“Sehrbazlar dərəsi”
tamaşasının premyerası olub
Fevralın 15-də Akademik Milli Dram Teatrında Xalq
yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi”
əsəri əsasında hazırlanan eyniadlı
tamaşanın premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, tamaşanın
quruluşçu rejissoru Əməkdar incəsənət
xadimi Bəhram Osmanov, rəssamı Gennadi Skomoroxov, bəstəkarı
Xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti
və plastika üzrə mütəxəssisi Əməkdar
artist Bəhruz Əhmədli, işıq üzrə rəssamı
Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Tamaşada Elnur Qədirov (Karvanbaşı), Elçin
Əfəndi (Səyyah Sehrbaz), Əməkdar artist Rövşən
Kərimduxt (Cəllad Məmmədqulu), aktrisa İlahə Həsənova
(Pərnisə), Əməkdar artist Mətanət
Atakişiyeva (Qarı), Xalq artisti Əli Nur (Seyid Sarı), Xalq
artisti Kazım Abdullayev (İbrahim Ağa), Əməkdar artist
Kazım Həsənquliyev (Ağ dərviş)
çıxış ediblər.
Mistik əhvalatların baş verdiyi səhnə əsəri
paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını
axtaran Karvanbaşının taleyin hökmü ilə
Sehrbazlar dərəsinə gəlib çıxmasından,
burada ömür edən Ağ dərvişin və hər iki
dünyada yaşayan Səyyah sehrbazın
çağırdığı ruhla Karvanbaşının
sonu faciə ilə bitən sirli görüşündən bəhs
edir.
Tamaşa həqiqətə çatmağa can atan
insanın faciəli aqibəti haqqındadır.
İnsan həqiqəti öyrənməyi çox
arzulayır, buna çox tələsir, amma unudur ki, bu yolun
sonunda, mənzil başında onu fəlakət və bədbəxtlik
də gözləyə bilər.
Tamaşanın növbəti nümayişi
fevralın 16-27-də olacaq.
525-ci qəzet .- 2025.- 18 fevral(№30).- S.9.