USAID-lə
bağlı daha bir ifşa
TERROR
TƏŞKİLATLARINA MALİYYƏ AYIRIB
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qanunsuz işləri, hətta
fırıldaqları barədə faktlar bitib tükənmək
bilmir. Hər gün yeni-yeni şok effekti yaradan faktlar üzə
çıxır. Məlum olur ki, USAID humanitar fəaliyyət
adı altında qanunsuz işlərlə məşğul
olub, terror qruplaşmalarının maliyyələşdirlməsindən
tutmuş, ölkələrdə çevrilişlərə,
inqilbaların törədilməsinə təşviq edib,
bunun üçün maliyyə ayırıb, çirkli
pulların yuyulmasında iştirak edib.
Bu günlərdə ABŞ-ın Pensilvaniya
ştatından olan respublikaçı konqresmen Skot Perri
Nümayəndələr Palatasında keçirilən dinləmələrdə
bəyan edib ki, USAID “Əl-Qaidə”, “Taliban”, İŞİD
və “Boko Haram” terror qruplaşmalarını maliyyələşdirib.
Yada salaq ki, 1961-ci ildə ABŞ prezidenti Con Kennedi tərəfindən
təsis edilən USAID-in elan edilmiş məqsədləri
sırasında xəstəliklərin, aclıq və
yoxsulluğun yayılmasına qarşı mübarizə,
inkişaf etməkdə olan ölkələrin iqtisadi
artımını dəstəkləmək və s. daxildir.
Amma görünən odur ki, bu agentlik sadəcə
görüntü xatirinə humanitar fəaliyyətlə məşğul
olub. Bunun alt qatında isə məşğul
olmadığı fəaliyyət sahəsi qalmayıb. Və
nəhayət ki, əməlləri ifşa olunmağa
başlayıb. Konqresmen Perrinin sözlərinə görə,
ekstremistlərin maliyyələşdirilməsinə, o
cümlədən “terror düşərgələrinin” dəstəklənməsinə
ildə təxminən 697 milyon dollar xərclənib.
Yeri gəlmişkən, USAID-in “Əl-Qaidə” teror təşkilatı
üçün 10 min porsiya yemək alınması,
“Əl-Qaidə”nin gələcək lideri Ənvər
Əl-Əvlakinin kollecdə təhsilini maliyyələşdirməsinə
dair faktlar artıq açıqlanıb. Amma məlumdur ki, bu dəstək
qeyd edilənlərlə bitmir. Yaxın günlərdə daha
geniş faktların üzə çıxacağı istisna
deyil. Çünki amerikalı konqresmenin sözlərindən
məlum olur ki, terror qruplaşmaları üçün
böyük vəsait ayrılıb.
Üstəgəl, bu təşkilat mədəniyyət,
incəsənət, gənclərlə bağlı bir
sıra proqramlar həyata keçirib ki, bunda da məqsəd
yad dəyərləri cəmiyyətlərdə təbliğ
etmək olub. Buna misal kimi Kolumbiyada transgender operası, Peruda
transgender komiksləri, İrlandiyada LGBT müzikl, Serbiyada
işçi kollektivlərdə və işgüzar dairələrdə
bərabərliyin və inklüzivliyin irəliləməsi,
Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığı
və digər proqramları göstərmək olar.
Həm də əsas məqsəd məhz
etirazçı kütlə yaratmaq, onları bir araya gətirərək
hökumətlərə qarşı hazırlamaq olub.
Latın Amerikası ölkələri bunun ən “parlaq”
nümunələridir. USAID-in Latın Amerikası ölkələrində
reallaşdırdığı layihələr məhz
hökumətləri devirmək hədəfini
daşıyıb.
Onu da vurğulayaq ki, konqresmen Perri, həmçinin
USAID-in Pakistanda 120 məktəb tikintisinə 136 milyon dollar xərclədiyini
tənqid edərək, binaların tikildiyinə dair heç
bir sübutun olmadığını söyləyib.
USAID-ə qarşı daha bir ittiham təşkilatın
Mərkəzi Asiya sakinlərinin Rusiyaya kütləvi
miqrasiyasını təşkil etməklə
bağlıdır. Xarici media yazır ki, qurumun keçmiş
SSRİ respublikalarından birinin vətəndaşları
üçün internet saytını maliyyələşdirdiyi
üzə çıxıb. Bu portal yerli sakinləri Rusiyaya
köçməyə sövq edib və onlara bunun
üçün ən yaxşı yol barədə göstəriş
verib. USAID-in diasporalardan tutmuş siyasətçilərə
qədər müxtəlif miqrant tərəfdarı olan
qüvvələrə də sponsorluq edə bilməsi istisna
deyil. Rusiya mediası iddia edir ki, məqsəd ölkədə
daxili sabitliyi pozmaq olub.
Agentliyə qarşı daha bir ittiham isə Hindistandan
irəli sürülüb. Belə ki, USAID və amerikalı
milyarder Corc Sorosun fondu respublikanın daxili işlərinə
qarışmaqda ittiham olunur. ABŞ hökumətinin işinin
səmərəliliyinin artırılması üzrə quruma
(DOGE) rəhbərlik edən İlon Mask USAID-in amerikalı
vergi ödəyicilərinin pullarını ziddiyyətli
proqramlara xərclədiməsi ilə bağlı yeni bir sənəd
dərc edilib. Siyahıda, xüsusilə, "Hindistanda
seçici fəallığının
artırılması" üçün 21 milyon dolların
ayrılması və "Banqladeşdə siyasi mühitin
gücləndirilməsi" üçün 29 milyon
dolların ayrılması da əksini tapıb.
