Əməkdar
jurnalist Aydın Ağazadənin 70 illik yubileyi qeyd edilib
Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü
ilə əməkdar jurnalist Aydın Ağazadənin 70 illik
yubileyinə həsr olunmuş toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri
Rəşad Məcid yubilyarın geniş
yaradıcılıq diapazonu ilə seçildiyini, zəngin və
mənalı ömür yolu keçdiyini vurğulayıb. O
bildirib ki, A.Ağazadə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun teatrşünaslıq və Bakı Dövlət
Universitetinin hüquq fakültəsini bitirib. 1976-1990-cı illərdə
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsində müxtəlif vəzifələrdə
işləyib. 1990-1992-ci illərdə “Ədalət” qəzetinin
şöbə müdiri, baş redaktorun birinci müavini vəzifəsində
çalışıb. 1992-2001-ci illərdə “Azərbaycan”
qəzetində hüquq şöbəsinin müdiri kimi fəaliyyət
göstərib.
“Ədalət” və “Azərbaycan” qəzetlərində
yubilyarla birlikdə çalışdığı dövrləri
yada salan MŞ sədri əlavə edib ki, A.Ağazadə
2001-ci ildən 2015-ci ilədək Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsini
tutub. Bu vəzifədə nümunəvi xidmət göstərib.
R.Məcid onu da bildirib ki, yubilyar 4 kitab, 3 pyes, 1 kinossenari və
1000-dən çox məqalənin müəllifidir, 2020-ci ildə
“Əməkdar jurnalist” fəxri adına layiq
görülüb. MŞ sədri A.Ağazdənin 70 illik
yubileyi ilə bağlı rəhbərlik etdiyi qurumun diplomu ilə
də təltif olunduğunu diqqətə çatdırıb
və diplomu ona təqdim edib.
Çıxış edənlərdən MŞ
İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş
redaktoru Əflatun Amaşov, Şuranın Ahıl Jurnalistlər
Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor
müavini Tahir Aydınoğlu, yazıçı Xeyrəddin
Qoca, tanınmış jurnalist Araz Qurbanov, “Şuşa” qəzetinin
redaktoru, publisist-tərcüməçi, Vasif Quliyev,
teatrşünas və dramaturq Çingiz Ələsgərli, əməkdar
mədəniyyət işçisi, yazıçı-publisist
Fazil Rəhmanzadə, əməkdar jurnalist Əhməd
Əsgər, yazıçı-publisist Bəxtiyar Qaraca,
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini
Əminə Yusifqızı, “Azərbaycan”
qəzetinin əməkdaşı Bəxtiyar Əzizli və
başqaları A.Ağazadəni məhsuldar həyat yolu
keçmiş istedadlı jurnalist, yazıçı, daim
mediaya bağlı olan, informasiya işinin həssaslığını
duyan bacarıqlı məmur, əsl ziyalı və dost kimi
xarakterizə edib, ona yubiley təbriklərini, xoş
arzularını çatdırıblar.
Sonda çıxış edən Aydın Ağazadə
həyat yoluna və yaradıcılığına verilən
yüksək dəyərə görə toplantı
iştirakçılarına təşəkkürünü
bildirib. Yubilyar özü haqqında söylənilən
xoş sözlərin onu yaradıcılığa səslədiyini,
həyat stimulu verdiyini vurğulayıb.
525-ci qəzet .- 2025.- 18 fevral(¹30).- S.2.