Məryəmin gözəl devləri
MƏRYƏM ƏLƏKBƏRLİNİN
XATİRƏSİNƏ
Məryəm son zamanlar devlərin rəsmini çəkirdi,
ancaq bu devlərin heç bir xofu, vahiməsi, hövlü yox
idi və bu devlər təşvişdən, təlaşda
çox uzaq idi, çünki Məryəm onları sevə-sevə
çəkirdi.
Məryəm bu dünyaya sevmək üçün gəlmişdi.
Məryəm bu dünyada nə görürdüsə,
sevgi ilə, istəklə görürdü, çünki Məryəm
başqa bir aləmdə yaşayırdı - bizim qavraya bilməyəcəyimiz
bir aləmdə və Məryəmin o aləmində Yer
üzündə zülm, məşəqqət, məkr, riya,
hiyləgərlik yox idi, onun devləri də sevən və
sevilən məxluqlar idi.
Təbiət Məryəmi elə yaratmışdı
ki, onun ömrü adi insanların ömrü kimi uzun
olmayacaqdı, çünki Məryəm adi insan deyildi, o, adi
insanlardan uzaqlıqda və ucalıqda idi.
Uzaqlardakı o Məryəm ucalığını biz
dərk edə bilmərik və yəqin heç vaxt da dərk
edə bilməyəcəyik.
Məryəm orada - o ucalıqda gördüklərini
çəkirdi, oradakı sevincini bizlə
bölüşürdü, arzularını bildirirdi və
onun çəkdiyi güllər də, ağaclar da,
dağlar, dalğalar da adi deyildi. Bəzən onun günəşi
ağappaq, batikləri isə süjetsiz olurdu və biz:
"Günəş də ağ olar?" - demirdik,
çünki bu ağlıq yalnız paklığın, təmizliyin
rəmzi deyildi, belə olsaydı, çox sadə olardı.
Məryəmin bu ağappaq günəşi, ləkə
götürməyən bu bəyazlıq onun özünün
daxili aləminin rəngi idi.
Məryəmin xalça naxışları, elə
bil, harasa tələsirdi, harasa can atırdı, ancaq hara? Bunu
ancaq o, özü bilirdi.
Artıq Novruz bayramına az qalıb və Məryəm
bu növbəti Novruzu görməyəcək, ancaq onun
çəkdiyi Novruz həmişə bizimlə qalacaq.
Onun çəkdiyi Novruz əslində sevincin, xoşbəxtliyin
portreti idi və onun bu gözəl "Novruz" tablosunda
heç kim görünmür, o devlər də bu tabloda
yoxdur, güllər, çiçəklər də yoxdur,
ancaq əslində, isə biz hamımız birlikdə o
tablodakı sevincin içindəyik.
Məryəm "Azərbaycan muğamı"nda xanəndənin,
tarın, kamançanın, qavalın yox, muğamın
özünün portretini çəkirdi, muğamın
sözlə, səslə, avazla dediklərinin, muğamın zəngulələrinin,
pəsinin, zilinin rəsmini çəkirdi.
Bu sözləri yazıram və Çoban
Əfqanın uzun illər bundan əvvəl söylədiyi
bir misra yadıma düşür:
"A bu dünya, görüm səni viran qal..."
Məryəmin yaşayıb-yaratdığı aləm
onun fırçası ilə aşığın bu
qarğışını, ümumiyyətlə bəşəri
sənətin "a bu dünya" ilə bağlı
yanlışlığını heç vəchlə qəbul
etmirdi və onun çəkdiyi "Qobustan" silsiləsində
qədim insanların əl-ələ verərək
"Yallı" getməsi həyatla bağlı əbədi
bir rəqsdir - əbədi şükranlıq, minnətdarlıq
rəqsinin ifadəsidir. Sadəcə, biz bunu bilmirik,
dünyanı qanlı-qadılı bir dünyaya
çeviririk, sonra da sözümüzlə, sənətimizlə
qarğış edirik.
Ancaq Məryəmin tabloları bizimlə hirs-hikkə
ilə, hirslə, acıqla yox, mərhəmət hissi ilə
danışırdı.
