Qaradağlı faciəsindən
33 il ötür
1991-ci ilin noyabrından başlayaraq Cəmilli, Kərkicahan,
Quşçular, Malıbəyli və Meşəli kəndlərinin
işğalı zamanı erməni silahlı dəstələri
dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər.
Erməni silahlıları Qarabağın dağlıq hissəsində
azərbaycanlılar yaşayan kənd və qəsəbələri
mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra
işğal edərək dinc əhaliyə divan tutur, evləri,
təsərrüfatları qarət edərək
yandırırdılar. AZƏRTAC xəbər verir ki, Azərbaycanın
tarixinə qanlı hərflərlə yazılmış hadisələrdən
biri də 1992-ci il fevralın 17-də baş verən
Qaradağlı faciəsidir. Qaradağlı kəndində erməni
silahlı qüvvələri tərəfindən törədilmiş
bu faciə, Azərbaycanın mülki əhalisinə
qarşı həyata keçirilən kütləvi
soyqırımlardan biridir. Qaradağlı kəndi Xocavənd
rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi
avtomobil yolunun kənarında, dağətəyi ərazidə
yerləşir.
Tarixçə
1990-cı il noyabrın 24-ü. 3 nəfər kənd
sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları
tərəfindən vəhşicəsinə qətlə
yetirilib.
1991-ci il yanvarın 9-u. Qaradağlı kəndinə
gedən UAZ markalı avtomobil ermənilər tərəfindən
atəşə tutulub, bir nəfər qətlə yetirilib, 4
nəfər yaralanıb. Onlardan 2-si aldığı yaralardan
sonralar dünyasını dəyişib.
1991-ci il martın 8-i. Kəndin
yaxınlığında 2 nəfər vəhşicəsinə
qətlə yetirilib.
1991-ci il iyunun 28-i. Kəndin
yaxınlığındakı fermada 3 kişi və 3
qadın diri-diri yandırılıb.
1991-ci il sentyabrın 8-i. Ağdamdan Qaradağlıya
gedən sərnişin avtobusu erməni quldurları tərəfindən
atəşə tutulub, 8 sərnişin həlak olub.
1992-ci il yanvarın 8-i. Kəndin
yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə
qətlə yetirilib, ermənilər 100-ə yaxın qoyunu
quldurluqla aparıblar.
Həmin hadisələr zamanı 118 nəfər əsir
götürülüb, 33 nəfər güllələnib.
Erməni cəlladlar öldürülənləri və
yaralı halda olanları bir yerdə təsərrüfat
quyusuna tökərək üstünü torpaqlayıblar.
Ümumilikdə əsir və girov götürülənlərdən
68 nəfəri öldürülüb, 50 nəfəri
böyük çətinliklərlə azad edilib. Girov
götürülənlərdən 10 nəfəri qadın, 2
nəfəri məktəbli olub. Azad olunanların 5-i qadın
olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan
sonralar vəfat edib.
Bu soyqırımı cinayəti nəticəsində
Qaradağlı kəndində iki ailənin hər birindən
4 nəfər qətlə yetirilib, 43 ailə
başçısını itirib, 146 uşaq yetim qalıb.
Ermənistan silahlı qüvvələrinin həmlələri
zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i
məktəbyaşlı uşaq olub. Ümumilikdə 91 nəfər,
kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə
yetirilib. Kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik
orta məktəb binası, 25 çarpayılıq xəstəxana
binası və digər obyektlər, azərbaycanlılara məxsus
tarixi, dini, mədəni abidələr və qəbiristanlıq
dağıdılıb. 200 yaşayış evi, 800-dək
sakini olan kənd erməni vəhşiliyinin, qəddarlığın
dəhşətli qurbanına çevrilib. Qaradağlı
faciəsi təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin
tarixində insanlıq cinayəti kimi dəyərləndirilməli
və dünya ictimaiyyəti bu cür qətliamların təkrarlanmaması
üçün tədbirlər görməlidir.
Azərbaycan xalqı Qaradağlı və digər
işğal edilmiş kəndlərini azad etməklə şəhidlərinin
qanını yerdə qoymadı və tarixi ədaləti bərpa
etdi. Ancaq bu faciənin dünya miqyasında tanınması və
ona hüquqi qiymət verilməsi üçün mübarizəmiz
davam etməlidir. Qaradağlı faciəsinin dünya ictimaiyyətinə
çatdırılması üçün Xocavənd Rayon
İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan,
rus və ingilis dillərində “Soyqırımı:
Qaradağlı”, Azərbaycan, rus, ingilis və fransız dillərində
“Soyqırımı Qaradağlı: davam edir...” və
“Qaradağlı, mübarizə” sənədli filmləri
çəkilib. Kənddə törədilən
soyqırımı ilə bağlı “Qaradağlı
soyqırımı şahidlərin dili ilə” kitabı
hazırlanıb. Şəhidlərin xatirəsini əbədiləşdirmək
üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində
və Nərgiztəpə ərazisində abidə kompleksləri
ucaldılıb.
525-ci qəzet .- 2025.- 18 fevral(¹30).- S.4.