Xatırladaq ki, Banqladeşdə keçən ilin
yazında kütləvi iğtişaşlar baş verib. Bu
iğtişaşlar Hindistana yaxın olan Banqladeş hökumətinin
süqutuna və ölkənin Baş nazirinin Yeni Dehlidə
sığınacaq axtarmasına səbəb olub.
Vaşinqtondan gələn bu açıqlamalar, USAID-in
Hindistan və Cənubi Asiya regionundakı digər ölkələrdə
siyasi proseslərə maliyyə ayırdığını
ortaya qoyaraq, Hindistanın Baş naziri Narendra Modinin yaxın ətrafında
və ölkənin hakim partiyasında hiddətli reaksiyalara səbəb
olub.
Hindistandan olan iqtisadçı Sanciv Sanyal USAID-in fəaliyyətini
"insanlıq tarixinin ən böyük
fırıldağı" adlandırıb: “Bilmək istərdim
ki, “Hindistanda seçici fəallığının
artırılmasına” xərclənən 21 milyon dollar və
“Banqladeşdə siyasi mənzərənin gücləndirilməsinə”
xərclənən 29 milyon dolları kim alıb, hələ
Nepalda “fiskal federalizmin” təkmilləşdirilməsi
üçün xərclənən 29 milyon dolları demirəm”.
Hind siyasətçisi Amit Malviya isə bildirib ki,
seçici fəallığı üçün 21 milyon
dollar açıq-aydın Hindistandakı seçki proseslərinə
xarici müdaxilədir: "Bunu alan kimdir? Əlbəttə
ki, hakim partiya deyil".
Siyasətçinin sözlərinə görə,
Hindistanın daxili işlərinə qarışmaqda
amerikalı milyarder Corc Soros və onun "Açıq Cəmiyyət"
Fondu da iştirak edib. Bu fond USAID vasitəsilə maliyyələşdirilib.
Hindistan Konqresinin üzvü Nikişant Dubinin sözlərinə
görə, məhz Nepal və Banqladeşdəki
iğtişaşlara ABŞ Beynəlxalq İnkişaf Agentliyi
səbəb olub.
Bu yaxınlarda paytaxt Dehli bölgəsində
keçirilən yerli seçkilərdə böyük qələbə
qazanan hakim Hindistan Bharatiya Janata Partiyası (BJP) “müdaxilə”
iddiası ilə çıxış edərək, Amerika
pullarının məhz kimin aldığını öyrənməyi
tələb edib.
Qeyd edək ki, Trampın andiçmə mərasimindən
dərhal sonra yaradılan və İlon Maskın rəhbərlik
etdiyi DOGE dövlət xərclərinin azaldılması məsələsi
ilə məşğuldur. Əslində, DOGE nəhəng
federal aparatı kökündən azaltmaq,
israfçılığı və bürokratik səmərəsizliyi
ifşa etmək məqsədi ilə yaradılıb və ilk
gündən ABŞ-ın büdcə xərclərinin
genişmiqyaslı auditinə başlayıb. Yeni qurum fəaliyyət
göstərdiyi ilk 80 saat ərzində təxminən 420
milyon dollarlıq lüzumsuz dövlət müqavilələrini
ləğv etdiyini açıqlayıb. İlon Mask hökumət
xərclərini ümumilikdə 2 trilyon dollar azaltmağı
hədəfləyir.
Tramp və Mask daha əvvəl USAID-ə qarşı
çıxış ediblər. ABŞ prezidenti agentliyi
korrupsiyada ittiham edib, Mask isə USAID-i “Amerikaya nifrət edən
radikal solçu marksistlərin ilan yuvası” adlandırıb.
DOGE rəhbəri Mask, həmçinin agentliyi cinayətkar
adlandıraraq, COVID-19 da daxil olmaqla onu biosilahların tədqiqatlarını maliyyələşdirməkdə
ittiham edib. Onun sözlərinə görə, USAID-in
gördüyü işlərin çoxu yoxlamalara tab gətirməyən
şübhəli üsullarla seçkilərə təsir etmək
məqsədi daşıyırdı. O, agentliyi səriştəsiz
və olduqca korrupsioner adlandırıb.
Xatırladaq ki, bu il yanvarın sonunda ABŞ hökuməti
90 gün müddətinə USAID tərəfindən idarə
olunan bütün xarici yardım proqramlarını
dayandırıb. Agentliyin Vaşinqtondakı mənzil-qərargahı
bağlanıb, saytı və hesabı ləğv edilib.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, bu qərar təşkilatın
Tramp administrasiyasına vəsaitlərin necə xərcləndiyi
barədə məlumat verməkdən imtina etməsi ilə
bağlıdır. Bundan əlavə, Amerika hökuməti
USAID-in 10 mindən çox işçi sayını 294 nəfərə
endirməyi planlaşdırır.
Trampın yanvarın 20-də vəzifəsinin ilk
günündə imzaladığı sərəncam, xarici
yardımı 90 gün müddətinə dayandırdı və
bu qərar ilk növbədə təbii ki, ABŞ Beynəlxalq
İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən
humanitar proqramlara təsir etdi. Prezident agentliyi görünməmiş
səviyyədə korrupsiyada və pulları böyük
fırıldaqçılıqla xərcləməkdə
ittiham edib. USAID-lə bağlı yekun qərar yəqin ki,
yaxın günlərdə veriləcək. Amma istənilən
halda heç nə daha əvvəlki kimi olmayacaq.
ABŞ-ın yeni administrasiyası büdcə vəsaitlərinin
xərclənməsinə ciddi nəzarət edəcək.
Birmənalı şəkildə USAID əvvəlki tək
fırıldaqçılıqla məşğul ola, siyasi
müdaxilələr edə, büdcəni istədiyi məqsədlər
üçün xərcləyə bilməyəcək.
Pərvanə
525-ci qəzet .- 2025.- 18 fevral(¹30).- S.5.