Məryəm Ələkbərlinin əsərləri
dünyanın bir çox ölkələrində
nümayiş olunub, onun Avropa, Asiya mədəniyyət mərkəzlərindəki
sərgiləri sensasiya yaradıb, alınıb, kolleksiyalara
salınıb və bu, ötəri bir ajiotaj yox, həqiqi rəngkarlıq
hadisəsi olub.
Məryəm, bir meteor sürəti ilə, Azərbaycan
rəngkarlıq sənətinə daxil oldu və o zaman mən
onun əsərlərinin sirli-sehrli təəssüratı
altında 2006-cı və 2011-ci ildə "Məryəmin
missiyası" adlı iki esse yazmışdım. Axtarıb
o yazılardan birini - "Məryəmin missiyası-2"ni
tapdım və orda deyirdim:
"Bu gün Məryəm, şübhəsiz ki,
beş il bundan əvvəlki Məryəm deyil, ancaq eyni zamanda
Məryəm, yenə də şübhəsiz ki, həmin Məryəmdir
və bu sözlərdə heç bir parodoks yoxdur, söhbət
istedadın özünüifadəsindəki, bəlkə də,
bu beş ilin zaman çərçivələrinə
sığmayan bir inkişafından və eyni zamanda, bu
inkişafın sürəti müqabilində o istedadın mənəvi
ünvanının - məxsusiliyinin qorunub saxlanmasından
gedir.
Bu beş ildə artıq professional rəssam Məryəmin
əsərləri Bakıdan başqa, Berlində, Moskvada,
İstanbulda, Ankarada, Romada, Dovildə, Riqada, YUNESKO-da
nümayiş olunub və sənətsevərlər,
tamaşaçılar bu əsərləri dəfələrlə
Paris sərgilərində də görüblər. Həmin sərgilərdən
birini mən xüsusi qeyd edirəm: 2015-ci il iyun ayında Art
Şhoppinq festivalı çərçivəsində Luvr
muzeyinin Karusel qalereyasında Məryəmin işlərinin sərgisi
keçirildi və gənc bir azərbaycanlı rəssamın
Luvrda sərgisinin keçirilməsi yalnız gənc rəssamlarımızın
həyatında deyil, ümumiyyətlə, Azərbaycan rəngkarlığında
bir hadisə oldu.
Bu beş ildə Məryəmin haqqında bədii-sənədli
film çəkildi, televiziya verilişləri göstərildi,
onun yaradıcılığı ilə bağlı Azərbaycanın
da, xarici ölkələrin də mətbuatında məqalələr
dərc olundu, görkəmli
fransız, ingilis, rus, türk sənətşünasları
yüksək fikirlər söylədilər..."
İndi isə Məryəmin həmin meteor sürəti
ilə sənətə gəlməsindən az qala iyirmi il
keçib və bu iyirmi il onun
yaradıcılığının sonudur.
Bu iyirmi ildə də onun istedadı
özünüifadəsini dəyişmədi.
Məryəm devləri yalnız son zamanlar çəkdi,
ancaq o gözəl güllər, çiçəklər, o
ağappaq günəş kimi o açıq ürəkli,
xeyirhax, gülməli devlər də, "Yallı" gedən
o Qobustan qədim insanları da onun aləminin sakinləri idi.
O xalça naxışları da onunla bir yerdədir.
Məryəm bu dünyadakı missiyasını yerinə
yetirdi və birdən-birə də uçub getdi.
Məryəm, Ekzüperinin "Balaca şahzadəsi"ni
sevirdi və bu əsərə gözəl illyüstrasiyalar
çəkmişdi. O vaxt mən ssenarisini yazdım və Məryəmin
balaca şahzadəsi haqqında cizgi filmi çəkildi.
Balaca şahzadə kosmosda səyahət edirdi, planetlərdən
planetlərə uçurdu və yəqin elə buna görə
də Məryəm bu əsərə bu qədər
bağlı idi.
Məryəm uzaqlardakı o ucalıqdan gəlmişdi,
uçub, o ucalığa da qayıtdı.
16 fevral 2025. Bakı.
Elçin
525-ci qəzet .- 2025.- 18 fevral(№30).- S.9.