Litvanın dövlət
müstəqilliyi onun əbədi qürur mənbəyidir...
Bu il fevralın 16-da Litva dövlətinin bərpa edilməsinin
107-ci ildönümü qeyd olundu.
1918-ci ildə Azadlıq və Müstəqillik bizə
əlçatmaz bir arzu kimi görünürdü,
çünki ölkəmiz daha qüvvətli bir neçə
irticaçı hərbi güc arasında
sıxışdırılmış vəziyyətdə idi.
Ancaq Litva əfsanəvi Simurq quşu kimi küldən yenidən
doğuldu və 16 fevral 1918-ci ildə, tarixi kökləri XIII
əsrdə mövcud olmuş Litva Krallığı
dövrünə gedib çıxan dövlətçiliyini
bərpa etdi.
Litva iyirmi il sürən müstəqillikdən sonra,
o zamankı Avropanın güzəştə getmək siyasətindən
həvəslənən iki avtoritar qəsbkar dövlətin
qonşu ölkələrə hərbi təcavüzü nəticəsində,
bir çox digər Avropa ölkələri kimi öz
azadlığını 1940-cı ildə itirdi. Lakin öz
dövlətinə sahib olmaq inamından heç vaxt dönməyən
Litva xalqı 1990-cı ildə bir daha müstəqilliyini bərpa
etdi. Bu, xalqımızın qəhrəmancasına
apardığı mübarizə və o zaman əsarət
altında olan digər xalqların nümayiş etdirdikləri
fəal həmrəylik sayəsində mümkün oldu.
1990-cı il 20 Yanvar təcavüzündən sonra
Azadlığın yüksək dəyərini daha yaxından
bilən Azərbaycan xalqı, artıq bir ildən sonra - 13
yanvar 1991-ci ildə sovet ordusu Vilnüsdə dinc əhaliyə
atəş açanda Litvaya böyük dəstək verdi.
Yaxın keçmişdə əsarət altında
olan bir çox xalqların həmrəyliyi - əqidə və
məram birliyi XX əsrin ən böyük nailiyyətlərindən
birinə - Sovet İttifaqının dağılmasına
güclü təkan verdi. Mərkəzi Avropadan Orta Asiyaya qədər
uzanan coğrafi məkanda yaşayan xalqlar öz müstəqilliklərini
bərpa etdilər və ya öz taleyinin sahibi olmaq
haqlarını geri qaytardılar.
Azadlıq Litva xalqına gələcəyə
böyük ümidlər bəsləməyə geniş
üfüqlər açdı, həm də bu ümidləri
reallığa çevirmək üçün bizi lazımi
vasitələrlə təmin etdi və xalqımıza
arzuladığı dövləti qurmaq üçün imkan
yaratdı.
Litva bu gün Aİ, NATO və İƏİT-in
üzvü olması ilə fəxr edir. Ölkəmizdə
adambaşına düşən ÜDM dəyəri əhəmiyyətli
dərəcədə artaraq, Aİ üzrə orta göstərici
olan 10 faizdən 87 faizə yüksəlib.
İqtisadiyyatımız azadlıq dərəcəsinə
görə dünyada 15-ci yerdədir. Litvada dünyada ən
sürətli ictimai Wi-Fi fəaliyyət göstərir.
Dünyanın 100 ən yaxşı universitetindən 95-i Litva
lazer texnologiyalarından istifadə edir. Litva Avropada təbiət
elmləri sahəsində güc mərkəzlərindən
biridir və bunlar ÜDM-in təxminən 3 faizini təşkil
edir. Litva startapları NASA və SpaceX kimi şirkətlərlə
sıx əməkdaşlıq edirlər. Litvanın son dərəcə
dinamik startaplar ekosistemi bir çox gəncləri özünə
cəlb edir. Təsadüfi deyil ki, 2024-cü il
üçün BMT-nin illik hesabatında dünyada ən
xoşbəxt gənclərin (30 yaşa qədər) Litvada
yaşadığı göstərilir.
Bununla belə, uğura aparan yolumuz heç də asan
olmayıb, elə indi də asan deyil. Ancaq bu yol möhtəşəm
olaylar yolu olaraq tarixə düşüb. Tək elə bircə
misal gətirim: - Litva uzun illər Rusiya enerji ehtiyatlarından
asılı idi, Avropada qaz üçün ən yüksək
qiymət ödəyirdi və daim enerji şantajı ilə
üzləşirdi. Odur ki, ölkə tədbirlər görmək
üçün hərəkətə keçdi və öz
enerji təhlükəsizliyinə böyük sərmayələr
qoydu. Neft və maye qaz terminalları tikdi, yeni elektrik
bağlantısı qovşağını inşa etdi.
Altı gün əvvəl hər üç Baltik ölkəsi
sabiq Rusiya elektrik şəbəkəsindən ayrılaraq təchizat
sistemlərini kontinental Avropa elektrik şəbəkəsi ilə
sinxronlaşdırma işini başa çatdırdı.
