Tərəfdaşlığın
mühüm və əhəmiyyətli sahəsi
Beynəlxalq təsisatlarda qarşılıqlı dəstək
Afrika qitəsinin şərqində yerləşən
Somali İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) və Qoşulmama Hərəkatının
üzvüdür. Bu müsəlman ölkəsi İƏT və
Qoşulmama Hərəkatı çərçivəsində
Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə
və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq
əlaqələrinə malikdir.
Azərbaycan - Somali diplomatik əlaqələri
2004-cü il mart ayının 22-də qurulub. İki ölkə
arasında münasibətlərin möhkəmlənməsinə
ötən dövr ərzində, xüsusilə son illərdə
Azərbaycan - Somali təmaslarının artması
mühüm təsir göstərib. Dövlətlər arasında
bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı,
balıqçılıq, neft və qaz sənayesi,
“yaşıl” enerji, təhsil sahələri üzrə əməkdaşlığın
inkişafı üçün kifayət qədər
geniş potensial mövcuddur. Bu istiqamətlərdə
qarşılıqlı təmasların və təcrübə
mübadilələrinin aparılması xüsusi əhəmiyyətə
malikdir.
Somali Azərbaycanın ərazi
bütövlüyünü daim dəstəkləyən
ölkələrdən biridir. Bundan əlavə, Somali -
Türkiyə münasibətləri Azərbaycanın
maraqlarına uyğun şəkildə inkişaf edir,
çünki Türkiyə Azərbaycan üçün strateji
tərəfdaşdır və onun Afrika ilə əməkdaşlığında
mühüm rol oynayır.
Uzun illər müstəmləkəçilikdən əziyyət
çəkmiş bu qitə bu gün də bəzi hallarda
iqtisadi və siyasi asılılıqdan qurtulmaq
üçün mübarizə aparır. Bununla yanaşı,
sürətli urbanizasiya, texnologiya və infrastruktur sahələrində
inkişaf Afrikanın dünya iqtisadiyyatında daha
böyük rol oynamağa başlamasına imkan yaradır.
Bütün bunlar barədə Azərbaycan Prezidenti cənab
İlham Əliyevlə ölkəmizə
rəsmi səfər edən Somali Federativ Respublikasının
Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən
görüşlərdə, mətbuata bəyanatlarda ətraflı
bəhs edilib. Eyni zamanda, Somali rəhbərinin respublikamıza
rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli
münasibətlərin tarixində bir ilk olduğu, bununla
sıx dostluq münasibətlərində yeni səhifə
açıldığı vurğulanıb.
Azərbaycan liderinin bəyanatında iki ölkə
arasında mühüm önəm daşıyan bir sıra məqamlar
diqqətə çatdırılıb, imzalanmış sənədlərin
ikitərəfli əlaqələri bir çox sahələrdə
inkişaf etdirməkdə əhəmiyyətli rol oynayacağına
əminlik ifadə olunub. Dövlət
başçılarının görüşlərində
regionlarımızda mövcud geosiyasi vəziyyət, ölkələrimizin
üzləşdiyi çağırışlar geniş
şəkildə müzakirə edilib, ərazi
bütövlüyünə və suverenliyinə
qarşılıqlı dəstək məsələləri,
eləcə də terrorçuluğa və ekstremizmə
qarşı birgə mübarizə tədbirləri barədə
ətraflı danışılıb. Prezident cənab
İlham Əliyevin bəyanatında bu məqamın əhəmiyyətini
belə xarakterizə edilib: “Əlbəttə, hər bir
ölkə üçün siyasi sabitlik inkişafı təmin
edən ilkin şərtdir. Mən 1990-cı illərdən və
bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə
tanınmış ərazilərimizin erməni
işğalından azad edilməsinə qədər Azərbaycanın
üzləşdiyi ağır dövr barədə cənab
Prezidentə məlumat verdim. Mən, həmçinin Azərbaycana
sərmayələrin cəlb edilməsində və müsbət
işgüzar mühitin yaradılmasında təcrübəmizi
bölüşdüm”.
Prezidentlərin görüşlərində Somalidə
sərmayə imkanları da müzakirə edilib və ölkələr
arasında müdafiə əməkdaşlığının
mühüm sahələrdən biri olduğu bildirilib. Eyni
zamanda, Azərbaycan müdafiə avadanlığının əksər
hissəsini istehsal edərək, güclü müdafiə sənayesi
potensialını yaratması diqqətə
çatdırılıb.
Prezident cənab İlham Əliyevin bəyanatında həmin
avadanlığın həm ölkəmiz üçün
mühüm əhəmiyyətə malik olduğu, həm də
respublikamıza 10-a yaxın ölkənin mühüm
ixracatçısına çevrilmək imkanı verdiyi qeyd
edilib: “İkinci Qarabağ müharibəsi və sonradan
antiterror əməliyyatı hərbi
qulluqçularımızın yüksək peşəkarlığını
nümayiş etdirdi... Düşünürəm ki, müdafiə
sahəsində əməkdaşlıq, təlimlər və
potensial qaydada müdafiə avadanlığının birgə
istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın
mühüm sahələrindən biri olmalıdır”.
Görüşlərdə iki ölkənin dövlət
xidmətləri sahəsində işbirliyinin əhəmiyyəti
də vurğulanıb və imzalanmış
razılaşmalardan biri məhz həmin sahəni – Azərbaycanda
artıq uğurla işləyən ASAN dövlət xidmətləri
sistemini əhatə edib. Bildirilib ki, bu sistem bir çox beynəlxalq
mükafatlara layiq görülüb. Dövlətimizin
başçısının sözləri ilə desək, ən
mühüm mükafat isə Azərbaycan xalqının
verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin
bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu, həqiqətən
göstərir ki, həmin xidmət insanların həyatını
daha da asanlaşdırır.
Natəvan Əsədova,
Riyaziyyat üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 18 fevral(¹30).- S.7.