən
uzaqlaşdırmağa çalışırlar. Görəsən,
Kollecin tələbələri bu əmək bazarında
öz maddi ehtiyaclarını rəssam kimi necə
qarşılayacaqlar? Direktorun bu sualımıza maraqlı
cavabı var: "Mən hər zaman tələbələrimə
deyirəm ki, bu sahədən maddi zənginlik gözləməyin.
Siz burada əsasən mənəvi zənginlik əldə edəcəksiniz.
Bu elə bir sahədir ki, bundan imtina etmək olmur. Maddiyyat
bunun iqtisadi tərəfidir ki, dünyanın hər yerində
bu problem var. Dünyanın hər yerində rəssamlar
özlərinə iş tapmağa, əsərlərini
satmağa çətinlik çəkirlər. Bizdə əsas
çatışmazlıqlardan biri də art menecer və art
marketinq sahələridir. Biz bunları da tədris etməliyik.
Tələbə bilməlidir ki, bu gün dünya və Azərbaycan
art bazarı nə istəyir? Gələcəkdə biz bunu da
tədris proqramına salmağı
düşünürük. Bu sahədəki boşluğa
görə rəssamlarımız art bazarına çıxa
bilmirlər. Həmçinin, bu sahələrdə
qarşılıqlı münasibətlər olmalıdır.
Məsələn, biz interyer dizayner tələbələrimizə
deyirik ki, gələcəkdə öz işlərinizdə
hazırda yaşayan və fəaliyyət göstərən
hansısa rəssamın, heykəltaraşın, keramikin əsərindən
öz interyerinə uyğun istifadə edin. Onda ən
azından həmin əsərin kimə məxsus olduğu ilə
maraqlanacaqlar. Bu, şüurlu şəkildə təqdimat və
təbliğatdır. Amma onu da qeyd etməliyik ki, istənilən
bütün sahələrdə işinizin peşəkarısınızsa,
sizə həmişə tələbat olacaq, sizi həmişə
axtaracaqlar. Yaxşı əsəri mütləq kimsə
alacaq. Valideynlər maddiyyata görə qorxmasınlar, əksinə,
övladlarına dəstək olsunlar".
Kollec rəhbərliyi tələbələrin əsərlərini
tanıtmaq, eyni zamanda onlara maddi yardım kimi auksion, sərgi və
ya buna bənzər layihə keçir barədə də
düşünür: "Biz bununla bağlı yaxın gələcəkdə
öz saytımızda xüsusi bölmə
hazırlamağı planlaşdırmışıq. Belə
ki, kollecin saytında həm müəllimlərin, həm də
tələbələrin ayrıca satış yerləri
olacaq. Bu sayədə tələbələrimiz öz əl
işlərini, beyin məhsullarını satışa
çıxara biləcəklər. Bununla bağlı bir
sıra təkliflər irəli sürmüşük. Təbii
ki, bunu etməklə onları tədrisdən
yayındırmaq istəmirik, amma maddi kömək də etmək
istəyirik. Biz istəyirik ki, bunu bir layihə şəklində
də ildə ən az bir dəfə həyata keçirək.
Ölkəmizdəki təhsil və ya satış sərgilərində
tələbələrimizin işini təqdim etməyi
düşünürük. Eyni zamanda auksionlar da keçirmək
fikrimiz var. Biz bunu daha çox xeyriyyə məqsədli etməyi
planlaşdırırıq. Belə ki, auksionda satılan əsərlər
hansısa orta məktəblərə hədiyyə edilsin və
onların divarlarında asılsın. Bu da bir növ təbliğatdır.
Çünki kollecin tələbəsinin əsərini öz
məktəb divarında görən hansısa istedadlı
şagird bu kolleclə maraqlana və burda təhsil almağa həvəslənə
bilər. Əlbəttə, auksiona çıxarılan iş
də bir fikri, ideyanı özündə əks etdirən əsər
olmalıdır ki, pul verən də bilsin nəyə pul
verir".
Kollecin 105 illik yubileyilə əlaqədar silsilə tədbirlər
nəzərdə tutulur: "Onun içərisində sərgilər,
digər kolleclərlə ortaq layihələr var. Məsələn,
UNEC-in Maliyyə-İqtisad Kolleci ilə çox maraqlı
layihəmiz həyata keçdi. Onlar iqtisadçı olsalar
da, tələbələr arasında çox istedadlı gənclər
var. Biz öz tələbələrimizlə yanaşı,
onların da sərgisini keçirdik. Bu işə xüsusi
maraq və dəstək göstərdikləri
üçün hörmətli həmkarım, Kollecin direktoru
Davud Davudova təşəkkürümü bildirirəm. Digər
kolleclərlə də bu cür əməkdaşlığı
davam etdirmək və silsilə tədbirlər keçirmək
niyyətindəyik. Həmçinin, yubiley ili çərçivəsində
"Biz kimik?" adlı çox maraqlı bir layihə
üzərində işləyirik. İlk tədbirimiz
İsmayıllı rayonunda keçiriləcək. Bu, işin
həm də marketinq tərəfidir ki, rayonlarımıza səfər
edərək özümüzü daha yaxından tanıdacaq
və "niyə bizi seçməlisiniz?" sualına cavan
verəcəyik. İlin sonunda isə təntənəli
bağlanış mərasimi düşünürük".
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 18 fevral(№30).- S.11.