Beləliklə, bu tarixi addım xalqımız və
sahibkarlıq subyektlərimiz üçün enerji təhlükəsizliyini,
sabitliyi və etibarlılığı təmin etməyə əsas
yaratdı.
Biz çox yaxşı bilirik ki, nailiyyətlərimiz
yalnız hamılıqla qəbul olunmuş qaydalara əsaslanan
beynəlxalq nizamın son bir neçə onillikdə bizə
verdiyi sülh və sabitlik dividendləri sayəsində
mümkün olmuşdur. Sülh hələ hər şey demək
deyil, amma sülh olmadan hər şey heç nədir. Bu
gün dünyanın sülh səmasını qara buludlar
almış bir narahat dövrdə, öz mövqelərində
inamla duran, həmçinin yeni formada təzahür edən
müstəmləkəçilik və qəsbkarlıq siyasəti
üzərində sülhün və azadlığın qələbə
çalacağına bütün tərəqqipərvər
xalqlara ümidlər aşılayan məhz Ukrayna
xalqıdır.
Bu gün yeni Ribbentroplar, Molotovlar və Çemberlenlər
təzahür edən bir dünyada Ukrayna bizə
Çörçill dünyasını təklif edir. Həzrət
Davud peyğəmbərin Qoliafa qarşı getdiyi yolu təklif
edir. Bu gün Ukraynanı dəstəkləmək sabahkı
davamlı sülh üçün ən yaxşı töhfədir.
Litva əmindir ki, Ukrayna gələcəkdə NATO blokunun
üzvü olacaq.
Biz bu gün Litvanın Dövlət bərpası
gününü qeyd edən zaman, həmçinin müstəqilliyin
əldə olunmasında Litvaya kömək etmiş
dostlarımıza da təşəkkür edirik. Versal Sülh
Konfransında Litva və Azərbaycan nümayəndə heyətləri
hər iki dövlətin müstəqilliyinin tanınması
istiqamətində bir-birini dəstəkləyiblər. XX əsrdə
80-ci illərin sonu, 90-cı illərin əvvəlində
ölkələrimizdə aparılmış milli azadlıq
mücadiləsi xalqlarımızı bir-birinə daha da
yaxınlaşdırdı və aramızdakı möhkəm
dostluğa geniş yol açdı. Litva bu dostluğun getdikcə
möhkəmləndirilməsi ilə bağlı üzərinə
götürdüyü öhdəçiliyə bu gün də
sadiqdir.
Zənnimcə, bu il ölkələrimizin öz musiqi
nəhənglərinin yubiley doğum günlərini qeyd etməsi
də böyük rəmzi məna daşıyır. 2025-ci
ilin sentyabrında dahi Azərbaycan bəstəkarı, Şərqdə
ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin
anadan olmasının 140 ili tamam olur. Sentyabrda həmçinin
böyük Litva bəstəkarı və rəssamı
Mikaloyus Konstantinas Çürlyonisin də anadan
olmasının 150 ili tamam olur.
M.K.Çürlyonis Litvanın ilk müasir bəstəkarıdır.
O, musiqini rənglər kimi görür, rəngləri isə
musiqi kimi eşidirdi. Çürlyonis gerçəklik və
arzuların bir-birinə qovuşduğu əsrarəngsiz bir sənət
dünyası yaradıb. Onun rəsm əsərləri təbiət
gözəlliyi ilə kosmik harmoniyanın bir-birinə
qovuşub və biri digərini tamamlayıb vəhdət
yaratdığı naməlum məkanlara və nəhayətsiz
fəzalara edilən xariqələrlə dolu bir səyahətə
bənzəyir.
Çürlyonisin zəngin musiqi dünyasının ən
dərin qatlarından süzülüb gələn ecazkar təranələri
sənətsevər Azərbaycan xalqına təqdim etmək
üçün Litvanın M.K.Çürlyonis adına
Dövlət simli kvarteti bu gün Bakıya gəlib. Bu
ansamblın burada verəcəyi konsert həmçinin Litva ilə
Azərbaycan arasında diplomatik əlaqələrin
qurulmasının 30 illiyi münasibətilə 2025-ci ildə
keçirələcək silsilə mədəni tədbirlərin
ilkidir. Odur ki, Litvanın çoxsaylı azərbaycanlı
dostları ilə mədəniyyətlərimizin qovuşuq məkanındakı
işığında yenidən görüşmək
ümidi ilə sağollaşıram. Qoy Uca Tanrı öz mərhəmətini
xalqlarımızdan heç vaxt əsirgəməsin!
Bakı-Vilnüs, 14 fevral 2025-ci il.
Litva dilindən Mahir Həmzəyev tərcümə
edib.
Kestutis VAŞKELYAVİÇYUS
Litva Respublikasının Azərbaycan
Respublikasındakı səfiri
525-ci qəzet .- 2025.- 18 fevral(№30).- S.7.